Qəzeti tərsinə tutanların ölkəsində

25.04.2012
ELNUR ASTANBƏYLI

Uzaq 70-ci illərdə ucqar bir dağ kəndində sadiq bir qəzet oxucusu varmış. Adı önəmli deyil, deyək ki, məsələn, Musa dayı. Onun digər oxuculardan fərqi isə qəzeti kəlləmayallaq oxuması imiş.

Acılanmamaq, pis söz eşitməmək üçün heç kim bunu kişinin üzünə vurmurmuş.
Hə, bir də camaat öz arasında pıçıldaşırmış ki, əslində, Musa dayı nə yazmaq bilir, nə də oxumaq, amma özünü ziyalı kimi göstərmək istəyir, ona görə də əlindən qəzeti yerə qoymur, hərf-zad tanımadığından qəzeti tərs tutduğunun fərqində deyil-filan. Camaat bir yandan pıçıldaşıb, o biri yandan da xısın-xısın pıqqıldaşarkən Musa dayı kəlləmayallaq tutduğu qəzetdən gözlərini bir an da olsun ayırmırmış. Az qalırmış, hərfləri yesin.
Bir gün belə, beş gün belə, on gün belə, bir ay belə, iki ay belə…
Axırda kəndin növcavanlarından biri dözməyib kişiyə deyir:
– Ay Musa dayı, özünü kimə yazıb-oxuyan göstərirsən, axı qəzeti tərs tutmusan.
Ətrafda gülüşmə qopur.
Musa dayı isə tövrünü də pozmur, ağır-ağır gözündəki eynəyini çıxarır, qəzeti qatlayıb döş cibinə qoyur və deyir:
– Bilirəm, a bala, bilirəm. Qəzetdə heç nəyi düz yazmırlar, mən də tərsinə tuturam ki, bəlkə belədə yazılanlar düz ola.
Dostlar məndən “Əvəz Zeynallı ongünlüyü” çərçivəsində yazı qaralamağımı istəyəndə nədənsə bu əhvalatı xatırladım. Dedim axı, bu, indiki yaptokratların ulu öndərinin ilk dəfə hakimiyyətdə olduğu, durğunluqla, “pripiska” ilə, yalanın, korrupsiyanın kəlləçarxa çıxması, sadə zəhmətkeşlərin alın təri, əməyinin istismarı bahasına rəhbərin sinəsinin orden-medallarla bəzənməsi, karyera pillələrində dayanmadan irəliləməsi ilə müşayiət olunan 70-ci illərin söhbətidir. Aradan 40 il keçib. Bir formasiyadan digərinə, bir əsrdən növbətisinə adlamışıq, amma dəyişən çox az şey var, ya da heç nə yoxdur – bu ölkədə hələ də qəzetlərin 90 faizini tərs tutmaq lazım gəlir ki, bəlkə orada yazılanların mahiyyəti düz olsun.
Bu ölkədə hələ də qəzet adına nəşr olunanların 90 faizi yalan və yaltaqlıq saçmaqla məşğuldur. Həqiqətləri təhrif etmək, ölkəni başına alıb gedən pislikləri malalamaqla məşğuldur.
Əks halda nəsibin şərdir, böhtandır, həbsdir, sürgündür, pulsuzluqdur. Döyülmədir, söyülmədir. Əvəz bəy kimi. O, düz sözün qurbanlarından biridir və birinci deyil. Sonuncu da olmayacaq. Azərbaycanda yalnız hakim gücə yarınan, başını onun qoltuğuna verən, yalmanan, doğrulara sırtını dönən qəzetçiliyə (əgər buna da qəzetçilik demək mümkünsə!) yaşıl işıq yandırılır. Ilham Əliyev kimi düşünməyən hər kəs düşmən kimi qəbul edilir. Məddahlıq, riyakarlıq, dönüklük həyatın yeganə təminatı hesab olunur.
Əvəz Zeynallı sinəsini rejim üçün sipər etsə, Ilham Əliyevi öyüb, öyüb bitirə bilməyən yazılar yazsa…
“Xural”ın səhifələrini analoqsuz inkişaf haqqında mədhiyyələrlə doldursa, yenə həbsdə olardımı?
Əlbəttə, yox. Ən pis halda Vüqar Rəhimzadə ilə yanaşı oturub reket məmurlara tərif oxuduğu halda, “reket qəzetlərin siyahısı”nı hazırlamaqla məşğul olar, adının arxasında ölü yerindən “əməkdar jurnalist” yazılar, qayğısız, şən həyat sürərdi.
Amma o, bu yolu (daha doğrusu, yolsuzluğu!) seçmədi və seçmədiyi üçün də dəmir barmaqlıqların ardındadır. Bu gün o, insanların oxuduqları düz olsun deyə, tərsinə tutduğu qəzet buraxmaq istəməməsinin cəzasını çəkir. Bu, indi cəzadır, yalnız indi! Gələcəkdə, həm də çox da uzaq olmayan gələcəkdə isə bunun mükafatını Tarix əlbəttə, verəcəkdir.
Yazıq o kəslərin halına ki, bu sadə həqiqəti anlamayacaq qədər beyinsiz, düşüncəsiz, ağılsızdırlar.
Yazıq! Çox yazıq!!!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button