Vəkillər hakimlərə üsyan etdilər: “Bu qədər biabırçılıq olmaz, Korrupsiya İdarəsi məhkəməni ələ salır!”

bacm 1Abdulla Abdullayev: “50 min manat alıb, 30 min manatlıq çek versəydim, burada mənimsəmə deyə bilərdilər”

Vəkillər istintaqda dindirilməyən şəxslərin “zərərçəkən” qismində tanınmasına etiraz edir

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. XuralTAC xəbər verir ki, prosesdə “Xudafərin” MMC epizodu üzrə istintaq tərəfindən zərərçəkmiş qismində tanınmış iki nəfər dindirilib.

İlk ifadə verən Məmmədov Taleh Tapdıq oğlu bildirib ki, təqsirləndirilənləri tanımır. O, “Xudafərin” MMC-dən 214 m/kv mənzil aldığını və bunun üçün 63 min manat ödədiyini bildirdi. Korrupsiyaya qarşı Mübarizə idarəsində olmadığını, istintaqda ifadə vermədiyini deyən T.Məmmədov pul tələbinin olmadığını, yalnız binanın tam təhvil verilməsini istədiyini dedi.

Vəkillər zərərçəkmişə heç bir sual ümvanlamayıblar. Vəkil Osman Kazımov bildirib ki, istintaqda dindirilmədən zərərçəkmiş kimi tanınan şəxsə veriləcək sual da yoxdur: “Bu, sadəcə biabırçılıqdır. Artıq neçənci şəxsdir ki, istintaqda dindirilmədiyi halda, zərərçəkmiş şəxs qismində tanınıb. Abdulla Abdullayevə nə cəza verəcəksiniz, öz işinizdir. Amma bu cür işləri məhkəməyə göndərmək məhkəmə sistemini ələ salmaqdır. Bu iş məhkəməyə necə göndərilib, bu ittiham necə yazılıb, başa düşmürəm” – deyə vəkil bildirdi.

Prosesdə fasilə elan edilib. Fasilədən sonra ifadə verən Əlican Ələkbərov adlı şəxs bildirib ki, 2004-cü ildə qardaşı ona münasib qiymətə mənzil olduğunu deyib. “Qardaşım dedi ki, tikən də tanıdığımız adamdır, biz alırıq, məsləhətlidir, dedim mənə də götürün. Müqaviləni “Xudafərin” MMC ilə özüm bağlamışam, pulu da qardaşılma vermişəm, o ödəyib. Demişdilər ki, 2 ilə hazır olacaq, ancaq hələ də hazlır deyil” – deyən Ə.Ələkbərov əlavə etdi ki, bina tikilsə də, tam komplektləşdirilmədiyi üçün yaşamaq mümkün deyil. Bu səbəbdən də binanın hazır olmamasından narazı olduğunu dedi.

 “Korrupsiya İdarəsində olmamışam. Amma “Xudafərin” MMC-yə getmişəm, evimi tələb etmişəm. Adamı nə qədər aldatmaq olar? O vaxtkı pulla mən 50 ev alardım, kirayəyə verərdim. Gör nə qədər pulum gedib”.

Abdulla Abdullayev zərərçəkmiş şəxsdən nə qədər pul ödədiyini, pulu kimə verdiyini və həmin pullarının hara getdiyini xəbər aldı: “Sənin orada mənzilin var. Sənə ödədiyin məbləğ qədər pul verirəm, 20 ildən sonra gətirib qaytararsan. O bina mənim günahıma görə yubanmayıb. Sizin şikayətlərinizə görə yubanıb”.

Zərərçəkmiş Ə.Ələkbərov heç kimə və heç yerə şikayət etmədiyini dedi.

Vəkil Osman Kazımovun suallarına cavab olaraq Ələkbərov bildirdi ki, müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməyib.

Vəkil Əkbər Bağırovun sualına cavab olaraq, hazırda məhkəmədə hansı statusda dindirildiyini bilmədiyini dedi. Hakim dindirilən şəxsə bildirdi ki, Abdulla Abdullayevə mənimsəmə ittihamı irəli sürülüb. “A.Abdullayevin sizdən aldığı pulun talama yolu ilə mənimsədiyi hesab edilir və sizi də istintaq zərərçəkmiş kimi tanıyıb. Sizin pulunuz talanıbmı?” – deyə hakim Ələkbərovdan soruşdu.

Ələkbərov əlavə etdi ki, onun heç bir maddi tələbi yoxdur, mənzil almaq üçün ödədiyi pulun müqabilində bina tikilib. Sadəcə mənzilin tam təhvil verilməsini istəyir.

Abdulla Abdullayev də mənimsəmə ittihamı ilə bağlı fikirlərini bildirdi:

“Hörmətli məhkəmə, mənə deyirlər ki, sən pul mənimsəmisən. Bu kişidən 50 min manat almışam, 50 min manatlıq da çek vermişəm. Həmin pula da bina tikilib. Əgər 50 min manat alıb, 30 min manatlıq çek versəydim, burada mənimsəmə deyə bilərdilər. Hər şey sənədlə həll olunubsa, burada hansı talamadan, hansı mənimsəmədən söhbət gedir? O ki qaldı binanın tam hazır olmamasına, burada da mənlik bir şey yoxdur. Prokurorluq gəlib tikintini 3 dəfə dayandırıbsa, mən necə başa çatdırım?” – deyə A.Abdullayev bildirdi.

Proses 28 aprel saat 10.00-da davam edəcək.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktına əsasən, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. “Eləcə də Abdulla Abdullayev “Texnikabank” ASC-də bank tərəfindən ayrı-ayrı müəssisələrə kredit vəsaitlərinin ayrılmasını rəsmləşdirilməsinə nail olmaqla ümümilikdə 40.150.000 (qırx milyon yüz əlli min) manat pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib. A.Abdullayev 2003-2012-ci illərdə “Xudafərin” MMC-nin Bakı şəhəri, Atatürk prospekti 3078 “a” ünvanında inşa etdirdiyi binadan ümumilikdə 262 mənzil və 3146 kv metr qeyri-yaşayış sahəsinin satışından 11.218.675 manat məbləğində pul vəsaiti alsa da, binanın tikinti-quraşdırma işlərinə 7.712.913 manat sərf edib və ümumilikdə 3.505.762 manat mənimsəyərək dələduzluq edib” – ittiham aktında qeyd edilir.

Abdulla Abdullayev, Novruzov  Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

XutalTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button