Səbail rayon icra başçısı Asif Əsgərovun oğlunun məhkəməsi təxirə salındı

 

Səbail rayon icra başçısı Asif Əsgərov
Səbail rayon icra başçısı Asif Əsgərov

15.04.2015

Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayon icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin və Əhliman Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb. XuralTAC xəbər verir ki, cinayət işi üzrə zərərçəkmişin hüququ varisi olan Maqsud Mirzəyevin prosesdə iştirak etməməsi səbəbilə proses baş tutmayıb. Nümayəndəsi məhkəməyə bildirib ki, Maqsud Mirzəyev hazırda ölkədə deyil və məhkəmənin onun iştirakı olmadan keçirilməməsini
xahiş edib. Bu səbəbdən də hakim prosesi 20 aprel saat 9.30-dək təxirə salıb.

İttiham aktına əsasən, ötən il sentyabrın 29-da İlham Əsgərlinin sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes S500” markalı avtomobillin Zığ-aeroport yolunda yük maşını ilə toqquşaraq qəza törətməsi nəticəsində özü və Pərvin Fətullayev xəsarət almış, Sənan Mirzəyev isə xəstəxanada dünyasını dəyişmişdir. Belə ki, “Mercedes” markalı avtomobil Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşınına çırpılıb. Hadisə ilə bağlı təqsirləndirilən şəxslərə 263.1. (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və  263.2-ci (263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ititham irəli sürülmüşdür. Hər iki şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən prosesdə çıxış edən zərərçəkmişin hüquqi varisi Maqsud Mirzəyev oğlunun İlham Əsgərlinin günahı ucbatından qəzaya düşməsinindən sonra normal tibbi yardım göstərilməməsi səbəbindən dünyasının dəyişdiyini bildirib. O, vurğulayıb ki, oğlu hadisədən sonra Sabunçu xəstəxanasına deyil, daha yaxşı tibb mərkəzinə yerləşdirilsəydi, sağ qala bilərdi. “Məni yandıran odur ki, oğlumu Sabunçu rayon xəstəxanasına aparıblar, amma İlhamı və sürücünü “Semaşko”ya, İlhamı isə oradan təcili olaraq Türkiyəyə, İstanbula müalicəyə aparıblar. Mənim övladım xəstəxanada yiyəsiz qalıb. Oğluma onlarla eyni səviyyədə tibbi yardım göstərilməyib. Sənanı normal xəstəxanaya, tibb mərkəzinə aparsaydılar, bəlkə də sağ qalardı. Oğlumu təcili yardım maşınında aparıblar. Həmin maşında heç nəfəs aparatı da olmayıb. Hadisə baş verəndən sonra oğlum şok vəziyyətində olub, küçədə, asfaltın üstündə qalıb. Oradan isə Sabunçi xəstəxanasına aparılıb. Heç olmasa, vaxtında bizə xəbər verə bilərdilər. Mən hadisədən sonra 3-4 dəfə o xəstəxanada olmuşam. Orada təmir gedir, hər tərəf pis gündədir. Otaqlrda xəstəyə yardım etmək üçün heç bir normal avadanlıq yoxdur. Əgər oğlum normal bir xəstəxanaya yerləşdirilsəydi, yardım göstərilsəydi və bundan sonra dünyasını dəyişsəydi, ürəyim rahat olardı ki, lazım olan edilib. Necə ki, digər şəxslər normal xəstəxanalara yerləşdirilib” – deyə M.Mirzəyev məhkəmə prosesində bildirmişdi.

Qeyd edək ki, qəzada dünyasını dəyişən Sənan Mirzəyev “McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu, İlham Əsgərli isə Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur.

Aldığımız son məlumatlara görə, icra başçısının oğlunun məhkəmə prosesindən dərc olunan və yayınlanan xəbərləri, başçının adamları mətbuatdan və bir çox saytlardan yığışdırıblar. Bu addımın hansı məqsədlə atıldığının səbəbini öyrənməyə çalışsaq da, heç bir məlumat əldə edə bilmədik.

XuralTAC

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button