ƏVƏZOLUNMAZ

PERVİZ

15.04.2012

Deyirlər, əvəzolunmaz insan yoxdu. Ümumi yanaşanda bəlkə də elədi. Hər bir insan bu dünyada bir işlə məşğul olur, ömrü başa çatır, dünyanı və məşğul olduğu işi tərk edir, onun yerini başqa biri tutur, insan ömrünü yaşayır, özündən əvvəlkinin gördüyü işi görür və o da bir gün dünyadan çıxıb gedir. Dünya gözünü açandan bu qədər insan itkisi ilə üzləşib, ancaq yenə də axsamadan öz yoluna davam eləyirsə, demək gerçəkdən kimsə əvəzolunmaz deyil.

Bəli, ümumi yanaşanda belədi.

Burda aydın məsələdi ki, təfərrüata, detallara, incəliklərə varılmayıb. Əvəzolunmazlıq mövcudluğumuzun toz qədər görünə bilmədiyi dünyaya, həyata istinadla götürülüb yəqin, ondandı. Bəs ölçünü, yanaşmanı dünya ilə deyil, bizi əhatə eləyən insanın içi ilə ölçək?..

Bir insana onun atasını, anasını kim əvəz eləyə bilər? Xatirələr elektrik divardeşən kimi uğuldayaraq daim beyninin aynasını dəlik-deşik eləyir, ayna yenidən bitişir, yenidən çiliklənir, lakin yoxa çıxmır ki, çıxmır. Allah haqda ideyalar olmasa, əminəm ki, insanların çoxu elə ilk itkilərindəcə dözməz, itirdiklərinin ardınca yollanardılar. Allah atalar atasıdı, lakin yenə də ata deyil. Qəribə də olsa, Allah bizi o dünyaya yox, bu dünyaya bağlayan qaynaqdı, içimizdən qan daman yerləri O tutur. Allaha inanmayan insan yoxdu. Ateist belə Onsuz yaşaya bilməz. Onun da Allahı allahsızlığıdı. “Allahsız”la Allah arasında bir şəkilçi fərqi var sadəcə. Ateistin də daman yerlərini allahsızlığı tutur. Nəticə eynidi.

Çarlz Dikkensin “Böyük ümidlər”ində belə bir cümlə var: “Hər hansı bir günü həyatınızdan çıxardığınızı düşünün, görün həyatınızın gedişatı nə qədər fərqli olacaq…”.
Əlbəttə, baxanda, günlərin də əvəzolunmazı yoxdu. Bəzən hətta o qədər bir-birinin eyni olurlar ki!.. Lap mişar daşı kimi. Bir-birinin təkrarı. Eyni rəngdə, eyni ölçüdə. Dikkens bir an dayanıb hər nədən olur-olsun – tikandan, qızıldan, dəmirdən – hazırlanmış bir zənciri xəyalımıza gətirməyi tövsiyə eləyir… Ancaq mən Dikkensin dediyi bu “bir gün”ü “bir adam”a dəyişmək istəyirəm. O adam hər kim olur-olsun…

Əvəz Zeynallı – “Xural” qəzetinin baş redaktoru, Ramiz Mehdiyevlə məhkəmə çəkişməsinin sonunda gözünü açıb özünü həbsxana hücrəsində görən qələm dostumuz. Indi onu əvəz eləmək mümkünmü? Nə qədər adamın içində pərsəngi pozulub… Mən də hiss eləyirəm ki, nəsə çatışmır.

Adamlar öz barmaq izləri kimi təkarolunmazdı. Əvəzin gördüyü işdə yalnız onun barmaq izləri ola bilər. Onun barmaq izlərinin nə qədər aydın və ya nə qədər dumanlı olmasının məsələyə heç dəxli yoxdu. Mən harmoniyanın pozulduğunu hiss eləyirəm. Qəribə olsa da, bunu da deyəcəm: Hətta harmoniyamızı pozmaqla məşğul olan Ilham Əliyev də, Ramiz Mehdiyev də əvəzolunmaz insanlardı. Bəlkə də bizim hər birimizdən daha çox. Bir anlıq düşünün ki, onlar yoxdu. Onları əvəz eləyə biləcək bir insanı təsəvvürünüzə gətirirsinizmi? Azərbaycan nə qədər fərqli olardı, deyilmi?

Əvəz Zeynallı da ona görə həbs edilib ki, o, Azərbaycanı məhz fərqli görmək istəyənlərdən və bunu yazanlardan biri idi. Bu cür fərqi istəyənlər və yazanlar yenə də var. Ancaq Əvəzin yazdığı yoxdu. Onu həbs etdirənlər indi bir adamlıq rahat nəfəs alırlar. Əvəzi tutdurana kimi bir adamlıq narahat idilər. Görürsünüzmü, bir adamın yoxluğu bir dövlətin başçılarında belə dəyişiklik yaradıb.

Mənim gözümdə bu toplum indi qırılmış zəncir kimi bütün ağırlığı ilə havada yellənir. Və əminəm ki, bir gün o ağır zəncir elə onu qıran rejimin başına dəyəcək. Bir şeyə də əminəm ki, əvəzolunmazlığın təsnifatında rejimlər, hakimiyyətlər ümuminin içində gedir. Sadəcə, onları başqasıyla əvəz eləməyə çalışmaq lazımdı. Kimi içəridən, kimi dışarıdan!

“Azadlıq” qəzeti

http://azadliq.az/index.php?option=com_content&view=article&id=15697:vzolunmaz&catid=303:prviz&Itemid=41 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button