Yaxşı Adam, Təmənnasız Dost, Bütöv Kişi

Əvəz Zeynallı

Ənvər kimi milyarderlərin, oliqarxların olmasını istərdim

enver dayi

Ona hamımız Natiqin şeiri ilə xitab edirik son zamanlar. Özü kasıb, ürəyi böyük olub Ənvərin. Amma zaman-zaman əli qalın da olub. Gətirib əli yəni… Əli gətirəndə onu Babama – Nadir kişiyə bənzədiblər. Bir tərəfdən hamıya kömək edib. Hamı onun dolu-dolu zənbillərini unutmayıb hələ də. Zamanında Həzrəti Əli kimi bir əlinin verdiyini o biri əli bilməyib. Onu sübut etmək çətin də deyil…

Bu gün onun ad günüdür. Əslində, biz onun ad gününü bir neçə dəfə qeyd etmişik. Dərd kasıbı axtarıb tapar həmişə. Neçə-neçə xəstəliklər də onu axtarıb tapıb. Bir əməliyyatdan çıxıb, o birinə girib. Ondan çıxıb o birisinə girib… O qədər təhlükəliləri olub ki o əməliyyatlardan, hətta birini də Anamız Şamama ikinci ad günü edib. Hə, Ənvərin iki ad günü var – əsli bu gündür, 57 yaşı tamam olur. İkinci ad günü isə hər fevralın 22-də keçirilir… Bizim Doktor Aybolit – Rəşid həkim bəzən zarafatla deyir ki, Ənvər 1-2 dəfə də əməliyyat keçirsə, məşhur professor Qulu Xəlilova çatacaq.

…Orada qalmışdım axı, Natiq o zaman – Ənvərin əli qalın olanda hamının ümumi arzusunu dilə gətirən bir şeir yazmışdı. 5-6 yaşlı Natiqi nə vadar etməli idi ki, desin:

– Əlində pul topası,

Yeyib-içmək ustası,

Dayıların dayısı,

Fəridənin atası

Ənvər dayıdır, dayı…

Pul topasımı, yeyib-içmək ustasımı, dayıların dayısı olmasımı, yoxsa Fəridənin atası kimimi bu şeir ərsəyə gəlib, bilmirəm, ancaq dəqiq bilirəm ki, indi hamımızın dilinin əzbəri olub bu şeir…

Mənim də yaddaşımda uşaqlıq illərindən üç unudulmaz hadisə qalıb. Ənvər o hadisələri elə yazıb ki, illər keçsə də unudulmayıb…

1-ci hadisə…

Ağbulaqdan Gəncəyə gəlmişdim. Gəncədən də məni Bakıya göndərirdilər. O zaman Gəncəyə gəlmək də, oradan Bakıya getmək də bizim yaşda uşaqlar üçün xoşbəxtlik, səadət idi. Məni Ənvər yola salırdı. Hər zaman olduğu kimi, bizə daha yaxını o idi. Sanki yaşdaş kimi aparırdı özünü. Gəldik avtovağzala, məni avtobusa oturtdu, sürücüyə bərk-bərk tapşırdı və ayrılanda mənə bir qırmızı sovet 10 manatlığı verdi. 10 manatlıq sovet pulu Bakıda az qala bir ay dondurma yeməyə yetərdi də, artardı. Hələ Bakıda məni Hüseyn Babamız – o zamanın daha bir əzizi, bir dostumuz gözləyirdi. Yəni mən bu 10 manatlıqla Bakıda qaldığım müddətcə kral kimi olacaqdım və… elə də oldum. O 10 manat heç yadımdan çıxmadı. O zaman uşaqlara 10 manat pul verməzdilər…

2-ci hadisə…

Hərbi xidmətdən qayıdanda ciddi sıxıntıya girmişdim. Həm uzanan xəstəliyim, həm işlərimin düz gətirməməsi vəziyyətimi ağırlaşdırmışdı. Etibarlı Vidadinin alıb göndərdiyi kostyum dəsti, iki “Zenit” fotoaparatı, bütün digət əşyalarım və pullarım – hamısı oğurlanmışdı. Evə gedən bir xaxol – həm də mənim dostum idi, nəyin harada olduğunu yaxşı bilirdi (o haqda “Əsgərlik gündəlikləri”mdə var) – bütün əşyalarımı götürüb getmişdi. Əli-Bayramlıdan olan bir “xleborez” oğlandan 80 rubl borc pul aldım. Birtəhər gəlib Azərbaycana, Bakıya çatdım. Sentyabrın 20-də, 1990-cı ildə mənə böyük məclis quruldu və məclis bitən kimi, hiss etdim ki, 80 rubl çox böyük puldur və mən onu Atamdan istəyə bilməyəcəyəm. Başqa kimdən istəyə bilərdim? Yox, Vəzirlə aramda hələ ciddi pərdə vardı. Kəlləmi dağıdardı Vəzir, “niyə o qədər borca giribsən?” deyə… Kimə üz tutmalı – təbii ki, Ənvərə. Utana-utana dedim. Ağzımdan söz qurtarmamışdı ki, məni də götürdü, getdik poçta və 80 manatı Vladivostoka – borclu olduğum adama göndərdik. Bu haqda ötən 25 ildə əlavə bir adamdan eşitmədim. Bir dəfə xatırlatmadı da. Bəlkə unudub da…

3-cü hadisə…

Çox naqolay bir şəkildə bir maşını vurmuşdum. Raufla nə qədər etdiksə, adam “Nuh” dedi, “Peyğəmbər” demədi – 160 manata danışdıq. Elə o illər idi. 160 manat böyük pul idi. Üstəlik, adam bir gün keçmədi ki, düz gəlib qapıya dirəndi. Atan bilsəydi, danlaq yeyəcəkdim. Kimə deməli? Ənvərin yanına qaçdım. Bir kəlmə söz demədən çıxarıb pulun hamısını verdi və yuxarıda dediyim, burada da keçərlidir. Hələ bir adam bir kəlmə bilmir. Bəlkə özünün də yadından çıxıb.

Bax, Natiq bəlkə də bu hisslərin təsiri ilə yazırmış o şeirləri)))

Mən sonralar çox təəssüf edirdim ki, niyə Ənvər zəngin, çox zəngin olmadı. O zəngin olsaydı, nə mən, nə mənim yolum, nə “Xural” əziyyət çəkməzdi. Ənvər kimi milyarderlərin, oliqarxların olmasını istərdim. Verdiyinə minnət qoymayan, verdiyini adamın başına qaxmayan, verdiyini unudan və çətin gündə adama kömək etmək üçün bəhanə axtaran adamdır Ənvər. Vidadi Etibarlı da elədir, Vəzir Qardaş da elədir…

Ənvər təkcə o 3 hadisə ilə bu ömürdə qalmadı. Hər Gəncədən gələndən kitablar gözləyirdim. Maraqlıdır, mənim ali təhsilli dayılarım yox, fəhlə dayım Ənvər hər gələndə mənə yeni-yeni kitablar alıb gətirirdi. Məni oxumağa həvəsləndirən baş adamlardan idi Ənvər.

Bu, mənim uşaqlıqdan yadımda qalan Ənvərin qısa bir portretidir. Bəhanə axtarırdım, onun haqqında yaddaşımda ilişib qalan bu olayları özünə deməyə. Yenə özünə deyə bilmədim. Yazmağa bəhanə axtarırdım. Şükür qovuşdurana, yazdım…

Mən həbsxanada bu haqda çox düşünmüşəm. İnsanların yaddaşımda qalan müsbət çalarlarını onların özlərinə söyləmək… Ənvər həbsxana sınağından da mərdanə keçdi. Ağır Cinayətlərin zallarına, Bakı İstintaq Təcridxanasına, 10 saylı CÇM-ə gəldi. Oğlu, qızı, yoldaşı, nəvələri ilə…

Yəni anlaşılan, Ənvər tam, bütöv adamdır. Mən onu bioloji qohumdan daha çox, yaxşı adam, təmənnasız dost kimi tanıyıram. Ənvər bütöv adamdır.

Bilirsinizmi, Azərbaycan nə zaman düzələcək? Ənvər kimi adamların sayı +50 olanda…

Ad günün mübarək, Yaxşı Adam, Təmənnasız Dost, Bütöv Kişi!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button