Əvəz Zeynallı: “Orada üsyan dalğası yetişir”

Əvəz Zeynallı: “Orada üsyan dalğası yetişir”

Baş redaktor deyir ki, “Sədərək” ticarət mərkəzinin sahibləri insan ləyaqətini alçaldır və qanunsuzluqlara yol verirlər

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının sosial şəbəkələrdə “Sədərək” ticarət mərkəzi ilə bağlı paylaşdığı status diqqəti cəlb edərək, geniş müzakirələrə yol açıb. Baş redaktorun statusunda “Sədərək”də baş verən qanunsuzluqlar, icarə haqqının bahalığı, insanların dözülməz həyat yaşayışı, min cür əziyyətlə qazanılan çörəkpulu qeyd olunub.
Ə.Zeynallı “Sədərək”də insan ləyaqətinə hörmət edilmədiyini statusda diqqətə çatdırıb: “Son 2 gündür “Sədərək” cəhənnəmindəyəm. Burada insan ləyaqətinə hörmət deyilən şey yoxdur. Həbsxanalarda belə buradakı şəraitdən yaxşıdır vəziyyət. Bir az araşdırdım. Ən azı 10.000 obyekt var. 500 manatdan 1500-2000 manata qədər icarə haqqı verirlər. Obyektlərin hər xərcini obyekt sahibləri çəkir. Danışmaq, soruşmaq istədim, başıma cormalaşdılar. Dərd dolu idilər. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyi burada bazar yaradılmasına etiraz bildirib. Keçmiş SSRİ-nin ən radiasiyalı sahələrindən biri imiş buralar. Əcaib-qəraib tullantılar basdırıblar”.
“Xural”ın redaktoru “Sədərək” ticarət mərkəzinin sahiblərini də tənqid atəşinə tutub: “Burada 10.000-dən çox iş yeri var. Hər gün bura 10.000-lərlə adam gəlir. İcarə haqları çox baha, xidmət yox. Mən daha əziyyət çəkib icarəni hesablamadım. Yusiflə Kəbirənin pullarını saymaq mənəmi qalıb? Amma insanlar danışdıqca sovetdənqalma bir deyimi xatırladım. Tüfeyli kimi pul qazanmaq, zəhmətsiz gəlir buna deyirlər. Heç bir iş görmə, dövlətin torpağını hasarla, onu balaca-balaca hissələrə böl, camaata icarə ver və heç nə etmədən milyonlarla pul qapazla.
Millət də qırılsın…”.
“Yeni Müsavat”a açıqlamasında Ə.Zeynallı iki gün  ərzində “Sədərək”də gördüklərindən dəhşətə gəldiyini bildirdi: “Heç bir araşdırma məqsədim yox idi. Sadəcə işim var idi. İnsanların vəziyyətini gördüm. Dəhşət məni bürüdü. Çox ağır vəziyyətdir. Qərara aldım ki, araşdırma aparım. Bircə sual verdim ki, burada nə qədər obyekt var? Dedilər ki, 10 min. İcarə haqqını soruşdum. 1500, 2000, hətta 3000 belə deyən oldu. Hətta öz yeri olub, gündə 30 manat belə verənlər var. Nəfəs almaq mümkün deyil. Gündə ora on minlərlə adam gəlir, işləyir. Bəs bu insanların taleyi? İnsanlar zərərli yerlərdə niyə işləməlidir? Dövlətin ərazisini hasarlayıb, yüksək məbləğdə kirayə verirlər. Bəs milyonlarla pul hara sovrulur? SSRİ dövründə zəhmətsiz pul qazananlar cinayət məsuliyyətinə cəlb olunurdular”…
Baş redaktor araşdırmalarının davam edəcəyini söylədi: “Dövlətin müəyyən qurumlarına sorğular göndərəcəm. İnsanları belə vəziyyətdə işlətmək gizli genosiddir. Bu milləti belə məhv etmək olmaz. On minlərlə insan orada dövlətin heç bir köməyi olmadan həyat mücadiləsi verirlər. Bir-iki kəlmə söz soruşdum. Sanki insanlar himə bənd idilər. Belə hallarda bəzən insanlar qorxur. Amma onlar dərdlərini açıq söylədilər. Yazdıqlarımı onlar mənə dedilər. Orada üsyan dalğası yetişir. İnsanların enerjisi sonda ciddi partlayışa səbəb ola bilər. Ən əsası odur ki, insanlar qorxmadan dərdlərini dilə gətirə bilirlər”.
Ə.Zeynallı araşdırmalarının ona təhlükə yaradacağından çəkinmədiyini diqqətimizə çatdırdı: “Anadan doğulandan təhlükələr içərisindəyəm. Bəziləri müsahibə aldığımıza görə də hədə-qorxu gəlirlər. İqtidarlı-müxalifətli, hətta QHT rəhbərləri belə üzərimizə gəliblər. Ömrümüz belə keçib. Azad mətbuatın sərhədləri daralıb. Araşdırmalarımdan vaz keçməyəcəyəm. Pul qazanırlar, öz işləridir. Amma insanlara diqqət etmək lazımdır. “Sədərək”də işləyənlər bu məmləkətin insanlardır. Onlar yazıqdır. Onların hesabına “Sədərək” rəhbəri pul qazanır. Belə zülm olmaz. Hitlerin əsir düşərgələrində belə insanlara bu cür münasibət bəslənilməyb. Hamı çalışır ki, bu millət qorxaq, iradəsiz olsun. İnsanlara layiq olduqları şəraiti yaratmaq lazımdır. Həbsxanada olmuşam. Ləyaqətli cəza çəkmək hüququm uğrunda çarpışmışam. Bütün həbsxana həyatım belə keçib. Ağır Cinayətlərin zirzəmisi at tövləsidir. Mərd insanları bu tövlədə qolubağlı saxlayırlar. İnsanlar hər yerdə insan ləyaqətinə uyğun yaşamalıdırlar. “Sədərək”, “Binə” də isə  insan ləyaqəti alçaldılır. Həbsxana oradan yaxşıdır. Bu millət bir gün haqqını tələb edəcək”.

 musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button