“Dedi ki, polisə məlumat versən, ailə üzvlərini öldürəcəyəm”

Jurnalistlər binasından mənzil vədi verən baş redactor: “Aslan Ağayeviməhkəmədə dindirməli və cinayət məsuliyyətinə cəlb edilməlidir”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. İttiham aktına əsasən, G.Hüseynov öz işçilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. O, müxtəlif şəxslərə jurnalist vəsiqəsi verərək, hər birindən 30-40 min manat alıb və KİVDF tərəfindən jurnalistlərə tikilən binadan mənzil alacağı vədini verib.

Martın 27-də hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Gündüz Hüseynov əlavə şahidlərin məhkəməyə çağırılaraq dindirilməsi barədə vəsatət verib. O, Aslan Ağayev və Emin Poladovun məhkəməyə çağırılaraq dindirilməsi ilə bağlı vəsatətini belə əsaslandırıb ki, zərərçəkmişlərdən aldığı pulları Aslan Ağayevə verib. “Aslan Ağayev məni silahla hədələyərək bu barədə kiməsə məlumat verməməsini tələb edib. Dedi ki, polisə məlumat versən, ailə üzvlərini öldürəcəyəm. Mən də qorxduğum üçün razılaşdım. Ona görə də Aslan Ağayeviməhkəmədə dindirməli və cinayət məsuliyyətinə cəlb edilməlidir”- deyə G.Hüseynov vurğualyıb.
Qeyd edək ki, Aslan Ağayevin “Zaman Press” qəzetində baş redaktorun müavini olduğu bildirilir.

Hakim təqsirləndirilənə sual verərək, dediyi ittihamları istintaqda söyləməməsinin səbəbini soruşub: “Niyə istintaq zamanı Aslan Ağayev barəsində danışmamısan, pulları ona verdiyini deməmisən?”

Təqsirləndirilən şəxs isə bildirib ki, ailəsinə kömək edilməsi qarşılığında istintaq zamanı müstəntiqin tələb etdiyi bütün sənədlərə imza çəkməyə razılıq verib.
Hakim bildirib ki, Emin Poladaov ötən proseslərdə məhkəmədə şahid qismində dindirilib. “Aslan Ağayev barəsində məlumatlar isə natamamdır. Məhkəməyə yalnız Aslan Ağayevin mobil telefonunu təqdim etmisiniz. Telefon nömrəsi ilə şahidin tapılması mümkün olmaya bilər” – deyən hakim əlavə şahid qismində dindirilməsini istədiyi Aslan Ağayevin barəsində məhkəməyə tam məlumat verməsi üçün təqsirləndirilənə vaxt verib.
Məhkəmə prosesi aprelin 10-da davam edəcək.

Qeyd dək ki, Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.

Gündüz Hüseynov ayrı-ayrı şəxslərə qəzetin vəsiqəsini veriərək ev alacağını vəd etməklə yanaşı, onların adlarından qəzetdə yazılar çap etdirirmiş. Onun jurnalist vəsiqəsi vetdiyi şəxslər arasında taksi sürücüsü, maşın ustası və toy məclislərində müğənni kimi iştirak edən şəxslər də var.
“Zaman-Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb.(bizimyol.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button