Bunu sən istəməzdin…

Əvəz Zeynallı

Ağbulaqdan 2 yazar çıxdı…

İllər öncə idi. “Vətəndaş Həmrəyliyi” qəzetini çıxarırdım. Yeni başlamışdım və işə başlar-başlamaz, xahiş xahiş dalınca gəldi. Sərdarın xahişini edirdilər. Onu işə götürməyimi, yazılarına baxmağımı israr edirdilər. Heç vəchlə bu cür xahişlərə diqqət ayırmırdım və açığı, heç maraqlanmırdım da. İsrar edənlərə isə laqeydcəsinə “Ağbulaqdan bir yazar çıxdı, bəsdir, ikincisi zatən olmaz. Bir kənddən bir yazar yetər” deyirdim. Təbii ki, yarızarafat, yarıciddi.

Beləcə də sürüb getdi. Heç israrlı xahişlərə baxmayaraq, Sərdarı qəbul da etmədim.

Günlərin bir günündə qəzetin təsisçisi mənə zəng etdi. Yanıma bir adam göndərdiyini, mümkündürsə onu işlə təmin etməyimi xahiş etdi. Adam gəldi – Sərdar Əlibəyli idi. Görüşdük, söhbətləşdik. Çox qısa çəkdi zatən bu görüş. Bir az da belə “bacadan düşmə” xoşuma gəlmədi və yazısını operatora verməsini xahiş etdim. Sərdar yazısını verib getdi. Mən onu kəndin xeyir-şəri istisna olmaqla, bir daha görməyəcəyimə əmin idim.

Qəzetin yazıları hazır olduqca oxuyur və səhifələrə planlaşdırırdım. Sərdarın yazısını istədim. Gətirdilər. Oxudum və… yazı məni tutdu. Ancaq yenə də yazılardan sorumlu redaktoru çağırdım. “İndi sən Sərdarın mənim kəndlim olduğunu və onu təsisçinin göndərdiyini bildin deyə, onun yazısını düzəltdin, eləmi” deyə soruşdum. Redaktor tam əksini söylədi. Yazının əlyazmasını istədim. Gətirdilər və sətir-sətir yoxladım. Aman Tanrım, birinci yazıdan bu qədər mükəmməl bir yazıya ilk dəfə idi rast gəlirdim. Redaksiyanı ayağa qaldırdım: “Azərbaycan mətbuatına nəhəng bir yazar gəlir. Sərdarı ilk görən mənə xəbər eləsin!”

Sərdar bu yazısı ilə Ağbulağın ikinci yazarı oldu…

“Xural”ın “Qızıl Ağsaqqal”ı…

Beləcə, Sərdar Əlibəyli dərhal işə götürüldü. Sonra redaktor oldu. Bir az da keçdi, qəzetin əsas fiqurlarından biri oldu. Onunla qəzetdaxili “çevriliş”lərin qarşısını aldıq, layihələr həyata keçirdik, siyasət-mətbuat burulğanında istefa verərək, yeni bir “Xural” əfsanəsi yaratdıq və o yolda yürüdük.

Hər zaman olduğu kimi, ağır günlərimizdən birini daha yaşayırdıq. “Xuralın Dostları” klubunu təsis etdik və Oxucuları qəzetimizə ayda 50.000 manat (10 AZN) yardım etməyə səslədik. Çığ kimi böyüdü, yayıldı çağırışımız – 6 ay o minvalla yaşadıq. Bizi Oxucularımız yaşatdılar. Mirzə Cəlildən bu tərəfə ilk dəfə idi ki, mətbuat millətə sığınırdı – sözün bütün mənalarında.

Bəzi siyasət və mətbuat adamlarından “10 manat”ları Sərdar götürürdü. Bir dəfə ibrətamiz bir hadisə yaşandı. Bir qəzet redaktorundan pulu götürən Sərdar “Elmlər Akademiyası” metrosuna çatanda cibində pul olmadığını fərq edir. Oradaca tanış bir adamın gəlməsini gözləyir ki, redaksiyaya gəlmək üçün ondan pul alsın. Heç kim gəlmir. Bir neçə saatdan sonra həmin redaktor oradan keçəndə Sərdarı görür və ona yolpulu verir.

Bu olaydan sonra Sərdara “Qızıl Ağsaqqal” dedik və onu “Xural”ın “Qızıl Kollektivi”nin babası bildik. Növrağımızı zaman pozana qədər elə də davam etdik…

(Adam yazdıqca duyğulanır… Zaman bizi haradan haraya gətirdi…)

Asi Sərdar Əlibəyli…

Sərdar Əlibəyli maraqlı adamdır. Qəmli taleyi var. Evində özü boyda balası var ki, əlildir. Dünyanın o başında da onu gözləyən balaları ayrı mövzunun söhbəti. Mən onun haqqında zaman-zaman “Sərdar Əlibəyli dərdi” yazmışam. Onun Daxili Qoşunlarla amansız döyüşündə onun yanında olmuşam, onunla birgə savaşmışıq və Azərbaycan mətbuatında yazarının və mövzunun ayağına general gətirən baş redaktor kimi onun generallarla “razborkasının” da şahidi olmuşam. İndi o generallardan ikisi ən azı nazirdir…

Hə, generalları ayağımıza gətirirdik, 30 İyun – Sevgililər Günü ilə tarix yazır və yaradırdıq, ancaq imkanlarımız iddialarımızla üst-üstə düşmürdü və bu, Sərdar Əlibəylini də Asi etdi. Günlərin bir günündə o da üsyan bayrağını qaldırdı və bizi tərk etdi. Bununla da yetinmədi. Haqqımda, haqqımızda nələr-nələr yazmadı. “Qızıl Kollektiv”ə ironiya ilə “Gümüş Kollektiv” dedi, rəngli çıxardığımız “Xural”a “alabəzək qəzet” yazdı, biz Ramil Səfərova general rütbəsi verilməsini və onun Milli Qəhrəman adı ilə təltif olunmasını yazarkən, tələb edərkən, o, bizi “emosional” deyə lağa qoydu. Daha nələr, nələr yazmadı ki…

Bütün bunlar içimdəki Sərdar Əlibəylini öldürmədi. Bilirdim ki, səbəb nə olursa olsun, mahiyyətdə bir şey yoxdur və bilirdim ki, Sərdar Əlibəylinin ürəyi bu ölkəyə lazımdır.

Yox, biz yanımızdan gedənin əleyhinə yazı yazmaq ənənəsinə qarşı çıxdıq və ilk dəfə olaraq yanımızdan gedib bizi qamçılayanlara cavab vermədik. “Xural” Azərbaycan mətbuatında bu ənənəni başlatdı və ona sadiq qaldı…

Ağır Cinayətlər Məhkəməsinin ağır zalları, türmələr, “zon”lar…

Ardınca həbslər, şərləmələr sırası bizlərə də gəlib çatdı. Dövlətin ən üst səviyyəli məmurlarının şərləmələrinə məruz qaldıq. “Dost” dediklərimizin kürəklərimizə sapladıqları xəncərlərin ağır yaraları bizi Ağır Cinayətlər Məhkəməsinin “at tövləsi”nə qədər apardı. Bir çoxlarının üzü döndü, həmKARlarımız bizi satmaqda yarışa girdilər, müstəqil bilib bel bağladığımız qəzetlər bizim məsələmizi planlaşdırmalarına belə salmadılar, yanımızda çalışanlar özlərini bizə düşmən bəlləyənlərin ağuşuna tələsdilər… Nələr oldu, nələr…

Bax, o ağır zamanlarda Sərdar Əlibəyli o ağır zallarda məni tənha qoymadı. Bütün məhkəmələrə gəldi, hakimlərlə dalaşdı, onlara “sizi ayaqlarınızdan asacağam Əvəz Zeynallıya iş versəniz” dedi, yazılar yazdı, şərhlər verdi. Başqa nə edə bilərdi ki… Əlindən nə gəlirsə etdi və… sonra da onu şərləyib tutdular. Bəlkə də bizi həbs etdirənlər “Ağbulaqdan iki yazar çıxmamalıdır” deyə düşündülər, ya da “niyə bunların hamısı üzəduran deyil” deyə narahat oldular?

Hə, Sərdar Əlibəyli “Xural”ın köhnə kollektivindən, Rövşən Danyeri isə təzə kollektivindən məni heç yalnız buraxmadılar. Sərdar fərqi özünü göstərdi…

Aydın Canıyevin kəhanətləri…

Yazıya zəruri qeyd:

Aydın Canıyev bir zamanlar “Mətbuatın 10-cu problemi – Əvəz Zeynallı” başlıqlı bir portret yazısı yazmışdı. Orada məni o zaman gündəmin əsas qəzetlərindən birinin redaktoru ilə müqayisə etmişdi. Onun yanından gedənlərin əksəriyyətinin hakimiyyətə doğru getdiyini, mənim yanımdan gedənlərin isə özlərinə bir səngər qazıb hakimiyyətlə vuruşduqlarını yazmışdı Aydın. Mən bu yazını illər sonra – Bayburt qalasında (Bakı İstintaq Təcridxanası) xatırladım və məni qəribə hisslər bürüdü. İndi artıq təkcə həmin qəzet yox, küllən hakimiyyətə doğru qaçış vardı, ancaq “Xural”ın ağır artilleriyalarından olan Aydın Canıyevin özü, Azərbaycanın ən güclü araşdırmaçı jurnalistlərindən, sabiq “Xural”çı Fərəməz Novruzoğlu Allahverdiyev orada – Kürdəxanıda idilər. Baş redaktor – mən Əvəz Zeynallı da orada idim. Bir zamanlar bizimlə əməkdaşlıq edən Şəmsiyyə Bəylərqızı da orada idi. Az qala “Xural”ın əməkdaşı olmaq dərəcəsində ona yaxın olan Ramiz Tağıyev də şərlənənlər sırasında həbs olunmuşdu. “Xural” gündəlik çıxanda bizimlə ciddi əməkdaşlıq edən gənc blogger Rəşad Ramazanlı da şərlənib içəri salınmışdı. Daha nə olmalı idi? Və ya belə təsadüfə nə deyəsən?

Sərdar Əlibəyli-50!

Yazışmalarımız, xəbərləşmələrimiz həbsdə də davam etdi. Mümkün olan bütün vasitələrdən istifadə etdik ki, əlaqə yarada bilək. Oldu da, olmadı da. Müstəqil hesab etdiyimiz mətbuat onu tamam unutmuş, üzərindən xətt çəkmişdi. Bununla belə, sətirlərin arasından eşidir, oxuyurduq haqqımızda.

Ona qızğınlığım və əsəbim bir də rəisin məni yanına çağırıb yazdığı ərizələr haqqında pafosla xəbər verməsindən sonra oldu. Çox əsəbiləşdim ona. Gündəliklərimdə coşdum, hikkələndim, hirsimi tökdüm üstünə. Təbii ki, xeyli sonralar, prezidentin əfv sərəncamından sonra özü bu məsələlərə aydınlıq gətirib izahat verəcək, arqumentlərini sadalayacaqdı, ancaq mən bunu “4 divar arasında” bilə bilməzdim ki…

Budur, bütün qabarma-çəkilmələrlə illər illəri qovdu və bir neçə gün əvvəl Sərdar telefonda “Bunu mən istəmədim, 50 yaşım tamam olur” deyəndə, hiss etdim ki, qəribə bir qəhər məni bürüdü. Tutuldum… Yaş və həbsxana illəri özünü göstərir – tez-tez kövrəlirəm artıq…

Hə, bunu sən istəməzdin, Sərdar Əlibəyli!

50 yaşın mübarək, qardaş!

Sənin ürəyin bu ölkəyə lazımdır!

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button