Milli Şura AXCP-yə qarşı təqiblərə son qoyulmasını tələb edib

images03.03.2014

AXCP üzvlərinin kütləvi həbsi və partiya qərargahında baş vermiş partlayışla bağlı Milli Şuranın  Mətbuat Xidməti bəyanat  yayıb. Bəyanatda deyilir:

Son vaxtlar hakimiyyət orqanlarının Azərbaycan Xalq Cəbhəsi Partiyasına, xüsusilə gənc cəbhəçilərə qarşı amansız mübarizəsi  müşahidə edilir. Bu təqib və repressiya addımları Xalq Cəbhəsi partiyasının artan nüfuzu, onun cəmiyyətdə güc mərkəzinə çevrilməsi ilə bağlıdır. Azərbaycan cəmiyyətini susdurmaq, özlərinin dediyi kimi, idarə olunan cəmiyyət yaratmaq arzusunda olan korrupsioner hakimiyyət insanları qorxutmaq, onları siyasi mübarizədən çəkindirmək məqsədilə Xalq Cəbhəsi üzvlərinə qarşı yeni həbslər dalğasına start vermişdir. Partiya sədrinin mühafizə xidmətinə daxil olan şəxslərin “polisə müqavimət” adı altında saxta ittihamlarla həbsə alınması, partiyanın gənclər təşkilatının rəhbərinin həbsə yolu ilə siyasi  proseslərdən təcrid edilməsi, 10-a yaxın cəbhəçi gəncin saxlanılması və təqib edilməsi müxalifətə qarşı repressiyaların yeni dalğasından xəbər verir. Baş verən həbslərin heç bir hüquqi izahı yoxdur və bütün bunlar Ukraynada xalqın qələbəsindən xofa düşən İlham Əliyev rejiminin ciddi narahatlığının təzahür formalarından biridir.

Bu axşam AXCP qərargahında baş vermiş partlayış hadisəsi isə bu partiyaya qarşı törədilən təxribatların növbəti addımı hesab edilə bilər. Uzun müddətdir hakimiyyət orqanları partiyanı ofisdən məhrum etmiş, onun qanuni şəkildə əldə etdiyi ofisinin qapısını qaynaqlamış, indi isə kirayə kimi istifadə etdiyin ofisin zirzəmisində partlayış törətmişdir. Yəqin ki, bundan sonra müvafiq orqanlar partlayışın səbəbini araşdırmaq üçün oranı da “bağlamalı” olacaqdır.

Bu hərəkətləri ilə hakimiyyət orqanları yalnız AXCP-yə qarşı deyil, eyni zamanda Milli Şuraya qarşı barışmaz olduğunu ortaya qoyur. Milli Şuranın Koordinasiya Mərkəzinin iki iclası keçirildikdən sonra həmin qurumun üzvü Rövşən Əhmədlinin ofisdən çıxarılması istiqamətində əməli addımlar atılmağa başlanmışdır. Ona görə də biz Xalq Cəbhəsi Partiyasının qərargahının zirzəmisində baş verən partlayışı təsadüfü hesab etmirik. İlham Əliyev rejiminin  Milli Şuranı dağıtmaq siyasəti iflasa uğradıqdan sonra  indi açıq təxribat, repressiya və şantaj əməllərinə start verilmişdir.

AXCP-yə qarşı baş verənlər Azərbaycan Konstitusiyasının, siyasi partiyalar haqqında qanunun və ölkənin qoşulduğu beynəlxalq konvensiyaların kobud surətdə pozulmasıdır.  Partiya üzvü olan gəncələrin kütləvi şəkildə həbsə alınması, partiyanın mərkəzi qərargahında şübhəli partlayışın baş verməsi, partiya sədri Əli Kərimlinin uzun illərdir xarici pasportdan məhrum edilməsi və bütövlükdə Xalq Cəbhəsi partiyasına qarşı həyata keçirilən total təqib siyasəti ölkədə avtoritar idarə etmənin, ötən ilin 9 oktyabrında hakimiyyətin yenidən mənimsənilməsinin əyani göstəricisidir. 20 faiz ərazisi işğal olunmuş bir ölkənin güc strukturlarının daxili düşmən axtarışı İlham Əliyev rejimin anti-milli mahiyyətindən xəbər verir.

Belə repressiv addımlarla hakimiyyət heç nəyə nail olmayacaq, əvəzində xalqın nifrətini qazanacaq. Odur ki, dəyişən dünyadan dərs almaq pis olmazdı. Bütün dünya Ukraynada korrupsioner hakimiyyətin xalqın əzmi qarşısında necə rəzil vəziyyətə düşdüyünün şahidi oldu. Ona görə də biz Milli Şura olaraq hakimiyyət orqanlarını qanunsuz əməllərdən çəkinməyə, AXCP fəallarına qarşı həbslərə və repressiyalara son qoymağa, konstitusiyaya və qanunun aliliyinə hörmətlə yanaşmağa dəvət edirik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button