“Amay Abdulla”nın məhkəməsində zərərçəkənlər ifadə verdi

abdulla 113.04.2015 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesi keçirilib. Prosesdə “Xudafərin” MMC epizodu üzrə istintaq tərəfindən zərərçəkmiş qismində tanınmış şəxslər bir neçə nəfər dindirilib.

İfadə verən Nadir Əliyev təqsirləndirilən şəxsləri tanımadığını, Abdulla Abdullayevin isə adını eşitdiyini bildirib. “Xudafərin” MMC-nin tikdiyi binada mənzil aldığını deyən N.Əliyev heç bir şikayət və tələbinin olmadığını vurğulayıb.

Zərərçəkmiş Elzamin Məmmədov isə bildirib ki, mənzilin pulunu ödəsə də, bina tam təhvil verilmədiyinə görə, yaşamaq mümkün deyil. O, mənzilin yaşayışın mümkün olduğu səviyyədə – kanalizasiya, lift və digər xidmətlər də daxil olmaqla təhvil verilməsini tələb edib. Vəkilin sualına cavab olaraq zərərçəkən bildirib ki, tələbi Abdulla Abdullayev və digər təqsirləndirilənlərdən deyil, “Xudafərin” MMC-dəndir.

Rəşid Şərifov da tələb və şikayətinin olmadı]ını, özünü zərərçəkmiş hesab etmədiyini məhkəmənin diqqətinə çatdırıb.

İrina Qocayeva da binanın gec təhvil verilməsindən narazılığını bildirərək, müqaviləni “Xudafərin” MMC ilə bağladığını deyib. Buna görə də, MMC-dən mənzilini tələb etdiyini, lakin təqsirləndirilənlərdən şikayəti olmadığını vurğulayıb.

Saleh Tağıyev də eyni məzmunlu ifadə verib.

Elşad Tağıyev adlı zərərçəkən isə bildirdi ki, 2005-ci ildə “Xudafərin” MMC ilə bağladığı müqavilə əsasında pulunu ödəyərək, sözügedən binada 93 kv/m sahəsi olan obyekt alıb. “Bir müddət əvvəl obyektə gedəndə Pərviz adlı bir vəkil çıxdı ki, həmin ərazi məhkəmə qərarına əsasən ona məxsusdur” – deyən zərərçəkən obyektini tələb etdiyini bildirdi.

Qeyd edək ki, ötən prosesdə ifadə verən Orxan Cəfərov adlı zərərçəkən və mülki iddiaçı da eyni problemlə üzləşməsi barədə məhkəmədə ifadə vermişdi.

Abdulla Abdullayev bununla bağlı bildirib ki, Toma adlı şəxsdən vaxtilə 600 min manat pul götürüb, əvəzində əsas məbləğlə yanaşı 210 min manat da əlavə faiz ödəyib. “Həmin pulu Tomaya göndərəndə aparan adam pulun üzrəindən 25 min manat götürüb. Buna görə də, o, mən tutulan zaman vəziyyətdən sui-istifadə edərək, məhkəmə yolu ilə həmin obyektlərlə bağlı qərara sahib olub”.

AMAY rəhbəri bildirdi ki, bu da həmin məsələ ilə bağlıdır və Toma adlı xanımın məhkəməyə çağırılaraq dindirilməsini istədi.

Züleyxa Məmmədova ifadəsində mənzili aldığını bildirdi və mənzilin sənədlə tam təhvil verilməsini istədi. O da tələbinin A.Abdullayevdən deyil, “Xudafərin”dən olduğunu bildirdi.

Məhkəmə prosesi 14 aprel saat 10.30-da davam edəcək.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Abdulla Abdullayev, Novruzov  Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir. A.Abdullayev özünə qarşı olan bu ittihamları qətiyyətlə rədd edir və həbsinin iş fəaliyyətinə ziyan vurmaq üçün sifarişli olduğunu iddia edir. 

Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button