Müsavat Məclisində əsəblər gərildi, tribunadan emosional çıxışlar eşidildi

musavat28.06.2014

Ellada Məmmədli: “Sağlam rəqabətə dözüm yoxdursa, bəs onda iqtidardan nə umuruq?”

Müsavat Məclisində Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləri haqqında məruzə edib.Azərbaycandakı bələdiyyə sisteminin dünyada analoqunun olmadığını bildirən A.Hacılı qeyd etdi ki, buna baxmayaraq seçkilərdə iştirak zəruridir: “Müsavat Partiyası təklif edir ki, şəhər bələdiyyəsinin sədrləri bələdiyyə üzvləri deyil, xalq tərəfindən seçilməlidir”.

A.Hacılı xatırlatdı ki, Türkiyədə yerli özünüidarə sistemi hətta parlament seçkilərindən də önəmli sayılır”.  Aparat rəhbəri digər təşkilatların bələdiyyə seçkiləri ilə bağlı qərarının olmadığını, amma Müsavatın mövqeyinin aydın olduğunu vurğuladı: “Biz bu seçki kampaniyasında iştirak etməyi məqbul sayırıq”. Aparat rəhbəri dedi ki, bələdiyyə seçkilərində cəmi 150 imza tələb olunduğundan imza toplamaq çox asandır.  Ona görə də Müsavat təmsilçilərinin bu prosesdə iştirak etməsini zəruri saydı. Xüsusilə şəhər və rayon bələdiyyələrinə seçkilərdə aktiv iştiraka çağırdı.Məclis üzvü Qubad İbadoğlu Azərbaycanın 96 il əvvəl Avrointeqrasiya yolunu seçdiyi halda bugünkü iqtidarın tərəddüdlü mövqeyini qəbuledilməz saydı. Təklif etdi ki, bununla bağlı bir bəyanat qəbul edilsin. Q.İbadoğlunun təklif etdiyi tezislər əsasında sənədin qəbulu dəstəkləndi. Başqan müavini Gülağa Aslanlı siyasi məhbuslarla bağlı bəyanatı təqdim etdi və sənəd yekdilliklə qəbul edildi. Müsavat Partiyasının Qadınlar Təşkilatının rəhbəri Ellada Məmmədli sədr seçiləndən sonra ona qarşı sosial şəbəkələrdə mübarizə aparan bəzi xanımlara çox sərt mesaj verdi: “Sağlam rəqabətə dözüm yoxdursa, bəs onda iqtidardan nə umuruq?”  Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlu dedi ki, Masallı rayon təşkilatı qurultayın keçirilməsinin tərəfdarıdır. Təşkilat sədri bələdiyyə seçkilərində iştirakın da tərəfdarı olduğunu vurğuladı. Əhəd Məmmədli isə qərargahda da olsa, partiya qurultayının keçirilməsini zəruri saydı.  Müsavat Məclisinin bugünki toplantısında başqan müşaviri Səxavət Əlisoy qurultay tərəfdarı olduğunu bəyan etdi. lakin bəzi partiyadaşlarının sosial şəbəkələrdə ona yönəlik tənqidlərinə qarşı çıxdı: “Partiya daxilində demokratiyanı qəbul etmək lazımdır. İnsanlara hürriyyət vermək lazımdır ki, istiqlal olsun. Mən Müsavat Partiyasını tərk etməyəcəyəm. Sülhəddin Əkbər gedəndə dedilər sən də gedəcəksən, getmədim. Mənim ailəmin 9 üzvü Müsavat Partiyasının üzvüdür. Bizim ailənin 125 səsvermə hüququ olan adamı var. Çamur atmaq prinsipinə girişməyək”.

S. Əlisoy bələdiyyə seçkilərində iştirakı da dəstəklədi: “Biz vaxtilə bələdiyyəyə seçilən üzvlərimizə “get” dedik. Şansı olan bir bələdiyyə üzvünün də iştirakı zəruridir”. Başqanlığa iddia edən S.Əlisoy digər bir təklif verdi: “O namizədlər ki, onların namizədliyi dövründə indiki tutduğu postu onlara avantaj verəcək, həmin namizədlər indiki mərhələdə vəzifələrini dondurmalıdır. Bu ədalətsizliyi aradan qaldırmaq lazımdır”.

QAT Ağsaqqallar Şurasının sədri, Məclis üzvü Asif Məmmədli dedi ki, parlament və prezident seçkiləri ilə bağlı mübarizəyə bələdiyyə seçkiləri ilə girmək lazımdır.   Baxşıxanım Abbaslı partiyadaxili narazılıqlardan bəhs etdi: “Yüksək səslə Şuraya seçilən xanımlar var, Şuraya gəlmirlər, niyə? Nədir bu bölünmələr, ayrılmaların səbəbi? Mən facebookda deyiləm, orda da nələr olduğunu bilmirəm. Biz niyə qurultaya yer verilmədiyi üçün bir aksiya keçirtmirik. Buna görədir ki, bizi Əmircana göndərirlər. Gəlin biz hakimiyyətdəkilərlə mübarizə aparaq, özümüzlə yox, biz əqidə qardaşları, bacılarıyıq. Əqidə qardaşına qarşı da dalda qeybətmi edər, sözmü deyərlər?!” B.Abbaslının çıxışı alqışlarla qarşılandı. “Bizim bir düşmənimiz var, ermənilər, bir planımız, məqsədimiz var – hakimiyyətə gəlmək”, -deyə, Məclis üzvü çıxışını bitirdi.

Sabiq deputat, DİVAN üzvü İkram İsrafil ad çəkməsə də, S.Əlisoyun dediklərinə reaksiya verdi: “Bəzi partiya üzvlərinin qurultayın gecikməsinə reaksiya verməsini sosial şəbəkələrdə cavablandırmışam. Mən “Əgər qurultay keçirilmirsə, gəlin Müsavatda bir sultanlıq yaradaq, bununla məsələ bitsin”, –  deyən şəxsə cavab vermişəm. Bugünkü fikirləri ilə Müsavatda qalacağını bəyan etdi, arzu edirəm ki, Müsavatda qalsınlar. Mən başqanımıza o qədər əminəm ki, hesab edirəm Müsavat Partiyasını necə İsa Qəmbərə əmanət ediblərsə, bundan sonra da dəyərli müsavatçılar bu əxlaqı davam etdirəcəklər”.

http://musavat.com/news/siyasət/Müsavat-Məclisində-əsəblər-gərildi-tribunadan-emosional-çıxışlar-eşidildi_201929.html

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button