Gəlin, gedək tullanaq…

rufat-acki1Rüfət Əhmədzadə yazır:

İqtidaryönlü jurnalistlər demişkən, Azərbaycanda “bir qrup gənc” ordudakı haqsızlıqlara etiraz edir, əsgər ölümlərini gündəmə gətirir, lakin bu gənclər repressiyaya məruz qalır, həbsə atılır.

Baxmayaraq ki, bu prosesin nəticəsi olaraq, bir ildən çoxdur müdafiə naziri də dəyişilib. Həmin keçmiş nazir Səfər Əbiyevin indi harda olduğu məlum deyil, ya Çexiyadadır, ya da Allah bilir hansı villasında. Rəşadət hardadır… Öz vətənində, amma övladından uzaqda, zindanda.

Azərbaycanda korrupsiyadan söhbətlər gedir, ara-sıra “dejurnı” islahatlar xatirinə kimlərsə vəzifədən azad olunur, amma onların haqsızlığına məruz qalan insanların işinə baxılmır. Məsələn, hansısa kollec direktorunun təhsildən məhrum etdiyi gənclər yerinə bərpa olunurmu? Bilmirəm… Ya da Qubada və İsmayıllıda məmur özbaşınalığına etiraz edən, sadəcə etiraz haqqından faydalanan insanlar mərhəmət görürmü?.. Bilmirsiz?!

Tofiq Yaqublu və İlqar Məmmədov iğtişaş təşkilatçısı kimi həbsə atılır. Əgər bütün hadisələrin arxasında onlar dururdusa, niyə “günahkarlar cəzalandırıldı”, hansısa məmurlar işdən çıxarıldı? Bilən var?.. Qalmışdılar da öz yerlərində.

İllərini milli mətbuatın inkişafına həsr edən, əziyyətlər bahasına “Xural” qəzetini çıxaran Əvəz Zeynallı bütün ölkədə “rüşvət simvolu”na çevrilən şəxslər tərəfindən şərlənilir… Lakin həmin o “simvolik” şəxslər də ilişəndə onların işləri daha yüngül olur. Əvəz Zeynallı isə oturub ədalət gözləyir… Çıxmağına çıxdı, amma niyə girmişdi ki?

Ona 1 günlük cəza da kəsmək haqsızlıq idi… Bilirlər!

Həbsdə olan jurnalistlər arasında “reket” adlandırılanlar da var. Amma gəlin bu məsələyə başqa tərəfdən də baxaq. Prokurorluq o jurnalistlərin qoluna qandal vurarkən, şikayətçi məmurların hansını yoxlamışdı…

Əşşi, bu söhbətlər qurtaran deyil. Onsuz da hamı hər şeyi yaxşı bilir, yaxşı da bilməzlik göstərir.

Biz kimin üçün, nə üçün mübarizə aparırıq ki?

Gəlin, gedək tullanaq… Xəzərə, çimmək üçün.

senzor.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button