Bu seçkilərdə…

azad mursaliyevNecə deyərlər, “cin ayrı, şeytan ayrı.”

Qarşıdan Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər günü yaxınlaşır. Seçkilər günü 18 yaşı tamam və ya yaşı 18-dən çox, fəaliyyət qabiliyyətinə malik olan bütün Azərbaycan Respublikası vətəndaşlarının seçmək və yaxud seçilmək hüququ var. Bu ərəfədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının son iş günündə qurumun sədri xanım Ann Brassör Avropa Şurasında akkreditasiya olunmuş jurnalistlərlə ənənəvi görüşü zamanı bildirib ki, artıq Assambleyanın büro iclasında Azərbaycanda keçiriləcək parlament seçkilərinə qurumun müşahidəçi missiyasının göndərilməsi ilə bağlı alt komitə yaradılıb, büronun iclasında AŞPA-nın Azərbaycana müşahidəçi missiyasının göndərilməsi ilə bağlı məsələ müzakirə edilib. Azərbaycandan belə bir dəvət alıblar və onu qəbul ediblər. Artıq respublikamızda da müəyyən təşkilatlar, fərdi şəxslər də qrup, blok və yaxud müstəqil şəkildə seçkidə iştiraklarına dair bəyanatlar verirlər. Bəziləri seçkidə iştiraklarına dair açıqlamanı açıq, çəkinmədən iddialı olduqlarını göstərirlər. Digərləri sanki utanırlar, çəkinirlər, nədənsə, kimlərin isə vasitəsi ilə seçkiyə qatılacaqlarını mətbuata, internet resurslarına sızdırırlar. Elələri də var ki, müvafiq prosedurları gözləmədən belə artıq qeyri-rəsmi öz təbliğat kompaniyalarını aparırlar. Əslində burada qəbahətli bir iş görmürəm, əksinə seçki — dövlət və ictimai təşkilatlarda vacib postların tutulması üçün keçirilən ən demokratik üsuldur. Belə hesab olunur ki, müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır və xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Onu da etiraf edək ki, seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur. Açığı bu gözəl, sabaha ümid verən, hər bir sahədə qanunçuluğu vəd edən və hələ ki, kağız üzərində öz əksini tapan arzuların nə dərəcə də Azərbaycana aidiyyatı olub-olmamasını bilmirəm. Bildiyim odur ki, əgər bir xalq-ölkə çoxluğun, kütlənin hakimiyyətini seçirsə və həqiqətin kütləvi çoxluq içində itib-batırılması sisteminə, yəni demokrasiya üstünlük verirsə mütləq hakimiyyət dəyişikliyinə seçkilər vasitəsilə nail olmalıdır. Qeyd etdiyimiz kimi, seçki olmalıdır və onların keçirilməsi zəruridir, məsüliyyətli, işgüzar, öz nəfisinə güc gəlməyi bacaran, şəxsi mənafeyinə üstünlük verməyən, sözün həqiqi mənasında insanların səsini qazanmış cəmiyyətin nümayəndələri bu milləti Milli Məclisdə təmsil etməlidirlər. Lakin mənim üçün maraqlı olan başqa məqamlardır. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri xanım Ann Brassörunun qeyd etdiyi kimi, qurumun müşahidə missiyası burada nəyi müşühidə etmək istəyir və yaxud uzaq olmyan keçmişimizdə məlum “mandat alveri”nə, eləcə də həmin alverin iştirakçılarının cəzasız qalmalarına öz hərəkət və hərəkətsizlikləri ilə göz yuman şəxslər milli məclisə seçilmək üçün namizəd olduqları zaman öz seçiciləri ilə görüşlərində nədən danışacaqlar ? Elə götürək AŞPA-nın Hüquqi Məsələləri və İnsan Haqları Komitəsinin 2013-cü ildə tərtib etdiyi hesabatı. “Korrupsiya: qanunun aililiyinə təhlükə” adlı həmin hesabatda Avropa Şurasına üzv ölkələrdəki korrupsiyaya qarşı mübarizə və korrupsiyanın hazırkı vəziyyəti qiymətləndirilmişdir. Hesabatın 34-cü maddəsi bütövlükdə “mandat alveri”nə və bu olayın “qəhrəmanları”na həsr olunmuşdur, Prezident Administrasiyasının rəhbərinin də bu rüşvət qalmaqalında iştirak etdiyi vurğulanırdı. Hətta bu hesabatın tərtibi prosesində 24-cü maddədə “Transparensy İnternational” təşkilatının 2012-ci ilə dair korrupsiya indeksinə istinad olunaraq, Azərbaycan 139-cu pillədə dayandığı bildirilmişdir. Yəni bu hesabatdan sonra AŞPA 2015-ci ildə Azərbaycan Respublikasında keçiriləcək növbəti seçkilərdə müşahidə apararaq, daha hansı qanun pozuntularını və yaxud ədalətsizlikləri müəyyən etməyə cəhd göstərir? Bəyəm AŞPA-nın məlumatı yoxdur ki, bu miqyasda törədilmiş cinayətin müəllifləri və icraçıları bu ölkənin bəzi millət vəkilləri, tanınmış mətbuat orqanları, hüquq müdafiəçiləri, yeri gələndə elə özünü müxalifətçi kimi qələmə verən siyasətbazlar, perespektivsiz vəkillər, xarici ölkələrdə min cür oyundan çıxan, lakin özlərini siyasi mühacir sayanlar tərəfindən az qala qəhrəman kimi qəbul olundular? Və yaxud da elə götürək bu il, 2015-ci ildə nəzərdə tutulmuş seçkilərə qatılacaq əksəriyyət şəxsləri. Onların bəziləri Azərbaycan ictimayyətinə qeyri-rəsmi də olsa artıq məlumdurlar. Üzümü onların bəzilərinə tutub soruşmaq istəyirəm. Cənablar! Siz öz seçicilərinizlə keçirəcəyiniz görüşlərdə nə barədə danışacaqsınız? Bu görüşlər prosesində seçicilərdən biri özünü toparlayaraq sizdən soruşsa ki, “ay hörmətli deputatlığa namizəd! Bu “mandat alveri” deyilən məsələnin sonu nə oldu, bu qalmaqalla bağlı niyə susdunuz”? və yaxud da sualın daha da sərt şəkildə qoyuluşu mümkündür. Misal üçün, “niyə cinayət törətmiş birilərini müdafiə etdiniz, yoxsa elə siz də bəziləri kimi, seçilib, deputatlıq etmək fikrindəsiniz”? Axı bütün bunlar beynəlxalq aləmdə Azərbaycanın imicinə zərər gətirir. Sözsüz bu sualları cavablandırmaq üçün artıq mövcud təcrübədən bəhrələnmək də olar. Misal üçün:”Mən hesab etmirəm ki, G.Əhmədova o kateqoriya insanlardandır ki, Avropa onunla maraqansın. Qaldı ki, bu məsələnin ölkənin imicinə zərər gətirməyinə, bu mümkün deyil, ölkənin imicinə heç bir təsiri ola bilməz.” Sözsüz, ümumiətlə suallardan yayınaraq “Seçildiyim təqdirdə, sizin hüquqlarınızı, azadlıqlarınızı və qanuni mənafelərinizi təmin etmək üçün AR-nın Konstitusiyası ilə mənə veriləcək səlahiyyətlər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları qarşısında məsələlər qaldıracağam” kimi şablon öhdəlikəri üzərinizə götürə bilərsiniz. Belə olmur, cənablar. Əgər siz bir dəfə qərarsızlıq nümayiş etdirib hər hansı bir səbəbdən susmusunuzsa, öz mövqeyinizi bildirməmisinizsə hanı o qarantiya ki, gələcəkdə də susmayacaqsınız, mövqeyiniz bildirməyəcəksiniz ? Susmaqla, mövqeysizlik bir yana, mən artıq açıq aydın cinayətkarların ört-bastır olunmalarından danışmaq istəmirəm. Əgər birisi lap dolayısı ilə olsa belə, rüşvətxor məmurları, cinayət törətmiş yüksək vəzifəli şəxsləri müdafiə edibsə, bu həmin şəxsə baş ucalığı gətirə bilmədiyi kimi, onun milli məclisdə təmsil olunması da yolverilməzdir. Mənəviyyat, əxlaq deyilən bir anlayış var. Xatırlayırsınızsa, “mandat alveri” ilə bağlı ilk məlumatlar kütləvi informasiya vasitələrində yayılan zaman, cinayət törətmiş şəxslər qınaq obyektinə çevrildilər, korrupsiyada, rüşvətxorluqda ittiham olundular. Hətta onların tutulmaması, məsuliyyətə cəlb olunmamasına görə hakimiyyəti tənqid edirdilər. Elə ki, onlarn cinayətlərinin üstü açıldı və kimlər isə həbs olundu başladılar onların hüquqlarını müdafiə etməyə. Bu nə mövqedir, nə iş prinsipidir? Bu mövqeysizlik həmin şəxsləri xalqın gözündən salıb, xalq onlara nifrət edir. Kim zəmanət verə bilər ki, noyabr seçkilərində mandat əldə etmək istəyənlər gələcəkdə seçildikləri halda da bu üsuldan istifadə etməyəcəklər. Bir də ki, millətin vəkili olmaq ağır yükdür, şərəfdir, lakin öncə insan, daha sonra vətandaş olaraq bu millətə layiq olmağımız vacibdir. İstər sıradan vətandaş ol, istərsə də millət vəkili, yamax vuran naşı dərzi tək, heç bir halda cəmiyyətimizdə baş verən neqativ halların ört-bastır edilməsinə imkan vermək olmaz. Bu arada deyirəm bəlkə mən də öz namizədliyimi irəli sürüm, onsuz da Milli Məclisin iclaslarında iştirak etməkdən, deputat sorğusu verməkdən və məlumat almaq və yaymaqdan başqa heç bir məsüliyyət tələb olunmur. Necə deyərlər, “cin ayrı, şeytan ayrı.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button