Kristofer Ştrasser kimin siyasi məhbus olduğunu müəyyən edəcək

03.10.2012

Çərşənbə günü axşam AŞPA sessiyasında siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin hesabatı dinləniləcək və qəbul olunacaq. Hesabat “siyasi məhbus” anlamının tərifinə həsr olunub. Bu barədə Turan-ın xüsusi müxbiri məlumat verib.

11 səhifəlik sənəddə deyilir ki, siyasi məhbus anlamının tərifi 2011-ci ildə Azərbaycanda və Ermənistanda nəzərdə tutulan siyasi məhbus hallarının qiymətləndirilməsi üçün AŞPA baş katibinin göstərişi ilə Avropa Şurası çərçivəsində müstəqil ekspertlər tərəfindən  hazırlanıb.

Ekspertlərin irəli sürdükləri ümumi meyarları Avropa Şurası Komitəsi və AŞPA  da daxil olmaqla, əlaqədar tərəflər təqdir ediblər. Hüquq məsələləri və İnsan Haqları Komitəsi həmin meyarları dəstəklədiyini bildirir və dəqiqləşdirir ki, terrorizmə görə azadlıqdan məhrum edilənlər ki, siyasi məhbus hesab olunmur.

AŞPA həmin meyarları dəstəkləyərək bildirir ki, şəxsin saxlanması Avropa İnsan Hüquqları Konvensiyasında və ona əlavə protokollarda əksini tapan əsas təminatlardan biri, əsasən:

a) fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla  həyata keçirilibsə azadlıqdan məhrum edilən şəxsə “siyasi məhbus” kimi baxılmalıdır.

b) əgər saxlama istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən  həyata keçirilibsə;

c) həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə;

d) əgər vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanılıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Assambleya Avropa Şurası üzvü olan dövlətləri siyasi məhbus kimi nəzərdə tutulan şəxslərin işlərinə həmin meyarlar əsasında yenidən baxmağa və zərurət olduqda onları azad etməyə çağırır.

Sonra Ştrasser ekspertlərin rəylərinin əsasında və Avropa konvensiyalarına və digər beynəlxalq aktlara istinadən həmin müddəaların izahını verir.

Sözügedən meyarlar Avropa Onsan Hüquqları Məhkəməsinin praktikasından konkret nümunələrlə müşayiət olunur.

“Mən  tamamilə əminəm ki, müstəqil ekspertlərin meyarları (artıq yüzlərlə hala tətbiq olunub) hüquqi cəhətdən əsaslandırılıb, ədalətli və operativdir. Onlar insan hüquqlarının müdafiəsi üzrə Avropa Konvensiyasının əsas normalarını və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu əks etdirir”, – Ştrasser vurğulayır.

“Mövcud təriflərlə bağlı məlumatlardan imtina etmək və sonsuz nəzəri müzakirələrə qoşulmaq AŞPA üçün ciddi səhv olardı. Bu cür debatlar sonsuzdur və faydasızdır.

Odur ki, mən Assambleyanı mövcud siyasi məhbus anlamının tərifini təsdiqləməyə çağırıram”, – məruzəçi qeyd edib.

*Alman deputat Kristofer Ştrasser  2009-cu ilin martında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin olunub. Lakin 2011-ci ilin oktyabrında bu mandat başqa ölkələrədək genişləndirilib və “siyasi məhbus” anlamının meyarlarının müəyyən edilməsi ona həvalə olunub. Bu illər ərzində Azərbaycan hakimiyyəti Ştrasseri  qəbul etməkdən imtina edərək bildirib ki, “siyasi məhbus” anlayışı formalaşdırılmayıb və beynəlxalq praktikada yoxdur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button