“AMAY Abdulla”: “Gedin, Korrupsiya İdarəsindən tələb edin”

Hakim Əfqan Hacıyev
Hakim Əfqan Hacıyev

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “AMAY” Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə iş ürə zərərçəkmiş qismində tanınmış şəxslərdən 5 nəfəri ifadə verib.

Zərərçəkən Leyla Ağayeva təqsirləndirilən şəxslərin heç birini tanımadığını deyib. Qeyd edib ki, 13 il əvvəl “Xudafərin” MMC-dən mənzil alıb. Lakin bina tam təhvil verilmədiyi üçün hələ də köçə bilməyib. “Mənzilin alınması ilə bağlı müqavilə bağlayanda nəvəm yox idi. Artıq nəvəm da var, ancaq hələ də kirayədə yaşayıram”.

Vəkillərin suallarına cavab olaraq L.Ağayeva bildirib ki, müqaviləmi A.Abdullayevlə deyil, “Xudafərin” MMC-də işləyən şəxslərlə bağlayıb. O, nə Abdulla Abdullayevlə, nə də təqsirləndirilən digər  şəxslərə qarşı tələbinin və şikayətinin olmadığını deyib.

Zərərçəkən Vüqar Səfərov da bildirib binadan iki mınzil alıb, sadəcə özünün maddi imkanı olmadığına görə təmir etdirə bilmir. O da təqsirləndirilənlərə qarşı tələbinin olmadığını dedi.

Elçin Əliyev adlı zərərçəkən “Xudafərin”lə baladığı müqaviləyə əsasən pul ödədiyini və mənzili aldığını deyib. O, özünü zərərçəkən hesab etmədiyini bildirib. Vəkillərin suallarına cavab olaraq o qeyd edib ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılaraq ondan ifadə alıblar və orada da heç bir ziyan çəkmədiyini deyib.

Hakimin “Pulunu ödəmisən, ev almısan, deyirsən ki, heç bir zərər çəkməmişəm. Bəs istintaqa çağırılanda niyə soruşmadın ki, məni niyə bura çağırırsınız?” – sualına cavab olaraq E.Əliyev bildirdi ki, ondan nə vaxt müqavilə bağlaması və mənzili alıb-almaması barədə soruşublar və o da suallara cavab verib.

Zərərçəkən Abdulla Dəmirov 2003-cü ildə “Xudafərin” MMC-dən ev aldığını, bina tam tikilməsə də, onu qane etdiyini və A.Abdullayevə qarşı heç bir iradının olmadığını bildirdi.

Vəkilin suallarına cavab olaraq o dedi ki, müqavilə şərtlərində mübahisələrin həlli yolu kimi danışıqlar və həll olunmazsa mülki qaydada məhkəməyə müraciət edilməsi nəzərdə tutulub. O, narazılığı olmadığı üçün hələlik məhkəməyə müraciət yib. Zərəçəkmiş A.Abdullayevə qarşı heç bir iradının olmaması ilə bağlı məhkəməyə rəsmi ərizə də təqdim etdi.

Əbülfəz Abdullayev adlı zərərçəkmiş də qeyd etdi ki, o, özü rəsmi ərizə ilə Korrupsiyaya Qarşı Mübarizı İdarəsinə müraciət edib. Vəkillərin sualına cavab olaraq bildirdi ki, ərizəni idarədə müstəntiqin yanında yazıb. A.Dəmirov əlavə etdi ki, şikayət ərizəsini yazmasına səbəb mənzilin müqavilədə nəzərdə tutulmuş müddətdə təhvil verilməməsi ilə bağlı olub.

Abdulla Abdullayev bildirdi ki, binanın müqavilədə nəzərdə tutulmuş müddətdə təhvil verilməməsinə səbəb elə şikayətçilərin özləri və Baş prokurorluqdur.

“Sizin ucbatınızdan – şikayətlərinizə görə Baş prokurorluq 3 dəfə binaya həbs qoyub və tikintini dayandırıb. Son olaraq da, binada işlər normal gedirdi və təhvil verilmək üzrə idi. Korrupsiyaya qarşı Mübarizə İdarəsi gəldi və yenə tikintini dayandırdı, məni də saldılar içəri. İndi gedin mənzilinizi Korrupsiya İdarəsi tikib təhvil versin, gedin onlardan tələb edin!” – deyə A.Abdullayev bildirdi.

 Zərərçəkmiş Rəhman Bağırov təqsirləndirilənləri tanımadığını dedi. O vurğuladı ki, “Xudafərin”dən aldığı mənzili alıb da, təmir də etdirib. “Hamı kimi məni də çağırıblar Korrupsiya İdarəsinə, yazıblar qol çəkmişəm” – deyən R.Bağırov qeyd etdi ki, bina vaxtında təhvil verilmədiyi üçün onu zərərçəkmiş hesab ediblər.

Lakin vəkillərin suallarını cavablandıran zaman ifadəsində ziddiyyət yarandı. O, bildirdi ki, Korrupsiya İdarəsinə çağrılan zaman mənzilində təmir işləri gedirdi.

Ziddiyyaətlə əlaqədar olaraq, hakim onun istintaqa ifadəsini elan etdi. Zərəçəkmiş ifadəsini təsdiqləsə də, A.Abdullayevə qarşı heç bir tələb və şikayətinin olmadığını dedi.

Zərəçəkmiş Nurşən Abdullayev bildirib ki, 1994-cü ildən A.Abdullayevi tanıyır. “Onu çox yaxşı, xeyirxah insan kimi tanıyıram. Mənzil almışam, heç bir şikayətim də yoxdur.”

Hakim onun istintaqa ifadəsini elan etdi. N.Abdullayev istintaqa bildirib ki, mənzilin pulunu ödəsə də, vaxtında hazır olmayıb. Bununla bağlı “Xudafərin”ə müraciət etdikdə MMC-nin Anar adlı əməkdaşı bildirib ki, binanın hazır olması üşün əlavə pul lazımdır və buna görə əlavə olaraq 10 400 AZN pul ödəyib.

İfadənin elan edilməsindən sonra N.Abdullayev bildirdi ki, ödəniş qəbzlərinə əsasən, ona bununla bağlı sual verildiyi üçün belə ifadə verib. O, A.Abdullayevə qarşı heç bir şikayətinin olmadığını və özünü zərərçəkmiş hesab etmədiyini deyib.

Vəkil: Hörmətli hakim, bu adam özünü zərərçəkmiş hesab etmirsə və istintaqa da belə deyibsə, bu adam burada nə gəzir? İstintaq hansı əsasla onu zərərçəkmiş kimi tanıyır?

Hakim: İstintaq onu zərərçəkmiş kimi tanıyıb, lakin onun həqiqətən də zərərçəkmiş olub-olmamasına məhkəmə qiymət verəcək.

Növbəti proses 9 aprel saat 10.15-ə təyin edilib.

 A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İttihama əsəsən, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatıüzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib.

Abdulla Abdullayev, Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button