“Satqınçılığa meylli korrupsiya dahiləri”

azad mursaliyevHakimlər nağılbaz olmamalıdırlar

Bu gün Azərbaycanın ədalətli məhkəmə sisteminə inam qalmayıb. Aparılmış sosioloji sorğular, məhkəmələrdəki qanunsuzluqlar, Konstitusiyaya, Azərbaycan qanunlarına, insan haqqları və azadlıqları üzrə Konvensiyaya zidd olaraq çıxarılmış qanunsuz qərarlara görə hakimlərin məsuliyyətsizliyi bunu bir daha təsdiq edir. Bu qanunsuzluqların nəticəsi kimi, Azərbaycan vətəndaşı nəzarətedici instansiyalarda şikayətlərinin hərtərəfli baxılması hüququndan məhrum edilir. Törədilən cinayət tərkibli hərəkətə görə cəzasızlıq və məsuliyyətdən qaçmaq üçün korrupsiya sxemindən istifadə olunması insanlarda sabahkı günə, eləcə də ədalətin zəfər çalmasına inamsızlıq hissləri yaradır, öz dövlətinə və onun institutlarına qarşı hörmətsizlik etməyə vadar edir.
Çıxarılmış məhkəmə qərarlarının əksəriyyəti sübutlar bazasına deyil, ehtimallara söykənir. Demək olar ki, Azərbaycan Respublikası CM və CPM-nin tələblərinin pozulması məhkəmə praktikasının normalarına çevrilib. Cinayət işləri üzrə məhkəmə prosesləri başlanğıcdan ittiham xarakteri daşıyırlar və belə proseslərdə ümumiyyətlə tərəflərin ədalətli məhkəmə çəkişməsindən danışmağa belə dəyməz.
Azərbaycan məhkəmələri təqsirləndirilən şəxslərə mümkün qədər ağır cəza verməkdə maraqlıdılar. Yəni bizim məhkəmələr bir çox hallarda ədalət prinsiplərini gözləmirlər. Hətta bununla bağlı ara-sıra bəzi millət vəkilləri də mətbuat vasitəsi ilə öz narazılıqlarını bildirmişdilər. Azərbaycanda məhkəmə qərarları ilə bəraət alan şəxslər təqsirləndirilənlərin cəmi 1-2 faizini təşkil edir. Dünyanın əksər inkişaf etmiş ölkələrində isə məhkəmələr işə baxarkən, daha obyektiv və ədalətli qərarlar çıxarırlar.
Qanunların pozulmasına, çıxarılan qərarların ədalətsizliyinə dair şikayətlərin sayı durmadan artır, lakin həmin şikayətlərin ancaq mizer hissəsinə məhkəmələr tərəfindən baxılır. İlkin instansiya məhkəmələri tərəfindən isə çıxarılmış ədalətsiz qərarlar yuxarı insatansiya məhkəmələri tərəfindən əksər hallarda qüvvədə saxlanılır.
Azərbaycan məhkəmələri həqiqətən də müstəqildirlərsə, onda belə bir nəticə çıxartmaq olar ki, onlar mövcud qanunlara itayətsizlikliklərinə görə müstəqildirlər. Əks halda çoxsaylı fakt kimi hakimlərin cinayət işlərinin istintaqının falsifikasiyasını necə açıq aydın ört-bastır etmələrini nə ilə izah etmək olar?
Bəzi hallarda özləri məhkəmə sənədlərini saxtalaşdırırlar, təqsirləndirilən şəxsi şərləmək məqsədi ilə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunun pozulması, xüsusi ilə fiziki zorun tətbiqi (döyülmə), şahidlərə qarşı psixoloji təzyiqlərlə bağlı şahidlərin şikayətlərinə dair əlavə istintaqın təyin olunmasına imtina edirlər.
Milli faciə qədər ağır durum narkotik maddələrin saxlanılması, gəzdirilməsı, istifadə olunması ilə bağlı qaldırılmış cinayət işləririnin statisikasında özünü bürüzə verir, hansılar üzrə ki, bəraətverici qərarlar da minimuma bərabərdir. Məhkum olunmuş şəxslərin 20 faizi demək olar ki, narkotik maddələrin qanunsuz dövriyysi ilə bağlı təqsirləndirilən şəxslərdir. Lakin diqqət edin, bu maddələrlə kimlər məhkum edilib? Bunların arasında siz narkobaronları görə bilməzsiniz. Əsasən, bunlar sağlamlıqlarını itirmiş, bədbəxt, bir çox hallarda müdafiəsiz qalan insanlardır. O səbəbdən müdafiəsizdirlər ki, narkotikadan asılılıqları, onlardan yaxınlarının belə üz döndərməsinə səbəb olmuşdur.
Qanunların tətbiqi baxımdan passivliyi və məhkəmə sisteminin korrupsiyaya bulaşması bu maddələri şantaj və psixoloji təzyiqlə biznesdəki rəqibin kənarlaşdırılması üçün rahat və əlverişli alətə çevirmişdir. Ən dəhşətlisi budur ki, bu alətdən nəinki iş adamlarına qarşı, hətta müxalif fikirli insanlara və vətəndaş cmiyyətinin üzvlərinə qarşı geniş istifadə olunur.
RƏSMİ STATİSTİKA: Daxili İşlər Nazirliyinin 2014-cü ilin 6 ayı üzrə açıqladığı hesabata görə, narkotiklərlə əlaqədar 1743 cinayət, o cümlədən satışı ilə bağlı 449 fakt müəyyən edilib. 90 nəfərdən ibarət 27 cinayətkar qrup zərərsizləşdirilib. 373 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Nazirlik bildirir ki, narkotik ittihamı ilə məsuliyyətə cəlb olunmuş 1252 nəfərdən 1150-i əmək qabiliyyətli, amma işləməyən və oxumayan, onlardan 353-ü əvvəllər cinayət törətmiş şəxslər, 32 nəfəri qadınlardır. Rəsmilər Azərbaycanda insanların siyasi fəaliyyətinə görə deyil, konkret törətdiyi əmələ görə həbs edildiyini bildirirlər.
Lakin bizə yaxşı məlumdur ki, keçmiş sovetlər ittifaqı dağıldıqdan sonra, müstəqilliyini elan etmiş bəzi respublikalarda olduğu kimi, Azərbaycanda da siyasi baxışları və fəaliyyəti hakimiyyətin ürəyincə olmayan şəxslərin həbsi nadir hadisə deyil. Hakimiyyətin siyasi rəqiblərinin həbsi ilə bağlı tənqidlərə Azərbaycan rəsmiləri inadla cavab verirlər ki, həmin şəxslər konkret cinayətlərə görə müstəqil məhkəmələr tərəfindən məhkum olunub. Eyni inadla beynəlxaq təşkilatlar və Qərb siyasətçiləri Azərbaycan məhkəmələrini müstəqil deyil, siyasi hakimiyyətin əlində repressiya aləti olduğunu bəyan edirlər. İllərdi davam edən bu ritorikanın fonunda, tənqidi jurnaslitlərin, müxalifət və vətəndaş cəmiyyəti fəallarının həbsləri davam edir. Bu həbslərin əsasında daha çox “narkotik maddə ittihamı” durur. (AzadlıqRadiosu -Narkotik – Azərbaycanın «ümummilli ittiham maddəsi» – infoqrafika İyul 25, 2014 Maarif Çingizoğlu).
1.«Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakitlə başlayan narkotik ittihamı, Müsavat Gənclər Təşkilatının üzvü, sosial şəbəkə fəalı Fərəc Kərimli ilə yekunlaşıb. Birinci hadisə 2006-cı il iyulun 23-də, sonuncu hadisə 2014-cü il iyulun 23-də baş verib. Sonradan fikirlərini dəyişərək, onu 234.1 maddəsi ilə ittiham etdilər. Bu maddəyə görə, onu 3 ilədək cəza gözləyirdi. Onu da verdilər… Satirik yazar 2009-cu ilin aprelində amnistiya ilə azadlığa çıxıb və ölkədən mühacirət edib.
2.Növbəti narkotik ittihamı 2007-ci ildə, terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Eynulla Fətullayevə qarşı irəli sürülüb. 2009-cu il dekabrın 29-da 12 saylı həbsxananın rəhbərliyi jurnalistin üzərindən 0.22 qram heroin tapıldığını bəyan edərək ona qarşı «narkotik vasitələrin qanunsuz saxlanması» maddəsi ilə ittiham irəli sürüb. Jurnalist bütün bunların onu susdurmaq üçün atılan addım olduğunu deyib.
3.NARKOTİK İTTİHAMI İLƏ ÜZLƏŞƏN ƏN GƏNC FƏAL. 2011-ci il fevralın 5-də narkotik ittihamı ilə tutulan şəxs AXCP üzvü, 20 yaşlı Sumqayıt sakini Cabbar Savalan olub. Sumqayıt Dövlət Universitetində oxuyan, vaxtaşırı müxalifətin etiraz aksiyalarına qatılan gənc fəal elə həmin il mayın 4-də 2 il 6 ay azadlıqdan məhrum edilib. O, 2011-ci ildə elan olunan əfvlə azadlığa buraxılıb.
4.2013-cü ilin martında Sumqayıtda həbs edilən daha bir AXCP üzvü Daşqın Məlikova da narkotik maddə saxlama ittihamı irəli sürülüb. 2 il yarım həbs cəzası alan gənc fəal prezident İlham Əliyevi dəstəkləyən bəyanat yazaraq üzvü olduğu partiya sıralarını tərk etdiyini bildirəndən sonra şərti olaraq azadlığa buraxılıb.
5.«Tolışi Sədo» qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədov da narkotik ittihamı ilə həbs olunub. 2012-ci il iyunun 21-də narkotik saxlama ittihamı ilə saxlanan hüquq müdafiəçisi sonradan «dövlətə xəyanət»də və «milli ədavət yayma»da da suçlanaraq 5 il azadlıqdan məhrum edilib.
6.İranın «Səhər» telekanalının Azərbaycan üzrə müxbiri, 2012-ci il fevralın 17-də saxlanan Anar Bayramlı da «qanunsuz narkotik saxlama»da ittiham olunub. O, həmin ilin dekabrında əfv edilib.
7.2013-cü ilin martında həbs edilən və «kütləvi iğtişaşlar hazırlamaqda suçlanan 8 NİDA üzvündən 4 nəfərinə qarşı da narkotik ittihamı irəli sürülüb. Gənclər bu ittihamların qurama və sifarişli olduğunu, onların ictimai fəaliyyətindən qaynaqlandığını bildiriblər.
8.«Facebook» sosial şəbəkəsində «Yaltaqlara dur deyək!», «Seçki saxtakarlıqları» səhifələrinin idarəedicilərindən olan Əbdül Əbilov də 2013-cü ilin noyabrında narkotik ittihamı ilə saxlanıb. O, 5 il 6 ay azadlıqdan məhrum edilib.
9.Lənkəran sakini Şaiq Ağayev də sosial şəbəkələrdə tənqidi çıxışlarından sonra həbs olunub. O, övladının orta məktəbdə döyülməsinə dair videomüsahibə hazırlayıb sosial şəbəkələrdə yayandan sonra narkotik maddə satışında suçlanaraq tutulub.
10.2013-cü il noyabrın 24-də saxlanan Müsavat Partiyası Babək rayon təşkilatının sədri Mehdi Niftəliyevə qarşı da narkotik ittihamı irəli sürülüb. O, 3 ay həbsdə qalandan sonra 2014-cü ilin yanvarında şərti azadlığa buraxılıb.
11.Narkotik ittihamı ilə həbs olunanlar arasında dini təmayüllü sayt jurnalistləri və dindarlar daha çoxdur. Ruhani Tale Bağırzadə, Mehdi Şamili, Bülbülə qəsəbəsindəki Ağabalabəy məscidinin axundu Səxavət Əliyev, Cəlilabad rayonunun Göytəpə qəsəbəsinin sakini ruhani İlqar Əliyev, diniyönümlü azadxeber.az saytının redaktoru Nicat Əliyev, islamazeri.az saytının baş redaktoru Ramin Bayramov və ruhani Abgül Süleymanov da Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə («Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma») suçlanaraq, müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Onlardan bəzisi artıq azadlıqdadır.
12. Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən AXCP üzvü Elvin Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Elvin Abdullayev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddələrin satış məqsədilə əldə edilməsi, saxlanması və s.) maddəsi ilə ittiham olunurdu.
13. Elsevər Mürsəllini 2013-cü il oktyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi həbs edib. O, külli miqdarda narkotik saxlama ittihamı ilə məhkum olunub. 2014-ci ilin aprelin 3-də fəal Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Elsevər Mürsəlli 2013-cü ilin prezident seçkisi zamanı müxalif namizəd Cəmil Həsənlini fəal şəkildə dəstəkləyib. Gənc həmin il oktyabrın 3-də Xaçmazda saxlanaraq polisə aparılıb. Rəsmi versiyaya görə, onun cibindən heroin çıxıb. 2014-cü il iyunun 23-də Elsevər Mürsəlli peşmançılıq müraciəti yayaraq əfv istəyib.
14.14.05.2015-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Murad Ədilov 6 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Sabirabad rayonu Xəlfəli kənd sakini, AXCP üzvü Murad Ədilov ötən il avqustun 11-də tutulub. M.Ədilov AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşıdır.
Bir çox hallarda hakimlər ədalətsiz qərarlar çıxartmaqla, yeni cinayətlərin törədilməsinə şərait yaradırlar və buna görə də reallıqda heç bir məsuliyyət daşımırlar. Ən dəhşətlisi budur ki, bəzi hakimlər belə hesab edirlər ki, əgər onlar toxunulmazlıq statusuna malikdirlərsə, deməli, çıxartdıqları ədalətsiz qərarlara görə onları heç kim ittiham edə bilməz.
I. Hakimlər toxunulmazdırlar.
II. Hakim cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər.
III. Hakimlərin səlahiyyətlərinə yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər.
IV. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər. Müvafiq rəyi Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir.
V. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 83 səs çoxluğu ilə qəbul edilir; başqa hakimlərin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 63 səs çoxluğu ilə qəbul edilir.
Azərbaycan Respublikasının Konstitusiyası, maddə 128.
Məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması kimi Konstitusiya hüquqlarına riayət olunmasının əsas qarantı çıxarılmış ədalətsiz məhkəmə aktlarına görə Azərbaycan qanunvericiliyi ilə müəyyən olunmuş hakimlərin cinayət məsüliyyətidir. Lakin bu qanun işləmir. O səbəbdən ki, ədalətsiz qərar çıxarmış hakimlərin mühakimə edilməsi halları ilə çox təsadüfi hallarda qarşılaşmaq olar və belə bir hadisə baş verirsə də bu mütləq siyasi-konyuktura xarakteri daşıyır.
Bununla bağlı uzun müddət Nərimanov Rayon Məhkəməsinin sədri, sonradan Ağır Cinayətlər üzrə Məhkəmənin hakimi Ağababa Babayevin adı keçən qalmaqalı göstərmək olar. Çünki Zülfüqarlı qardaşları barədə həbs qərarı verən, eləcə də həbsdən azad edən bu hakimdir. Amma hakim sifarişi yerinə yetirdiyini, Zülfüqarlı qardaşlarının 5 milyon manat verərək azad edildiklərini, ona isə bir şey çatmadığını bildirir. Tanınmış vəkillərdən birinin fikirinə görə,“Hakimin sifariş yerinə yetirməsi rəzalətdir. “Gülər Əhmədova olayı” ölkədə saxta parlamentin sübutudursa, bu olay saxta məhkəmə sisteminin, bütünlükdə isə dövlətçiliyin təhlükədə olmasının sübutudur.”
Son zamanlar belə bir məhkəmə-istintaq praktikası ilə də qarşılaşırıq ki, zərər çəkmiş tərəfin şikayətinə əsasən nəinki hakimə qarşı prosedurlara uyğun olaraq ittiham irəli sürülməsinə, hətta müəyyən olunmuş prosessual qaydada bu kimi, ərizələrin baxılmasına belə imtina olunur. Bu mövcud qanunçuluğun kobud şəkildə pozulmasıdır.
Yuxarıda qeyd olunanlarla bağlı kifayət qədər faktlar gətirmək olar, hansılarda kı, hakimlərin çıxartdıqları qərarlar nəticəsində Azərbaycan vətandaşlarının Konstitusiya hüquqları pozulur, həmin qərarlarda Azərbaycan höküməti tərəfindən AR CM–nin ayrı ayrı maddələri ilə bağlı edilən düzəlişlərin, əlavələrin tələbləri yerinə yetirilmir.
Harınlamış məmurların, hüquq-mühafizə orqanları əməkdaşlarının qanunsuzluqları nəticəsində basqıya məruz qalmış Azərbaycanın vədandaşının hüquq və azadlıqlarının müdafiəsinə ehtiyac duyulur. Və məhkəmə bu müdafiəni təmin etməlidir. Buna görə də ilk növbədə, insanların konstitusiyada əksini tapmış hüquqlarının, qanunun və ədalətin, eləcə də dövlətin maraqlarının keşiyində duran məhkəmə hakimiyyətinin olması vacibdir.
Korrupsiyaya bulaşmış, sifarişlər əsasında qərarlar çıxardan, satqınçılığa meylli korrupsiya dahiləri olan bəzi hakimlər üçün əsl əngəli andlılar məhkəməsi yarada bilərdi. Lakin bir sıra əsassız səbəblərdən Azərbaycan qanunvericiliyində bu nəzərdə tutulmamışdır. Misal üçün tərəflərin ədalətli çəkişmə prinsipi tam real şəkildə andlılar məhkəməsində öz əksini tapa bilərdi. Eyni zamanda andlılar məhkəməsinin tətbiqi məmləkət məhkəmələrin siyasi sistemdən asılı olması rəzalətindən qurtulmağa yardımçı ola bilər.
Lakin məmurlara andlılar məhkəməsi sərf etmir, onlara siyasi hakimiyyətlə həmfikir olmayanları qondarma materiallar əsasında məhkum etmək, şəxsi əmlaklarını müsadirə edib mənimsəmək məqsədi ilə sifarişli proseslər üçün idarə olunan məhkəmələr lazımdır.
Vətandaşın ədalətsiz mühakimə olunması ölkənin milli mənafeyinə, təhlükəsizliyinə qarşı yönəlmiş addım kimi qiymətləndirilməlidir. Məhkəmələrdə çıxarılmış ədalətsiz qərarlara görə yüzlərlə vətandaşımız cəzaçəkmə müəssisələrinə düşürlər. Onların bəziləri uzun illərdən sonra öz azadlıqlarına belə qovuşa bilmirlər.
Yəqin ki, bir çox Azərbaycan vətandaşı məhkəmə proseslərində iştiraklarından sonra keçirdikləri infarkt nətiçəsində əziyyət çəkirlər (bu anlar bir çox Azərbaycan vətandaşına tanışdır). Belə bir təsəvvür oyanır ki, hakimlər qəsdən vətandaşları məhkəmə salonlarında saatlarla gözlətməklə onları bezdirirlər, sonra da məhkəmə prosesini qeyri-müəyyən vaxta təyin edirlər və sonda çıxardıqları ədalətsiz qərarların nəticəsi olaraq saysız-hesabsız insanları daha yüksək instansiya məhkəmələrinin yollarında zəlil edirlər.
Son zamanlar ölkədə baş vermiş bir sıra səsli-küylü, faciəvi olaylara baxmayaraq ölkənin heç bir hakimiyyət orqanında islahatlara start verilməmişdir. Mənə elə gəlir ki, bu hadisələrdən sonra ən azından nəzarət edici orqanlarda, xüsusi ilə məhkəmə və prokurorluq orqanlarında islahatlar başlanmalı idi.
Məhkəmə və prokurorluq orqanlarında uğurlu islahatların aparılması digər hakimiyyət orqanlarında professional nəzarətin yaranması ilə nəticələnə bilərdi. Əks halda məhkəmə və prokurorluq orqanları vətandaşların əsassz həbs olunmalarını, onlara qarşı baş vermiş qanunsuzluq hallarının rəsmiləşdirilməsində yaxından iştirak edirlər (Siyasi məhbus Abdullayev Mübariz Əslan oğlunun heç bir əsas olmadan 10 (on) il müddətinə məhkum olunması).
Prokurorluqdan məhkəməyə daxil olunmuş, rayon prokuroru və yaxud daha böyük prokuror tərəfindən təsdiq edilmiş ittiham aktınında ibtidai istintaq zamanı cinayət qanunun düzgün tətbiq edilməməsi ilə bağlı AR CPM-nin tələblərinin pozulması müəyyən edildikdə belə, ən azından cinayət işinin yenidən istintaqa qaytarılması əvəzinə, hakim əlindən gələni edir ki, vətəndaşı mühakimə etsin.
Qanunun pozulmasına hakimlər göz yumurlar, həmin qanun pozuntularını bacardıqları qədər əhəmiyyətsizləşdirirlər, sanki ciddi heç nə baş verməyib, ehtmallara sübut bazası kimi istinad edirlər, elə bil uşaq başı aldadırlar. Lakin belə hakim nağılları insanların, bəzi hallarda bütöv bir ailənin faciəsinə çevirilir. Belə qanun pozuntularının yaranmasına səbəb kimi, məhkəmə qərarlarının yenidən nəzərdən keçirilməsi sisteminin çalışmamasıdır.
Bir çox vətənşlarımız ümumi yurisdiksiyaya aid bütün məhkəmə instansiyalarını keçdikdən sonra, ədalətsizliklə üzləşdikləri üçün Azərbaycanın Konstitusiya məhkəməsinə müraciətət edirlər. Lakin Konstitusiya məhkəməsində müraciətlə bağlı çıxarılmaış qərarda göstərilir ki, müraciətdə göstərilən qanun pozuntusu ümumi yurisdiksiyaya aid məhkəmələrin predmetidir.
Belə bir sual çıxa bilər ortaya ki, vətəndaşlarımızı hakimlərin sifarişli olaraq çıxartdıqları ədalətsiz qərarlarından kim müdafiə edə bilər?
Bu sahədə hələ ki, bizim ümidlərimiz AİHM-nin qərarlarınadır. Lakin təəssüflər olsun ki, bu prosedura da uzun çəkir və Azərbaycanda ədalətsiz olaraq mühakimə edilmiş günahsız insanlar üzun müddət cəzaçəkmə müəssisələrində əzab-əziyyət çəkdikdən sonra AİHM-nin çıxartdığı qərarla tanış ola bilirlər. Əgər diqqət yetirirsinizsə, mən qeyd etmirəm ki, AİHM-nin qərarına əsasən Azərbaycan məhkəmələri tərəfindən ədalətsiz olaraq mühakimə edilmiş şəxs azadlıqa qovuşur. “Qərarla tanış ola bilirlər” cümləsinin tərəfimdən qeyd olunması təsadüfi xarakter daşımır. Misal üçün, Avropa İnsan Haqqları Məhkəməsinin keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı verdiyi qərar 14 mart 2013-cü ildə qüvvəyə minib. Avropa İnsan haqqları Məhkəməsi hesab etmişdir ki, Əli İnsanov barəsində ədalətsiz məhkəmə keçirilib. Onun müdafiə hüququ və digər prossesual qaydalar pozulub. Bunları əsas götürərək Avropa Məhkəməsi Əli İnsanovun xeyrinə qərar çıxarıb və ona bəraət verilməsini, eyni zamanda, Azərbaycan hökumətinin 10 min avro cərimə ödəməsi barədə qərar çıxarıb. Məntiqlə bundan sonra Ali Məhkəmənin plenumu 3 ay müddətində Əli İnsanov barədə işə baxaraq yerli məhkəmələrin hökm və qərarlarını ləğv etməli idi. Təəssüflər olsun ki, AİHM-nin qərarına baxmayaraq sabiq nazir bu gün də cəzaçəkmə müəssisəsində saxlanılır.
2015-ci ilin yanvar ayında Avropa İnsan Haqqları Məhkəməsində (AİHM) məhkəmənin illik fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda AİHM-nin 2014-cü il üçün fəaliyyətini əks etdirən hesabatı açıqlanıb.
2014-ci ildə Azərbaycandan daxil olan şikayətlərdən 403-ü məhkəmə icraatına götürülüb, 245-i qəbuledilməz hesab olunaraq icraatdan çıxarılıb, 117 iş üzrə Azərbaycan hökuməti ilə danışıqlar aparılıb, 11 şikayət üzrə qərar çıxarılıb.
2013-cü ildən bu günə qədər ancaq mənim özümün iştirak etdiyim məhkəmə çəkişmələrinin nəticəsi olaraq 8(səkkiz) iş AİHM-nə göndərilmişdir ki, onlardan 6-sı məhkəmə icraatına götürülüb, biri yeni göndərilib (18 iyun 2015-ci il tarixdə Siyasi məhbus Abdullayev Mübariz Əslan oğlu ilə bağlı Avropa İnsan Haqqları Məhkəməsinə Müraciət olundu), digəri haqqında isə təəssüflər olsun ki, heç bir məlumat yoxdur. Təsəvvür edin, bu, ancaq bir ailənin üzvlərinə qarşı çıxarılan ədalətsiz qərarlardan AİHM-ə olunan şikayətlərdir.
Azərbaycan vətandaşlarının kütləvi halda AİHM-ə müdafiə olunmaq üçün müraciətləri onun göstəricisidir ki, bizim ölkədə çox az insan inanır ki, Azəbaycan məhkəmələri qanunun keşiyində durur.
Təkrarçılıq olsa belə, qeyd etməliyəm ki, ümumilikdə Azərbaycan vətandaşlarının bizim məhkəmələrə etibarı yüksək deyil. Mövcud ədalət mühakimə sistemi dəyişməlidir. Azərbaycan Qanunlarına, ümumi qəbul olunmuş beynəlxalq normalara, AİHM-nin qərarlarına ciddi riayət olunması məqsədi ilə hakimlərin məsuliyyətini artırmaq vacibdir. İmkan vermək olmaz ki, insanlar sübutlar bazasına görə deyil, ehtimallar, düşüncələr, göstərişlər əsasında mühakimə olunsunlar. Hakimlər nağılbaz olmamalıdırlar, qanunlar çərçivəsivəsində əldə olunmuş, sübutlara söykənən faktlar gətirməlidirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button