Nə qədər böyük bir faciə!


yanğın3Məlahət Zeynallı

Bilmirəm, bunu bədbəxt hadisə kimi, yoxsa məmurların özbaşınalığı kimi qiymətləndirim.

Ümumiyyətlə, təbii fəlakətlərdən başqa, dünyada baş verən bütün bədbəxt hadisələrin səbəbkarları və baiskarları var. Qəzalar, yanğınlar, daha nələr bu qəbildəndir. Ona görə də “Azadlıq” prospektində bir neçə saatın içində yanıb külə dönən binanın üzü də kiminsə özbaşınalığının, cəzasızlığının nəticəsidir.

Bu hadisədən – 14 günahsız insanımız dünyasını dəyişəndən sonra kimlərsə vəzifədən çıxarılsa belə, olmaz. Bu işdə əli və iştirakı olan ən kiçik səlahiyyətli məmur belə cəzalandırılmalıdır, həbs olunmalıdır, lazımdırsa haqqında ömürlük cəza kəsilməlidir. Yaşadıqca onların üstündə balaca Fərəhin ruhu dolaşacaq və onları rahat buraxmayacaq, bilsinlər.

Hamı cəzasını almalıdır. İcra başçısından tutmuş, “penoplast” merəti Azərbaycana dadandıran iş adamınadək, onu ucuz qiymətə divarlara yapışdırıb, büdcədən ciblərinə milyonlar axıdan harınlamış məmurlaradək. Hamı cəzaslını almalıdır. Bilsinlər, ölənə qədər 14 insanın həyatına son qoyduqları üçün Allahın verdiyi əzabdan qurtula bilməyəcəklər. Lənət olsun sizlərə. Bu millətin çörəyi, sizə verdiyi dincliyi haram olsun.

Deməsinlər ki, icra başçısı məsuliyyət daşımır

Daşıyır. Bu günlər təsadüfən bir mağazada olduq və orada bizə “münasib” qiymətə həmin bu “penoplast” üzlüyü təklif etdilər. Nəzakət xatirinə təşəkkür edib, uzaqlaşsaq da satıcı arxamızca yola qədər gəldi və əlində bu “penoplast” nümunələrindən ibarət selofan torbanı demək olar ki, zorla bizə uzatdı, “əla maldır, bəlkə fikrinizi dəyişdiz…” Yolda daha yaxından baxmaq imkanı oldu və dərhal da kimyaçı olduğum üçün qiymətini verdim: “Bu, tez alışan materialdan hazırlanıb və üzərinə yandırılmış qum səpilib, belə də üzlük olar? Bakı kimi küləkli şəhərdə, Allah qorusun, balaca bir yanğın olsa, binanın külünü göyə sovurar” dedim. Kaş deməzdim. Az sonra “Nobel” prospektində, bu gün isə “Azadlıq” prospektində minlərlə insanın gözü qarşısında çırtaçırtla 16 mərtəbəli bina kömürə çevrildi. Günahsız insanların həyatına son qoydu. İndi düşünürəm, mənim haqqında qərar verdiyim bu materialı seçərkən, binaların üzlüyündə istifadə olunması üçün yararlı hesab edilərkən, “Təmiz Binəqədi” layihəsinin başqanı nə düşünüb? Materialla cəmi 10 dəqiqə tanış olmaq kifayətdir ki, “oyuncaq” olduğunu anlayasan. O zaman dövlət büdcəsinin milyonlarına əl qoyarkən icra başçısı – ya da digərləri – bu seçimi ilə daha hansı planlarını qururmuş? Bir binanın xərcinə 10 binanımı üzlətdirmək? Kimin pulunu kimə xərcləyirsiniz? İnsanların təhlükəsizliyi sizə bu qədərmi dəyərsizdir?

Deməsinlər ki, tikinti şirkətləri, idxalçılar məsuliyyət daşımır

Daşıyır. Milyonları qazanmaq xatirinə Vətəninə, millətinə xəyanət edən hər kəs ən ağır məsuliyyəti daşıyır. Kiçik bir nümunə. Dünyanı bürüyən qida təhlükəsizliyində Almaniya birinci yeri tutur. Bilirsinizmi niyə? Çünki hər şeyi millətini qorumaq naminə edir – siyasətini də ona görə aparır, gələcəyini də ona görə qurur.

O zaman cibini millətindən üstün tutan hər kəs bizdən deyil, düşməndir və torpağımızda təxribat törətmək üçün bunu edir. Cəzasını almalıdır, cəzalanmalıdır. Nə bilmək olar, bəlkə qəsdən bu cür materialları gətirib, bütün şəhəri canlı-canlı minalayırlar. Birinin şələsinin üstünə odun yığan kimi bir kibrit yetir ki, ölkəni ayağa qaldırsın.

Artıq bu işə prokurorluqdan daha çox, Milli Təhlükəsizlik Nazirliyi məsuliyyətlə yanaşmalıdır. Təxribatçıların kim olduğunu araşdırmalıdır. Yoxsa, sabah bu “işbazlar” ölkəni qana çalxalaya, torpaqlarımızı topsuz-tüfəngsiz düşmənə də təslim edərlər. Baxmaqla görmək bir deyil. Görməyə çalışın, cənablar.

14 nəfərin ölümündə deməyin ki, FHN məsuliyyət daşımır

Daşıyır. Diqqət etmişəm və müşahidələrim də yaddaşıma dəqiq məqamları həkk edib. Harada yanğın baş verirsə, FHN-nin “yanğınsöndürən”ləri küllə oynayırlar. Bəli, bəli, küllə. Nə vaxt eşitdiniz ki, hansısa binanı yanğından xilas ediblər, hansısa insanı, əmlakını yanğından qoruyublar? Bina, ev yanıb qurtarandan sonra “pistoletlərini” əllərinə alıb, artıq külə dönməkdə olan yerə su töküblər. Adları da olub, xilasedicilər. Nəyi xilas ediblər? Nə zaman ediblər ki, yadımızda da qalmayıb? Dinc vaxtlarda təlim aparmağa, insanlara nələrisə göstərməyə nə var ki… Oğul odur ki, belə məqamlarda, küləyə, alova qalib gəlsin.

Ən azı, yanğın baş verməzdən əvvəl tikilən hər binada yangının qarşısını almaq üçün vasitələr yerləşdirsin, “yanğın pilləkənlərini” təmin etsin, belə üzlüklərin vurulmasına nazirliyin özü etiraz etsin. Niyə 15 kv.m. mağazanın açılması üçün bu nazirlik ciddi-ciddi təhlükəsizlik qaydalarını təsdiqləyən sənəd tələb edir, amma bu cür iri məsələlərdə özü də iştirakçıya çevrilir?

Digər bir məsələ, FHN-nin vertolyot almasına sevinənlərdən biri olmuşam. Düşünmüşəm ki, ən azı, yanğını yüksəklikdən söndürmək və insanları xilas etmək üçün yararlı ola bilər. İndi isə məlum olur ki, FHN təlimlərində bu cür hadisələri hesablamayıb. O zaman milyonları niyə və nəyə xərcləyirdiniz? Əgər bir yanğında 14 nəfər öləcəkdisə… Hələ onu da demirəm ki, yanğından xilas olanlara xüsusi maska geydirilibmi? Yoxsa o tüstünü udaraq, binadan çıxarılıblar? Çünki yanğında boğulan 3 yaşlı Fərəh xəstəxanaya xəsarətsiz çatdırılsa da, yaşamayıb. Xəstəxanada əmisinə deyiblər ki, balaca qız tüstüdən boğulub. O zaman belə çıxır ki, xilas edərkən Fərəhə maska taxılmayıb? Onu maskada görən olubmu? Bəs sizin önləyici tədbirləriniz harada qaldı?

Araşdırılmalı, günahı olanlar bir nəfər kimi – nazirindən tutmuş, qapıçısınadək ədalət və haqq xatirinə xalqın qarşısında cəzalandırılmalıdır.

Bakı İcra Hakimiyyətinin “gülümsər” siması

Söhbət Bakı meri Hacıbala Abutalıbovdan gedir. Bütün saytlar onun heç bir zaman ciddi olmayan simasının fonunda xəbər yayırlar. Abutalıbov bina sakinlərinin villalarda yerləşdiriləcəyi haqda məlumat verib. Müvəqqəti yerləşdiriliblər, sakinlər həmin o villalara. Sual verən də yoxdur. Niyə müvəqqəti? Haqqı olana ən azı haqqını vermək, sonra da əlindən almaq nə zamandan “ölçü götürülüb” kimi dəyərləndirilir?

Məmurlar, bəsdir siz o villalarda oturdunuz. İndi də imkan verin haqqı olanlar otursunlar. Axı o villaları da bu ucuz qiymətə ölkəyə gətirdiyiniz, baha qiymətə dövlətə sırıdığınız “penoplast”ların puluyla tikmisiniz. İndi də can qaytara bilmirsinizsə, insanların halal haqqını qaytarın!

Allah hər şeyi bilir və görür! Heç olmasa, Allahdan qorxun!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button