Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasına köçürüldü

1151035_635016949851479_2097245081_n14.07.2014

Hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı iyulun 12-də Bakı İstintaq Təcridxanasına köçürülüb.

Buna səbəb Ə.Zeynallının Mətbuat Şurası qarşısında qaldırdığı iddiaya Bakı Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsindən Ali Məhkəmənin MK-na etdiyi kassasiya şikayətinə 21 iyul 2014-cü il tarixində baxılması olub.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2014-cü il tarixli qətnaməsindən iddiaçı Zeynallı Əvəz Tapdıq oğlunun AR Ali Məhkəməsinin Mülki Kollegiyasının kassasiya şikayəti üzrə məhkəmə işinə ARMPM-nin 67.1-ci maddəsinin tələbinə görə vəkil E.Sadıqovun iştirakı ilə baxılacaq. Hakim İslam Əliyevin sədrliyilə keçiriləcək məhkəmə prosesində Mətbuat Şurasına qarşı qaldırılan “xəbərdarlığın ləğv edilməsi, xüsusi rəyin etibarsız hesab edilməsi, iclas protokolunun hissəvi etibarsız hesab olunması, işgüzar nüfuza vurulmuş zərərin tutularaq ödənilməsi, cavabdeh qurumun vəzifəli şəxsləri barədə xüsusi qərardad qəbul edilməsi, təkzib verməklə üzr istənilməsi tələbi” iddiaları yenidən nəzərdən keçiriləcək.

İşə Ali Məhkəmənin Məhkəmə Kollegiyasında 21 iyul 2014-cü il tarixində saat 11:00-da baxılacaq.

Xatırladaq ki, 2014-cü il fevralın 28-də Bakı Apellyasiya Məhkəməsi “Xural” qəzetinin həbsdə olan redatoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı mülki iddiasını təmin etməyən Nərimanov rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Məlumat üçün bildirək ki, Ə.Zeynallı Mətbuat Şurasının 2011-ci ilin sentyabrında qəbul etdiyi “Xural”ın “qara siyahıya” daxil edilməsi haqqında qərarının qanunsuz hesab edilməsini istəyib. İddiaçı bunun qəzetin işgüzar nüfuzuna ziyan vurduğunu hesab edib və məhkəmədən Mətbuat Şurası barəsində səlahiyyətlərin aşılması haqqında xüsusi qərar çıxarmağı xahiş edib.

Baş redaktor həbsindən 1 ay əvvəl baş verən bu hadisəni “siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurası haqqında məhkəmə qarşısında iddia qaldırıb. Ə.Zeynallı onu da bildirib ki, Azərbaycan məhkəmələri işə ədalətli baxmadığı təqdirdə, onu Avropa Məhkəməsinə qədər aparmaq niyyətindədir.

QEYD: Əvəz Zeynallı 1969-cu ildə anadan olub. Ankara Dövlət Universitetini bitirib. “Günaydın”, “P.S.”, “Millətin səsi” qəzetlərinin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb. 2011-ci il sentyabrın 20-dək həftədə bir dəfə çıxan “Xural” qəzeti həmin gündən həftədə yeddi dəfəyə keçib. 2011-ci il oktyabrın 19-da “Xural”ın əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayanıb. Oktyabrın 28-də isə Əvəz Zeynallı həbs edilib. O, külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə peşə fəaliyyətilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib. Ali instansiya məhkəməsi baş redaktorun aşağı instansiya məhkəmələrindən olan şikayətini təmin etməyib. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən Amnesty International, Human Rights Watch, Freedom House, Human Rights House Foundation, Senzura İndeksi təşkilatları “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını “vicdan məhbusu” olaraq tanıyır və onun həbsinin peşə fəaliyyətilə əlaqədar siyasi motivlər əsasında həyata keçirildiyini bəyan edərək, hakimiyyətə onun tezliklə azadlığa buraxılmasını tövsiv edir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button