ƏVƏZ ZEYNALLIYA MƏKTUB VAR

19.04.2012

Vüqar Abbasov

Əvəz, salam!

“Necəsən?” – deyə soruşmağı artıq hesab edirəm. Həbsə atılmış adam necə ola bilər ki? Hələ bir sənin kimi günahsız həbs olunandan danışmıram. Ancaq bütün sənə qarşı olunan haqsızlıqlara rəğmən, sənin yaxşı olduğun qənaətindəyəm. Mübariz insan olduğunu bildiyimdən belə deyirəm. Bilirəm ki, görmək istədiyin işlər, darıxdığın insanlar var.

Sənin də bilməyini istəyirəm ki, sənin üçün də darıxanlar var. Ən çox da səninlə nərd oynamaq üçün darıxmışam. Özün udanda: “get nərd oynamağı öyrən” – deyə ləzzətlə gülməyini, uduzanda isə: “Vüqar, sən zər tutursan” – deyə qımışmağını tez-tez xatırlayıram bu arada. Halbuki mənin zər tutmadığımı yaxşı bilirdin. İnşAllah mən Azərbaycana gələndə, stəkanla zər atacam səninlə. Sənin həbsdən çıxmağına isə bir şey qalmaıb, mən gələnə kimi məşq edərsən.

Bu dəfə sənə qarşı oyunda doğrudan da zər tutdular. Zər onların əlindən hələlik yerə qoşa olaraq düşür. Elə bilirlər ki, hər vaxt qoşa atmaq yaxşıdır. Ancaq nərddən az-çox “başı çıxanlar”bilirlər ki, həmişə qoşa atmaq, heç də yaxşı deyil, arada “dü və yek” də lazımdır. Heç olmasa məhşur filmdəki Göygöz Kosa kimi “rəml atıb” zərlə fala baxa bilsə idilər, etdikləri işin düzgün olmadığını və bu işlərin sonunun yaxşı qurtarmayacağını görərdilər. Ancaq neyləyəsən ki, bu istedad da yoxdur səni şərə salanlarda.

Kefləri kökdür. Onlar üçün bir ailə başçısının, bir jurnalistin haqsız yerə həbsdə oturması nədir ki? Bunu bəlkə də günlərin bir günü öz üzərlərində hiss edəcəklər. Mıxın dönüb mismar olduğu vaxtlar olub tarixdə. Bunu yalnız savadsız adamlar bilməyə bilər. Ancaq bir şey də var ki, savad və düşüncələri olsa idi, sənə şər atmazdılar.

Əvəz, sən: “Baxımsız, müstəqil qəzet buraxacam” – deyirdin. Buna nail də olmuşdun. Ancaq müstəqil düşünmək beləmi asanddır sandın? Tək başına, yaxud, “Xuralın qızıl kollektivi” – deyə adlandırdığın insanlarla irəli gedəcəyini düşünürdün. “Qarşısını aldıq” – deyə düşünür səni həbsdə görmək istəyənlər. Düşünürəm ki, bu sənin fəaliyyətində yaranmış müəyyən fasilədir. Düşünürəm ki, bəlkə də bir neçə aylıq həbsxana divarları da olmalıymış həyatında. Təbii ki, mən bunu istəməzdim. Ancaq istəyənlər tapıldı və bu gün istəklərinə çatıblar. Sənə :”bu da keçər, belə getməyəcək” – deməyəcəm. Sən bunu bilirsən. Sənin orda da qətiyyətli və inamlı olduğunu düşünürəm.

“Əvəz Zeynallı onğünlüyü” elan edilib. Mən də bir on cümləlik bir şeylər yazdım. Ancaq “on günlük” yetməz sənin haqqında yazmağa. Mətbuata həsr etdiyin həyatını, bu on günə kim və necə sığışdıra bilər? Məktubu uzatmayacam. “Ordan çıxandan sonra bunları edərik”, “sən yaxşı insan, yaxşı jurnalistsən” və.s. bu kimi xoş sözlər yaza bilərdim ki, bunu bilənlər bilir, bilməyənlərə, yaxud bilmək istəməyənlərə isə nə qədər desən də xeyri yoxdur. Avropaya gələndən sonra öyrəndiklərimdən biri də budur ki, məktub qısa olmalıdır. Hərçənd ki, indi bəlkə də sənə uzun məktublar lazımdır. Ancaq yox. Sən orda da öz ideyaların barədə düşündüyünə görə, mən də məktubumu burda yekunlaşdırıram. Son olaraq onu deyirəm ki, Əvəz, səni kim nə məqsədə həbs etdiribsə, əvəzini alsın.

Görüşmək ümidi ilə

Vüqar Abbasov.
Niderland.

http://pat.az/gundem/429-zhvzhz-zeynallya-mzhktub-var.html

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button