Azər Həsrətə beynəlxalq etimad

BMİ Azərbaycan Milli Komitəsinin üzvü Azər Həsrət mükafatın seçimi üzrə koordinator təyin edilib

Beynəlxalq Mətbuat İnstitutu (BMİ) Azərbaycan Milli Komitəsinin İnformasiya Departamentindən yalquzaq.com-a verilən bilgiyə görə, bu günlərdə BMİ özünün ən ali mükafatı – 2011-ci ilin “Azad Media Öncülü” (Free Media Pioneer) üçün təkliflərin qəbulunu elan edib. Dünyanın ən nəhəng jurnalist təşkilatının bu il üçün ali mükafatının seçim prosesinin koordinə edilməsi onun Azərbaycan Milli Komitəsinə etibar edilib. Bu barədə BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib.

O, BMİ-nin rəhbərliyinin bu dəfə “Azad Media Öncülü” seçiminin qurumun Azərbaycan Milli Komitəsi tərəfindən koordinə edilməsi barədə qərar qəbul edildiyini deyib: “Dünyanın ən böyük jurnalist təşkilatı olan Beynəlxalq Mətbuat İnstitutunun “Azad Media Öncülü” mükafatı öz ölkələrində medianın azadlığı və müstəqilliyi üçün mübarizə aparan media orqanlarının, jurnalistlərin və ya jurnalist qurumlarının təltif edilməsi üçün 1996-cı ildə təsis edilib. Əvvəlki illər bu mükafat bir sıra ölkələrin seçilən mətbuatı, TV və radio kanalları, jurnalist qurumları və xəbər agentliklərinə təqdim olunmuşdur. Mükafatı bu günə qədər dünyanın ən nüfuzlu media qurumları və jurnalistləri almışdır. Sevindirici haldır ki, qaliblər arasında Azərbaycan jurnalistikasının tanınmış nümayəndəsi Azər Həsrətin başçılıq etdiyi qurum da var. Onun rəhbəri olduğu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN – www.cascfen.net) bu mükafata 2004-cü ildə layiq görülüb. Bu il mükafatın seçilməsi Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinə etibar edilib. Düşünürəm ki, bu bizlərə – Azərbaycan mediasına olan çox böyük bir etimaddır. Çalışacağıq bu etimadı doğruldaq”.

Umud Rəhimoğlu BMİ rəhbərliyinin tövsiyəsi ilə prosesin idarə olunmasının Azərbaycanda, eləcə də dünyada tanınan media mütəxəssisi Azər Həsrətə həvalə edildiyini deyib: “Bu məsuliyyətli işin obyektiv və səmərəli şəkildə həyata keçirilməsi üçün BMİ və onun Azərbaycan Milli Komitəsi olaraq Azərbaycanda, eləcə də dünyada tanınan media mütəxəssisi, bu mükafatın 2004-cü ildəki qalibi Azər Həsrətə həvalə etmişik. Düşünürəm ki, Azər bəy bu işin öhdəsindən layiqincə gələcək”.
Xatırladaq ki, qalib 24–27 sentyabrda Tayvanın paytaxtı Taypeydə təşkil olunacaq BMİ Dünya Qurultayı və Baş Məclisi zamanı xüsusi törənlə bu mükafatı alacaq.

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button