86 yaşlı jurnalist: “Kim Heydər Əliyevin yerinə olsaydı, məni cəzalandırardı…” – Videomüsahibə

efqan-1Onunla Şamaxının gözəl guşələrindən biri olan Mədrəsədə görüşdük. Bu günlər 86 yaşını tamamlayacaq qocaman jurnalistin hal-əhvalından xəbər tutmaq, yaşadığı ömrü bir daha səhifələmək istədik.

Əfqan Əsgərov kimdir?

Əfqan Əsgərov 1929-cu il sentyabrın 23-də Şirvanın Qarabağlılar kəndində anadan olub. Ağır müharibə illərində orta təhsil almaq üçün çabalayan Əfqan Əsgərov təhsil almasını Allahın ona yazdığı taleyə bağlayır. Bir-birinin ardınca qarşısına çıxan mərhəmətli insanların köməyilə gözünü bir də Bakı Dövlət Universitetinin qarşısında açır. Şeir yazmağa həvəsli olan və şair olmaq istəyən Əfqan müəllim filologiya fakültəsinə daxil olmaq istəyir. Lakin yenə taleyin sürprizi ilə qaşılaşır və bu dəfə də rektor Abdulla Qarayevin köməyi ilə jurnalistika fakultəsinə daxil olur.

1953-cü ildən mətbuatda çalışan Əfqan Əsgərov jurnalist kimi ilk dəfə “Azərbaycan gəncləri” qəzetində fəaliyyətə başlayır. Qəzetin səhifələrində bir-birinin ardınca maraqlı publisistik yazıları, oçerkləri, felyeton və hekayələri dərc olunur. Yaradıcılığa hekayələrlə başlayan Əfqan müəllim bu ilk səhnə əsərləri ilə şöhrət qazanır və bir-birinin ardınca “Gecikmisən”, “Gözəllik sorağında”, “Sən belə deyilsən”, “Sarı əlcək” və başqa hekayə topluları nəşr etdirir. Bir müddətdən sonra isə Moskvada ali ssenarist kursunda oxuyan Əfqan Əsgərov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor kimi fəaliyyətini davam etdirir. Kinostudiyanın problemləri ilə bağlı “Kommunist” qəzetində məqalə ilə etdiyi çıxış böyük əks-səda doğurur. Azərbaycan KP MK-nın şöbə müdiri Şıxəli Qurbanovun da iştirak etdiyi müşavirədə bu məqalə müzakirə olunur və ona “Kommunist” qəzetində işləmək məsləhət görülür. Qəzetin ədəbiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edildikdən sonra 1989-cu ilə qədər “Sovet kəndi” qəzetinin redaktoru olur. 1991-ci ildə Ali Sovetin orqanı olan “Həyat” qəzetinin baş redaktoru vəzifəsinə təyinat alır.

efqan-3Əfqan Əsgərov istedadlı yazıçı və dramaturq kimi də məşhur olub. Onun qələmindən çıxan “Gülyanaq”, “Katib”, “Həsrət də bir vüsaldır”, “Qartal əfsanəsi” romanları, “Dədə Bəhmən” trilogiyası, “Qozbel”, “Məhəbbət ətirli qərənfilim”, “Dünya gözəlliyindir”, “O daş deyildir” və başqa povestləri ədəbi nəsrimizin inkişafında mühüm əhəmiyyət kəsb edən əsərlərdən sayılır.

Dramaturgiya sahəsində qələmini sınayan Əfqan Əsgərovun “Sarı əlcək”, “O mənim oğlumdur”, “Dağ seli”, “Gülməyən adam” adlı pyesləri respublikamızın müxtəlif teatrlarında tamaşaya qoyulub. Tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanan “Qız atası” komediyası Əfqanın ən yaxşı pyeslərindən sayılır. “Qız atası” komediyası həm də teatrlarda ən çox oynanılan tamaşalardan biri olub.

70-ci illərin başlanğıcında oxucuların qəlbinə geniş şəkildə yol tapmış Əfqan Əsgərov milli həyatın daha qlobal problemlərini əks etdirən romanları ilə nəsrimizi zənginləşdirdi. Əslində o, XX əsr Azərbaycan kəndində baş verən ciddi siyasi və sosial dəyişiklikləri nəsrə gətirdi. Bu məsələlər yazıçının “Dədə Bəhmən” trilogiyasında öz əksini tapmışdır. Trilogiya “Gülyanaq” romanı ilə başlayır. “Gülyanaq” 70-ci illərin ən təsirli, cəmiyyət həyatındakı ziddiyyət və iztirabların geniş lövhəsini özündə əks etdirən romandır.

Əfqan Əsgərovun yaradıcılığında tarixi romanlar xüsusi yer tutur. Tarixi roman yazmağın məsuliyyətini yaxşı başa düşən yazıçı Azərbaycan tarixində analitik araşdırılmalar aparmışdır. Bu mənada ”Bəy İnal”, “Şahlar şahı”, “Cənnətməkan” romanlarını xüsusi qeyd etmək lazımdır. Əfqan Azərbaycan ərazisindəki hökmdarlıq dövrünü, həmin dövrdə azərbaycanlıların adət-ənənəsinin, həyat və məişətinin bu günümüz üçün son dərəcə əhəmiyyətli və maraqlı olan xüsusiyyətlərini öyrənmiş, bir neçə ilin axtarışından sonra trilogiyanın ilk romanı olan “Bəy İnal”ı yazmışdır. Əsər xalqımızın qədim dövr tarixini, dövlətçilik ənənəsini öyrənmək baxımından maraqlı olduğu kimi, Azərbaycan xalqının tarixi taleyini, müxtəlif qonşu ölkələr əhatəsində keşməkeşli taleyini öyrənmək baxımından da bir o qədər əhəmiyyətlidir. Əfqanın tarixi romanlarının başqa bir cəhətini də qeyd etmək vacibdir.

Sovet dönəmində yaranan bütün bədii ədəbiyyatda şahlara, padşahlara və sultanlara münasibət birmənalı olmayıb. Əksər nümunələrdə onlar zalım, qaniçən, ədalətsiz insanlar kimi təqdim edilmişdi. Təbii ki, bu da tarixi həqiqətlərin təhrifi idi. Xalqımızın tarixi taleyində ədalətli, ağıllı, mərhəmətli, xalqın yüksəliş və tərəqqisi uğrunda çalışan hökmdarlar da az olmayıb. Onların bir çoxu yaxşı tərbiyə görmüş, ölkəni ədalətlə idarə etmişdir. Yazıçı bütün bu dəyərlərə söykənərək trilogiyasında ədalətli hökmdarların bədii obrazını yaratmaq üçün bir sıra mühüm tarixi qaynaqlara istinad edib. “Bəy İnal”da olduğu kimi, Xosrov Ənuşirəvan şaha həsr etdiyi “Şahlar şahı” romanı da tarixi həqiqətlərə söykənir. “Şahlar şahı” yazıçının yaradıcılığında özünə xüsusi yer tutan tarixi-əfsanəvi romandır. Əfqan burada tarixi roman janrının yeni hüdudlarını müəyyənləşdirməklə yanaşı, ona eyni zamanda bu mövzuda indiyədək yazılmış əsərlərdən fərqli olaraq tamamilə yeni məzmun gətirmiş, hökmdar-xalq qarşılıqlı əlaqəsi zəminində ədalətli hökmdarın yeni tipini yaradıb. Tarixdə bütün sonrakı nəsli Söhrab kimi “türkzadə” adlandırılan Şahlar şahı Xosrov Ənuşirəvan adil, xalqın sevimli övladı, xalqa arxalanan, onun köməyi ilə şahlıq taxtını qoruyub saxlayan hökmdar kimi oxucuya təqdim edilmişdir. Trilogiyanın Şah Abbasa həsr edilmiş və yaxın macalda işıq üzü görəcək üçüncü kitabında da  Şah Abbasın mənəvi və əxlaqi saflığı, kamil və güclü hökmdar şəxsiyyəti maraqlı üslubda işlənib.

efqan-2Əfqan Əsgərov müharibə mövzusunu da nəsrə gətirən yazıçılardan olub. 60-cı illərin sonunda yazıçı bu mövzunu partizan hərəkatı kontekstində qələmə alıb… Alman faşistlərinə qarşı işğal zonasında – Pskov yaxınlığında həmyerlimiz göyçaylı İsmayıl Əliyevin qəhrəmanlığını geniş bədii epizodlarda qələmə alıb və əsər çap ediləndən sonra geniş marağa səbəb olub. Qəhrəmanın valideynlərinin Müdafiə Nazirliyinə müraciəti nəticəsində İsmayıl Əliyevin sənədləri tapılaraq, təltif edildiyi orden və medallar Azərbaycana göndərilib. Bu romanda yazıçının Azərbaycan xalqının qəhrəmanlıq tarixini əks etdirən əfsanə və rəvayətlərdən də məharətlə bəhrələndiyini qeyd etmək vacibdir.

Onun “Qız atası”, “Tamah dişi”, “Cənnət alması” və başqa səhnə əsərləri yüksək tamaşaçı zövqünə cavab ən yaxşı ədəbi nümunələrdir. Onun qələmə aldığı səhnə əsərlərində bunu görmək olur. Əfqan Əsgərov respublikamızın qocaman jurnalistlərindəndir və hələ ondan öyrənməli çox şeylər var…

“Jurnalistlərə tövsiyəm odur ki, əgər qorxacaqlarsa, bu sahəyə gəlməsinlər…”

86 illik ömrünün 60 ilini yaradıcılığa həsr edən Əfqan Əsgərovla müsahibə götürdüyümüz zaman çox maraqlı məqamlara toxundu:

– “Şıxəli Qurbanovu öldürən həkimin yanına getdim… Qorxsundan əhvalı dəyişmişdi…”

– “30 il “Kommunist” qəzetində çalışdım. Sonra İsa Qəmbər məni yanına çağırıb dedi ki…”

– “MTN-də mənə dedilər ki, 10 katib səndən şikayət edib. Onların arasında dost münasibətim olan adamlar da var idi…”

– “”Katib” əsərini oxumaq üçün Heydər Əliyevə göndərdim. Oxudu və toplantıda mənə baxıb dedi: “Katib” əsərini sən yazmısan? Dedim, hə… “Hansı dövrü əhatə edir, yazdıqların?” Özümü toparlayıb, cavab verdim, “1969-cu ilədək olan dövrü…”

– “Kim Heydər Əliyevin yerinə olsaydı o əsərə görə, məni cəzalandırardı, amma o əsərin davamının nə vaxt dərc olunacağı ilə maraqlandı. Mən, “2 ildən sonra” deyəndə, etiraz etdi, 1 ilə hazırla…”

– “Jurnalist cəsarətli, qorxmaz olmalıdır. Əgər o nədənsə qorxursa və həqiqəti yazmırsa, o zaman əvvəllcədən başqa sahəyə getsinlər…”

Əfqan Əsgərovla müsahibənin bu və digər maraqlı məqamları ilə Əvəz Zeynallının təqdimatında “Baş redaktorun qonağı” videorubrikasında tanış ola bilərsiniz.

xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button