|

Hicab Azərbaycan Cəmiyyətinə süni gətirilib!

Uşaq anadan olduğu gündən fikir, vicdan və din azadlığına malikdir…

Hicabın şişirdilməsində və qalmasında maraqlı olan bölücü qüvvələr var…

Hicab məsələsi birdən-birə ölkə gündəminə dırmaşdı və dərhal da heç bir olmamış kimi hər şey müvəqqəti səssizliyə büründü. Hicabın dartışıldığı və mitinqlərin başladığı vaxtdan çox keçmədi ki, dindarların tuthatutu başladı. Bununla da məsələyə fərqli baxışlar meydana çıxdı. Bu problemi xüsusi qabardanlar da oldu, yan keçmək istəyənlər də. Amma bütün hallarda ortada artıq bir gerçək var və Azərbaycan cəmiyyəti bu gerçəklə üz-üzədir – Hicab! Bəziləri ona «Çadra», bir başqaları sadəcə «Baş örtüyü», biriləri isə «Hicab» desə də…

«Xural» «Oxu» qəzeti ilə birlikdə mövzunu masaya yatırdı və «Xural»ın redaksiyasında başbilənləri topladıq. Qüdrət Həsənquliyevdən Fazil Mustafaya kimi bir çoxlarını müzakirəçilər qismində görmək istəsək də, onlarla əlaqə yarada bilmədik. Son günlər din və hicab haqqında ən çox danışan və ciddi açıqlamalar verən BAXCP sədrini tapmaq bizim üçün müşkül oldu. BQP sədri isə nədənsə telefonlarımızı götürmədi. Amma yenə kalitəli bir masa təşkil etdik və mövzunu müzakirəyə çıxardıq.

İsti, hətta qaynar bir masa alındı. Pənah Hüseyn az qala dava salacaqdı, Seymur Baycan prinsipial və təmkinli halı ilə dediyini dedi, Elşad Miri çıxışçıların sözlərini kəsdi, Əvəz Zeynallı ilə Pənah Hüseyn əsəbi tonlarla qarşıdurmaya qədər getdilər…

Hər şeyə siz qərar verəcəksiniz, Əziz Oxucu!

Doğrudan da «Baş örtüyü dövlətçiliyə təhlükədirmi?» Qərarı insanların özü verəcək…

Əvvəli ötən saylarımızda

Örtünməmək insanı iman dışına çıxarmır…

Gülyaz Məmmədova
Dindar xanım:

- Hicab Allahın əmridirsə, hamı məcburi örtməlidir?

- Yox… Mən elə demədim. Quran insanlığa endirilən, Allahın insana öz sistemini çatdıran kitabdır. Əgər orada deyilirsə ki, «ey qadınlar, başınızı örtün», kim istəyirsə örtür. Örtməmək onu iman dışına çıxarmır. Çünki İslamın 5 təməl prinsipi var – «Laillahəilləllah» «Allah birdir» deməyi başa düşürsənsə onun gətirdiyi sonunclar Namaz, Oruc, Zəkat, Həccdir. Bu, Allaha bağlı bir şeydir. Ona görə də heç bir kəsin heç bir kəsə deməyə ixtiyarı yoxdur ki, sən hicab taxmırsan, sən kafirsən. Bəlkə hicab taxmayan adamın imanı məndən min dəfə artıqdır. Nə də ixtiyarı yoxdur desin ki, qapandığın üçün məktəbə gəlmə. Şəxsən mən 5-ci sinifdə oxuyan bir qız tanıyıram ki, öz istəyi ilə qapanıb. Ona görə də ağıl həqiqətən yaşda deyil, başdadır. Əlbəttə, kiçik yaşlı uşaqların başına yaylıq taxmaq olmaz. Çünki o yaşda bunun mahiyyətini dərk edə bilməz. Lakin ola bilsin, valideynlərin içində elə bir istək var ki, artıq o yaşlarından övladlarına bunu vərdiş etdirsinlər. Bunu etməsələr də olar. Gözləmək olar uşağın düşüncəsi o səviyyəyə çatsın və onu qəbul etsin. İslama 17 il sonra hicab əmri çatıb. İnsanlar da 17 il səbr etsinlər və bu əmri müstəqil həyata keçirsinlər.

Qızların başını açmaq onlara işgəncə vermək deməkdir…

Pənah Hüseyn
Sabiq deputat:

- Biz çalışmalıyıq ki, hamımız universal bir dildə – hamının qavraya biləcəyi dildə danışa və bizi ayıran fikirlərə münasibət bildirə bilək. Məncə, burada əyləşən insanların hamısı mənimlə razılaşar ki, biz bu məsələlərdə azadıq. Bunun əleyhinə çıxan yəqin ki, olmayacaq. Bu bacımız hicab əmrini qəbul etməkdə azaddır (çıxış edən hicablı xanımı göstərir – Red.) və bu, onun qanuni hüququdur. Çünki Azərbaycanın Konstitusiyasında və imzaladığımız beynəlxalq konvensiyalarda bu hüquqlar təsbit olunub. O baxımdan, həmin azadlığı onun əlindən almağa çalışmaq, nə fərdin, nə də hansısa bir hüquqi şəxsin – dövlətin ixtiyarında deyil. Eləcə də bu bacımızın başını örtməməsi və hicaba əməl etməməsi (başı açıq həmkarımızı göstərir – Red.) onun ayrılmaz, qanunlarla müəyyənləşmiş hüququdur. Mən bir daha qeyd etmək istəyirəm. Təhsil vətəndaşlarımızın ayrılmaz hüququdur. Bu hüququ dövlət təmin etməyə borcludur, çünki qanunlara görə bu, icbari təhsildir. Dövlətin öz vətəndaşının təhsil hüququnu təmin etmək vəzifəsidir. Vətəndaş anadan olduğu gündən – burada bayaqdan yaş məhdudiyyətləri ilə bağlı danışdılar – Azərbaycan Respublikasının vətəndaşı sayılır, Konstitusiyada və beynəlxalq hüquqda olan bütün azadlıqlar və hüquqlar xüsusi olaraq – hansısa bir qeyd-şərt yoxdursa, onun hüquqları xüsusi olaraq onun qanuni himayədarına, valideynlərinə və yaxud da yaxınlarına həvalə olunmursa – onlara məxsusdur. Bayaq qeyd etdiniz ki, 6 yaşlı uşağa hicab bağlamaq düzgün deyil, çünki o, bu haqda qərarı özü vermək həddində deyil. Amma valideynin öz övladını onun hüquqlarını pozmadan, ona psixoloji travmalar yetirmədən öz inanclarına və əqidəsinə uyğun olaraq tərbiyə etmək hüququ var. Mən ilahiyyatçı deyiləm, amma hicab tək baş örtüsü deyil, o, sifətin və ayaqlar istisna olunmaqla bədənin digər əzalarının örtülməsi haqda qaydadır. Ümumi qəbul olunan qayda budur. Çadra məsələsi ifratçılığın nümunəsidir, belə bir göstəriş yoxdur. Məsələn, mənim yaşadığım zonada və Azərbaycanın şəhərləri istisna olunmaqla, bəzi kəndləri istisna olunmaqla, hç bir zaman qadınlar çadrada olmayıblar. Əsrlərlə olmayıblar. Uşaq başörtüsündə məktəbə daxil olarkən məktəb direktoru onu içəri buraxmır. Hansı qanuna əsasən? Baxın, bu, «Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu»dur. Bu qanunda hər hansı bir geyim formasına görə, istər baş örtüsü olsun, istərsə də başqa bir şey – qadağa yoxdur. (Göstərir – Red.) Buyurun, bu, «Təhsil haqqında Qanun»dur, burada elə bir bənd varsa, göstərin. Söhbət tək 6 yaşında qız uşaqlarından getmir, eyni zamanda 12-17 yaşlarında artıq özünü tam dərk etmiş, ciddi inanca malik olan insandan gedir. Bir dindar qız uşağı hicabı özü üçün namus məsələsi hesab edərək, onu öz dininin və Allahın qoyduğu vacib imperativ bir şərt bilərək örtülüb. Onun başını açmaq ona işgəncədir. Həqiqətən də belə hallar var. Həddi-büluğa çatmış, dinə həqiqətən inanan və səmimi şəkildə etiqad edən insanın başını açmaq ona işgəncə verməkdir. Bu zaman o, ciddi psixoloji sarsıntılar keçirir. Yenə də hüquq məsələsinə gəlirəm. Çünki bu müzakirələrdə savadsızlıq müşahidə edirik. Budur, Azərbaycan dilində nəşr olunmuş «Uşaq Hüquqları haqqında Konvensiya». 1992-ci il iyul ayının 21-dən parlamentin 236 qərarı ilə Azərbaycan Respublikasının ərazisində yüksək Konstitusion səviyyədə keçərlidir.

Uşaq anadan olduğu gündən fikir, vicdan və din azadlığına malikdir…

Təhsil nazirinin hicabla bağlı göstəriş və sərəncamları qanunsuzluqdur…

Maddə 14.
«İştirakçı dövlətlər uşağın fikir, vicdan və din azadlığına hörmət bəsləyirlər».
Təkrar edirəm, uşağın fikir, vicdan və din azadlığından söhbət gedir. Burada uşağın valideynlərinin adı çəkilmir. Uşaq kimdir?
Maddə 1.
Hər bir insan 18 yaşına çatanadək bu konvensiyanın məqsədləri üçün uşaq sayılır.
Yəni uşaq anadan olduğu gündən fikir, vicdan və din azadlığına malikdir. (Davam edir…) «İştirakçı dövlətlər, o cümlədən də Azərbaycan, valideynlərin və müvafiq hallarda qanuni qəyyumların uşaqların hüquqlarının həyata keçirilməsində, uşağın inkişaf etməkdə olan qabiliyyəti ilə uzlaşan rəhbər hüquqlarına və vəzifələrinə hörmət bəsləyirlər». O cümlədən dindar valideynin öz uşağını tərbiyə etmək hüququ var və buna hörmət bəslənməsi üçün bu konvensiya dövlətlərin üzərinə vəzifə qoyur. «Öz dininə və məzhəbinə etiqad etmək azadlığına yalnız elə məhdudiyyətlər qoyula bilər ki, onlar qanunla müəyyən edilmişdir – Azərbaycan Respublikasının qanunlarında da belə bir məhdudiyyət yoxdur – dövlət təhlükəsizliyi, ictimai qaydanın, əhalinin mənəviyyatının və sağalamlığının qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruridir». Yəni kimsə durub əsaslandırsa ki, hicab həqiqətən də dövlət üçün təhlükəlidir, ciddi bir təhdiddir, mən ona məmnuniyyətlə qulaq asaram. Bu müddəalar istər Avropa İnsan Haqları Konvensiyasında, istər Konstitusiyanın «Vicdan azadlığı haqda» müddəasında, istərsə də digər beynəlxalq hüquq və normalarda özünü göstərir. Yəni bütün bunlar hüquq, qanun baxımından birmənalı məsələdir. O baxımdan istənilən şəxsin, o cümlədən də təhsil nazirinin bununla bağlı göstəriş və sərəncamları qanunsuzluqdur. Bu, həm qanunsuzluqdur, həm universal azadlıq dəyərlərinə ziddir, həm imzaladığımız konvensiyalara ziddir, həm və dindar uşaqlar üzərində işgəncə aktıdır. Bu məsələ iddia şəklində məhkəmə qarşısında qaldırılarsa, işgəncə faktı kimi qeydə alınmalıdır. Çünki bunun nəticəsi olaraq uşaq bayıla, travma ala, ruhi xəstəliyə tutula bilər. Və nəhayət, o uşaqları təhsil hüququndan məhrum etməklə nazir dövlətin Konstitusiyasını pozmuş olur. Mən masa iştirakçılarına 1964-cü ilə aid olan bir fotoşəkil göstərmək istərdim. Bu, mənim birinci sinifdə təhsil aldığım uşaqlarla olan şəklimdir. Mən onu axtarıb tapdım. Burada birinci sinifdə oxuyan qızların hamısının başı bağlıdır (Şəkli göstərir və bu sayımızda yayınlayırıq – Red.). Hətta Sovet dövründə ateizmin rəsmi, Konstitusion bir ideologiya olduğu cəmiyyətdə qadağa yox idi. Mən atamın birinci sinif şəklini tapa bilmədim. Hətta onun Stalinin dövründə çəkdirdiyi şəkildə belə qızların başı örtülü idi.

Replika:
- Şəkil qışda çəkilib, yoxsa yayda?

- Orada görünür, amma onun heç bir dəxli yoxdur.

Şəkilə baxan Seymur Baycan:
- Şəkil qışda, özü də məktəbin qarşısında çəkilib. Təbii ki, soyuq havada qızların başı bağlı ola bilərdi. Hər halda bu şəkil yayda çəkilməyib, çünki yayda məktəblər bağlı olurdu. Özü də müəllimin də əynində qalın pencək var.

- Orada bir neçə şəkil var, onların hamısında qız uşaqlarının başı örtülüdür… həyat yoldaşımın da orada bir şəkli var, onun başı açıqdır, digərlərininki isə örtülü…

Ə.Zeynallı:
- Pənah bəy, demək istəyirsiniz ki, başın bağlanması «İran təhlükəsi» yarada bilməz?

- Hətta Sovet dönəmində – ateizmin və dinə qarşı mübarizənin rəsmən dövlət siyasəti olduğu zamanlarda belə bu cür hallara yol verilməyib. Yadınıza salıram. Hamınız Sovet dövrünün filmlərinə baxırsınız. İstər Azərbaycan olsun, istərsə də rus filmləri, onların hamısında başı örtülü qadınların arasında həm müəllim, həm də fəhlə var…

Replika:
- Hicab adi baş örtüsü deyil. Hicab qapanmadır. O, yaylıq deyil.

- Baş örtüsüdür. Stalinin dəfn olunduğu şəkillərə baxın. Başıaçıq qadınlarla yanaşı, başı örtülü qadınlar da var…

Cahil mollalarla ateist mollalar eyni şeydir…

Replika:
- Havadan asılı olaraq taxılıb həmin baş örtüyü… Bu, dini məsələ deyil.

- Mən görürəm, burada bəzi yoldaşlar deyəsən, darıxırlar. Ona görə də dediklərimi konkretləşdirmək istəyirəm. Bu məsələnin hüquqi həlli varmı? Bizim gözlərimiz qarşısında mən həm də bəzi adamların – üzr istəyirəm – cahilliyinə məəttəl qalıram. İki cür cahil var – özünü dindar hesab edib cahil, xurafatçı, 3-4 min il əvvəldə olduğu kimi instinkt səviyyəsində yaşamaq olar, özünü ateist sayıb, ən modern insan hesab eləyib o cahildən cahil də olmaq olar. Mən hər zaman fikir vermişəm, bizim cahil mollalarımız var. Onlarla ateist mollalar eyni şeydir. Ateistlərin də öz mollaları var. Baş örtüyünün dövlət üçün təhlükəli olması ilə bağlı sualınızı niyə cahil hesab edirəm? Türkiyədə təxminən 30 il əvvəl, 1980-ci illərdə belə şeylər olurdu. Ordu ilə, hərbi ilə, polislə, həbslərlə – hər cür təqiblə baş örtüsü məsələsini qadağan etmək istədilər. Nə alındı? Əksinə, başörtülülər çoxaldı. Gözlərimizin qarşısında on illərdir gedən bir proses var. Azadlıq olmayan yerdə mütləq əks, ifrat meyllər yaranır. O baxımdan, burada iştirak edən yoldaşlar öz mövqelərini ifadə etdilər, Razi bəy də Ümid Partiyası adından öz mövqeyini bildirdi. Bizim bir neçə partiyanın birləşdiyi İctimai Palatada da bu məsələ müzakirə olundu. Bu cür müxtəlif fikirlər orada da səsləndi. Olsun və ya olmasın. Özü də bunu orta məktəblər haqqında danışırlar, halbuki söhbət həm də ali məktəblərdən gedir. Orada ki, uşaq yoxdur. İşin o tərəfi də var. Orada da bu məsələ ilə bağl bir qanun layihəsi hazırlamaq nəzərdə tutulub və bu iş də mənə həvalə olunub. Mən də bütün hüquqi qanunları, sənədləri toplamışam. Çıxış yolları var. Əgər vahid məktəbli formasından danışılırsa, olsun, dindarlar üçün də forma müəyyən olunsun. Yəni hər kəsin hüquqi azadlığı təmin olunsun. Dindarların, ekspertlərin, ruhanilərin rəyini nəzərə alaraq iki məktəbli forması olsun – özünü dindar hesab edən uşaqlar üçün və müasirliyi qəbul edən uşaqlar üçün. Lap estetik baxımdan gözəl, kamil, mükəmməl məktəb formaları olsun. Təbii ki, mən bunu qəbul edirəm. Onu sadəcə işləyib hazırlamaq, burada səslənən konsensusa nail olmaq tamamilə mümkündür. Lakin bu məsələ süni olaraq şişirdilib və Azərbaycan cəmiyyətinə gətirilib. Bunun şişirdilməsində və qalmasında maraqlı olan bölücü qüvvələr var. Bu qüvvələr Azərbaycan Respublikasının indiki iqtidarıdır. Mən də burada səslənən o fikirlərlə razılaşıram.

Kim deyə bilər ki, hicab ictimai təhlükə yaradır?

Abdurrahman Azəri
Müstəqil hüquqşünas:

- Məsələnin hüquqi tərəfi ilə bağlı fikirlər səsləndi. İstərdim ki, bir qədər bu məsələdə hüquqi arqumentləri dərinləşdirək. Ümumiyyətlə, hicab məsələsi o qədər həssas məqama malikdir ki, burada subyektiv fikir söyləmək, hesab edirəm ki, düzgün deyil. Burada iki tərəfin mövqeyi var – din və qanun. Çünki biz deyirik ki, dünyəvi dövlətik və eyni zamanda Konstitusiyamızda yazılıb ki, hüquqi və dini dövlətik. Bu məsələnin dini mövqeyi məlumdur. Birmənalı şəkildə göstərilir ki, hər bir həddi-büluğa çatmış qadın, qız uşağı hicab taxmalıdır. Bu, dinin birmənalı mövqeyidir. İndi elə bir problem var ki, insanların hüquqi savadsızlığından istifadə edib deyirlər ki, bu, qanunun əmridir, təhsil nazirliyinin verdiyi qərar qanunauyğundur. Birincisi, təhsil nazirinin hansı qərarı var? Ortada heç bir qərar yoxdur. Qanunda da belə bir qadağa yoxdur. Söhbət tez-tez «Təhsil haqqında Qanun»dan gedir. O qanunda da bu məsələ yalnız 14-cü – «Geyim haqqında» maddədə göstərilir ki, hər bir təhsil müəssisəsinin geyim forması həmin təhsil müəssisəsinin nizamnaməsində müəyyən olunur. Gəlin görək, təhsil nazirliyinin nizamnaməsində yeni geyim formasında uşaqların, şagirdlərin baş örtüsünü qadağan edən müddəa varmı? Xeyr. Çünki bu, dini azadlıq qanunudur və qanun da Konstitusiyaya – onun 149-cu maddəsinin üçüncü bəndində göstərildiyi kimi, zidd ola bilməz. Konstitusiyamızın 48-ci maddəsinin 2-ci bəndində belə bir müddəa var – hər bir kəsin öz dini etiqadını ifadə etmək azadlığı var. Fikir verin, dini əqidəni ifadə etməklə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının 1993-cü ildə qəbul etdiyi «Mülki və siyasi hüquqlar haqqında Pakt»ın 18-ci maddəsinin 4-cü hissəsi ilə bağlı bir şərh var. 1966-cı ildə qəbul edilən «Mülki və siyasi hüquqlar haqqında Pakt»ın 18-ci maddəsində göstərilir ki, hər bir insanın dininə və əqidəsinə açıq, yaxud xüsusi qaydada etiqad bəsləmək və ifad etmək azadlığı var. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının 1993-cü ildə qəbul etdiyi «Mülki və siyasi hüquqlar haqqında Pakt»da ümumi şərtlərdə göstərilir ki, həmin dini simvollar, geyim və baş örtüsü dini ifadə formasıdır və ibadət konsepsiyasına daxildir. Hicabın dünyəvi prinsiplərə uyğun gəlmədiyini iddia edən tərəflər dünyəvi qanunların özlərini də təkzib edirlər. 1948-ci il BMT-nin Ümumdünya İnsan haqları Bəyannaməsi var.

Keçirik, Azərbaycan qanunvericiliyinə… Qeyd etdik ki, bütün bunlar Konstitusiyada var. Azərbaycan qanunvericiliyində 2002-ci il 24 dekabr tarixli qanun var. Bu, İnsan hüquq və azadlıqlarının tənzimlənməsi haqqında qanundur. Bu qanunu məhz Avropa Şurasına üzvlüklə bağlı öhdəlik çərçivəsində qəbul etmişik. Həmin qanunun 3.1-ci maddəsində göstərilir ki, Konstitusiyada və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş insan hüquq və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Dini etiqat azadlığını ifadə etmək Konstitusiyada nəzərdə tutulub və bu azadlığı yalnız qanunla məhdudlaşdırmaq mümkündür. Heç bir inzibati formada və heç bir nazir səviyyəsində yox. Qanunla ola bilsin, məhdudlaşdırıla bilər. Beynəlxalq konvensiyalarda var və bizim qanunlar da buna müəyyən qədər açıqlamalar verir ki, hansı hallarda bu məhdudlaşdırıla bilər. Amma bu, o demək deyil ki, dövlət istədiyi vaxt qanun qəbul etsin və bildirsin ki, insan azadlığını məhdudlaşdırır. Xeyr. Beynəlxalq konvensiyalarda buna görə 5 əsas var, Azərbaycan qanunvericiliyində isə yalnız 1 əsas var. Beynəlxalq konvensiyalardakı əsaslar bunlardır:

1. İctimai təhlükəsizlik – kim deyə bilər ki, hicab ictimai təhlükə yaradır? İctimai təhlükəsizliyin beynəlxalq hüquq nəzəriyyəsində anlayışı var. İctimai təhlükəsizlik deyəndə cinayətlər və fəlakətlərin – istər süni, istərsə də təbii olsun – yaratdığı ziyan və zərərlər nəzərdə tutulur.
2. İctimai qayda əleyhinə olan əməllər – ictimai yerlərdə sərxoşluq, ictimai yerlərdə kobud davranış, hədələyici və təhqiredici rəftar və bu tip materialların yayılması, başqasını zorla tutub saxlamaq və s… Hicabın buna nə dəxli var?
3. Mənəviyyat əleyhinə olan əməllər – hicab nəinki mənəviyyatın əleyhinədir, əksinə, mənəviyyatdan irəli gələn məsələdir.
4. Başqalarının əsas hüquq və azadlıqları üçün vacib olan digər məqamlar.
Hər bir halda müdaxilənin olması qanunsuzluqdur. Bir məsələni də qeyd etmək istərdim. Burada dövlətin siyasəti qeyd olundu, amma hesab edirəm ki, bu məsələdə dövlətin siyasəti qanunlarla müəyyənləşir, hər hansı qərarlarla yox. Dövlət də qanunlarla göstərir ki, hicab dünyəviliyə zidd deyil və buna heç bir qadağa yoxdur.

Yəhudi hörük və şlyapa ilə gəzəndə onlara etiraz edən olmur…

Yaşar Qurbanov
İlahiyyatçı, www.islamevi.az internet saytının rəhbəri:

- Çox zaman dindarları narahat edən məsələ bəzi ziyalıların, məmurların birbaşa efirlərə, mətbuata çıxaraq, «Quranda baş örtüsü yoxdur» deməsidir. Bu, tək İslamda deyil, xristianlıqda və digər dinlərdə də var. Maraqlıdır ki, yəhudi öz qulaqyanı hörükləri və şlyapası, ya da papaqla gəzəndə onlara etiraz edən olmur.

Mirmahmud Mirəlioğlu
KXCP-nin sədri:

- Qurandan sitat da gətirərək deyirlər ki, «bu qadağalar və yaxud hicab məsələsi yalnız və yalnız Məhəmməd peyğəmbərin övrətlərinə, xanımlarına aiddir». Özü də bunu kifayət qədər təhsilli, savadlı adamlar, şərqşünaslar deyirlər.

Kobud məktəb direktorları…

Y.Qurbanov:
- Dəfələrlə bu cür bəyanatların şahidi olmuşam. Ona görə də bir məqama toxunmaq istəyirəm. Qurani Kərimdə «əl-xinar» gəlir. Xinar da ərəbcə – Nur surəsi 31-ci ayədə – başörtüsü deməkdir. Bir də dindarlarları məktəb direktorlarının etikaya sığmayan kobudluğu narahat edir. Dostlarımdan birinin qızı dərsə gedə bilmir və o, bunu direktora bildirəndə ki, hicabla gəlməyə qadağa qoymusunuz və qızım təhsil ala bilmir, direktor qayıdıb ki, «məktəbə gəlmir, cəhənnəmə gəlsin, cəhənnəmə qədər yolunuz var»… Yəni məktəb direktorları bu adamlarla o qədər kobud davranırlar ki, onlar hiddətlənirlər.

P.Hüseyn:
- Bayaq burada fərqli fikirlər söyləyənlər oldu. Müzakirədən sonra həmin adamların beynəlxalq insan hüquq və azadlıqları haqda qanunlara əsaslanan qarşılıqlı arqumentlərini də eşitmək istərdim. Bəlkə Razi bəy, bununla bağlı fikrinizi bildirəsiniz?

Razi Abasbəyli:
- Açıq-saçıq geyinən xanımlarımızdan heç olmasa birini məscidə buraxarsınızmı – onun insan hüquq və azadlıqlarını pozmamaq üçün?
- Əlbəttə ki, buraxarlar…
- Harada belə bir hadisə qeydə alınıb?
- Əgər o xanımın özünün qanacağı olmasa və məscidə o cür geyimdə daxil olsa…
- Onda o xanımların da qanacağı olsun, məktəbə başörtüsü ilə daxil olmasınlar.

Elşad Miri
«Oxu» qəzetinin baş redaktoru:

- Türkiyədə Sultan Əhməd məscidi, Vaşinqtonda belə məscidlər var. Açıq-saçıq ora daxil ola bilirlər.

M.Mirəlioğlu:
- Allah özü buyurur ki, bizim qapımız hər kəsə açıqdır.

P.Hüseyn:
- Mən hüququ bir kənara qoydum. Vicdan məsələsi var. Bəziləri üçün bu artıq çoxdan ölüb. Bu adam namussuzdur…

E.Miri:
- Siz hər adamı gətirib hicabla bağlamayın.

- Söhbət tək hicabdan getmir. Namus hər hansı millətin, o cümlədən də Azərbaycan xalqının, türk millətinin, bütün Azərbaycanda yaşayan millətlərin – dindar və ya ateist olmasından asılı olmayaraq – əxlaqi dəyərləridir. Bu əxlaqi dəyər bəzilərində var, bəzilərində yoxdur. Bəziləri başörtüsü məsələsini namus məsələsi hesab edir. İndi nə edək, əlindən alaq namusunu? Kim də bunu etmək istəmir etməsin. Lap dənizə gedib rahat-rahat çimsinlər, kimdir onlara bir söz deyən?

Replika:
- Tam məntiqsiz yönə gəldik…

Əvəz Zeynallı:
- Hitler demokratik qaydalardan istifadə edərək hakimiyyətə gəldi və gələn kimi də bütün demokratik qaydalara qadağa qoydu. İranda da seçkilər yolu ilə hakimiyyətə gəldilər və sonradan məmləkəti nə hala qoyduqları göz qabağındadır.

P.Hüseyn:
- Bayaq hörmətli Seymur bəy də Fransa burjua inqilabına toxundu. Onu demək istəyirəm ki, Böyük Fransa burjua inqilabı seçkisiz-filan hakimiyyətə gəldi, dünyada azadlıq və demokratik dəyərləri təhdid elədi.

Ə.Zeynallı:
- Siz də inqilab yolu ilə, heç bir seçki-filan keçirilmədən hakimiyyətə gəldiniz. Mayın 14-də tankın üstünə minib hakimiyyətə gəldiniz, seçkilərlə gəlmədiniz.

P.Hüseyn:
- Şər atma, tank deyildi, BTR idi. Xalqın üsyan hüququ var, qanunları müdafiə etmək hüququ var.
- Bəs mən nə deyirəm? Mən də onu deyirəm, deyirsiniz ki, şər atma.
- Azərbaycanda İslamın hakimiyyətə gəlmə şansı sıfırdır…
- Elə söhbət də bu təhlükədən gedir. İnsanlar İranın molla rejiminin Azərbaycanda da qurulmasını istəmirlər.

Heç kimin xətrinə dəymək istəmirəm…

Vüqar Bəyturan
Milli Qurtuluş Partiyasının sədri:

- İlk növbədə bütün ideologiyalar yazılı qaydada kağız üzərində gözəldir. Amma onları tətbiq edəndə tamamilə yanlış şeylərin olduğunu görürsən. Heç kimin xətrinə dəymək istəmirəm, bütün çıxışçıların da mövqelərinə hörmətlə yanaşmağa çalışıram. Amma baxırsan ki, yoxsulluq, aclıq İslam ölkələrindədir. Nədənsə inkişaf bu ölkələrdə getmir, nə üçünsə bu ölkələr digər inkişaf etmiş dövlətlərdən geridə qalır. Elə müsəlman ölkələri var ki – Sudan, Yəmən, İordaniya, Misir – onların inqilab etmək cəhdlərinə baxırsan. Bu istəkləri olan, lakin ona imkanları olmayan da müsəlman ölkələridir…

P.Hüseyn:
- Mən bir müsəlman kimi müsəlmanların geridə qaldıqlarını ilddia edən yoldaşlara öz etirazımı bildirirəm.
- Xahiş edirəm, çıxışıma imkan verəsiniz.
- Doğru deyil axı… İki eşşəyin arpasını bölməyi bacarmayan adamlar o boyda İslam sivilizasiyasından imtina edirlər…
Seymur Baycan:

(Ara qarışır… Ağız deyəni qulaq eşitmir… Pənah Hüseyn Vüqar Bəyturanı, Vüqar Bəyturan onu, Seymur Baycan Elşad Mirini ittiham edir… Pənah Hüseyn bütün hirs-hikkəsini Əvəz Zeynallının üzərinə istiqamətləndirir…)

Sonu gələn sayımızda…

Hazırladı:
XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Oxunma sayı: 1228

Qısa URL: http://www.xural.com/?p=1716

Göndərən: 28 Fev 2011. Bölmə Müsahib. Siz bu yazıya verilən şərhləri izləyə bilərsiniz: RSS 2.0. Siz bu göndəriş üçün şərh və ya geriizləmə yaza bilərsiniz.

Şərh yazın

120x600 ad code [Inner pages]

Xəbər xətti

Ən yeni şərhlər

  • Rəna: Ququş mənim ən çox sevdiyim müğənnidir, hər zaman onun mahnılarını dinləyirəm. Onun haqqında yazdığınız üçün və...
  • zaur: siz deyirsizki robert ne deyir duz deyir duzdu? Robert indiye kimi ne deyibki de bizde biley?
  • Xural: https://www.youtube.com/watch? v=ddFZ-t68rI0 Yazdıqlarınızın görüntülü cavabı
  • Leyla: menim seyirim super seyidi
  • fatime: var niye yoxdur coxdur.

Ən çox oxunanlar

Sayğac



1-CI.BIZ Reytinq Sistemi

free counters