Əvəz, bircə bundan qorxuram…

Anar Mahmudoğlu

17.04.2012

– Əvəzin otağından “qurğu” çıxdığını bilirsən?

“Xural”a hədiyyə olunan saatın içindəki “dəm-dəsgahı” soruşmuşdu Qənimət Zahid.
– Hə, deyirlər, dinləmə qurğusudur.
Qənimət bəy bir xeyli gülmüşdü:
– Əvəz nə düşünür, onu da danışır; kiminlə, harda nə danışır, onu da yazır. Onun otağına dinləmə qurğusu qoymaq, “əməliyyat keçirmək” əbləhlikdir, elə qəzetini oxusalar, bəsdir də!
Əvəz Zeynallını bundan dəqiq təsbit eləmək mümkün deyildi. Bu adamın doğrudan da heç gizlini olmadı – qəzetini oxumaq kifayətdi ki, Əvəzin az qala kiminlə çay içdiyini də biləsən.

***

Başdan-başa bir hiss, duyğu, ruh adamıdır. Danışar, danışdıqca coşar, ovqata köklənər və haydı: gecə-gündüz yatmadan, oturmadan ağlına yerləşəni həyata keçirməyə başlayar. Daha fikirləşməz ki, bunun axırı, sonu necə olacaq.
Gündəlik “Xural” ideyasını da ənənəvi olaraq “noxudlu çay” (noxudla çay içmək sizə təəccüblü gəlir, eləmi? Əvəzlə belə çaylamaqdan ötrü sinov getdiyimizə dostlar çox gülüblər) mərasimimiz zamanı qəflətən verdi:
– Uşaqlar (həmkarları nəzərdə tuturdu) deyirlər ki, gündəliyə keçsən, əla olar. Nə fikirləşirsən?
– Vaxtı çoxdan çatıb, ancaq gücünü bilmirəm.
Vəssalam: mən də hamı kimi elə düşünürəmsə ki, “Xural”ın gündəliyə keçməsi uğurludur – daha Əvəzi saxlamaq olar?
Nə komanda var, nə pul, nə perspektiv – heç mənim yardım vədimin gerçəkləşməyəcəyi də onu fikrindən daşındırmır:
– And olsun Allaha, kömək eləməsəniz, təkcanıma gündəlik qəzet buraxacam. Inanmırsan?
Bərabər çalışdığımız cəmi bir ay müddətində inandım, tam əmin oldum ki, Əvəz dediyini eləyər: adam sutkanı yatmadı o bir ayda.
Həlqə daralanda, qondarma ittihamlar, maddələr dövriyyəyə girəndə zarafat da edirdik tez-tez:
– Qardaş, səni tutsalar, böyük yaxşılıq eləmiş olarlar, yazıqsan, gedib, heç olmasa, doyunca yuxu yatarsan. Belə işləsən, ürəyin dayanacaq.
Gülürdük.
Əvəz həbs olunandan sonra isə ən çox üzüldüyümüz bu zarafatımız oldu…

***

Heç kimin ağlına gəlməzdi ki, Əvəzi “rüşvət tələb etmə” maddəsi ilə həbs edəcəklər.
Oktyabrın 19-da “Xural”ın əmlakını yağmaladılar – Ramiz Mehdiyevin, Vüqar Səfərlinin, Nüşabə Ələsgərlinin, Ağabəy Əsgərovun iddiaları ilə toplam 19 min manat cəriməni ödəyə bilmədiyi əsas gətirildi.
Əvəzi saxlamaq olar? “Qəzet dayanmamalıdır” – deyib-durdu.
Oktyabrın 19-da, gecə saat 10-dan sonra dizimizin üstündə – şəxsi notbuklarımızda qəzeti çapa hazırladıq.
Səhərisi gün axşama doğru “Xural”ın nəşr olunduğu “Ekspress-servis” mətbəsindən soraq gəldi: “Gəlməyin, qəzeti çap etməyəcəyik”.
Başqa mətbəələrə etdiyi müraciətlərə də telefonun o başından “tapşırıq yuxarıdan gəlib, incimə, qəzeti vura bilmərik” cavabı verildi.
Bitdimi?
Yox! Həmin gün Ədliyyə Nazirliyi məhkəmə qərarlarını icra etmədiyini bayraq edib 306-cı maddə ilə iş qaldırdığı barədə mətbuata açıqlama verdi.
Və nəhayət, oktyabrın 28-də Əvəzi internet televiziyaya müsahibə verməyə gedərkən yoldaca oğurlayıb apardılar.

***

6 aydı Əvəz Zeynallının guya istintaqı gedir. Nəyi sübut edə bildilər? Ümumiyyətlə, “biz istənilən adamı yolun ortasındaca tutub, türməyə soxa bilərik”dən başqa nəyisə sübut etmək istəyirlərmi?
Rüşvət istəmişdisə, pulu alan yerdə həbs edərdiniz; məhkəmə qərarlarını icra etmirdisə, 306-cı maddə ilə cinayət işi açardınız; vergidən yayınmışdısa…
Rüsvayçılığın səviyyəsinə baxın: Əvəzi həbs edib Kürdaxanıya salandan 3 ay sonra məktub gəlir ki, vergidən yayındığına görə cərimə ödəməlisən. 2 ay gözləyirlər və daha bir məktub göndərirlər: cəriməni ödəmədiyinə görə cinayət işi başlayır!
Özünüzü ələ salmısınız, yoxsa qanunları? Adam Kürdəxanıda oturub, vergi cəriməsini necə ödəyə bilər? Məktubu ev ünvanına niyə göndərirsiniz? Bilmirsiniz Əvəz hardadır?
O qədər məntiqsizlik var ki, onları bir yerə yığmaq mümkün deyil.
Bəli, Əvəz Zeynallının məhkəməsi bir şou olacaq – qanunların vasitəyə çevrilməsinin ən eybəcər formada ifşasına həsr olunmuş şou.
Inşallah, görəcəksiniz!

***

Hüquq müdafiəçisi Eynulla Fətullayev vicdan məhbusları sırasında Əvəz Zeynallının adını göstərməyib. Məhkəməsi keçirilməyib, hələ hökm oxunmayıb, ona görəmi?
Artıq bu “əngəl” aradan qalxıb, axı! “2 aprelçilər”in məhkəməsi keçirilmədən vicdan məhbusu kimi tanındıqlarını niyə unuduruq?
Əvəz Zeynallı hansısa oliqarxdan pul alıb gündəlik qəzet buraxmırdı!
Əvəz Zeynallı bəylərlə bostan əkməmişdi ki, tağı da belində bitəydi!
Əvəz Zeynallı kiminsə qarşısında öhdəlik götürməmişdi ki, indi də “yekə kişilərin oyununun qurbanına” çevriləydi!
Əvəz Zeynallı ona görə həbsdədir ki, “Gündəlik Xural” buraxdı və azad sözün çevrəsini azacıq böyütməyə çalışdı!
Əvəz Zeynallı ona görə həbsdədir ki, hakimiyyətin media basqıları qarşısında davam gətirmək üçün Redaktorlar Birliyini dirçəltmək istədi…
Əvəz onsuz da vicdan məhbusudur – Eynulla Fətullayev əgər Əvəzin onunla görüşdən imtinasına görə belə edirsə, yanlış yapır.
Əvəz Eynulla Fətullayevlə görüşdən ona görə imtina etdi ki…
…Bunlar Əvəzlikdi – çıxar, səbəbini özü yazar.
Hələ çıxandan sonra ətrafında olan və onun həbsxanaya yolunu açan bəziləri haqqında da deməyə sözü olacaq.

***

Qəti şübhəm yoxdur ki, Əvəz Zeynallı türməyə necə giribsə, eləcə də çıxacaq – onu “ələ almaq” mümkün deyil. Ona görə yox ki, Əvəz dönməzdir, mübarizdir, sınmazdır, qəhrəmandır – bu, boş və mənasız potetikadan uzağam.
Ona görə ki, Əvəz idarəolunmaz adamdır – onun ixtiyarı heç öz əlində də deyil. Əvəzlə oturarsan, “etmə, qardaş, yazma bunu, yaxşı deyil” deyərsən, “oldu” cavabını alarsan. Aradan bir az keçəndən sonra nəsə oxuyar, hardasa ədalətsizlik görər və coşub-daşar: “etmə” deyəni də “edənə” qatıb hər şeyi cikinə-bikinə qədər yazar; “Sifariş” verilər, Əvəz onu kəmali-ədəblə səhifəyə yerləşdirər: ancaq heç gələn nömrəni də gözləməz: “sifarişçi”nin ədalətsizliyini yazar, öz imzası ilə bir başqa səhifədə onu rüsvay edər.
Əvəzin ipinin üstünə odun yığmaq olar?
Əvəzin ipi var ki, odun yığmağa, lazım olanda “çəkməyə” də fürsət olsun?!
Adam “olmaz” sözün eşidəndə havalanır. Əvəz Zeynallı üçün “olmaz” anlayışı bütün həyatını, ömrünü, varlığını, dünyasını əlindən almaqdır.
Qoruğu yox, qaytağı yox, dartılası ipi yox…

***

Qəti şübhəm yoxdur: Əvəz Zeynallı həbsxanada darılmır, sıxılmır, girinc qalmayıb… Çünki o qədər azad, o qədər özgür, öz həqiqətinə o qədər inanan adamdır ki, heç bir bənd-bərə onun coşub-daşan enerjisinin qarşısında sipər ola bilməz.
Inanan, inandığını deyən və qarşısındakını öz inandığına inandıran adamdı Əvəz. Əgər bu yola giribsə, sonunda həbs olacağını da gözaltı eləməmiş olmazdı – amma həbs, istibdad, zülüm, haqsızlıq, tək qalmaq xofu… – Əvəzi yolundan döndərməz ki!
Ona görə Əvəz sarıdan narahat deyiləm. Ancaq…
Əvəz, canından çox sevdiyin Çiçək kimi Banunun, xanım-xatun Selcanın bir gün məndən “atam niyə gəlmir” soruşacağından elə qorxuram ki!
Axı, bu dövlətin zindanlarında günahsız insanların saxlandığını bilmək onlar üçün hələ tezdir!..

“Azadlıq” qəzeti

http://azadliq.az/index.php?option=com_content&view=article&id=15758:vz-birc-bundan-qorxuram&catid=322:anar-mahmudolu&Itemid=41

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button