Əhliman Əmiraslanov tələbə-könüllülərlə görüşüb

1 (14)Əhliman Əmiraslanov: “ATU-dan ilk Avropa Oyunlarında iştirak edən tələbə – könüllülərin ümumi sayı 1000 nəfərə yaxın olub”

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov “Bakı 2015” Birinci Avropa Oyunlarında iştirak edən tələbə – könüllülərlə görüşüb.

xural.com-a ATU-dan verilən məlumata görə, Görüşdə ATU-nun rektoru Əhliman Əmiraslanov tələbə – könüllüləri salamlayaraq, ilk Avropa Oyunlarının uğurla və müvəffəqiyyətlə başa çatması münasibətilə onları təbrik etdi. Millət vəkili Ə. Əmiraslanov ilk dəfə Azərbaycanda keçirilən və dünyanın əksər ölkələrində böyük maraqla qarşılanan Birinci Avropa Oyunlarının belə uğurla başa çatmasına sevindiyini bildirdi: ” Bu möhtərəm iş bizim ölkəyə çox qısa müddətə tapşırılsa da, cənab prezidentimiz İlham Əliyevin sərəncamına əsasən, 2013-cü il yanvarın 17-də birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldı. Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva sədrlik edirdi. Təşkilat Komitəsinin qərarı ilə Əməliyyat Komitəsi yaradıldı və bu komitə işinin öhdəsindən layiqincə gəldi. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri möhtəşəm oldu. Mən də Bakı Olimpiya Stadionunda idim, sizi yaxından izləyirdim, tələbələrimizin belə fəal iştirakı məni qürurlandırırdı. Bütün Avropa mediası oyunların yüksək səviyyədə keçirilməsindən yazdı, telereportajlar hazırlandı. Hər yerdə xalqımızın necə mehriban, qonaqpərvər olduğundan danışıldı. Birinci Avropa Oyunlarına Azərbaycanın çox qısa bir müddətdə hazırlaşmasına baxmayaraq, qurur duyuram ki, nəticə həddindən artıq yüksək oldu”.

Akademik Əhliman Əmiraslanovun sözlərinə görə, ATU-dan Birinci Avropa Oyunlarında iştirak edən tələbələrin ümumi sayı 1000 nəfərə yaxın olub. Onlardan 400 nəfəri Səhiyyə Nazirliyinin müraciətinə əsasən dekabr və yanvar aylarında ATU-nun Tədris Cərrahiyyə Klinikasında təlimlər keçiblər. Bu tələbələrin 215 nəfəri Birinci Avropa Oyunlarında həkim yardımçısı kimi iştirak ediblər.

Daha sonra çıxış edən ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Novruzov Birinci Avropa Oyunlarında iştirak edən tələbələr haqqında məlumat verdi: “Məlum olduğu kimi, 8 dekabr 2012-ci il tarixində Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul olunub. Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunlara ev sahibliyinin məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətin təzahürüdür”.

ATU-nun istehsalat təcrübəsi dekanı Şəfa Əliyev isə bildirdi ki, universitetdən “Baku 2015” ilk Avropa Oyunlarına qatılan könüllülər yay istehsalat təcrübəsindən azad olunub.

Görüşün sonunda ATU-nun  rektoru Ə. Əmiraslanov ilk Avropa Oyunlarında yaxından iştirak etdikləri üçün bir daha tələbə – könüllülərə təşəkkür etdi.

xural.com

 1 (15) 1 (14)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button