80 yaşlı Asif Ata, yaxud azərbaycanlıların “göz xəstəliyi”

231604Tərəqqi boyunduruğa çevriləndə xalq öküz səviyyəsinə endirilir, sürülür!

Deyirlər ki, boyunduruqdan qurtarmaq – ölümdür, öküz kimi yaşayan ölür!

Yaşasaydı bu gün 80 yaşı olardı Asif Atanın. Ömrü çətinliklə keçən Asif Ata zamanı saymadı, zamanla hesablaşmadı və onun tələbini tələsi gördü.

Çətinlik onu böyütdü, çünki asan yoldan imtina etdi və imtina zərurəti ömrü böyu onun yol yoldaşı oldu.

Elmi, ədəbiyyatı, tarixi, fəlsəfəni öyrənə-öyrənə həm onlardan dərs aldı, həm özünü öyrəndi, həm də yeni dərs yaratdı.

Elmi Mənaya gedən yolda yardımçı saydı, amma fəlsəfə elm girdabına düşəndə “idraki böhran yaranır” deyə hayqırdı.

Ədəbiyyatı şərait və zamanla döyüş meydanı kimi vacib saydı. Ona görə ədəbi tənqidində akademizmdən uzaq dayandı.

Tarixə əbədiyyət üfüqündə baxdı, düşüncəsində fəlsəfəni elmdən üstün yaradıb dinə qarşı qoydu.

Beləliklə, elmi, ədəbiyyatı, tarixi və fəlsəfəni oxuduqca, onlardan heç nə öyrənmədi, onlarda özünü öyrəndi Asif Ata.

Onun üçün fəlsəfə hər şey idi, elmə də, ədəbiyyata da, tarixə də fəlsəfənin işığında baxırdı. Bu baxımdan fəlsəfi cərəyanları rədd edirdi, “Fəlsəfi cərəyanlar çoxluğu – fəlsəfənin zənginliyi deyil, dağınıqlığıdır. Fəlsədə universal idrakdır” söyləyirdi.

Platonu dahi filosof sayırdı, amma dünyanı ideyanın kölgəsi hesab etməsini qəbul etmirdi, “dünyanı bu qədər kiçiltmək, kölgəyə bərabər saymaq olmaz” deyərək.

Kantı böyük filosof sayırdı, amma idraka ifrat aludəçiliyini bəyənmirdi və deyirdi ki, bu aludəçiliyi onun arqonistikliyinə gətirib çıxardı, inanmadı dünyaya və dünyanın dərkinə alman filosofu. “Və dünyanı dərk etməyəcəkdinsə, niyə filosof olurdun” sual-ccavabıyla Kant məsələsinə nöqtə qoydu.

Müəllim olduğu dövrdə Hegelin vurğunu sayırdılar onu, amma bu vurğunluq az çəkdi. Çünki  “Hegelə görə fəlsəfə – fikirdə aşkarlanan (“Тутулан”) zamandır. Əslində isə fəlsəfə zamanı üstələyən fikirdir. Zaman səviyyəsində fəlsəfi fikir olmur – siyasi-ictimai fikir olur: Fəlsəfi fikir Zamandan üstün olur. Fəlsəfənin tərifində Hegel fəlsəfəni çox əskildir” söylədi və Hegellə vidalaşdı.

“Marksizm fəlsəfə deyil, iqtisadiyyatdır və pis iqtisadiyyatdır” deyirdi, çünki insanı alçaldır. Avropa fəlsəfəsində varlıq məsələsini hərtərəfli qoyan Hegelin dialektikası marksizmdə vulqarcasına inkişaf edir və varlığı cəmiyyətçiliyə, sinfi döyüşə və əsasən istehsalat əlaqələrinə bərabər edir. Bu fikirləri səsləndirən zamanlar marksizm tüğyan edirdi. Çünki zaman Marksizmin zamanıydı!

XX əsrin ən böyük fəlsəfəsi ekzistensializmi hesab edirdi, onlardan da Мартин Haydeggerlə Karl Yaspersi. Şərqin fəlsəfi bulağından su içdikləri üçün. Və ekzistensializmin cazibadarlığını antifəlsəfə olan  pozitivzmə qarşı olmasında görürdü. Mahiyyəti, insanı kənara qoyub idrak üzərində sistemlər, nəzəriyyələr quran pozitivizmin gur vaxtında ekzistensialistlər insan mövcudluğundan danışdılar. Bu, o zaman idi ki, Avropa ideyalar böhranında boğulurdu. Ancaq ekzistensializm mövcudluq fəlsəfəsi əvəzinə Yoxluq Fəlsəfəsi yaratdı. Çünki ekzistensialistlərin əsl və süni mövcudluq, cəfəngiyyat məsələsi, tərəqqi və tənəzzül ideyalarında insan mahiyyətli qoyulmurdu, insandan danışılsa da. Adi bir misal, Kamyunun “Sizif haqqında əfsanə”si bütünlüklə bunu deyirdi: İnsan tərəqqiyə can ata bilər, tərəqqiyə meyl edə bilər, tərəqqisiz yaşaya bilməz, çünki o, insandır, lakin tərəqqiyə çata bilməz. Çünki onun aqibətində Siziflik var, onun işi cəhddir, səydir, məqsədə getməkdir, yöndür, çatmaq deyil. Necə başa düşək, insan elə yalnız səy göstərəcəksə, cəhd edəcəksə, dağı aşmayacaqsa, daş təzədən düşəcəksə, bunun nəyi insan olacaq? Bаx, burda ekzistensialistlərin humanizmi insanı alçaldır.

Gəldik fəlsəfəsi olmayan, amma rus mədəniyyətini Tolstoy və Dostoyevski vasitəsiylə təqlidçilik bəlasından qurtaran rus xalqına. Asif Ata hesab edirdi ki, rus mədəniyyəti Tolstoy və Dostoyevski vasitəsiylə müstəqillik əldə etdi və dünya sənətinə təsir göstərməyə başladı. Həmin müstəqillik və təsir Tolstoy və Dostoyevskiylə qurtardı.

İndi isə fəlsəfə dağından enib, söhbətimizi ictimai düşərgədə davam etdirək

Asif Ata deyəndə ki, bizdə “göz xəstəliyi” var, səhv etmirdi. Ümumiyyətlə, Ata yanaşmalarında, gələcəyə baxışlarında səhv etmirdi. Ona görə bu cür məsələlər barədə danışanda “təki mən səhv edim” deməyi də unutmurdu.

“Göz xəstəliyi”nin əsasında isə xalqımızın özgələşmə meylinin güclü olması dayanır. Azərbaycanlılar başqasına, uzaqdakına pərəstiş etdiyi qədər özünkünə yadlaşır, başqasına, uzaqdakına can atdığı qədər özünkünə qənim kəsilir. Başqasını ilahiləşdirməklə paralel özünkünü əksiltməyindən ləzzət alır, bu ləzzətin ömrünün bitməsi isə narkomanın iynə axtardığı dövrü xatırladır.

Məsələn, biz azərbaycanlılar İsa Hüseynovu yox, Çingiz Aytmatovu görüb gözümüzə təpirdik. Halbuki, “Gün var əsrə bərabər” “Yanar ürək”dən 17 il sonra işıq üzü gördü. Amma birinci daha çox məşhurlaşdı, birinci oldu və hətta ikincinin vətənində. Nəzərə alın ki, hər iki yazıçı totalitar cəmiyyətdə yaşayırdı. Bəli, obyektiv səbəblər vardı, tərcümə işinin yetkin səviyyədə olmaması, mərkəzin xüsusi nəzarəti, azərbaycanlıların bir-birinə badalaq vurması, elə sonuncu səbəbə görə SSRİ Elmlər Akademiyasına müxbir üzvün təqdimatından əvvəl onun danosu gedirdi. Bununla belə, 90-cı illərdə rus-erməni işğalına düçar olduğumuz zaman Aytmatovdan bir dəfə də olsun dəstək görmədik.

“Dissident” Mamardaşvili “Вопросы философии”jurnalında, antimarksist Asif Ata DTK-nin hədəfində   

Yaxud Asif Ata və gürcü filosofu Merab Mamardaşvili. Bizim postmodernist dostlarımız ikincini göylərə qaldırıb ondan dissident qayırır. Amma Mamardaşvilinin antimarksist, antisovet fikirlərindən misal çəkməyə gələndə, gözlərini döyürlər. Bu adamlar anlamır ki, sovet hakimiyyəti birinci addım kimi yalnız antimarksist və antikommunist düşüncələri yayanlara dissident damğası vururdu. Asif Atadan fərqli olaraq, SSRİ Mərkəzi Komitəsinin beynəlxalq şöbəsi M.Mamardaşvilini Praqaya göndərib və bunun nəticəsində o, 5-6 il sovet totalitarizmdən azca fərqli cəmiyyət görüb, sonra azadlıq və bərabərlik şüarlarıyla tarixə inqilab gətirən Parisə gedib… və fransızlara aşiqliyi ilə fərqlənib. Onu elə sovet fəlsəfəçiləri belə də adlandırırdılar. Bu, o zamanlar idi ki, Asif Ata əvvəl Konservatoriyada, sonra Azərbaycan Pedaqoji Universitetində antimarksist ruhunda dünya fəlsəfə və ədəbiyyat tarixindən mülahizələr söyləyirdi və sonucda Bakı Dövlət Universitetində “Etik və Estetika klubu” açaraq fikirlərini açıq şəkildə səsləndirdi. Bir daha deyirəm, bizdən fərqli olaraq gürcülər, ermənilər özünküləri önə çəkməyi bacarırdılar, bu mənada Asif Atanın sonrakı taleyi ağır oldu, DTK-nin təzyiqləri nəticəsində əvvəl ailəsini dağıtdılar, ardınca  cəmiyyətdən təcrid olundu.

Amma gəlin araşdıraq hər iki filosofun yaradıcılığını, hansında antimarksizm və antsovetizm güclü olub? M.Mamardaşvili antimarksist olsaydı, onu “Вопросы философии”  jurnalının heç kandarına buraxmazdılar, amma jurnalın baş redaktor müavini idi. Bu, o zamanlar idi ki, DTK Asif Atanı ailəsindən didərgin salıb “Gözdən əlillər evi”ndə kiçik otağa sığınmağa məhkum etmişdi. Yaxud Asif Ata  və Mamardaşvilinin fəlsəfi baxışları, birincidən fərqli olaraq ikincidə fəlsəfə təsvir olunurdu, fəlsəfə tarixindən danışılırdı, araşdırılırdı, amma fikir yox idi. Gedin oxuyun Asif Atanı, 1 cümlə sitat görməzsiniz, tamamilə yeni fikir, dünya fəlsəfəsini, onun qaynaqlarını, cərəyanlarını araşdırır və qiymətləndirir Mütləqə İnam düşüncəsində. Ata Mamardaşvili kimi fransızların aşiqinə çevrilməmişdi, bəli, yaradıcılığının müəyyən dövründə Hegelə vurğunluq oldu, amma tez də qurtuldu.

 Azərbaycanda dissidentlikdən artıq hadisə olub

Bəli, biz azərbaycanlıların ən savadlısının da “göz xəstəliyi”ndən qurtula bilməməsi təəccübləndirir və təəssüfləndirir. Məsələn, yazırlar, Azərbaycanda mövcud olan dissident hərəkatında sırf millətçilik meylləri nə qədər güclü olsa da, antisovetizm və antikommunizm meylləri bir o qədər zəif olub.

 Əgər DTK arxivləri açılsa, Asif Ataya qarşı irəli sürülən antimarksist, antikommunoşist, pantürlist, millətçilik və klekadizmittihamlarından xəbərdar olarlar “göz xəstələri”. Təsəvvür edirsinizmi, 5 ittiham, 60-70-lərdə kimə qarşı birdən-birə 5 ittiham irəli sürülüb?! Elə bilirsiniz, sovet dövründə antimarksist və antikommunist olmaq sıradan bir hadisəydi? Məgər Солjенитсын, Saxarov  və adını xatırlatdığım Mamardaşvili antimarksist və anttikommunist idilərmi? Əlbəttə yox. Bu mənada Azərbaycanda dissidentlikdən artıq hadisə olub, sadəcə, “göz xəstəliyi” yaxını görməyə qoymur, dünən də, bu gün də belə olub. Bəs niyə Azərbaycanın dissidentlərinin adı mərkəz səviyyəsində anılmadı. Nəzərə alın ki, 12 il respublikanın rəhbəri olmuş (1967-69-cu illərdə də Azərbycan DTK-nin sədri) və sonradan Moskvaya getsə də, respublikanı nəzarətdə saxlayan Heydər Əliyev Azərbaycan dissidentlərinin mərkəz səviyyəsində ictimailəşməsinə imkan verməzdi (Hazırda deputat və partiya sədri olan, sovet dövründə yüksək post tutmuş siyasi xadim danışırdı ki, keçmiş birinci katib Kamran Bağırov Nazirlər Sovetində bir şöbə müdirini işdən çıxartdığı günün səhəri Moskvadan zəng gəldi ki, sən orda icazəsiz nə edirsən). Bu, onun gələcək planlarına ziddi idi.  O dövrdə daxildəki gizli dərnəklərin ictimailəşməsi mərkəzin ona etimadın azaldar və haqqında zəif rəhbər tipi yarada bilərdi. Təsəvvür edirsinizmi, Azərbaycanda antimarksist, antikommunist filosof haqqında samizdat broşura buraxır. Bu, necə ola bilərdi? Suslovun suallarının ardı kəsilməzdi. Bu mənada H.Əliyevin “İstintaq” kimi filmlərin çəkilişinə dəstək verməsi məqsədliydi. Keçmiş rəhbər daxilə və xaricə özünün korrupsiya ilə mübarizə apardığını təlqin edirdi. Necə ki, bu gün bəzi savadlı və savadsız yaltaqlar Kommunist Partiyasının keçmiş birinci katibini az qala o zamandan Müstəqil Azərbaycan “toxumu səpdiyi”ni deməkdən belə utanmırlar.

Və sonluğu Asif Atanın 1984-cü ildə qələmə aldığı “Gündəliklər” seçməsi ilə bitirirəm.

Sənə Üzeyir Hacıbəyovu mən verdim –deyirlər.

Ü.Hacıbəyov azadlığımdan artıq deyil!

Sənə Elmlər Akademiyasını mən verdim – deyirlər.

Elmlər Akademiyası azadlığımdan artıq deyil.

Sənə elektrik stansiyalarını mən verdim – deyirlər.

Elektrik stansiyaları azadlığımdan artıq deyil!

Sənə ali məktəbləri mən verdim – deyirlər.

Ali məktəb azadlığımdan artıq deyil.

Sənə qadın azadlığını mən verdim – deyirlər.

Qadın azadlığı ictimai müstəqillikdən artıq deyil.

Heç nəyi siyasi azadlıqla əvəz etmək olmaz.

Xalq – müstəqil dövlətə sahib olmalıdır, özü öz taleyinə sahib olmalıdır…

Tərəqqini xalq özü yaratmalıdır, heç kimin əlindən almamalıdır, əks təqdirdə tərəqqi – köləliyə bərabər olur.

Tərəqqi boyunduruğa çevriləndə xalq öküz səviyyəsinə endirilir, sürülür!

Deyirlər ki, boyunduruqdan qurtarmaq – ölümdür, öküz kimi yaşayan ölür!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button