ƏVƏZİ OLMAYAN ƏVƏZ

18.04.2012

Faiq Balabəyli

 Indi oturub Əvəz Zeynallı haqda yazmaq həm gecdir, həm də elə əsl vaxtıdır. Adam 6 aydır ki, Kürdəxanıda təqsirləndirilən şəxs qismində istintaq altında “yatır”. Günahı varmı, yoxmu – özü bilər, bir də tək olan Allah. Mənim bildiyim odur ki, Əvəz bəyin hər hansı günahı olsa da, bu günah o dərəcədə deyil ki, dəmir barmaqlıqlar arxasında “can çürütsün”, dörd divar arxasında “tasovkalasın”. Əvəzin günahı hər birimizin, onu tanıyanların,  dost dediyi insanların günahı qədərdi – həqiqətin arxasınca, haqqın dalınca düşmək. Ta, riyanın, yalanın, nahaqqın qabağına düşüb qovulmaq, boyunduruq qulu olmaq onluq deyildi.

Əvəz uzağa boylanırdı, uzağı görürüdü, amma əfsuzlar olsun ki, burnunun ucu qədər yaxın olan məsafədəkilərin hansı oyundan çıxa biləcəklərinin fərqində deyildi.

Əvəz həbs olunmalıydımı?

Birmənalı olaraq “HƏ” deyirəm. Burnunun ucu qədər yaxın məsafədə olan olacaqların fərqinə varmayıbsa, demək, ona qurulan qurğunun da üstündən hoppana bilməyəcəkdi.

Bir də ki, hoppanmaq onun işi deyil. Ağır-səngər adamdı, həm də ağzının sözünü, qələminin yazısını “bilməyən”. Cızığından çıxanlara ağ vərəqin üzərində, qəzetinin səhifəsində öz “cızığını” göstərir. Zəmanə adamı deyil, axara qoşulub gedə bilmir, qarşısına çıxan kötüyün böyründən keçməyə cəhd etməz… O, kötüyü yerindən oynadıb, qaldırıb bir tərəfə atıb, yolu açmaq, təmizləmək istəyirdi. Bu istəyinə görə də nəfəsi duyulacaq qədər yaxında olanlar onun “istirahətinə” fərman verdilər, buyruq buyurdular, buyruğa müntəzir olanlar özlərinə əl qatdılar.

Utandılarmı, – bilmirəm. 2006-cı ilin may ayında mənim həbs olunmağım üçün vasitə olan bir ziyalı xanım, tibb sahəsi üzrə guya elm adamı olan, baş həkim işləyən və təzə doğulan uşağın anasına “uşağın ölü doğuldu” deyib, həmin dilsiz-ağızsızı bazara çıxarıb satan qadın “utanmışdı”, “xəcalət çəkmişdi”, məhkəməmə gəlməmişdi, nümayəndəsi vasitəsi ilə xəbər yollamışdı ki, məhkəmə öz qərarında mənim rəyimi nəzərə almaya bilər. Bəlkə, qundaqdakı cocuğu anasından gizli satlığa çıxaran həkimin mənim həbsimlə uşaqlarımın gözünün yolda qalacağına “tab gətirməyən ana ürəyi” dilə gəlmişdi?

İndi necə olacaq görəsən? Əvəzə dalbadal yeni ittihamlar irəli sürdürənlərin ürəyi “dilə” gələcəkmi?

Yep-yekə “əmilər”, “bibilər” bir qələm adamının balalarının gözlərini yolda qoyub balaları, nəvələri ilə şirin-şirin danışanda düşünə biləcəklərmi ki, iki körpə qız uşağının gözlərini kökləri haqq carçısı olan atalarını gözləməkdən çuxura düşür?

İnanmıram, inana bilmirəm! Buna inanmaq üçün o insanların sadə insanlar olmağına əmin olmalıyıq. Ta oxumuş, ziyalı adının daşıyıcısı, nə bilim ağsaqqal akademik, hansısa dəstək fondunun qarabığ vüqarlı dayanan sədri, əlinə mikrafon alan manıs xanımı bu hissləri yaşamaz, düşünürəm.

Əvəz yaxşı oğlandı, yaxşı dostdur. Öz sözümü demirəm, – Əvəzi mənə görə tanıyanların sözüdür bu. Bir neçə il bundan qabaq “Xural” qəzetinin lahiyəsi çərçivəsində Cəlilabadda böyük tədbir keçirildi. Mən də rayondaydım, dostumu Alar kəndində qarşıladım. Uğurla sonuclanan tədbirdən sonrakı gəzinti, dostlarımla tanışlıq, gecəni kənddə mənim ata evimdə qalmağımız, anamla, qardaşımla ana-bala, dost-qardaş söhbəti Əvəzi ailəmizin sevimlisinə çevirdi. Yaşlı, ixtiyar anam biləndə ki, mən həbsdə olanda məni daima müdafiə edən, haqqımda həqiqətləri qələmə alan jurnalist bu oğlandı, Əvəzə “balamsan” deyib… Gerisini özünüz təsəvvür edin.

İndi mənim anam Əvəz balasını “içəri” atanlara, “Allah onların əllərini, dillərini kəsərdən salsın, canlarına dəyməsin, hayıfdılar, onların da balaları var”, – deyə, qarğış edir. Məni həbsə atanlara da daha sərt cəza istəməmişdi hər gün üç dəfə namaz qılıb səcdəsinə durduğu GÖZƏGÖRÜNMƏZ TARI KİŞİDƏN. Eləcə Allahdan onların qəlbinə insaf salmağı arzulamışdı alnını möhürə vuranda, əlini göyə açanda…

Hər ötən gün bizi Əvəzlə görüşə tərəf aparır. Çıxacaq inşallah, kim qalıb ki, orda? Ola bilsin bir az sınıxsın, arıqlasın və ən başlıcası, darıxsın. Amma əminəm ki, darıxsa da, karıxmayacaq.

Yenə də ƏVƏZSİZ OLAN ƏVƏZ  sözünü demək üçün güdazına getdiyi haqqın, ədalətin yanında olacaq.

Əlaqəli məqalələr

7 şərh

  1. Faiq bıyin yazısı çox xoşuma gəldi. Əvəz bəyin həbsi düzgün deyil. Faiqin bir şeiri var, o zaman “Millət” qəzetində dərc olunmuşdu “ölkə başdan-başa bazara dönüb, bazrkom oturub yuxarı başda”. indi bazara dönən məmləkətdə satışa çıxarılıb alınanlar, satılmayanları həbs etdirirlər.

  2. Get,namərd qonaq,get!Alçaq mültəci.!
    Get,miskin hərif,get !Cəllad yırtıcı!
    Get,vicdansız,kəndini qurtar,yaşa!
    Ancaq vicdansızları bəslər dünya.!
    Get,gözüm görməsin!Uzaqlaş ,dəf ol!
    Nə haqsızlıq etdinsə,Allahdan bul!
    Yazını oxuyanda bu misralar yadıma düşdü.Həmin misralar 1910 -cu ildə yazılmış “Ana”mənzum faciəsindəndir.Səlma ana oğlunun qatilini bağışlayır.
    Vaxt gələcək haqqın ,ədalətin tapdanıldığı Vətəndə pislik mücəssəmələrinin köməyinə heç Ana duası da kömək olmayacaq.
    Günlərin bir günü Bakı şəhərində Nürnberq mühakiməsinin oxşarı,dünyanın siyasi tarixinə yazılacaq növbəti məhkəmə prosesi – Bakı mühakiməsi keçiriləcək.
    O gün gələcək…

  3. Evez bey kimilerini dustaq etmek olmaz . Cunki ruhu azad olan insanlar hebsde de azaddir . Evez bey deyerli bir qelem adami , ferqli dushunce sahibidir .Ferqli dushunceye , azad vicdana sahib olanlar ise bu cemiyyetin gozune batan tikanlardir . Onun dostlari hedsiz coxdur . Cixar inshellah !

  4. Yazini maraqla oxudum.Faiq, səmimi yazıya görə sağ ol.Əvəz bəyin Cəlilabada gəlişi yadıma düşdü. Baxmayaraq ki,həmin gün işiqlarertədə sönmüşdü, biz gecəyarıya qədər maraqlı söhbət etdik.Həmin ərəfədə Milli məclisə seçkilərdə bizim səyimizlə kəndimizdə saxtakarlığın qismən qabağini almışdıq və nəticədə iqtidar nümayəndələrinin can-fəşanlığına baxmayaraq AZADLIQ bloku qalib gəlmişdi. Və saxta protokol yazmağa imkan verməmışdik.Onda Əvəz bəy məndən soruşdu ki, nə əcəb səni həbs etməyiblər. Cavab verdim ki, kənddə heç kəs nahaq mənim üzümə durmaz, çünki mən onların uşaqlarının müəllimiyəm. Amma nə bileydim ki, illər keçəndən sonra ƏVƏZ bəy belə oyunların qurbani olacaq.ALLAH qapısını açsın. Və bilirəm ki, ƏVƏZ bəyi sındırmaq omaz. FAİQ səndən də həmişə belə səmimi yazılar gözləyirəm

  5. Dost dostun haqqında necə yaza, düşünə bilərsə o cür düşünülən yazıdır. Təəssüf ki, həyat qarşımıza ədalətsizliklər çıxarır. O zaman da dostlar mütləq dayaq olmalıdır. Ümid edirəm ki, yazdığınız kimi, hər ötən gün bizi Əvəz bəylə görüşə aparır. Uğurlar hamımıza.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button