Vəfa Quluzadə:”Neynəyim, yenidən cavanlaşmaq istəyirəm…”

vefa quluzade04.05.2015

Dünən tanınmış politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə dünyasını dəyişdi.

“a24.az”ın əməkdaşı ölümündən əvvəl Vəfa Quluzadədən maraqlı müsahibə alıb.  Özü də demişdi ki, müsahibə dərc olunanda, xəbər edək, baxsın. Ancaq, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır…

Bəlkə də bu, Vəfa müəllimin mediaya ümumiyyətlə son müsahibəsidir. Özü baxa bilməyəcək, amma onun şərhlərini, siyasi proqnozlarını gözləyənlər üçün son müsahibəsini dərc edirik…

– Vəfa müəllim, salam?

– Salam. Kimdir?

– Mənəm, Amid.

– Buyur, Amid.

– Vəfa müəllim, sizə bir neçə sualım var?

– Hazırda bərbərxanadayam özümə baxıram. Ustaya saçlarımı kəsdirirəm. Neynəyim, yenidən cavanlaşmaq istəyirəm (gülür). Bir saata zəng vurarsan.

– Yaxşı, Vəfa müəllim.

… (3 saatdan sonra) Vəfa müəllim, başım bərk qarışdı, bir az gecikdim, üzürlü sayın. Danışa bilərik?

– Ay bala, mən saçlarımı da kəsdirdim, evə də gəlib yuyundum. Arvad da məni bəyəndi. Amma sən zəng vurmadın… Eybi yox, problem deyil. Buyur, sualın nə ilə bağlıdır?

– Vəfa müəllim, ilk sualım qondarma “erməni soyqırımı” barədədir…

– Bilirsən mən bu haqda nə qədər danışmışam? Onsuz da ermənilərin özlərindən başqa heç kəs bunu tanımayacaq. Havadarları da onları müvəqqəti sevindirmək üçün qondarma “soyqırım”ı tanımaları ilə bağlı bir-iki fikir səsləndiriblər. Onsuz da Rusiyanın himayəsində olan bir dövlətdir. Rusiya nə deyirsə, onlar da o cür addım atırlar.

– Axı, Rusiyanın özünün də vəziyyəti yaxşı deyil. Bu tərəfədən də Türkiyə ilə münasibətləri pozulsa…

– Bilirəm. Dəfələrlə demişəm ki, Rusiya hazırki dağıdıcı siyasəti ilə çox yaşamayacaq. İqtisadi baxımdan müflis olub bu dövlət. Qardaş Türkiyə onlara dəstək çıxmaq istədi. Amma Putinin Ermənistana səfəri və orada qondarma “soyqırım”la bağlı səsləndirdiyi fikirlərdən sonra inanmıram ki, Türkiyə də iqtisadi və digər sahələrdə mənfiyə doğru gedən şimal qonşumuzun halına acıya.

– Ola bilərmi ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara Türkiyə də qoşulsun?

– Bilirsən, mən bu haqda çox danışmışam. İnanmıram ki, Rusiyanın bu cür gedişlə dövlət olaraq mövcudluğu çox olsun. Təşəkkür edirəm. Gəl, bu mövzunu bağlayaq…

– Oldu, Vəfa müəllim, çox sağ olun.

– Siz sağ olun. Amma deyim ki, usta saçlarımı çox yaxşı düzəldib. Özümü lap cavan oğlan kimi hiss etdim (gülür)…

– Allah sizə ömür versin, Vəfa müəllim.

– Sağ olun…

Amid Əyyuboğlu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button