“Sabir Rüstəmxanlının DAK-a gətirilməsinin ən böyük günahkarı mənəm”

Hədəflərindən biri güneyli, quzeyli bütün azərbaycanlıları bir çətir altında birləşdirmək olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) özündən indi parçalanma xəbərləri gəlir. 2005-ci ildə, faktiki, iki yerə bölünən təşkilatda indi Sabir Rüstəmxanlı-Əjdər Tağızadə konflikti yaranıb. Bir müddət əvvəl Sabir Rüstəmxanlının ona qarşı yönəltdiyi ittihamlara cavab vermək istəyən Əjdər bəylə söhbətimizə DAK-ın tarixindən başladıq.

Təşkilatın yaranmasında danılmaz xidmətləri olan Əjdər Tağızadə ilə müsahibəni Strateq.az oxucularına təqdim edirik:

– Əjdər bəy, gəlin, ilk əvvəl bu sualdan başlayaq: ümumiyyətlə, DAK nədir? Onun yaranma zərurəti hardan doğdu?

– DAK mövzusu uzun söhbətdir. Qısaca belə demək olar: O, 1997-ci ildə Amerikada yaranıb. Həmin vaxt təşkilatı Cənubi Azərbaycandan olanlar yaratmaq istəyirdilər. Onların əksəriyyəti milli hərəkatdan, Azərbaycançılıq prinsiplərindən, dövlətçilik ənənələrindən xəbərsiz idilər. Çoxu farsca danışırdı. Mən təşkilatın I Qurultayına oğlumla gedəndə onlar 700 nəfər idilər. Baxmayaraq ki, qurultaya giriş pulunu (50 dollar) ödəmişdim, orda məni içəri buraxmırdılar. Sinəmdəki Azərbaycan bayrağını simvolizə edən nişanı göstərib “bu faşist emblemini çıxart” deyirdilər…

– Bəy, dəqiqləşdirmək istəyirəm: söhbət DAK-ın qurultayından gedir?

– Bəli, onun 1997-ci ildə keçirilən I Qurultayından söhbət gedir. İndi hər kəs bir kitab yazıb DAK-ın tarixindən danışır, özünün bu təşkilatın yaranmasındakı rolundan bəhs edir. Hamını özlərinə güldürür. Amma, faktiki olaraq, DAK bu cür yaranmışdı.

– DAK-ı farsdillilər niyə yaradırdı?

– Onlar DAK-ı İran adlanan yerin bayrağı altında yaradırdılar. Xitabət kürsüsünə də İranın bayrağını vurmuşdular. Ona görə də dəfələrlə gəlib mənə dedilər, ya bu bayrağı burdan götür, ya da qurultayı tərk et. Şahidlərim də var. Əli Kərimli də, bizim tanınmış ziyalılardan da bir-iki nəfər orda idi. Mən də onlara deyirdim ki, yaxşı, mən bu bayrağı götürürəm, onda siz də İran adlanan ölkənin bayrağını trubinadan çıxarın. Qurultayda çıxış edənlərin əksəriyyəti farsca danışırdı. Deyirdilər ki, bizim dilimiz fars dilidir, biz iranlıyıq və s. Mən iki gün lal-kar olub, dözdüm. İki gündən sonra əlimə fürsət düşən kimi, etiraz etdim bunlara. Bundan sonra onlar “qarabala”ları gətirib məni zorla ordan çıxartdılar.

– “Qarabala” deyəndə, yəqin, ABŞ-ın zənci polislərini nəzərdə tutursunuz?

– Bəli. “Qarabalalar”ı gətirib mənimlə oğlumu qurultaydan çıxartdılar. 700 nəfər idilər. Müqavimət göstərən biz iki nəfər idik-mənimlə oğlum. Mən çöldə onlara dedim ki, sizin heç nədən xəbəriniz yoxdur. Azərbaycan adlı dövlət var. Bu da onun bayrağıdır. Əgər qurduğumuz qurumun adı Azərbaycanla bağlıdırsa, onun quzeyli, güneyli fərqi olmadan ümummilli bayrağı var. Onlar Azərbaycanın bir dövlət kimi varlığından, həqiqətən də, xəbərsiz idilər. Bu təşkilatı yaradanlar milli ideologiyanı bilmirdilər. Sonra bizim apardığımız ardıcıl iş nəticəsində İran projesinə qulluq edən bu qrup dağıldı. Artıq II qurultaya gedəndə rəhmətlik Heydər Əliyev ora bir təyyarə adam göndərmişdi. Onların içərisində özünün 4 müşaviri var idi – Hidayət Orucov, Əli Həsənov və digərləri. İki millət vəkili də gəlmişdi bizimlə. Həmin qurultay təşkil olunanda bu millət vəkillərini İran əsillilər ələ salırdılar. II qurultayda da bayraq qoymamışdılar. Mən yenə etiraz etdim. Dedim ki, “mən tüpürüm sizin gördüyünüz işə, Azərbaycan adına qurultay keçirirsiniz, onun bayrağını heç yerdən asmırsınız”. Mən onlarla dava edə-edə çölə çıxdım. Bir də gördüm ki, Arif Rəhimov arxamca gəlir. Yaxınlaşıb mənə dedi ki, Əjdər, gəl, bayraq asdılar. Gəlib gördüm ki, kiçik bir bayraq asıblar trubinadan. Bu çəkiş-bərkişdən sonra qurultayda iştirak etdim. Orda ABŞ yetkililəri də var idi. İki gündən sonra mənə də danışmaq üçün söz verildi. Çıxışımda bizim türk olduğumuzu, iranlılıqla əlaqəmizin olmadığını detallarına qədər anlatdım. Qurultayın sonuna az qalanda orda iştirak edən gənclərlə görüşdüm. Onlardan xahiş etdim ki, Azərbaycan bayrağını ümummilli rəmz kimi qəbul etsinlər. Eyni sözləri çığıra-şığıra qurultay iştirakçılarına da dedim və qəbul etdirdim. Bu qurultaydan sonra Amerikadan toplantıya qatılanlar tamamilə dağıldılar. Onlardan yalnızca 2-3 nəfər adam qaldı. Daha sonra bu toplantın növbətisi Almaniyada keçirildi. İran tərəfdarları gördü ki, yaratdıqları proje əllərindən çıxır. İstədilər ki, bu ideyanı Almaniyada bir kənara atıb aradan çıxalar. O zaman mən Avropadakı dostlara dedim ki, gəlin, Amerikadan gələnləri də bu təşkilatda saxlayaq.

– Niyə saxlamaq istəyirdiniz onları?

– Mənim davam güneyliləri ordan uzaqlaşdırmaq deyildi. Quzeyli, güneyli Azərbaycan xalqının birliyini yaratmaq idi. Sadəcə, bu təşkilatın milli dəyərlər üzərində qurulmasını, milli məfkurəni əsas götürməsini arzulayırdım və buna da nail olmuşdum. Digərlərinin orda təmsilçiliyi həm onların haqqıydı, həm də bizim fikirlərimizi yaymağımıza imkan verirdi. Üstəlik, DAK-ı onlar yaratmışdılar və quzeydən gələnləri arzulamırdılar. İndisə biz qüvvələr nisbətini bərabərləşdirmiş, hətta üstünlük əldə etmişdik, qərarverici gücə çevrilmişdik. Biz o qurultaylarda Güney Azərbaycanın istiqlalı və bütövlük məsələsini qoymaq istəyirdik. Və apardığımız ardıcıl işlə buna nail olduq. DAK İran projesi olmaqdan çıxıb, Azərbaycanın istiqlalı və bütövlüyü uğrunda mübarizə aparan quruma çevrildi.

– Təbii ki, Heydər Əliyevin göndərdiyi bir təyyarə adamın sayəsində…

– Bilirsinizmi, Güney Azərbaycan, milli bütövlük ideyası ümummilli məsələdir. O vaxt Elçibəy də bizə tapşırmışdı ki, bu məsələyə hakimiyyət-müxalifət ziddiyyətini qarışdırmayaq. Heç mən də qarışdırmağın tərəfdarı deyildim. İstəsəm belə, qarışdıra da bilməzdim. Çünki Azərbaycan vətəndaşı deyiləm. Mən Azərbaycan əsilli İsveç vətəndaşıyam. Səsverici olmadığımdan siyasətə qarışmağım da yersiz olardı. Mənim ən böyük siyasətim apardığım mübarizənin öz hədəfinə çatması idi. DAK-da da faliyyətimiz ona yönəlməmişdi ki, hansısa qrupu ordan uzaqlaşdıraq. “Qurultaya federalçılar gəlməsin” deyə bir dərdimiz də yox idi. İstəyirdik ki, millətimiz qaynayıb qarışsın, milli məfkurə ətrafında birləşsin.

– Əjdər bəy, güneylilər bizi niyə istəmirdilər?

– O zaman xaricdə quzeydən gedənlər çox az idi. Demək olar ki, yox səviyyəsində… İran adlanan yerdə isə həmişə Azərbaycan adına qarşı qəribə bir xof mövcud olub. Bu da İranın ənənəvi siyasətindən qaynaqlanıb və qaynaqlanmaqdadır. İran bu adı öz dövlət bütövlüyünə təhlükə kimi hiss edib. Çünki burada İran əleyhinə deyilən hər kəlmə dünyada ciddi əks-səda doğurur. Dünyanın ən nüfuzlu mətbuat orqanları öz səhifələrində bu xəbərlərə yer ayırır. İran rejimi də həmişə bu əks-sədaya həssas yanaşır. Hətta quzeydə qurulan, milli cümhuriyyətin adına belə bu səbəbdən İran hökuməti həmişə etiraz notası göndərib. Güneydə qurulanlara da həmçinin eyni həssaslıqla yanaşıblar. Vaxtilə Xiyabani hakimiyyətini vadar ediblər ki, qurduğu dövlətin adını Azərbaycan yox, Azadistan qoysun. İndiki Azərbaycan respublikası üçün də eyni notalar verilib. Yalan deyirəmsə, Xarici İşlər Nazirliyi təkzib etsin. Güneylilər də İranın bu həssaslığının təsiri altında qalıblar.  Onlar əsasən eyni dövlət sərhədləri içərisində federal dövlətçilikdən yanadırlar.

– İndi belə bu notalar verilir?

– Bəli, 1990-cı ildən bu yana İranın Azərbaycana göndərmədiyi nota qalmayıb. Ayaz Mütəllibovun zamanında da, Elçibəyin zamanda, Heydər Əliyevin zamanında da bu notalar verilib. İndi də verilir. Əksər notaların da səbəbi bizim fəaliyyətimizlə bağlı olub. Heydər Əliyevin vaxtında incə siyasət yürüdülürdü. Özü olmasa belə, müxalifət qüvvələri, xüsusilə də Elçibəy İran adlı yerin əleyhinə fikirlər səsləndirirdi. Heydər Əliyev də “mən nə edə bilərəm ki, müxalifət lideri bu cür bəyanat verir, BAB yaradır” deyirdi. Biz də bu siyasətdən cəsarət alıb İran səfirliyinin qarşısında etiraz aksiyaları keçirirdik. Heydər Əliyev də İranın etirazına “mən qonağa nə deyə bilərəm?” cavabını verirdi.

– İran dövləti bizim müstəqilliyimizi niyə istəmirdi?

– Bunun çox sadə səbəbi var. Burdakı müstəqillik ideyası orada da yayılır. Ordakı azərbaycanlılar görür ki, rusların əsarətində yaşayan bir ovuc azərbaycanlı müstəqilliklərini qazandılar. Onlarda belə bir fikir yaranır: quzeylilərin bu qədər az və Rusiyanın dünyanın ən güclü dövlətlərindən biri olmasına baxmayaraq, müstəqilliklərini elan etdilərsə, biz niyə etməməliyik? İstər-istəməz, bu fikirlər güneyli azərbaycanlıları müstəqillik hərəkatına həvəsləndirir. Bu da İran rejimini narahat edir. İran adlı yer Azərbaycanın müstəqilliyini, bir dövlət kimi mövcud olmasını istəmir. Ona görə də əlindən gələn təxribatı törədir ki, bu müstəqilliyin qarşısını alsın. İstər Ayaz Mütəllibov, istər Elçibəy, istər Heydər Əliyev, istərsə də İlham Əliyevin əleyhinə İranda keçirilən aksiyalar bunun ən bariz misallarıdır. Bir vaxt mən İlham Əliyevin əleyhinə İranda keçirilən aksiyaya etiraz edəndə bəzi dostların qınağıyla üzləşirdim. Dostlar anlamaq istəmirdilər ki, niyə hakimiyyəti müdafiə edirəm. Halbuki, mən hakimiyyəti yox, Azərbaycanın artributlarından birini dəstəkləyirdim.

– Əjdər bəy, indiyə qədər danışdıqlarınızın arasında, maşallah, hamının adını çəkdiniz, bir Sabir Rüstəmxanlıdan başqa. Bəs, Sabir bəy necə gedib DAK-a çıxmışdı?

– Bayaq demişdim ki, II qurultayda Azərbaycandan gedənlər arasında iki deputat var idi. Bax, o deputatlardan biri Fəzail Ağamalı, digəri isə Sabir Rüstəmxanlıydı. Sabir Rüstəmxanlı DAK-a o səfərlə gəlmişdi, o səfərlə də getdi. O zamana qədər Sabir Rüstəmxanlı güney məsələsinin dövrəsinə əsla dolanmırdı. Biz isə DAK-dan əvvəl BAB-ı yaratmışdıq. Mən təklif etmişdim ki, bu təşkilata digər partiyalar qoşulsun. Üzvlərimiz etiraz edirdilər. Elçibəy də məni müdafiə etdi. Biz ətrafımıza bütün siyasi partiyaları, ictimai təşkilatları yığmaq istəyirdik. Cənubi Azərbaycana burda ideoloji düşüncələrimizin transferi üçün bu məfkurənin bütün hər kəs tərəfindən müdafiəsi lazım idi. Təsadüfi deyil ki, burdakı hadisələrdən ilham alan güneylilər artıq aksiyalar da keçirirdi. Hətta ən mühafizəkar yer olaraq bilinən Qumda belə tələbələr siyasi aksiyalar keçirirmişdilər…

– Əjdər bəy, sözünüzü güllə kəsirəm. Sizin dediyiniz bu sözlər həqiqətən də çox vacib məsələlərdir. Amma bu xidmətlərinizi, mübarizənizi danışsanız demək istədiyiniz əsas məsələyə gəlib çıxa bilməyəcəyik. Məncə, söhbətə Sabir bəyin DAK-a necə gəlməsindən davam etsək, mənzilə daha tez çatarıq…

– Sabir Rüstəmxanlı məhz bu məfkurənin danışılmaması üçün DAK-a gətirilib.

– Bəs, onu ora kim gətirib?

– Açıq etiraf edirəm: Sabir Rüstəmxanlının DAK-a gətirilməsinin ən böyük günahkarı mənəm. Təəssüf ki, onu DAK-a mən gətirmişəm.

– Günahınızı etiraf edirsiniz?

– Bəli, bəli. Mənim günahımdır. Mən bir nəfərlə durub getmişəm Sabirin otağına və onu DAK-a dəvət etmişəm. O adamın adı Hüseyn Yusifdir. Təbrizlidir, indi Almaniyada yaşayır.

– Bu gün ideoloji məsələləri müzakirə etməmək üçün Sabir bəyi DAK-a gətirmişdiniz?

– Yox, əlbəttə. Getmişdik ki, çevrəmizdə bir millət vəkili, tanınmış şair, publisist, ziyalı kimi görünən adam olsun. O vaxt Elçibəy burda yox idi. Nüfuzlu bir ziyalıya ehtiyac var idi. Halbuki, xaricdə olan azərbaycanlılar Sabirin orda təmsil olunmasını istəmirdilər. Sabir onda güney azərbaycanlılar arasında hər kəsin bəyəndiyi adam da deyildi.  Elə bir adamı tanımırdılar. Almaniyada məlum qurultaya hazırlaşanda mən deyirdim ki, gəlin, Azərbaycan parlamentindən bir neçə adam aparaq. Orada Tehrançılarla psixoloji mübarizədə qalib gəlmək üçün buna ehtiyac var idi. Onlar görməliydilər ki, bizim arxamızda dövlət dayağı var. Buna görə də deputatları ətrafımıza cəlb etdik. Özü də təkcə Sabir Rüstəmxanlını yox. Qüdrət Həsənquliyev, Fəzail Ağamalı və digər deputatları da bu işə cəlb etmək istəyirdim. O zaman mənim güneyli əqidə dostlarım buna qarşıydılar. Qətiyyən bunu istəmirdilər.

– Güneyliləri bunu niyə istəmədiklərini anlaya bilmirəm. Səbəb nə idi?

(ardı var)

Söhbətləşdi: Heydər Oğuz

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button