Azərbaycan Rusiya əleyhinə qətnamənin geri götürülməsini təklif etdi

bahar muradova28.06.2014

İyunun 28-i Bakıda ATƏT Parlament Assambleyasının sessiyası çərçivəsində keçirilən Daimi Komitənin iclasında ABŞ nümayəndə heyətinin rəhbərinin müavini, senator Benjamin Kardinin Ukrayna məsələsi ilə bağlı Rusiya əleyhinə hazırladığı qətnamə layihəsinin müzakirəsi ciddi etirazlara səbəb olub.

AzərTAc xəbər verir ki, qətnamə layihəsi ilə bağlı müzakirələrə qoşulan Milli Məclisin sədr müavini, Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib: “İclasın gündəliyinə kifayət qədər ciddi məsələlər daxil edilib. Bizim bu məsələlərlə bağlı öz mövqeyimiz var. Bu məsələlərin bizi daha çox narahat etdiyini heç kim inkar edə bilməz. Bu münaqişə ilə bağlı məsələ bizə yaxın mövzu olduğu üçün bunun nə yerdə olduğunu daha yaxşı anlayır və ağır nəticələr verə biləcəyini düşünürük. Bu məsələyə bizim xüsusi yanaşmamız var.

Mən amerikalı senator cənab Kardinə təşəkkür edirəm ki, Helsinki Yekun Aktının prinsiplərinin qorunması ilə bağlı mövqeyini bildirib. Qətnamənin tonu sərt, dili ciddidir. Biz 22 ildir ki, ərazisi işğal altında qalan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan və Dağlıq Qarabağ münaqişəsinin məhz Helsinki Yekun Aktının prinsiplərinə uyğun həllini gözləyən ölkə kimi bu cür qətnamənin qəbulunu çoxdan istəyirik. Mən hesab edirəm ki, səyləri birləşdirməklə ATƏT regionundakı mövcud münaqişələri aradan qaldırmaq və yeni yaranacaq münaqişələrin qarşısını almaq üçün çox ciddi addımlar ata bilər.

Bu sözü xüsusi vurğulayıram – bu gün beynəlxalq hüquq prinsipləri tənəzzül dövrünü yaşayır. Dövlətlərin və beynəlxalq ictimaiyyətin, bizim hər birimizin qəbul etdiyimiz bu prinsiplərin demək olar ki, yaşamaq haqqı tanınmır. Belə bir şəraitdə biz qüvvələrimizi birləşdirərək ATƏT regionundakı bütün münaqişələrin həllinə tətbiq edilə, problemlərin aradan qaldırılmasına kömək ola, mövqeyimizi ciddi şəkildə ortaya qoya biləcək bir qətnamə hazırlaya bilərdik.

Əlbəttə ki, cənab Kardin bu sənədi çox yaxşı işləyib. Biz o zaman bunu dəstəkləyərdik ki, sənəd regiondakı bütün münaqişələri əhatə edərdi. Biz bu cür selektiv yanaşmanın tərəfdarı deyilik. Biz illərlə beynəlxalq hüquq prinsiplərinin pozulduğunu ATƏT-in bütün tədbirlərində, bütün beynəlxalq təşkilatlarda diqqətə çatdırmışıq. Qəbul edilən sənədlərdə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsiplərinin bütün müddəaların içərisində önəmli yer tutduğunu, regiondakı vəziyyətlərə məhz bu prinsiplər çərçivəsindən baxılmasını diqqətə çatdırmağa çalışmışıq.

Amma təəssüf ki, bizə çox az dəstək verən olub. Artıq son zamanlar həqiqət anlaşılmağa başlanıb. Bu, məni sevindirir. Hər kəs ərazi bütövlüyü prinsipinin vacibliyini vurğulamaqdadır. Amma hesab edirəm ki, biz ən azı 22 il gecikmişik. Bu illər ərzində biz çox işlər görə bilərdik.

ATƏT münaqişələri, təhlükələri aradan qaldıran təşkilatdan bu gün onları yalnız qeydə alan təşkilata çevrilib. Məncə bu, bizim günahımızdır. Həmkarlarıma müraciət edərək soruşmaq istəyirəm ki, bugünkü məsələyə münasibət bildirdiyiniz kimi, illərlə bizim çağırış etdiyimiz məsələyə də bu şəkildə kəskin münasibət bildirmək istəyirsinizmi? Mən dəfələrlə ABŞ-a çağırışlar etmişəm ki, Birləşmiş Ştatlar öz nüfuzundan, təsir gücündən istifadə edərək Minsk qrupunun üzvü kimi öz borcunu yerinə yetirsin. Amma təəssüflər olsun ki, bu günə qədər biz belə kəskin, sərt bir sənədin şahidi olmamışıq.

Əlbəttə ki, mən Ukraynanın ərazi bütövlüyünün və böhranın sülh yolu ilə həllinin tərəfdarıyam, bu, mənim dövlətimin mövqeyidir. Bu, bizim prinsipial mövqeyimizdir. Təkcə ona görə yox ki, bizim torpaqlarımız işğal altındadır. Həm də ona görə ki, bütün beynəlxalq ictimaiyyət özünün qəbul etdiyi qayda-qanunlara hörmətlə yanaşmalıdır. Bu illər ərzində bu qayda-qanuna hörmət nümayiş etdirilmədiyi, problemlərə ayrı-ayrı ölkələrin maraqları prizmasından yanaşıldığı üçün biz ATƏT olaraq ümumi mövqe ortaya qoya bilməmişik. Bu gün də belə acınacaqlı durumdayıq. Təklif edirəm ki, bu sənəddə Moldovanın, Gürcüstanın, Azərbaycanın, Ukraynanın mövqelərinə dair müddəalar balanslaşdırılmış şəkildə əks etdirilsin. Düşünürəm ki, bizim bunun üçün kifayət qədər vaxtımız var. Bu vaxt ərzində bütün müddəalar burada əks etdirilə bilər. Bu birtərəfli, ATƏT regionundakı bütün münaqişələri əhatə etməyən sənəd geri götürülsün, qətnamədə Azərbaycanın, Gürcüstanın, Rusiyanın, Ukraynanın, Ermənistanın məsələlərlə bağlı mövqeləri ifadə edilsin. Bu sənədi hazırlamaqla biz həm də “Helsinki +40” yubiley tədbirinə töhfəmizi vermiş olacağıq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button