Ramiz Mehdiyevin amazonkaları

22.04.2012

Xaqani Əliyev

Dünyada qəbul olunmuş bir qadın siyasətçi imici var – Indira Qandi, Angela Merkel, Marqaret Tetçer, Bənəzir Bhutto, Tansu Çillər və s. Bu adlar çəkiləndə öncə insanın ağlına siyasətçi, sonra xanım gəlir. Braziliyanın indiki prezidenti Dilma Rusef hətta 70-ci illərdə terrorçu damğasıyla bir neçə il həbsdə də yatmışdı.
Azərbaycanda qadın deputat seçilən kimi, olurlar siyasətçi-xanım(!).

Bu çox yanlış yanaşmadır, qadın siyasətə mətbəxdən yox, cəmiyyətdə fəal mövqeyini təsdiq edəndən sonra gəlməlidir.
Ölkədə təxminən 20 ildir seçki keçirilmir, deputatlar parlamentə siyahı ilə daxil olurlar. Hətta fikir vermisinizsə, iclas zamanı deputatlar aid olduqları məmur-oliqarx qruplaşmalarına görə əyləşirlər.
Deputatların yeganə, birləşdirici bir xüsusiyyəti müxalifətə və azad mətbuata qarşı yumruq tək bir olmasıdır. Xanım deputatlar isə, bir qayda olaraq, mediaya qarşı daha aqressiv davranmağa məcbur edilirlər. Bu gün məhkəmələrdə xanımlar tərəfindən qəzetlərə qarşı onlarla iddia var.
Əfsuslar olsun ki, bu gün Azərbaycan xanımından öz məqsədləri üçün istifadə edən bir hakimiyyətlə qarşı-qarşıyayıq. Təkcə azad mətbuatın, başda Qənimət Zahid olmaqla, üç nüfuzlu nümayəndəsinin həbsində qadın kartından çox bəsit şəkildə istifadə edildi. Yəni başqalarına açıq şəkildə mesaj verildi ki, “bəli, onlar günahsızdırlar və bu bəsit mühakimə sizə dərs olsun, məhkəmə ədalətinə-filana inanmayın”.
Son olaraq, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı həbs edildi, əlbəttə, xanım deputatın şikayəti ilə…
…Ötən ilin 17 apreli müxalifət Sahil metrosu yaxınlığında piket keçirdi. Polislər amansızlıqla bu piketi dağıtdı, hətta oradan keçən və “Azadlıq” deyə qışqıran, fəqət bunun mənasını belə anlamayan 5 yaşlı uşağı anası ilə birlikdə polis idarəsinə(!) apardılar. Ertəsi gün “Mərkəz” qəzetinin saytında “operativ”, “şok xəbər”in şahidi olduq – sən demə, həmin hadisədən bir qədər sonra, “Koral” barında çalışan bir əxlaqsız qadın sayta zəng vurub, “Azadlıq” deyə qışqıran uşağın anasının onunla həmkar(!) olduğunu söyləyib.
Lakin sonradan qızın anasını tapan jurnalistlər bunun iftira olduğunu sübut etdilər və onların cəmi bir neçə gün əvvəl qohumlarını görmək üçün Rusiyadan gəldiklərini, hətta geri dönmə biletlərinin də olduğu aşkara çıxdı.
Bu ailə haqqında xoşagəlməz iftiranı yayan sayt və eyni adda qəzet… millət vəkili, Respublika Uşaq Fondunun(?!) rəhbəri Gülər Əhmədovaya məxsusdur.
Iki körpə atası Əvəz Zeynallı bir neçə ay bundan əvvəl Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib, güman ki, ömrünün bir neçə ilini dəmir barmaqlıqlar arasında keçirəcək.
Normal ölkələrdə Uşaq Fondunun rəhbərliyi bilməyərəkdən “Azadlıq” deyə qışqıran 5 yaşlı uşağın, eləcə də Əvəzin körpələrinin də, müdafiəsinə qalxmalı idi. Mən Əvəz Zeynallı-Gülər Əhmədova münaqişəsinin detallarına varmaq istəmirəm, yalnız onu deyə bilərəm ki, Əvəzin həbs olunacağı məlum idi, gündəlik nəşrə başlamağı, “həddini aşmağı”, onu hədəfə çevirmişdi və Gülər Əhmədova məsələni doğrudan da yoluna qoymaq istəsəydi, ən azı Qənimət Zahidə müraciət edə bilərdi. Lakin bilərəkdən qarşıdurma yolu seçildi…
Zaman-zaman Rəbiyyət Aslanovanın, Bahar Muradovanın, Gülər Əhmədovanın və digər xanım deputatları tənqid etmək zorunda qalırıq, çalışırıq ki, müəyyən sərhədləri keçməyək, milli adət-ənənələrimizə hörmət edək, amma nə yazıq ki, qarşı tərəf bunu zəifliyimiz kimi qəbul edir.
Keçən il ABŞ dövlət departamenti Bakıdakı sauna və masaj salonlarının məmurların himayəsində olduğu haqda hesabat yaydı. Ən kəskin reaksiya Milli Məclisin insan haqları komitəsinin sədri Rəbiyyət Aslanovadan gəldi. Bildirdi ki, “bu, böhtandır, ağ yalandır, Bakıda nə sauna var, nə də masaj salonu, gəlin sübut edin”.
Halbuki, bu məsələ ilə mübarizə aparmaq, bilavasitə Rəbiyyət xanımın səlahiyyətinə aiddir və Bakıda yüzlərlə bu yuvanın olması, xanım deputat da daxil, heç kimə sirr deyil.

Iqtidarın günahını bu sempatik xanımın ayağına yazmaq, razılaşın ki, o qədər də xoş deyil.

Amma neyləməli ki, hakimiyyət “xanım deputat-toplum” qarşıdurmasında maraqlıdır. Hərdən bu mübarizə “amazonka-kamikadze” müstəvisinə də keçir. Əvəz bəyin timsalında olduğu kimi…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button