Məşhur fotoreportyor və blogger Mehman Hüseynova polisi tənqid etməmək tövsiyə olunub

mehman huseynov07.07.2014 

Mehman Hüseynov iyulun 7-də səhər saat 09.25-də Xaqanı küçəsində (Hesablama Palatasının binası ilə üzbəüz) oğurlanıb.

Oğurlanma anını Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı görüb və Hesablama Palatasının izləmə kameraları çəkib.

M.Hüseynovu oğurlayanlar onu qara rəngli cip Prado avtomobilinə əyləşdirərək başqa ağ rəngli maşının müşayiətilə aparıblar.

Sonradan məlum olub ki, Mehman Hüseynov 22-ci polis bölməsinə aparılıb, dindirildikdən sonra sərbəst buraxılıb.

M.Hüseynov baş verənləri Turan-a şərh edərkən deyib: “6 nəfər mülki geyimli şəxs və bir polis işçisi açıqlama vermədən məni saxladılar. 22-ci polis bölməsində dedilər ki,  “sən yaxşı oğlansan, amma çox tənqid edirsən” və mənim fəaliyyətim izlənilir.

Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Babək Rüstəmov isə bildirib ki, hansısa mağaza  sahibindən M.Hüseynovla bağlı şikayət daxil olub.

Belə ki, guya, aprelin 11-də Mehman həmin mağazanın yaxınlığındakı barlar barədə reportaj hazırlamaq məqsədilə dükanda olub. O tələb edib ki, həmin barlarda əxlaqsızlıq yuvalarının olduğunu və onlara Nəsimi polisinin rəisinin nəzarət etdiyini təsdiqləsinlər.

Jurnalist bunu böhtan adlandırıb. O bildirib ki, o, Səbayel rayonundan kənarda çəkiliş aparmayıb və araşdırmaçı jurnalist deyil. O, göstərlən vaxtda həmin mağazada olmayıb. Bunu RATİ-nin ofisinə gələn və oradan çıxan şəxsləri qeydə alan videokameradakı, həmçinin sözügedən mağazanın kamerasındakı məlumatlar təsdiqləyə bilər.

Sonra jurnalisti Nəsimi polisinin rəis müavini dindirib. “O, mənə təxribat xarakterli suallar verirdi, məsələn, saç düzümüm niyə belədir?”, – M.Hüseynov qeyd edib və baş verənləri özünə təzyiq kimi qiymətləndirib.

Eyni zamanda Nəısimi polisində olduğu müddətdə ona deyiblər ki, çox tənqid edir və buna son qoymalıdır.

RATİ-nin direktoru Emin Hüseynov Turan-a bildirib ki, oğurlanma barədə DİN-in 102 saylı xidmətinə məlumat verilib. Oğurlanma işi ilə Səbayel Rayon Polis İdarəsinin 39-cu bölməsi məşğul olub.

RATİ-nin əməkdaşları iki gün ərzində təşkilatın ofisinin həyətində şübhəli adamların olduğunu görüblər, izləmə kamerası onları çəkib. Şənbə günü onlardan biri RATİ-nin ofisinə gələrək özünü Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edib və Mehman Hüseynovun yerini soruşub. Ondan vəsiqəsini tələb etdikdə naməlum şəxs aradan çıxıb.

“Şənbə günü biz Nəsimi polisinə zəng edərək Mehmanı axtarıb-axtarmadıqlarını soruşduq. Bizə cavab verdilər ki, onu heç kim axtarmır”, – RATİ-nin rəhbəri bildirib.

İyunun 18-də M.Hüseynov Nəsimi Rayon Polis İdarəsinə çağırılıb. Bu barədə bildiriş Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi kapitan Babək Rüstəmovun adından göndərilib. Bildirişin yalnış tərtib edildiyi məlum olanda növbəti gün müstəntiq anlaşılmazlıq olduğunu bildirərək polisə gəlməyi ləğv edib.

2012-ci il iyunun 12-də “Eurovision” mahnı müsabiqəsindən sonra E.Hüseynov polis əməkdaşına qarşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Əslində isə həmin polis əməkdaşı onun etiraz aksiyasını işıqlandırmasına maneçilik törədib.

İki gündən sonra E.Hüseynovu buraxıblar. Lakin iş bağlanmadığından o, xaricə gedə  bilməyib.

2013-cü il oktyabrın 2-də prezident seçkiləri ərəfəsində E.Hüseynovu prokurorluğa çağıraraq prezidentliyə namizədlərlə bağlı satirik videoçarx yayımına görə xəbərdarlıq ediblər.

Qeyd edək ki M.Hüseynov Facebook sosial-şəbəkəsində admini olduğu “Sancaq” səhifəsində polisin qanunsuz hərəkətlərini ifşa edən foto və videomateriallar dərc edir. Hakimiyyət nümayəndələri dəfələrlə ona xeyli məbləğin müqabilində öz saytını satmağı, ya da bağlamağı təklif ediblər. Odur ki, bugünkü saxlanmanı özünə təzyiq  kimi qiymətləndirir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button