Hakimlər Abdullanın məhkəməsini qəsdən uzadırlar…

abdulla 1Bakı Ağır Cinayətlər Məhkəməsində AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb. Hakim Əfqan Hacıyev bildirib ki, iş üzrə zərərçəkmişlərin məhkəməyə məcburi gətirilməsi barədə dünən qərar çıxarılsa da, hələlik heç birin zərərçəkmişin gətirlməsi təmin edilməyib. “Həmin şəxslərin yerinin müəyyən edilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Milli Avtomatlaşdırılmış Pasport Sisteminə (MAPS) də sorğu verilib. Prosesi 7 may  tarixinədək təxirə salırıq. Əgər zərrəçəkmişlərin gətirilməsi mümkün olmasa, şahidlərin dindirilməsinə keçə bilərik” – deyə Ə.Hacıyev bildirdi.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İttiham aktına əsasən, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. “Eləcə də Abdulla Abdullayev “Texnikabank” ASC-də bank tərəfindən ayrı-ayrı müəssisələrə kredit vəsaitlərinin ayrılmasını rəsmləşdirilməsinə nail olmaqla ümümilikdə 40.150.000(  qırx milyon yüz əlli min) manat pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib. A.Abdullayev 2003-2012-ci illərdə “Xudafərin” MMC-nin Bakı şəhəri, Atatürk prospekti 3078 “a” ünvanında inşa etdirdiyi binadan ümumilikdə 262 mənzil və 3146 kv metr qeyri yaşayış sahəsinin satışından 11.218.675 manat məbləğində pul vəsaiti alsa da, binanın tikinti-quraşdırma işlərinə 7.712.913 manat sərf edib və ümumilikdə 3.505.762 manat mənimsəyərək dələduzluq edib” – ittiham aktında qeyd edilir.
Abdulla Abdullayev, Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.
Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button