Qabiliyyət imtahanında bütün abituriyentlər müəllimlər tərəfindən təhqir olundu

TQDKAli məktəblərə qabiliyyət imtahanları ilə bağlı ciddi narazılıqlar var

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet səhifəsində 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin ixtisasları üzrə qabiliyyət imtahanlarının cədvəli açıqlanıb.

İmtahanlar 19 iyul – 4 avqust tarixləri aralığında Bakıda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, Azərbaycan Milli Konservatoriyasında, Bakı Musiqi Akademiyasında, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, həmçinin Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şirvan şəhərlərində keçiriləcək.

xural.com bizimyol.info-ya istinadən xəbər verir ki, qabiliyyət imtahanları heç də qanunamüvafiq şəkildə həyata keçirilmir. Hətta bir çox hallarda abituriyentlər elə  imtahanı götürən müəllimlər tərəfindən təhqir olunur, mənlikləri alçaldılır və stressə çəkilir. Bu haqda hazırlanan reportajı Oxucuların diqqətinə çatdırırıq.

– Bəs qabiliyyət imtahanından keçmək üçün yalnız qabiliyyət yetərlidirmi? Yoxsa abituriyentləri qorxudan şayiələr həqiqətdirmi? “Hörmət” və ya tanışlıqla imtahandan keçmə halları varmı? Bir sözlə, gələcəkdə peşəsini incəsənət ixtisasları üzrə qurmaq istəyən tələbələr arzularına çata biləcəkmi?

“Məni o qədər sıxdılar ki…”
“Bizim Yol”a müraicət edən 23 yaşlı Leyla Məmmədova deyir ki, 5-ci qrup üzrə aktyorluq və rejissorluq ixtisaslarına qabiliyyət imtahanı zamanı imtahan verənlərə psixoloji təzyiqlər edilib, bu təzyiqlər isə onlarda ruh düşkünlüyünün yaranmasına səbəb olub: “Hətta kobud, bəzi hallarda isə lağ edər kimi davranırdılar bizimlə. Otaqdan çıxan uşaqların hamısı çox pis vəziyyətdə idi. Universitetin həyətində abituriyentlərdən birinin halı pisləşmişdi. Onları bu halda görüb mən də çox gərgin vəziyyətə düşürdüm. Özüm də imtahan zamanı çox kobud rəftarla qarşılaşdım. İçəri daxil olub, özümü təqdim etdim və düşünürdüm artıq öyrəndiklərimi göstərəcəyəm. Ancaq bu belə olmadı. İlk öncə çox mənasız və imtahana aidiyyatı olmayan suallarla yülkədilər məni. Verdiyim hər cavabda nəsə pis bir şey tutmağa çalışırdılar sanki. Rəqslə əvvəllər məşğul olduğumu bildirdim. Oturan  xanımlardan biri isə kobudcasına “nə oldu bəs, qovdular səni rəqsdən, dedilər oynaya bilmirsən”- deyə soruşdu.  Bildirdim ki,  “xeyr, heç də siz düşünən kimi deyil. Xəstəliyimdən dolayı uzun müddət məşğul ola bilməmişəm”. Bir sözlə məni mənasız və dəxli olmayan lağlağalarla, kobud rəftarla yüklədilər. Məni o qədər sıxdılar ki, imtahanı verməyi yox, tez bu otaqdan canımı qurtarmağı düşünürdüm. Hətta imtahandan kəsildiyimə belə sevindim. Orada yaşadığım ab-hava mənə heç də o insanlar kimi olmaq istəmədiyimi göstərdi”.
Rejissor olmaq istəyən  Emin Hüseynzadə isə imtahan zamanı hər şeyin əvvəl çox yaxşı getdiyini, ancaq sonradan vəziyyətin dəyişdiyini deyir: “Sonda məndən 3 dənə toy kadrı söyləməyimi istədilər. Düzü, belə bir sual olacağı heç vaxt ağlıma gəlməzdi. Bəlkə sizə inandırıcı gəlməyəcək, amma mən bu yaşıma kimi heç bir toyda olmamışam. Mən rejissor olmaq istəyirdim. Axı, rejissor deyildim. Müəllimlərə heç vaxt toyda olmadığımı, hətta toy kasetinə belə baxmadığımı dedim. Onlar da mənə imtahandan kəsildiyimi dedilər”.
“Elə bil bütün abituriyentləri kəsməyə bəhanə axtarırlar”
Qızı aktyorluğa imtahan verən Gülnarə xanım isə qızının imtahandan ağlayaraq çıxdığını gördüyünü və çox pis olduğunu deyir. Gülnarə xanım deyir ki, qızı Aytən 11 il Azərbaycan bölməsində oxuyub və rus dilində qətiyyən bilmir. İçəridə isə müəllimələr Aytənlə rus dilində danışıblar: “Qızım başa düşmədiyini bildirsə də, yenə də danışmağa davam ediblər. Nəyə görə Azərbaycanda  azərbaycanlıdan və hətta Azərbaycan bölməsində oxuyan uşaqdan rus dilində imtahan götürməlidirlər? Qarşılarındakı vərəqdə axı yazılıb ki, bu uşaq 11 il Azərbaycan bölməsində təhsil alıb. Çox haqsızlıqlar edirlər. İçəriyə girən bütün uşaqlarla pis rəftar ediblər. Elə bil öz millətimizin balaları deyil. İçəri girən uşaqları elə həyəcana salırlar ki, uşaqlar bildiyini də unudur. Bu müəllimələr imtahan götürməyə yox, elə bil içəri girən hər bir abituriyenti kəsməyə bəhanə axtarmaq üçün oturublar. Təbii ki, o qədər psixoloji basqıdan sonra uşaq imtahan verə bilməz. Məktəbdən, parta arxasından durub imtahana gedir bu uşaqlar. Nə əvvəldən aktyor olublar, nə də rejissor. Ancaq bunu nəzərə alan yoxdur”.
Aktyorluğa imtahan verən bir digər abituriyent Ceyhun Həsənov bu imtahana uzun müddətdir ki, hazırlaşdığını deyir. Ancaq o da imtahandan keçə bilməyib: “Bütün hazırladıqlarımı danışdım. Dedilər ki, yaxşıdır. Artıq inanırdım ki, imtahandan keçmişəm. Ancaq sonda məndən bir aktyorun hansı teatrda işlədiyini soruşdular. Düzü, sualın cavabını bilmirdim. Dediyi aktyoru isə ümumiyyətlə tanımırdım. Məni bir o suala görə kəsdilər. Halbuki balımı az da verə bilərdilər ki, heç olmasa ödənişliyə düşüm. Müəllimimə mənə sonuncu verilən sualı verdim. Neçə ilin aktrisası olmasına baxmayaraq, o adda adam tanımadığını dedi. İndi bu haqsızlıq deyil, nədir?”.
“Bu cür stresslərə görə oğlanlar psixopat olur, qızlar isə normal övlad dünyaya gətirə bilmirlər”
Psixoloq Dəyanət Rzayev “Bizim Yol”a açıqlamasında bildirdi ki, imtahan prosesində olan basqılarla bağlı uzun müddətdir ki, xəbərdardır. Ancaq nə qədər dilə gətirilməsinə baxmayaraq, bu məsələyə baxan yoxdur: “Keçən il, bu il abituriyentlər tərəfindən mərkəzimizə həddindən çox müraciətlər daxil olub. Test imtahanına girən abituriyentlər deyir ki, imtahanın bitməsinə vaxt qalmasına baxmayaraq, nəzarətçilər onları otaqdan çıxardır. Kim ki, yuxarıdan tapşırılıb, onlar qalır və son 15-20 dəqiqədə onlara kömək olur. Nəzarətçilər, mühafizəçilər uşaqlarla çox kobud rəftar edirlər. Mən bir şeyi başa düşə bilmirəm ki, insan nə qədər belə haqsızlıqlara dözə bilər?! Əgər yenidən tələbə olsaydım, ümumiyyətlə Azərbaycanda universitetə sənəd verməzdim. İmtahan stressinə görə tələbə özünü asır. Bu nə deməkdir? Bisavad valideynlər imtahan nəticələrinə görə bir-birilərinə acıq verirlər. Görün nə qədər acınacaqlı bir haldır. Dünyanın heç bir yerində bizdəki kimi universitetə qəbul prosesi yoxdur. Ümumiyyətlə imtahanları yığışdırmaq lazımdır. Bütün dünyada tətbiq olunan sistemə keçid etmək lazımdır. Getsin abituriyent istədiyi ixtisas üzrə 1 il təhsil alsın. Ondan sonra o biləcək ki, bu ixtisas üzrə onun qabiliyyəti var, yoxsa yoxdur. Bütün bu imtahan stressinə görə oğlanlar sonda psixopat olur, qızlar isə normal övlad dünyaya gətirə bilmirlər. Uşaqlar ömrünün sonuna kimi test imtahanı verməli olurlar”.
“Qabiliyyət imtahanları lazımsızdır”
Təhsil eksperti Nadir İsrafilov da deyir ki, bu məsələyə hansı istiqamətdən yanaşılmasına baxmayaraq, bütün bu qabiliyyət imtahanları lazımsızdır: “İyul ayının başa çatmasına baxmayaraq abituriyentlər hələ də yollardadır. İmtahanlarla bağlı şikayətlər hər yerdə var. Bütün hamı da bunu bilir. Həmişə demişəm və indi də deyirəm ki, mən qabiliyyət imtahanlarının əleyhinəyəm. Təhsilimiz ildən-ilə geri gedir. İnkişaf yoxdur, perspektiv gözlənilmir. Deyə bilmirik ki, nə isə etmişdik, indi də nəsə gözləyirik. Təhsilimizdə irəliləmə yoxdur. Baxmayaraq ki, təhsilə dair dövlət strategiyası qəbul olunub. Fəaliyyət planında qoyulan məsələlər isə ortaya çıxmadı. Bizdə təhsilin fəlsəfəsini dəyişmək lazımdır. Çünki bizdə təhsil kommersiya məqsədi daşıyır. Hə yerdə əlavə imtahanlar, kurslar tətbiq olunur. Sovet dönəmində ali təhsilli mütəxəssis buraxılırdı. İndi isə universitet bitirən insandan magistr dərəcəsi, əlavə kursları bitirməsi tələb olunur. İşə girdikdə isə başqa bir kursa göndərirlər. Beləliklə həmin insan işlədikdən qısa bir müddət sonra təqaüdə çıxmalı olur. Karyera həyatı başlamadan bitmiş olur”.
Aysel İsgəndərli 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button