Azərbaycanın aparıcı araşdırmaçı jurnalistinə qarşı repressiyaya son qoyun

rati14.10.2014

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanlı araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı başladılan təzyiq kampaniyası ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, RATİ jurnalistə qarşı təzyiqləri qətiyyətlə pisləyir, hökuməti jurnalistə qarşı başladılan kampaniyanı dərhal dayandırmağa çağırır:

Belə ki, Xədicə İsmayılın  diffamasiya maddələri üzrə xüsusi ittiham qaydasında məhkəməyə verilməsi, hökumətyönlü mediada jurnalistin ermənilərə əməkdaşlıq edilməkdə günahlandırılması, hava limanında saxlanılması onun üçün həbs təhlükəsi olduğunu göstərir.

Son olaraq, Xədicə İsmayılın ölkəni tərk etməsinə qadağa qoyulub. Bunun nəticəsində jurnalist oktyabrın 12-də “Forum2000” konfransında iştirak üçün Praqaya yola düşə bilməyib. Bakının Heydər Əliyev adına hava limanının sərhəd məntəqəsinin rəsmiləri ona bildiriblər ki, Baş Prokurorluq onun ölkədən çıxışına qadağa qoyub. Lakin qadağanın səbəbləri Xədicə İsmayıla bildirilməyib.

Xədicə İsmayılın ölkədən çıxışına qanunsuz əsaslarla qadağa qoyulması jurnalistin peşə fəaliyyətinə maneə və Azərbaycanın 2002-ci ildə ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş hərəkət azadlığı hüququnun kobud pozuntusudur.

Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi bir dövrdə  jurnalistə qarşı diffamasiya maddələri üzrə məhkəmə işinin açılması hökumətin Avropa Şurasına daxil olarkən  diffamasiya maddələrini Cinayət Məcəlləsindən çıxarmaqla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmədiyini bir daha göstərir.

RATİ bəyan edir ki, Xədicə İsmayılın hədəfdə olmasına səbəb  Prezident İlham Əliyevin ailəsinin korrupsiya əməlləri barədə araşdırmalar aparması, rəsmi səviyyədə şəffaflığın təmin olunması üçün göstərdiyi qətiyyətli fəaliyyəti,  beynəlxalq aləmdə Azərbaycanda olan insan hüquqlarının, xüsusilə ifadə azadlığının durumu barədə informasiya bölüşməsidir.

RATİ xatırladır ki, Azərbaycan hakimiyyəti son iki ayda insan hüquqları sahəsində misli görünməmiş qanunsuzluqlara yol verib. Hazırda 10-dan çox  blogger və jurnalistin həbsdə olması, hüquq müdafiəçilərinin həbsi, media azadlığını müdafiə təşkilatların bağlanması hökumətin insan hüquqları sahəsində həyata keçirdiyi repressiv siyasətinin bariz göstəriciləridir.

RATİ onu da qeyd edir ki, ifadə və informasiya azadlıqları Azərbaycanın imzaladığı və qoşulduğu bir çox beynəlxalq müqavilələr və hüquqi sənədlərlə təmin olunur – İnsan Hüquqları haqqında Ümumi Bəyannamə (maddə 19), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (maddə 19) və İnsan Hüquqları haqqında Avropa Konvensiyası (maddə 10).

Jurnalist təhlükəsizliyi haqqında öz son qətnaməsində BMT İnsan Haqları Şurası jurnalistlərə qarşı təqib və hədə-qorxu daxil olmaqla bütün hücum və zorakılıq hallarını çox kəskin şəkildə pisləyib.

RATİ  Konstitusiya ilə vətəndaşların hüquqlarının  təminatçısı olan ölkə prezidentini ifadə azadlığına edilən basqıları aradan qaldırmaq və diffamasiya haqqında qanunun qəbul edilməsi üçün konkret addımlar atmağa çağırır.

RATİ beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası və ATƏT-i Azərbaycana qarşı daha sərt mövqe ortaya qoymağa və Azərbaycan hökumətinə ifadə azadlığı bağlı öhdəliklərini yerinə yetirməsi üçün daha çox təzyiq göstərməyə, diffamasiya haqqında qanunun qəbulunun tələb edilməsinə  çağırır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button