2011-ci il: Mətbuatın əzilməsi davam edib

2012 Yanvar 01

Ötən il Azərbaycan jurnalistikası üçün necə oldu? O heç olmasa söz azadlığı, informasiyaya çıxış, qanunvericiliyin vəziyyəti və diffamasiya, eləcə də yerli kütləvi informasiya vasitələri bazarı üçün ümidverici oldumu?

Birmənalı şəkildə demək olar ki, Azərbaycanda KİV problemi həll edilməyib, əksinə, mürəkkəbləşib. O, hakimiyyətin cəmiyyət və beynəlxalq təşkilatlarla mübarizəsinin əsas platsdarmına çevrilib. Media Hüququ İnstitutu 2011-ci ildə ifadə azadlığı ilə bağlı vəziyyətin pisləşdiyini qeyd edir. Diffamasiyada təqsirləndirmə üzrə jurnalistlərə qarşı 32 məhkəmə iddiası qaldırılıb. İddiaçılar 8 jurnalistin cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər. Məhkəməyə daha çox “Azadlıq”, “Yeni Müsavat” və “Xural” qəzetləri cəlb edilib. Jurnalistlər və KİV-dən mənəvi ziyana görə kompensasiya kimi ümumilikdə 2 700 000 manat tələb edilib. Məhkəmələr 46 000 manat cərimə kəsib. KİV-ə qarşı iddiaları əsasən məmurlar və deputatlar qaldırıb. Məhkəmələr bu işlər üzrə qərar qəbul edəndə Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanda ifadə azadlığının pozulması ilə bağlı presedentlərinə əsaslanmayıb.

KİV təmsilçilərinin hüquqlarının pozulması və onlara təzyiqlər dövlət üçün, bütövlükdə cəmiyyət üçün və bunu dərk etməyən hakimiyyətin özü üçün faciədir. 2011-ci ildə 72 jurnalist fiziki və psixoloji təzyiqə məruz qalıb. Fevralın 5-də blogger Cabbar Savalan, martın 4-də Bəxtiyar Hacıyev və Dəyanət Babayev, martın 8-də bloggerlər Rəşadət Axundov və Səxavət Soltanlı həbs edilib. Martın 25-də “Aazdlıq” qəzetinin əməkdaşı Seymur Həzi oğurlanıb. Aprelin 2-də müxalifətin mitinqi zamanı operator Mehman Kərimli və “Yüksəliş naminə” qəzetinin reportyoru Elçin Həsənov saxlanılıb. Aprelin 3-də naməlum şəxslər “Azadlıq” qəzetinin əməkdaşı Ramin Dekonu oğurlayıb. Apreldə Azərbaycanın hüquq mühafizə orqanları İnterpol xətti ilə hazırda Fransada yaşayan blogger Elnur Məcidlinin tutulması üçün beynəlxalq axtarış elan edib. Məcidli «11 mart – böyük xalq günü», «2 aprel – böyük qəzəb günü», «8 aprel – böyük cümə» və «17 aprel – böyük birlik günü» qruplarının təşkilatçılarından biridir. 4 mayda Sumqayıtda məhkəmə zamanı “Azadlıq” radiostansiyasının əməkdaşı Esmira Cabbarova, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşları Fərqanə Novruzova və Əbülfət Namazov polis təzyiqi ilə üzləşib. Turan-ın əməkdaşı Pərvanə Bayramovaya da təzyiq edilib. Esmira Cabbarovanın kamerası alınıb, qolundan saatı çıxarılıb. Üstəlik, onun jurnalist vəsiqəsi də əlindən alınıb. Sonradan kameranı ona qaytarıblar, amma çəkilən material məhv edilib. Polislər Əbülfət Namazovun da kamerasını almağa cəhd ediblər.

Mayın 10-da Mətbuat Şurası ona xas olmayan funksiya ilə çıxış edərək «Gündəm xəbər» qəzetinə qarşı Korrupsiya ilə Mübarizə İdarəsinə müraciət edib. Bu müraciətdən sonra avqustun 19-da təsisçi Şirin Cəfəriyə qarşı 213.2.2 (vergidən yayınma) və 308.1 (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb, hərçənd vəzifə səlahiyyəti məmurlarda olur. İyulun 15-də Şərurda döyülən Turan-ın bölgə müxbiri – İlqar Nəsibov, RATİ-nin müxbiri Elman Abbasov və Həkimeldostu Mehdiyev prokurorluğa müraciət edib, amma hələ də cavab almayıblar. Yeri gəlmişkən, “ərəb baharı”ndan sonra Naxçıvan hakimiyyəti İnternet üzərində nəzarəti gücləndirib.

Bütün bunlar onunla nəticələnib ki, uzun illik fasilədən sonra sentyabrın 2-də Redaktorlar Şurası işini bərpa edib. Amma hakimiyyət azad mətbuatın mövqeyini anlamaq əvəzinə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakını siyahıya alaraq aparıb. 28 oktyabrda qəzetin redaktoru Əvəz Zeynallı deputat Gülər Əhmədovanın şikayəti əsasında 10 min manat rüşvət almağa cəhd ittihamı ilə həbs edildi. Ona qədər bütün il boyu qəzet Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərli, müğənni Nüşabə Ələsgərli və başqaları tərəfindən məhkəmə təqiblərinə məruz qalıb. Redaktorun həbsindən sonra redaksiya kollektivinə hədə-qorxu gələrək qəzetin çapını qadağan etdilər.

Noyabrın 18-də naməlum şəxslər jurnalist və yazıçı Rafiq Tağıya hücum edərək bıçaqla xəsarət yetirdilər və 23 noyabrda o reanimasiyada vəfat etdi. Hələlik istintaq bir nəticə vermir. Praktika göstərir ki, Azərbaycan jurnalistlərinə qarşı sui-qəsd və qətllər bir qayda olaraq açılmır. Bu isə demokratik prosesin perspektivi ilə bağlı narahatlıq yaradır.

Xarici KİV təmsilçilərinə qarşı təzyiqlər isə yeni tendensiyadır. Məsələn, “Vaşinqton post” və “Nyu-York Tayms” ilə əməkdaşlıq edən Amanda Erikson döyülüb, Almaniyanın “Frankfurter Algemayne” qəzetinin müxbiri Mixael Lüdviq mənəvi təzyiqlə üzləşib, İsveç televiziyasının 3 əməkdaşı saxlanaraq deportasiya olunub.

Milli Məclis 21 dekabr 2010-cu ildə 2005-ci il tarixli, ictimaiyyətin informasiyaya çıxışı məsələləri üzrə ombudsman institutu yaradılmasını nəzərə tutan (Avropa Şurasının tövsiyəsi) Konstitusiya qanununu özünəməxsus şəkildə müzakirə edərək səs çoxluğu ilə onu rədd etdi. İnformasiya sahəsi də vətəndaşların hüquqlarını müdafiə etməkdə uğurları ilə fərqlənməyən insan haqları üzrə ombudsman Elmira Süleymanovaya həvalə edildi. Beləliklə, hakimiyyət öz şərtləri ilə «demokratiya qurmaq» arzusunu nümayiş etdirdi.

Radio və televiziya məkanı ilə bağlı məsələ mühafizəkar olaraq qalır. Azərbaycanda ölkə ərazisinin 70 və çox faizini əhatə edən 7 telekanal var. Azərbaycan telekanallarının fəaliyyətinin hüquqi və peşə-etik analizi göstərir ki, bu sahədə dövlətin siyasəti mənfi proseslərə səbəb olub. Dövlət teleradioefirə nəzarət etdiyi üçün auditoriya azad və dürüst informasiya almaq üzrə konstitusion hüququndan məhrum olub. Bu siyasət onunla nəticələnib ki, ölkə teleauditoriyasının 70%-i vaxtın çoxunu xarici kanallara baxmaqla keçirir. Yeri gəlmişkən, gələn ildən yerli televiziyalarda xarici serialların göstərilməsi qadağan ediləcək. Naxçıvanda 2 telekanal, 2 radio və 9 qəzet var. Bütün bu strukturları regional hakimiyyət maliyyələşdirir.

Azərbaycanda KİV-in iqtisadi vəziyyəti pisləşməkdə davam edib. KİV həmçinin təkcə alıcılardan və reklam verən özəl biznesdən yox, dövlət başçısının administrasiyasının tapşırığından asılı olub. Mətbuatın mediareklam bazarı praktik olaraq sıfır səviyyəsindədir və 2 mln manatı keçmir. Beynəlxalq standart isə 200 mln manatdır. Çap və İnternet KİV-ə çıxış məhduddur. Distribütor şəbəkəsi dağılıb, xüsusən kəndlərdə İnternetə çıxış çox azdır – onların sayı isə 4500-ə yaxındır.

Bu il Azərbaycan beynəlxalq strukturlar tərəfindən söz azadlığının pozulması ilə bağlı kəskin tənqidə məruz qalıb. ATƏT-in KİV azadlığı üzrə təmsilçisi 2012-ci ilin əvvəlində prezident İlham Əliyevlə bu böhranlı vəziyyəti müzakirə etmək niyyətindədir. Məqsəd perspektivdə söz azadlığına müsbət impuls verməkdir.

Turan Analitik Xidməti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button