Mirəşrəflə Sabir Rüstəmxanlı əlbəyaxa oldular…

sabir-əjdər…tədbirlərin keçirilməsi üçün Tənzilə də Azəri-Türk Qadınlar Birliyi adından başqa yerlərdən də pul alır

tədbir keçirilən zalda Tənzilə üstümə hücum çəkdi ki, bilirsən, mən sənə nə edərəm

…dedim ki, “Sabir, sən o “İstiqlal Aktı”na imza atmısan, kaş bir imza da öz istiqlalın üçün ataydın…”

…DAK-ı İmamzadaya çeviriblər

Sabir Rüstəmxanlı müstəqil adam deyil, onu yönləndirən Tənzilə Rüstəmxanlıdır

 

Dünya Azərbaycanlılar Konqresində (DAK) son zamanlar bəzi qalmaqallı hadisələr baş verir. Əvvəlcə Daimi Şuranın sədri Əjdər Tağızadə DAK-ın buraxıldığı haqqında bəyanat verdi və həmsədrləri, o cümlədən də Sabir Rüstəmxanlını təşkilatın adından danışmamağa çağırdı. Sonra DAK-dan ona böyük bir bəyanatla cavab gəldi və Sabir Rüstəmxanlı İdarə Heyətində təmsil olunanların da dəstəyini alaraq, Əjdər Tağızadəni təfriqəçilikdə ittiham etdi. Xural.com olaraq hər iki bəyanatı da dərc etdik. Bir müddət sonra isə Əjdər Tağızadə redaksiyamızı aradı və DAK-da baş verənlər haqqında cəmiyyəti məlumatlandırmaq istədiyini bildirdi. Bir neçə dəfədən sonra Əjdər bəylə görüşə bildik.

Onun dedikləri maraqlı olduğu qədər də heyrətvericidir. Cəmiyyətin ümid kimi baxdığı təşkilatda baş verənlərin pərdə arxası adamı üzür və Əjdər bəyin açıqlamaları – əgər doğrudursa, o zaman gərəkdir ki, ölkənin hüquq-mühafizə orqanları əl-qolunu çırmalayaraq işə başlasınlar. Əjdər bəyin dedikləri doğrudursa, millətin adından ortada cinayət baş verir…

Oxucunun rəyini qabaqlamadan Əjdər Tağızadənin müsahibəsinin dərcinə başlayırıq və adı çəkilən hər kəsin cavab haqqının yayınlanacağını bildiririk.

II hissə

(I hissəni bu linkdən oxuya bilərsiniz: https://www.xural.com/?p=23896)

Əjdər Tağızadə– Təşkilatda vəziyyət necə idi?

– Ukrayna qurultayına qədər  səhv etmirəmsə, Parisdə görüş olacaqdı. Sabir Rüstəmxanlı ilə danışdıq ki, birləşək. Sonradan Sabir nə düşündüsə, elə bildi ki, birləşən kimi onu aşıracaqlar, ona getmədi. Amma ondan əvvəl Almaniyada keçirilən qurultaya Sabir özü ilə bir dəstə adam gətirmişdi. O zaman qurultay ərəfəsində Nazim İbrahimovla əlaqə saxlayıb, kömək istədim, o da dedi ki, 20 min avro köməklik edə bilər.

Mirəşrəf də həmsədr olmaq istədi…

Biz artıq qurultaya gedirdik ki, yolda mənə Komitədən zəng vurdular ki, pulu kimin hesabına keçirək? Dedim, mənim başım bəlalıdır, mənim hesabıma köçürməyin. Danışdıq ki, Firudin Pərviznianın Almaniyadakı hesabına köçürək. Birdən nə oldusa, gözləmədiyimiz bir məqamda Rusiyadan Mirəşrəf adlı adam yanında da Güneydən olan bir nəfərlə qalxdılar ki, biz istəyirik həmsədr olaq. Sabir bunu eşidən kimi, hiddətləndi və o zaman böyük dava düşdü. Sabir Rüstəmxanlı bəlkə də özü bilmir, amma həmin dava kasetlərdə qalır. Mən də kənardan bunların əlbəyaxa davalarına baxıram. Onda təklif elədim ki, gəlin gizli səsvermə ilə səsə qoyaq, kim seçilsə, o da olsun.

– Bu məsələ ictimailəşdimi?

– Yox, yox… Mən hər şeyin üstünü örtüb-basdırdım ki, cəmiyyətə heç nə çıxmasın. Sabir orada səs toplaya bilmədi, yenə əlbayaxa dava başladı.

– Nə danışırsınız?

Mirəşrəflə Sabir Rüstəmxanlı əlbəyaxa oldular…

– Hə… Qiyamət dava düşdü. Axırda dedim ki, gəlin səsverməni qapalı keçirək. DAK-ın Azərbaycan nümayəndəsi Səftər Rəhimli dedi ki, “Əjdər, mən nə Firudinə səs verirəm, nə də ki, Sabirə… Sabir mənim öndərim-zadım deyil.” Mənim arxada nə baş verdiyimdən xəbərim yox idi. Sən demə, bunlar danışıb belə qərarlaşıblar ki, Sabirin yerinə həmsədr Mirəşrəf seçilsin. Mən də özümdən narahatam, bunlara deyirəm ki, sabah Bakıya qayıdacağıq, mən orada nə deyəcəm? Ona görə də Səftərə Elçibəyin ruhuna and verdim ki, Sabirə səs versin, onun səsi ilə 10 səs Sabirin xeyrinə səs qazandı. Səftər dedi ki, “Sabirə xatir-hörmətə səs verərəm, amma Firudinə verməyəcəm”. Məsələ bununla da dayandı. Amma ortaya maliyyə söhbətləri düşdü. Pul Firudinin hesabına gəlmişdi. Sabir də Bakıdan xeyli adamla qurultaya qatılmışdı. Tədbiri keçirmək üçün yerin icarə haqqı, otel, restoran xərcləri bir xeyli tutdu. Hələ o tədbir üçün də 1-2 nəfər kənardan kömək eləmişdi. Onda Firudinə dedilər ki, sən xərci ödə, sonra hesabındakı puldan çıxarsan. Eyni vaxtda DAK-ın adından qonşu zalda tədbir keçirilmişdi. Və orada da dava düşüb. Restorana bir xeyli ziyan dəyib. Mən orada olan tanış adamlara zəng vurdum və dəyən ziyanın məbləğini öyrəndim, dedilər ki, 5600 avroluq ziyan dəyib. Xahiş elədim, onlar bu pulu da ödədilər və biz səs-küy yaratmadan tədbiri başa vurduq. Sabir Bakıya qayıdandan sonra burada iclas keçirdi. Mən də DAK-ın Daimi Şurasının sədriyəm.

“Sabir, sən şəxsən mənim öndərim, liderim-zadım deyilsən aaa, onu bil…”

Bir məqama da toxunmaq istəyirəm. İndiyədək, ancaq DAK-ın Daimi Şurasının Nizamnaməsi var. İdarə Heyətinin daxili nizamnaməsi yoxdur. Yəni Sabir gedəndən sonra kimsə gəlsə, İdarə Heyəti hansı Nizamnamə ilə yaradılacaq, onu da bilən yoxdur. Belə qeyri-ciddi bir şey… Həmin iclası da Sabir öz ofisində keçirirdi. Dedi ki, mən DAK-ın rəhbəriyəm və mənə Daimi Şura-zad da lazım deyil. Buna bir şey demədim, çünki bunluq bir şey də yox idi. Amma həmin iclasda da Səftər dedi ki, “Sabir, sən şəxsən mənim öndərim, liderim-zadım deyilsən aaa, onu bil…” Onda Səftər yaxamdan yapışdı ki, “bütün bunları sən elədin, mən buna səs vermirdim, mənə and verdin, mən də məcbur səs verdim, bu seçildi. Orada onu dar qapı arasından çıxardın, nəticəsi də budur, göz qabağında…”

əjdər tağızadə3Bir neçə mənbələrdən pul yığmaqla məşğul olublar…

Əsas məqamlardan birinə toxunmaq istəyirəm. Ukrayna qurultayından əvvəl də gördüm ki, Sabir Rüstəmxanlı ilə bir yerdə Tənzilə də tədbirlərə qatılır. Sonradan xəbər çatdı ki, həmin tədbirlərin keçirilməsi üçün Tənzilə də Azəri-Türk Qadınlar Birliyi adından başqa yerlərdən pul alır. İndi mən belə qənaətə gəlirəm ki, dövlət Komitəsi bizim tədbirlərin baş tutması üçün maliyyə vəsaiti ayırırdı, bunlar da ər-arvad oturub fikirləşib, tapıblar ki, elə Əjdəri də DAK-dan uzaqlaşdıraq, Nazim İbrahimovu top-tüfəngə tutub, nüfuzdan salaq, həmin pulu özümüz götürək də, bunlara niyə veririk? Yəni bir neçə mənbələrdən pul yığmaqla məşğul olublar…

– Tənzilə xanımın təşkilatı pulu hansı mənbələrdən alırdı?

– Bunu Azərbaycanda hüquq-mühafizə orqanları açmalıdırlar, mən niyə açıram ki?.. Cinayətdir, onlar da açsınlar.  Məni maraqlandıran DAK-ın taleyi idi. Biz heç bir zaman müxalifət-iqtidar dartışmasında olmadıq. Bizim məqsədimiz bütün azərbaycanlıları birləşdirmək idi, ayırmaq yox. Bir dəfə İsa Qəmbərlə söhbət edəndə dedi ki, əgər tədbirləriniz üçün hakimiyyətdən dəstək alırsınızsa, bu normaldır. DAK qurum olaraq müstəqil fəaliyyət göstərməlidir. İnsafən, bu qədər vaxtda ki, dövlət tədbrlərin keçirilməsində bizə yardım göstərilmişdi, bir dəfə də olsun bizə deməmişdilər ki, müxalifətlə və ya kiminləsə əlaqə qurmayın, quruma yaxın buraxmayın. Heç bir zaman belə şey olmamışdı. İndi Sabir deyir ki, sən bizi aparıb, dövlətin filan yerinə bağlayırsan. Yaxşı, belə oldu? Olsun. Amma Ukraynada qurultay keçirmək istəyəndə məlum oldu ki, bir manat pulumuz yoxdur. Yenə məcbur olub Nazim İbrahimova müraciət etdim. O da dedi ki, cəmi 18 min 400 avro pulumuz var, yalvardım ki, onu bizə versin. “O zaman kimin bank hesabına pul keçirilsin?” soruşanda dedim, Sabirin. Onda Nazim İbrahimov dedi ki, “Əjdər, Sabir Azərbaycan vətəndaşıdr, diaspora deyil ki, onun hesabına pul köçürək.” Mən də israr edirəm ki, köçürün bütün xərcləri o özü ödəsin. Hələ bir dəfə də etiraz etmişdim ki, Sabir, qurultaya gələndə xanımını da gətirirsən, o da burada kulis düzənləyir, adam gətirir – bunun da haqq-hesabı var axı. Bu pul dövlətin puludur. Onda da Sabir dediklərimi Tənziləyə çatdırmışdı. Bir də gördüm tədbir keçirilən zalda üstümə hücum çəkdi ki, bilirsən, mən sənə nə edərəm, filan beşməkan. Dedim, “xanım, mənim səninlə nə işim var,  mənə nə lazımdır, ərinə demişəm da…” Onda dedim ki, “Sabir, sən o “İstiqlal Aktı”na imza atmısan, kaş bir imza da öz istiqlalın üçün ataydın…” (Gülür) Dedim, sən müstəqil adam deyilsən… Dedi, bəs nə edim, dedim, boşa… (xural.com burada Əjdər Tağızadənin dedikləri və Tənzilə Rüstəmxanlının ünvanına təhqir kimi yozula biləcək bəzi fikirləri ixtisara salıb). Dedi, eləyə bilmərəm, işim ondan keçir… Özü mənə etiraf edib ki… (Tənzilə Rüstəmxanlının haqqında təhqir kimi yozula biləcək ifadələri ixtisar edirik – red.) …Azərbaycanda olan imicinin 50 faizini itirib.

Bir misal var… Deyir, biri dəvəyə ağır yük vurur, susuz səhra ilə yol gəlirlər, özü də bir eşşəyin belinə minir. Bir müddət sonra eşşəkdən düşür, bir yemiş kəsir, yeyir, qabığını da bu eşşəyə yedirdir. Dəvə də buna baxır. Sonra dəvənin noxtasını eşşəyin quyruğuna bağlayanda dəvə haqrırır ki, özümdən ağır yükü belimə bağladın, dillənmədim, yemişi ona yedirtdin dillənmədim, amma daha noxtamı onun quyruğuna niyə bağlayırsan?

tənziləDAK-ın həmsədri kimdir – Sabir, Firudin, yoxsa Tənzilə?

Dedim Sabir, daha bizim noxtamızı niyə belə edirsən? Onda belə çıxır ki, DAK-ın həmsədri nə sənsən, nə də Firudin, Tənzilədir? Buyursun, gəlsin otursun, biz də bilək ki, həmsədr kimdir? Mən ondan əvvəl də iradımı bildirib, Tənziləni DAK-dan uzaqlaşdırmışdım ki, təşkilatı, birliyi var, getsin öz işi ilə məşğul olsun da… Bunun bizim işimizdə nə işi var axı… Hansı adla işlərimizə müdaxilə edir, pul yığır… Hər iclasda da Sabir danışıb, qurtarır, sonra da deyir, sözü verirəm xanıma, bu durub danışır…  Aramızda söhbət edirik, zəng vurur arvadına ki, “Əjdər deyir, filanı filan eləyək”… Əsəbiləşirəm ki, mən səninlə danışıram, arvadından məsləhət almıram ki… Vaaay, belə olmaz ki?..

Mahmudəli Çöhrəqani də elə bilir, Sabir bu pulu cibindən xərcləyir…

– Ukrayna qurultayı necə keçdi?

– Orada da dövlətdən 18.400 avronu, hesabına köçürülən pulu alandan sonra DAK-ın ümumiyyətlə üzvü olmayan bir neçə adama vəzifə verdi, elə-belə… Mahmudəli Çöhrəqanini də ABŞ-dan qurultaya dəvət edib, o da elə bilir, Sabir bu pulu cibindən xərcləyir. DAK-ı İmamzadaya çeviriblər. Azərbaycanda da, postsovet məkanında yaşayan azərbaycanlılarda da belə bir adət var, iş adamıdır, əgər qurultaya çağırılıblarsa, üzv oldular-olmadılar, nəzir kimi pul salırlar. Sağ olsunlar, dəstək verirlər. Amma o pul hara xərclənir, haqq-hesabı yoxdur. 3 il keçdi. O 3 il müddətində DAK-ın adı ilə bir tədbir keçirilmədi. Elə Bakıda, Mətbuat klubunda-filan balaca bir toplantı yığılır, bunun da xərci çox olsa 100-120 manat olur. Çox vaxt toplantılar Sabirin VHP-sinin qərargahında olurdu. Etiraz edirdim ki, belə toplantılar keçirmək olmaz. Bir dənə də olsun xaricdə toplantı keçirmədik. Elə bil, DAK-ı özəlləşdirib. Gördüm bunlar dövlətdən aldığımız pulu təyinatı üzrə xərcləmirlər, Nazim İbrahimova müraciət etməkdən imtina etdim. Mən niyə onun qapısında 7 saat gözləməliyəm, pul istəməliyəm? Nəyə və kimə görə? Amma sonra eşitdim ki, Sabirin özü Nazim İbrahimovdan pul alıb, DAK-ın tədbirləri üçün. Aldığı pulla da xaricdə yox, VHP-nin qərargahında 1-2 saatlıq iclas keçirib. Belə iş görərlər, bəyəm? Bu qurulu təşkilatı niyə bu günə qoyursunuz? Bunun harası diaspora təşkilatı oldu? Sabirdən əvvəl bizim hakimiyyətlə, müxalifətlə, Milli Məclislə, mətbuatla çox yaxşı əlaqələrimiz var idi. Hamısını əlinə alandan sonra iddiası qalxdı ki, bəs, burada tək mənəm, hamı da tək məndən danışsın. Azərbaycan Cümhuriyyəti nədir-filan… Bir xəstəliklərin baş qaldırdığının şahidi oldum.

əjdər tağızadə1Sən hansı kompleksi daşıyırsan, səndə nə xəstəliklər var?..

Başa düşmək olmur ki, mən özümü nə üçün reklam, təbliğ etməliyəm, niyə hər yerdə mənim şəklim asılmalıdır? Sən hansı kompleksi daşıyırsan, səndə nə xəstəliklər var? İddiaları da budur ki, Türk dünyasının öndərləri bunlar imişlər, qalanları adam-filan deyillər. Türk Dünyası üçün nə etmisiniz, hansı xidmətləriniz olub? Hazıra nazir olmaq, qəhrəmanlıq deyil. Biz DAK-ın yürüməsi üçün daha nələr etmədik ki… İndı sən bir maniyanla bütün bunları dağıda bilməzsən ki… Mənimlə də başqa bir şəxsi davası var ki, niyə hər iclasda 3 dəfə Elçibəyin adını çəkirsən, bir dəfə mənim adımı çəkmirsən? Deyirəm, qardaş, mən iqtidarın da tribunasından Elçibəyin adını çəkirəm. Sən özünü Elçibəyə tay edə bilməzsən ki… O, başqa bir fenomendir…

Elçibəy “Sabirə etibar etmək olmaz” dedi…

– Nə vaxt olub bu söhbət?

– Tədbirlərin birində həm iqtidar, həm də müxalifət nümayəndələri var idi. Hamıdan axırda mənə söz verdi. Elə oldu ki, 5 dəfə Elçibəyin adını çəkməli oldum. Çıxanda mənə deyir ki, səninlə bu qədər yol gəlmişik, niyə onun adını 5 dəfə çəkirsən, mənim adımı 1 dəfə çəkmədin, DAK-ın sədri mən deyiləmmi, daha sənə söz verməyəcəm. Elə də dedim ki, “sən heç bir zaman Elçibəy ola bilməzsən”.

BAB-ın ən güclü vaxtlarında Prezident Administrasiyasının arxasından Nazirlər Kabinetinin yanına enirdim. Birdən qarşımda ağ maşın dayandı, o zaman da Sabiri yaxşı tanımırdım, nəsə jurnal dərc etdirirmiş… Dedim ki, BAB-a niyə gəlmirsən? Dedi, ora getsəm, yaxşı olmaz… Axşam BAB-da Elçibəyə bunu dedim. Dedi ki, “Əjdər, hər adamı da dartıb bura gətirmə, onu yaxşı bil ha… Sabirə etibar etmək, şələsinin üstünə odun yığmaq olmaz”. Sabir Elçibəy haqqında danışanda dedi ki, güneylilərdən söhbət düşəndə Elçibəy deyib ki, “Eldar Qaradağlını deyə bilmərəm, amma Əjdərə inanıram”… Ona görə bir də dedim ki, “Sabir, Elçibəy mənə inanırdı, mən də həm diri vaxtında, həm də ölümündən sonra ona inanıram…” Elçibəy güneylisi-quzeylisi fərq qoymadan bütün xalqı bağrına basırdı. Cibini, nüfuzunu düşünmürdü eee… Millətini düşünürdü… İndi onun yerini tutmaq kimin həddinə… Hələ bir dəfə də irad tutdu ki, niyə Heydər Əliyevin DAK-ın qurultayına dəstək olduğunu belə qabardırsan, YAP-çılardan çox, sən onu təriflədin. Dedim, qardaş, bu adamlar millətin birliyi üçün bizə ən kritik məqamlarda yardım ediblər, əl tutublar.

“Heydər Əliyevi niyə qabardırsan?” deyir, M.Ə.Rəsulzadəni bəyənmir, İsa Qəmbəri qısqanır…

Niyə adlarını çəkməyim? Sən Fəxri Xiyabana gedəndə Elçibəydən qabaq Heydər Əliyevin məzarına gül qoyursan. Mən demirəm bunu eləmə…  Özün bilərsən. Mən milli barışıqdan yanayam. Amma o əməlin nədir, bu sözün nədir? Bu adam hətta M.Ə.Rəsulzadəni bəyənmir. Onda səhv axtarır. Müxalifətdən heç kimi yaxına buraxmır. İsa Qəmbəri qısqanır. Axı adam belə şeylər edəndə bir adları çəkilən adamlara baxsınlar, bir də özlərinə. Bəs sən bu millət üçün nə etmisən, Sabir Rüstəmxanlı? İndi bunların DAK-dakı fəaliyyəti DAK adından bütün nazirliklərə müraciət edib, pul toplamaqdır. DAK Azəri-Türk Qadınlar Birliyi ilə Vətəndaş Həmrəyliyi Partiyasının ortaq obyektinə çevrilib. Bu obyektdən ancaq pul toplamaq üçün istifadə olunur. Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoyurlar. Hər qurultaya da əl çalmaq üçün 20-30 adam toplayırlar. Nə seçki keçirir, nə də aktual bir məsələni müzakirəyə çıxarmırlar.

– Ümumiyyətlə, DAK-ın qurultaylarına hansı kriteriyalar əsasında adamlar dəvət olunurlar?

– Heç bir kriteriyaya riayət olunmur. Elə qarşılarına kim çıxırsa, yığıb gətirirlər, hələ bir onlara mandat da verirlər. Bir gün də olsun DAK-ın toplantılarında iştirak etməyən, onun hansı prinsiplərə xidmət etdiyi haqda təsəvvürü olmayan adamların DAK-ın qurultayında nə işi var? Mənim çox yaxşı münasibətim olan Pənah Hüseyni də qurultaya dəvət etmişdi. Sonra soruşuram ki, “Pənah bəy, qurultay necə keçdi”, Gülür, deyir, “yaxçı qurultay idi…” İsa Qəmbər mövqe belə bildirmədi, amma başını buladı… Arif Hacılı da onun kimi… (Gülür)

Dedim, “ayə, sən peyğəmbərlik iddiasına düşmüsən”…

İstanbula getməzdən əvvəl mənə demişdi ki, DAK-ın sədri olmaq istəyir, dedim ki, sən DAK-ın sədri ola biməzsən… Əgər həmsədrlik ləğv olunarsa, o zaman sədr də güneydən olmalıdır. Səni ona görə həmsədr qəbul elətdirdim ki, “millət vəkili” rozetin var idi. Deyir, “Bir belə yol getmişik, bir belə çörək kəsmişik, indi mənə qarşı durursan?” Demişəm, “ayə, sən peyğəmbərlik iddiasına düşmüsən, amma bu məsələdə bu da keçərli deyil. Nə olsun ki, sən də dağdan gəlibsən, bir “Ömür” kitabı yazmısan? (Gülür) Elə hər kitab yazanı bu boyda təşkilata sədr qoymazlar ki… Özü də artıq güneylilər başqa peyğəmbər də istəmirlər. 124 min peyğəmbər bəsdir bu millətə. Həzrəti Məhəmməd peyğəmbər də özündən sonra peyğəmbər olacağını vəsiyyət etməyib. Bu nədir? Bir yığın yanında adam gətirirsən ki, sənə əl çalsınlar, sən də qoltuqlanırsan, elə bilirsən daha peyğəmbərsən ki, varsan? Özündən başqa da heç kəsi bəyənmirsən. Ətrafındakılar da dəli-dülüdürlər…

ismayılİsmayıl Ağayev qatı cinayətkar olub

İsmayıl Ağayev bir vaxtlar polis rəisi olub, camaata qan uddurub. Elə qatı cinayətkar odur. Heydər Əliyev də onu Azərbaycanın düşməni adlandırmışdı. İndi Sabir bu adamı Azərbaycan nümayəndəsi kimi DAK-a gətirib. Hansı etika, hansı anlayışla? Bunun başına su töküb, cinayətini təmizləyirsən? İsmayıl Ağayevi DAK-dan uzaqlaşdırdıq. Nazim İbrahimov da onun DAK-a gəlməsindən razı qalmamışdı. O, müxalifətçi də deyil, heç özü də bilmir kimdir… Hələ həbsdə də yatıb..

– Siyasi məhbus kimi?

– Xeyr, cinayətkar kimi… İndi bu adamların DAK-da nə işi var? Sabir bütün türk dünyasının lideri olaraq özünü qəbul etdirməyə çalışır, amma bir dəfə də olsun çıxıb deməyib ki, güney Azərbaycanda bizim 35 milyon azərbaycanlının hüquqları, mənlikləri tapdanır. Heç dilinə alıb deməz də. O da olsun ki, DAK adından Xomeyniyə məktub ünvanlasın. O zaman sən kimin lideri olmaq istəyirsən.

Sabir Rüstəmxanlı müstəqil adam deyil, onu yönləndirən Tənzilə Rüstəmxanlıdır. İnkar edə bilər, amma hər kəsin gözünü bağlaya bilməz axı… Bütün respublika, bütün azərbaycanlılar bunu bilirlər. İndi özü müstəqil olmayan, xanımının sözü ilə durub-oturan bir adama diasporanı təmsil edən DAK kimi bir qurumu necə həvalə etmək olar? Özü də DAK İsveçdə müəyyən Nizamnamə əsasında qeydiyyatdan keçib. Mən də bunun ombudsmanıyam. Mən qanunla heç bir zaman durub deyə bilmərəm ki, DAK-ın fəaliyyətində hər şey qüsursuzdur. DAK-ın üzvləri olmalıdır, yoxdur. Hər dəfə toplantıya müxtəlif adamlar qoşur, onların da DAK-ın üzvü olması ilə bağlı kartları belə yoxdur, demək, üzvlük haqqı da ödəmirlər. Bu təşkilat dünyanın müxtəlif yerlərində, azərbaycanlıları bir araya gətirə bilən nöqtələrində hər ay bir toplantı çağırmalıdır. Halbuki 3 il keçib, bir dənə də olsun toplantı çağırılmayıb. İdarə Heyətini bir yerə yığmaq iqtidarında deyil bu adam. Amma liderlik iddiasındadır. Ümumiyyətlə, Nizamnaməyə görə bu təşkilata kənardan kimi gəldi cəlb etmək olmaz. Bu DAK-ı şəxsi, özəl qurumuna çevirib, kimi öz adamı bilir, sürüyüb gətirir. Olmaz. Bunu eləmək Olmaz! Bütün sənədlər mənim adımadır, mən də İsveç vətəndaşıyam. Sabah tutub boğazaımdan haqq-hesab soracaqlar ki, gözünün qabağında əgər bu qədər qanunsuz hadisələr baş verirdi, sən harada idin? Niyə susurdun, danışmırdın? Məndən haqq-hesab soruşacaqlar. Soruşacaqlar ki, bu qədər DAK-a pul vəsaiti ayrılıb, bunun fakturası hanı? Üzvləri, üzvlük haqları hanı? Niyə bu adam 4 dəfə özünü həmsədr seçib, etiraz bildirməmisiniz?

dak1Sən nə məqsədlə kiminsə cibinə pul basırsan, rüşvət verirsən?

Ona görə danışıram və qanunu tələb edirəm. Neçə dəfə özünə demişəm ki, bəsdir daha, imkan ver başqaları həmsədr olsun, bir iş görsünlər. İmkan vermir. Hələ Firudin Pərvizniana da “onsuz da hər dəfə cibinə pul basıram gedir” deyir. Bu nə iddiadır? Sən nə məqsədlə kiminsə cibinə pul basırsan, rüşvət verirsən? Bu dəqiqə zəng vurun Firudin Pərvizniana, deyin ki, İdarə Heyətinə 21 nəfər seçilib, heç olmasa onlardan bir neçəsinin adını de, deyə bilməyəcək. DAK-ın həmsədri olmasına baxmayaraq, onu bu ər-arvad idarə edir. DAK hansı məqsədlə yaradılmışdı, hansı məqsədlər üçün istifadə edilir? Bu, xanımının sözü ilə dövlət Komitəsindən hər dəfə nə qədər vəsait alır görüləcək işlər üçün. Hanı o pullar? Ortada bir dənə də olsun iş yoxdur. Bilirəm ki, Bakıda yaşamaq çox çətindir – hər kəsin ailə bağı var. Amma onu bilmirəm ki, bunun xanımının hansı vəzifədə olanla nə bağı var ki, bu, ondan bu qədər qorxur, bizi də dalınca aparır.

VHP-nin 200 manata işləyən işçiləri…

 

– İstanbul məsələsi nə idi?

Davamı var…

xural.com

Xüsusi qeyd: Yazıda adı keçən hər kəsin cavab haqqını dərc etməyə hazırıq

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button