Siyasi məhbusların müalicə problemi…(VİDEO)

meydan tv09.12.2014

Azərbaycanda 98 nəfər siyasi məhbus var. Son zamanlar onlardan bir neçə nəfərin səhhəti pisləşib. Hüquqşünas İntiqam Əliyev, hüquq müdafiəçiləri- Arif Yunus, Leyla Yunus, jurnalist Əvəz Zeynallı, Müsavat başqanının müşaviri Tofiq Yaqublunun səhhətində problemlər yaranıb.

Leyla Yunus müraciətlərinin birində vəsiyyət edib. O, sağlamlığının gündən-günə pisləşdiyini, yeriməyə taqətinin olmadığını bildirib. Xanım Yunusun vəkili Ramiz Məmmədov deyir ki, onu hüquq müdafiəçisinə  verilən ittihamlardan çox, onun səhhəti maraqlandırır. Vəkil təcridxananın rəhbərinə müraciət etsə də Leyla Yunusun səhhəti ilə bağlı ona heç bir sənəd təqdim edilməyib.

Jurnalist Əvəz Zeynallı 10 saylı cəzaçəkmə müəssisəsində həbsdədir. Onun xanımı Məlahət Zeynallı deyir ki, yoldaşının hələ azadlıqda olarkən nəfəs alması ilə bağlı problemi olub. İki dəfə əməliyyat keçirəndən sonra vəziyyəti yaxşılaşsa da həbsdə olduğu 4 il müddətində  durumu pisləşib.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi məlumat yayıb ki, Əvəz Zeynallını müayinə ediblər və onun burun çəpərində üçüncü dəfə əməliyyata ehtiyac var. Məlahət xanım deyir ki, bu əməliyyat ölkədə yox, yalnız xaricdə mümkündür. Bunun üçün Əvəz Zeynallı azadlıqda olmalıdır.

Siyasi məhbus Tofiq Yaqublu asma xəstəsidir. O,  13 saylı cəzaçəkmə müəssisəsində həbsdədir. Jurnalistin qızı Nigar Yaqublu deyir ki, həbsxanada istilik sistemi qoşulmadığına görə atası soyuqlayıb və xəstəliyi aktivləşib.

Nigar Yaqublu deyir ki, atası həbsxanada müalicəsiz qalıb. Dərmanları özü alıb aparsa da, cəzaçəkmə müəssisəsinin həkimləri onunla maraqlanmayıblar.

Oktyabrın sonlarında həbsdə olan hüquqşünas İntiqam Əliyev tibbi müayinədən keçib. Onun boynunda osteoxondroz, belində isə pratuziya (yırtıq) aşkar edilib. Amma ona  təcridxana  şəraitində ambulator müalicə yazılıb.

Arif Yunus həbsindən öncə 2 dəfə insult keçirib. Hazırda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır. Yaxınlarının onun səhhəti haqqında məlumatı yoxdur.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov Leyla Yunusun həkim müayinəsindən imtina etdiyini deyir. O, hüquq müdafiəçisinin səhhətinin həyati təhlükəli olmadığını deyir.

Rəsi müavini İntiqam Əliyevin ambulator şəraitdə müalicə olunduğunu deyir.

İftixar Qurbanov bildirir ki, jurnalist Əvəz Zeynallının səhhəti gündəlik həyatına mane olmur. O, siyasi məhbus Tofiq Yaqublunun sağlamlıq durumu ilə bağlı məlumatsız olduğunu deyir.

Arif Yunusun səhhəti ilə bağlı məlumat almaq istədik, amma MTN-nin mətbuat xidmətindən zənglərimizə cavab verilmədi.

Hər şeyin yaxşı olduğu deyilsə də, siyasi məhbus ailələri  hər görüş günündə təcridxanaya dərman daşıyırlar.

Meydan TV

http://www.meydan.tv/az/site/politics/3972/Siyasi-m%C9%99hbuslar%C4%B1n-m%C3%BCalic%C9%99-problemi%28V%C4%B0DEO%29.htm

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button