ATƏT PA-nın Daimi komitəsi Rusiyanı pisləyən qətnamə layihəsini dəstəkləyib

Bencamin Kardin28.06.2014

İyunun 28-də Bakıda açılan ATƏT PA-nın sessiyasının gündəliyinə Helsinki prinsiplərinin Rusiya Federasiyası tərəfindən pozulmasına dair qətnamə layihəsi və əlavə bənd təklif edilib. Sənədin əsas müəllifi ABŞ-dan olan Bencamin Kardindir. Layihədə qeyd oluur ki, ATƏT PA “Ukrayna ilə bağlı Helsinki prinsiplərinin Rusiya Federasiyası tərəfindən aşkar və kobud şəkildə pozulmasını, bu ölkənin suverenleyinin və ərazi  bütövlüyünün xüsusilə görünməmiş dərəcədə pozulmasını  pisləyir”.

Assambleya hesab edir ki, “2014-cü il martın 16-da Krımda keçirilən referendum legitim deyil və qanunsuz aktdır. Bunun nəticəsinin heç bir hüquqi qüvvəsi yoxdur”.

Layihədə ATƏT ölkələri Krımın anneksiyanı tanımaqdan imtina etməyə çağırılır. ATƏT layihəsində RF-in nəzarətində olan qüvvələr tərəfindən Ukraynaya silahlı müdaxilə pislənilir. Sənəddə RF “Ukraynaya müdaxiləyə son qoymağa, öz hərəkətlərini Ukrayna və bütün ATƏT ölkələri  ilə Helsinki prinsiplərinə uyğun qurmağa çağırılır”. ATƏT PA-nın Daimi komitəsi Helsinki prinsiplərinin Rusiya Federasiyası tərəfindən  kobud pozulmasına dair qətnamə layihəsini və əlavə bəndi 30 səs “lehinə”, 5 səs “əleyhinə” olmaqla ATƏT PA-nın Bakıda açılan 23-cü sessiyasının gündəliyinə  daxil edib. Sənədi ABŞ-dan olan deputat Bencamin Kardin hazırlayıb. Bitərəf qalanların sayı hesablanmayıb. Müzakirələr zamanı Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov məsələnin əleyhinə çıxıb. O bildirib ki, Rusiya Ukraynaya heç bir müdaxilə etməyib, müdailə ABŞ-ın xarici siyasəti üçün “xarakterikdir”. Puşkov ATƏT-i ikili standartlarda, vaxtilə Serbiyanın ərazi bütövlüyünə (Kosovo ilə bağlı) məhəl qoymamaqda ittiham edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək qətnamə layihəsinin təklif  edilən şəkildə qəbulunun əleyhinə olub. O, ATƏT ölkələrinin ərazi bütövlüyü  məsələsinə seçici yanaşmanı düzgün adlandırmayıb. Belə ki, Azərbaycan 22 ildir ki, ATƏT PA-da öz ərazisinin pozulması məsələsini qaldırır, lakin müvafiq dəstək almır. B.Muradova məsələnin həllilə bağlı iki variant təklif edib: amerikalı deputat qətnamə layihəsini yenidən işləməlidir və ora Azərbaycan, Gürcüstan və Moldovadakı münaqişələrlə bağlı bəndlər əlavə etməlidir. Ya da layihə qətnaməsi ATƏT PA-nın 23-cü sessiyasının gündəliyindən çıxarılmalı, yenidən işlənib hazırlanmalı və növbəti sessiyaya təqdim edilməlidir. Lakin müzakirə iştirakçılarının böyük əksəriyyəti qətnamənin sessiyanın gündəliyinə daxil edilməsinə tərəfdar olub. Deputatların bir hissəsi digər münaqişələrlə bağlı düzəlişlər edilməsinin mümkünlüyünü qeyd ediblər. Yalnız erməni nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan bunun əleyhinə olub.

O həmçinin deyib ki, çıxışçılar ərazi bütövlüyü prinsipindən danışarkən millətin öz müqəddəratını təyinetmə prinsipini unudurlar.  Geqamyan bildirib ki, qətnamənin qəbulu Ukraynanın şərqində dinc prosesə “ziyan vura bilər”. Sənədin təşəbbüsçüsülərindən biri – Kristofer Smit,  razılaşıb ki, ATƏT bütün münaqişələrə böyük diqqət yetirməlidir. Lakin hazırda Ukraynada vəziyyət təxirəsalınmaz reaksiya və bütün dünyanın orada baş verənlərə diqqətini tələb edir. Xatırladaq ki, iyulun 1-də ATƏT PA-nın sessiyasında Ukrayna üzrə xüsusi dinləmələr təyin edilib.

http://contact.az/docs/2014/Politics/062700082790az.htm#.U67_kx-SjZI

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button