«Səni çoxlu məhdudiyyətlər gözləyir, qızım!»

intiqam aliyev 131.03.2015
İntiqam Əliyevin məhkəmədə qızına müraciəti hamını kövrəltdi
Hakim: «Narahat olmayın, qızınıza iş veriləcək, İntiqam müəllim!»

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizimyol.info xəbər verir ki, prosesdə əvvəlcə zərərçəkmiş qismində tanınan Gülnar Mehdiyeva ifadə verib. O bildirib ki, bir müddət İntiqam Əliyevin rəhbəri olduğu təşkilatda hüquqşünas kimi fəaliyyət göstərib. Prokurorun suallarına cavab olaraq bildirib ki, maaş cədvəlində olan məbləğləri tam almasa da, İntiqam Əliyevə qarşı heç bir tələbi yoxdur. 
Daha sonra hüquqşünas, Azərbaycan Hüquqçular Asosassiyasının rəhbəri Ənnağı Hacıbəyli şahid qismində ifadə verərək bildirib ki, İntiqam Əliyevlə müxtəlif layihələr çərçivəsində əməkdaşlıq edib. “Bizim təşkliatlar uzun müddət birlikdə fəaliyyət göstərib. Mən onun layihələrində, o isə mənim layihələrimdə ekspert kimi iştirak edib. Müxtəlif təlimlərimiz olub. Bu fəaliyyətlə əlaqədar ödənişlər rəsmi qaydada oub, bütün məbləğləri almışam və imzalar da mənə məxsusdur” – deyə Ə.Hacıbəyli bildirdi.
Digər şahid Yavər Şahbazov da ifadəsindı bildirib ki, İntiqam Əliyevi 10 ildir tanıyır. “İki il onunla birgə işləmişəm. Müxtəlif layihələrdə hüquqünas və layihə rəhbəri kimi fəaliyyətim olub. Bu fəaliyyətlə əlaqdar bütün ödənişləri almışam və sənədlərdəki imzalar özümündür” – şahid bildirdi.
Daha sonra İntiqam Əliyevin qızı Nərmin Əliyeva şahid qismində ifadə vermək üçün prosesə dəvət edilib. Hakim ona bildirib ki, qanunverciliyə əsasən, o, yaxın ailə üzvü ilə bağlı ifadə verməyə bilər. N.Əliyeva bildirdi ki, bu barədə istintaq zamanı da ona xəbərdarlıq olunsa da, müstəntiq bildirib ki, elə məsələlər var ki, onlara mütləq cavab verməlidir. “Buna görə də istintaqda ifadə verdim. Ancaq məndən ittihama aid olmayan məsələlər barədə soruşdular”.
İntiqam Əliyev qızının ifadə verməsinə ehtiyac olmadığını deyərək, özünün ona sualı olduğunu bildirdi:
 Qızım, böyüyüb 23 yaşına çatmısan. Sənə sual verməyə də bilərdim, ancaq istədim aydınlaşdırım, çünki təşkilatımda işləyən bütün gəncləri səndən fərqləndirməmişəm, hamınızı öz balam bilmişəm. 
 
Qızım, sən Sumqayıtda 3 otaqlı “xruşovka” binada yaşadın. Səni və qardaşını vaxtı-vaxtında gəzməyə apara bilmədim, işlər çox idi. Xəstə olanda qayğınıza qala bimədim ki, işim var. Ad günlərinizdə hamıdan sonra gəldim çatdım. Sumqayıtda adi orta məktəbdə oxudun, təhsilinlə maraqlanmağa vaxt tapa bilmədim. Özün oxudun, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil oldun. Bilirəm ki, xaricdə təhsil almaq istəyirsən. Ancaq İntiam Əliyevin qızı olduğun üçün səni dövlət proqramına salmayacaqlar. İşləmək istəsən, qoymayacaqlar ki, İnqiqam Əliyevin qızısan. Vəkil olmaq istəsən, səni Vəkillər Kollegiyasına qəbul etməyəcəklər. Çünki heç sənin atanı da o kollegiyaya üzv olmağa qoymayıblar. Səni çoxlu məhdudiyyətlər gözləyir. Ən adi bir hadisəyə – məsələn, yol qəzasına görə səni həbs edə bilərlər – çünki İntiqam Əliyevin qızısan. Bax bütün bunlara görə, özünü zərərçəkmiş hesab edirsənmi?
 
Hakim: İntiqam müəllim, qızınızın burada ifadə verməsi bizim üçün də ağırdır. Ancaq belə danışmayın. Hər şey yaxşı olacaq, qızınıza iş də veriləcək…
Hakimin “qızınıza iş də veriləcək” ifadəsi zalda gülüşə səbəb oldu.
Nərmin Əliyevanın cavabı isə konkret oldu:
– Mən atamla fəxr edirəm!
 
Daha sonra ötən prosesdə verilmiş vəsatətlər müzakirə edilib.
Qeyd edək ki, İntiqam Əliyevin vəkilləri qrant layihələrinin Ədliyyə Nazirliyində onlayn qaydada qeydə alınması, lakin sonradan saytdan silinməsini bildiriblər. Vəkillər axtarış vasitəsilə müqavilələrin qeydə alınması ilə bağlı Ədliyyə Nazirliyinin saytının keş yaddaşında məlumat olduğunu sübut edən çıxarışı məhkəməyə təqdim edərək, sübut kimi tanınmasını xahiş ediblər.
Prokuror həmin sənədin etibarlılığına şübhə ilə yanaşdığını və dəqiq məlumat alınması üçün Əidliyyə Nazirliyinə sorğu verilməsini məhkəmədən xahiş etdi.
Müdafiə tərəfi isə bildirdi ki, Ədliyyə Nazirliyində qrant layihələrinin reyestr kitabının məhkəməyə təqdim edilməsini xahiş edirlər.
Məhkəmə Ədliyyə Nazirliyinə sorğu verilməsi barədə qərar qəbul etdiyini elan etdi. Hakim əlavə etdi ki, əgər hər hansı problemli məsələ yaranarsa, sonradan reyestr kitabının da alınması məsələsinə baxıla bilər.
Proses 7 aprel saat 14.00-da davam edəcək.
İ.Əliyevə Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham elan edilib. Lakin o, həbsinin siyasi sifariş olduğunu bəyan edib. Amnesty İnternational təşkilatı İ.Əliyevi “vicdan məhbusu” kimi tanıyıb.
Rəşad VAQİFOĞLU

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button