Anar Məmmədlinin kassasiya şikayətinə baxılacaq

Anar MəmmədliAvqustun 26-da Ali Məhkəmədə Anar Məmmədlinin kassasiya şikayətinə baxılacaq

xural.com-un meydan.tv-yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı vəkil Elçin Sadıqov verib.

 

Vəkil bildirib ki, Anar Məmmədlinin, Bəşir Süleymanovun, Elnur Məmmədovun işi üzrə Bakı Apellyasiya Məhkəməsində 10 dekabr 2014-cü il tarixli Apellyasiya Məhkəməsinin yekun qərar iclasından verilən kassasiya şikayətinə 26 avqustda Ali Məhkəmədə baxılacaq. Bu barədə bildirişin artıq vəkilə verildiyi qeyd olunub.

Elçin Sadıqov ümid edir ki, Ali Məhkəmə qanuni qərar qəbul edib hər üç şəxsə bəraət hökmü çıxaracaq.

Xatırladaq ki, 2014-cü il mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədova hökm oxunub. 

prokuror Anar Məmmədliyə 9 il, Bəşir Süleymanlıya 8 il 6 ay, Elnur Məmmədova 8 il 6 ay həbs cəzası verilməsini təklif etsə də hakim Anar Məmmədlini 5 il 6 ay, Bəşir Süleymanlını 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Elnur Məmmədov isə 3 il 6 ay şərti həbs cəzası alıb.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O külli miqdarda mənimsəmə və ya israf etmə, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunur.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ölkəni tərk etməmək iltizamı vermiş Bəşir Süleymanlı və Elnur Məmmədova külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı ittihamları irəli sürüb.

Beynəlxalq insan haqları təşkilatları Anar Məmmədlinin heç bir əsas olmadan, siyasi motivlər əsasında həbs edildiyini bildirir və dərhal həbsdən azad olunmasını tövsiyə edir.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button