Prokuror İntiqam Əliyevə 10 il həbs cəzası istədi

intiqam aliyev14.04.2015

«Məhkəmələr müxtəlif olur. Məsələn, NİDA-çıların məhkəməsində hakim uşaqlara müraciət edəndə onlara «oğlum» deyirdi. Sonra da oğullarına 7-8 il iş verdi. Əvəz Zeynallıya da hakim təsirlənəndə «qardaşım» deyirdi, sonra qardaşına 9 il iş verdi. Sizin mənə «oğlum» və «qardaşım» deməməyiniz ümidimi artırır».

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, hüquqşünas İntiqam Əliyevin məhkəmədə hakim Rasim Sadıqova dediyi bu sözlər zalda gülüşə səbəb oldu.

Ancaq gülüşlə yanaşı, proses həm də gərgin və mübahisəli keçdi. Söhbət İntiqam Əliyevlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində aprelin 14-də keçirilən prosesdən gedir.

Prosesə müdafiə tərəfinin istəyi ilə Beynəlxalq Bankın Baş mütəxəssisi Namiq Həsənov çağırılmışdı. Onun vəkillərin suallarına cavabından bəlli oldu ki, ödəniş tapşırıqları ilə bağlı banka ancaq Cəmiyyətin mühasibi Gülşən Orucova müraciət edib. Bank öz qaydalarına uyğun olaraq Cəmiyyət sədri İntiqam Əliyevin onlara təqdim olunmuş imza nümunəsi ilə sənədlərdəki imzanı tutuşduraraq ödəniş əməliyyatlarını icra edib. Müdafiə tərəfi bankın əməkdaşına eyni gündə imzalanmış iki sənədi göstərərək imzaların fərqli olub-olmadığını soruşublar. Cinayət işində olan həmin sənədlərdəki imza bank tərəfindən İntiqam Əliyevin imzası kimi qəbul olunub və icra edilib.

«HƏQİQƏT ÜZƏ ÇIXIR DEYƏ, XOŞUNUZA GƏLMİR?»

Hakimin müdaxiləsi və «bu şəxs ekspert deyil» deməsi İntiqam Əliyevin etirazına səbəb oldu:

– Sizin etdiyiniz qanunsuz müdaxilədir. Siz indi vəkil kimi çıxış edirsiniz».

Hakim:

– Mən istədim bu şəxs izah etsin ki, 4 ilə 119 min manatı necə bir hesabdan başqa hesaba köçürmək olar?

İntiqam Əliyev:

– Açıq-aydın qərəzlisiniz. Siz bizə sual verməyə qoymursunuz. İzah edin. Niyə dindirməni kəsirsiniz? Həqiqət üzə çıxır deyə xoşunuza gəlmir?».

Bu mübahisədən sonra bankın mütəxəssisi imzaların oxşar olduğunu dedi. Daha sonra müdafiə tərəfi həm zalda oturanlara, həm də bank mütəxəssisinə imzaların böyüdülmüş surətini göstərdi. Bu zaman bank mütəxəssisi imzalar arasında fərqin açıq-aydın göründüyünü bildirdi. Hakim isə «bura teatr yox, məhkəmədir» deyərək sənədlərin surətinin zaldakılara göstərilməsinə etiraz etdi.

«ONSUZ DA AXIRDA ACIĞINIZI ÇIXACAQSIZ»

İntiqam Əliyev:

«Bura məhkəmə deyil, məzhəkədir. Niyə xoşunuza gəlmir? Onsuz da axırda acığınızı çıxacaqsınız».

Hakim imzaların böyüdülmüş surətini sübut kimi qəbul etmədiyini bildirdi. İntiqam Əliyev isə bunu absurd adlandırdı:

«Söhbət cinayət işindəki sənədlərin sadəcə böyüdülmüş surətindən gedir. Bu sənədlərdən də açıq-aydın görünür ki, bəzi ödəniş tapşırıqlarındakı imzalar mənə məxsus deyil».

Daha sonra hakim İntiqam Əliyevə ifadə verməyi təklif etdi. İntiqam Əliyev isə istintaqdan tələb etdikləri sənədlərin ona təqdim olunmayacağı halda müdafiəsini qura bilməyəcəyini bildirdi. Hakim Ədliyyə Nazirliyi və istintaq orqanına göndərilən sorğunun cavabını müdafiə tərəfinə təqdim etdi.

«İSTİNTAQIN SƏNƏDLƏRİ TƏQDİM ETMƏMƏLƏRİ GÖSTƏRİR Kİ…»

İntiqam Əliyev:

«İstintaq orqanından rəsmiləşdirilmədən, qanunsuz olaraq götürülən sənədləri tələb etmişdik. Onlar olmadan məhkəmə ədalətli qərar çıxara bilməz. Amma indi mənə təqdim olunan sənəddən bəlli olur ki, istintaq orqanı bizim vacib hesab etdiyimiz sənədlərin onlarda olmadığını deyir. Mən əminəm ki, həmin sənədlər prokurorluqdadır və onların ofisimizə basqın edib sənədləri rəsmiləşdirmədən götürməsinin özü qanunsuzdur. İndi həmin sənədləri təqdim etməmələri də ittihamın saxta olduğunu bir daha göstərir. Siz də nəticədə bu cür məktublara inanıb hökm çıxaracaqsınız».

İntiqam Əliyevin dediyinə görə, 79 ödəniş tapşırığından 50-si yoxa çıxıb:

«Bunlar olmayan yerdə mənə qarşı necə ittiham irəli sürülə bilərdi? Düşünürəm ki, həmin ödəniş tapşırıqlarında problemlər var, ona görə də təqdim edilmir. Üzdə olan 29 ödəniş tapşırıqlarında imzaların fərqli olduğu açıq aydın görünürsə, gör indi gizlədilən ödəniş tapşırıqları nə vəziyyətdədir ki, onları ortaya çıxarmırlar».

İntiqam Əliyev məhkəmənin onu keyfiyyətli özünümüdafiə hüququndan məhrum etdiyini deyib və bildirib ki, hər şey göz önündə olduğu halda müdafiə nitqinə də ehtiyac görmür.

10 İL HƏBS İSTƏYİ

Daha sonra məhkəmədə sənədlərin tədqiqi aparılıb və istintaqın yekunlaşdığı elan olunub.

Zərərçəkən Sadiq Bağırov isə çıxışında bildirib ki, sənədlərin tədqiqi zamanı bəlli olub ki, 3 aylıq əməkhaqqı cədvəllərinin 2 ayında İntiqam Əliyevin imzası, ümumiyyətlə, yoxdur. O, məhkəmədən xahiş edib ki, hökm çıxararkən onun zərərçəkən kimi tanınmasına səbəb olan həmin əməkhaqqı cədvəllərindəki bu amili nəzərə alsın.

Daha sonra çıxış edən dövlət ittihamçısı İntiqam Əliyevə qarşı irəli sürülən ittihamların təsdiqini tapdığını iddia etdi və məhkəmədən ona 10 il həbs cəzası verməyi istədi.

Növbəti məhkəmə prosesi aprelin 21-nə təyin olundu.

İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur.

İttihama görə, 119 min manat vəsait Hüquq Maarifçiliyi Cəmiyyətinin mühasibi olmuş Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın bank hesabına köçürülüb. Bacıların həmin vəsaiti bankdan çıxarıb İntiqam Əliyevə verdikləri iddia olunur. Qarşı tərəf bu iddianı rədd edir və bunu sübut edən hər hansı faktın olmadığını deyirlər. Vəkillər həmin pulların hesabdan çıxarılıb-çıxarılmaması ilə bağlı bank məlumatlarının tələb olunmasını vacib sayırlar.

Beynəlxalq qurumlar İntiqam Əliyevin həbsini siyasi motivli sayır.

http://www.azadliq.org/content/article/26955177.html

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button