“DİA Holdinq” türk iş adamının pulunu vermir

30329Məhkəmə şirkətin 700 min manat ödəməsi barədə qətnamə çıxarıb, amma icra olunmayıb
Holdinqdən isə Ali Koşara o qədər məbləğdə pul borclu olmadıqlarını bildirdilər

Azərbaycanda fəaliyyət göstərən türk iş adamı Ali Koşar “Bizim Yol” qəzetinə və bizimyol.info saytına müraciət edərək, “DİA Holdinq Fzko” şirkətindən pulunu ala bilmədiyini bildirib.

Onun sözlərinə görə, rəhbəri olduğu “Ezgim İnşaat”  MMC səkkiz ildir Azərbaycanda təmir-tikinti fəaliyyəti ilə məşğuldur. Bir çox böyük layihələrdə podratçı şirkət kimi iştirak edib. Son iki ildə “DİA Holdinq”in sifarişi ilə müqavilə əsasında Prezident Administrasiyasının qonaq evində, “Şahdağ” qış turizm kompleksində suvaq-oboy işlərinin vurulması işlərini həyata keçirib. “Bu işlərin görülməsi ilə əlaqədar 2013-cü ilin sonunda mənə holdinqin 720 min manat borcu yarandı. Sifarişlərə əsasən bağlanmış müqavilələrdə görülən işlər təhvil verilsə də, ödənişlər tam verilmədi. İlin sonunda bildirdilər ki, iş üçün ayrılmış vəsait qurtarıb və növbəti – 2014-cü ildə maliyyə ayrılan zaman pulu ödəyəcəklər. 2014-cü ilin mart ayında şirkətə gedərək, mənə olan borclarını istəyəndə dedilər ki, bizim sənə cəmi 200 min manat borcumuz var, yerdə qalan hissəsini ödəmişik. Halbuki ödəmələr hər zaman bank hesabına köçürmə yolu ilə olub və maliyyə sənədlərində bu məbləğdə köçürmənin olmadığı aydın olur. Onlar isə bildirirlər ki, guya mənə pulu nağd şəkildə ödəyiblər. Lakin mənə pul ödədikləri ilə bağlı sübut  qismində heç bir sənəd təqdim edilmədi. Məsələ ilə bağlı şirkətin vitse-prezidenti Hüseyn Gözəllə görüşdüm. Lakin o da bildirdi ki, bizim sənə o qədər borcumuz yoxdur”. A.Koşar bildirdi ki, dəfələrlə müraciət etməsinə baxmayaraq, pulunu ala bilmədiyinə görə, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsində iddia qaldırıb.
“8 məhkəmə prosesi oldu, hamısında da bildiriş göndərilməsinə baxmayaraq, iştirak etmədilər. 13 oktyabr 2014-cü il tarixdə məhkəmə iddiada göstərdiyim məbləğdə pulun mənə ödənməsi ilə bağlı qətnamə çıxardı. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində apellyasiya şikayəti vermədikləri üçün 40 gündən sonra iş icraya yönəldi. Məhkəmə icraçıları məhkəmənin çıxardığı qətnaməyə əsasən, pulun ödənilməsi ilə bağlı 3 dəfə bildiriş göndərsələr də, “DİA Holdinq” icra etmədi. Məhkəmə icraçıları tərəfindən onların bank hesabına həbs qoyuldu. Lakin qanunsuz yollarla hesabda olan pulu çıxarmağa nail oldular”.
A.Koşar əlavə etdi ki, “DİA Holdinq” apellyasiya şikayətinin verilməsi müddətini ötürsə də, müddəti bərpa etdirərək, yenidən apellyasiya şikayəti verib. “Məhkəmədə bildiriblər ki, şikayət vermək yaddan çıxdığı üçün müddəti ötürüblər. Halbuki, bu, müddətin bərpası üçün əsas sayıla bilməz. Buna baxmayaraq, iş icraata qəbul olunub və 22 yanvarda işə baxılacaq” – deyə şikayətçi bildirir.
Şikayətçinin dedikləri ilə bağlı “DİA Holdinq”in Azərbaycan təmsilçiliyi ilə əlaqə saxladıq. Mətbuatdan olduğumuzu bildirib əlaqədar şəxslə calaşdırmalarını xahiş etdik. Telefona qoşulan şəxs isə mətbuat işini yaxşı bildiyini deyərək, əsəbi şəkildə Ali Koşarın nə səbəbə bizə müraciət etdiyini, bizim bu işlə niyə məşğul olduğumuzu soruşdu. Eyni zamanda bu məsələdən çəkilməyimizi də tövsiyə etdi. “Mən başa düşmürəm ki, “Bizim Yol” cinayət axtarış idarəsidir ki, o gəlib sizə müraciət edir?”
Ona şikayətçinin iddialarına münasibət öyrənmək üçün zəng etdiyimizi desək də, bildirdi ki, başqa söz demək səlahiyyəti yoxdur. “Bizim Ali Koşara o qədər borcumuz  yoxdur və hazırda iş məhkəmə çəkişməsində davam edir” – deyə özünü təqdim etməyən şəxs əsəbi fikirlərini tamamladı.
Rəşad VAQİFOĞLU

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button