Rəsul Quliyev: “Onlar yalan danışırlar…”

Rəsul_QuliyevRəsul Quliyevlə söhbətimiz əsasən həbsə məruz qalan “oliqarxlar” və qaytarılmayan kreditlər barəsində oldu. Eks-spikerin “Xural”a müsahibəsini təqdim edirik:

– Rəsul müəllim, son zamanlar müxtəlif iş adamlarının “məhşər ayağı”na çəkildiyi müşahidə olunur. Bildirildiyinə görə, onlar Beynəlxalq bankdan kredit götürüb geri qaytarmırlar. Bu cür metodlarla iş adamlarıyla rəftar etmək nə qədər doğrudur?

-Bilirsinizmi, Azərbaycanda gedən bu prosesi izah etmək çox da asan məsələ deyildir. Kredit götürənlərdən bu şəkildə pulun geri alınması daha çox feodal dövründə xəzinənin doldurulması üçün tətbiq olunan zorla bac-xərac toplamağa bənzəyir. Qanunların işlədiyi istənilən ölkədə belə əcaib soyqunçuluq prosesinin getmə şansı yoxdur. Bank kredit verən təşkilatdır. Kreditlərin istiqamətləri fərqlidir. Məsələn, kiməsə ev almaq üçün verilən kreditlə kimlərəsə müəyyən bir biznes planı həyata keçirmək üçün verilən kreditin şərtləri fərqlidir. Hər halda standart qanunlarla işləyən banklarda kredit sisteminin qaydaları bir-birindən çox fərqlənməməlidir. Məlumdur ki, Azərbaycanda bu standart kredit sisteminin işləməsinə məhəl qoymayıblar, kreditləri verməyin əsas kriteriyası biznes proyektinin real olub-olması yox, verilən rüşvətin miqdarı olub. Halbuki hansısa biznesə və ya proyektə kredit götürməmişdən öncə kredit almaq istəyən proyektinin texniki iqtisadi göstəricilərini hazırlayır və banka təqdim edir. Bankın mütəxəssisləri bu göstəricilərin real olub-olmadığını yoxlayır, lazım olsa ekspertlərə göndərir, sonra öz münasibətini yazıb bankın bu işlə məşğul olan məsul müavininə göndərir. Məsul müavin kreditin verilib-verilməməsi məsələsini bankın idarə heyətinin müzakirəsinə çıxarır. Söhbət böyük məbləğli kreditlərdən, yəni 1 milyondan 100 milyona qədər tələb olunan kreditlərdən gedir. Məsələn, istənilən bir proyekti götürək. Deyək ki, alüminium zavodu genişləndiriləcək. Təqdim olunan layihədə əlavə sexlərin tikilməsi, yeni avadanlıqların alınması və sair və ilaxır məqsədlər göstərlilir, 50 milyon kredit istənilir. Tikintinin qurtarması 2 il, zavodun işə salınması 2 ay, fəaliyyətinin proyekt gücünə çıxması 3 ay, banka krediti faizlə qaytarılması total 3 ildən sonra başlanmalıdır. Bu proyektin klassik formasıdır. Tikinti işləri 2 il müddətində aparılacaq. Birinci sexin tikilməsi 20 milyona başa gələcək. Kredit veriləndən sonra birinci 3 ayda torpaq hazırlanacaq, fundament qoyulacaq tələb olunan pul, məsələn, 2 milyon olacaq. Bank kredit verməyə razılaşırsa, o pulun hamısını kredit alanın hesabına köçürmür. Onun üçün kredit xətti açılır. Məsələn, birinci 2 milyon hissə-hissə verilir və 3 aydan sonra biznesmenin təqdim etdiyi qrafik yoxlanılır. Yəni yerində torpağın hazırlanması və fundamentin qoyulmasının başa çatdığına əmin olandan sonra kreditin ikinci hissəsi verilir. Çünki kredit verilən pul bankın puludur. Necə o öz pulunu nəzarət etmədən biznesmenə verə bilər? Elə olsa, biznesmen 100 milyon krediti alıb ölkədən qaçar. Beynəlxalq bankın fəaliyyətində isə bu zərurətlərin heç birinə əməl olunmadığı aydınlaşır. Məlum olur ki, bank hansı səbəbdənsə verdiyi kreditin proyektə xərclənib-xərclənmədiyi ilə maraqlanmayıb. Hansı səbəbdən – budur müəyyənləşdiriləsi əsas məsələ. Kredit qayıtmaya bilər və ona görə də heç kimi günahlandırmaq mümkün deyil. Məsələn, krediti qaytarmaq hesabatında nəzərdə tutulan bir çox ümidlər boşa çıxa bilər. Yenə əvvəlki misala qayıdaq. Deyək ki, həmin alüminium zadodunun istehsal etdiyi malların satış qiyməti kredit verilən illə müqayisədə xeyli ucuzlaşıb – 2 il müddətində qiymət 2 dəfə aşağı düşüb. Yəni 50 milyona tikilmiş zavodun qiyməti 10 milyon olub və zavod krediti qaytarmaq gücündə deyil. Yaxud müəssisə özünün iflas etdiyini elan edir, olan-qalan malı hərraca qoyub satılır. Bütün bunları nəzərə almayan istənilən bank bankrot ola bilər. Bank dövlət müəssisəsidir. Pul dövlətin puludur. Nə üçün dövlət özü əsası olmadan verilmiş kreditlərinə nəzarət etməyib? Nə üçün fantastik proyektlərə kredit ayıran bankın idarə heyəti kənarda qalıb (əsas günah sahibi), kredit götürənlər( ikinci dərəcəli günahkarlar) cəzalandırılır? Səbəbini mövcud korrupsiya və rüşvət sistemində axtarmaq lazımdır.

– Məlumdur ki, bank kreditləri müəyyən girov əsasında verilir. İş adamı krediti qaytarmayanda həmin girovlarla kompensasiya olunur. Beynəlxalq bank təcrübəsində isə nədənsə inzibati yollara əl atılır. Halbuki iş adamları bu cür sərt cəzalarla qarşılaşmaqdansa, pulları olsa krediti də ödəyərdilər. Hökumətin bu mövqeyi, sizcə, qara otaqda olmayan qara pişiyi axtarmağa bənzəmirmi?

– Qoyulmuş girovlarla borcu qaytarmaq fantaziyadır. Birincisi, qoyulan girov götürülən kreditin 30 faizindən yuxarı olmur, ikincisi, girovun qiyməti düşə bilər. Məncə, bu gün yaşananlar da irəli sürdüyüm ehtimalı təsdiqləyir. Əgər hökümət kredit qaytarmadığına görə kimlərisə qanunla yox, inzibati qaydada həbs edirsə, deməli girovların qiyməti katastrofik şəkildə düşübdür.

– Amma iş adamları ayrı şey deyirlər. Onlar gileylənirlər ki, kreditlərin ödəmə zamanı hələ bitməyib. Zaman-zaman da öhdəliklərini yerinə yetirirlər. Onları bu qədər sıxışdırmaq nəyə lazımdır?

– Kreditlər müqavilə bağladıqları qayda ilə qaytarılsaydı, heç kim onları belə sıxışdırmazdı. Onlar yalan danışırlar, çox böyük ehtimalla, bankrot olublar.

– Pis-yaxşı iş adamı kimi görünən bu insanlara təzyiqlər xarici investorları Azərbaycandan uzaqlaşdırmazmı?

– Hökumət bundan çəkinmir. Çünki yaxşı bilir ki, BP-dən başqa elə bir xarici investor yoxdur ki, Azərbaycana investiya qoymaq istəsin. Dəbdəbəli xarici firmalar adı altında fəaliyyət göstərən investorların hamısı Azərbaycan vətəndaşlarıdır, hansısa sahəyə yatırdıqları kapitallar “qara pul” olduğu üçün bankrot olmaqdan çəkinmirlər.

– Neftin qiymətinin ucuzlaşmasıyla gözlər qeyri-neft sektorunun inkişafına dikilib. Qeyri-neft sektoru isə investisiya mühitinin əlverişli olduğu şəraitdə inkişaf edə bilər. Ölkədəki mühit buna uyğundurmu?

– Gözlərin qeyri-neft sektorunun inkişafına dikilməsi qeyri-ciddi iddiadır. Əvvəla, qeyri-neft sektoru deyəndə siz nələri nəzərdə tutursunuz? Yəqin ki, nəzərdə tutduğunuz kənd təsərrüfatı, elektronik məhsullar istehsalı, ərzaq sənayesidir. Hər halda avtomibil, təyyarə istehsalı barədə düşünmürsünüz. Harda və hansı proqramda Azərbaycanda qeyri-neft sektorunun inkişafı planı ilə tanış olmusunuz? Belə bir proqram olsaydı, bütün günü televiziyalar bar-bar bağırardı, müxtəlif müsəssisələrin açılışından reportajlar hazırlanardı. İkincisi, neft pullarının əridiyi bir vaxtda kim həmin sektorlara investisiya yatırar? Bu absurddur. Üçüncüsü, əgər bu işlə bu gün məşğul olmağa başlasan, 10 ildən sonra nəticəsini görə bilərsən. Dördüncüsü, azadlıqları məhdudlaşdırılan ölkənin vətəndaşları bu günü ilə yaşayar, heç bir riskli işə qol qoymaz.

– Azərbaycanda iş mühitinin ən böyük problemlərindən biri də korrupsiyanın kök salmasıdır. Sirr deyil ki, bu gün iş adamları kimi tanıdıqlarımızın çoxu da əslində var-dövlətlərini ümumxalq əmlakını talamaqla qazanıblar. Bu şəraitdə onların əlində toplanan milyardların milliləşdirilib yenidən kredirlər yoluyla həqiqi iş görmək istəyənlərə verilməsi fikrinə necə baxırsınız?

– Bu işi birinci dəfə bolşeviklər, ikinci dəfə Misir prezidenti Əbdül Nasir, üçüncü dəfə 1952-ci ildə İranın sosialistləri, 1979-cu ildə İranın islamçıları tətbiq ediblər, nəticə göz qabağındadır.

– Amma bu “qara vəsaitlər” istər-istəməz azad rəqabət şəraitinin yaradılmasına da imkan vermir. Üstəlik, kapital sahiblərinin əlində bir də siyasi hakimiyyət olduğu üçün rahat şəkildə monopoliyalar yarada bilirlər. Sizcə, iqtisadiyyatımızın ən mühüm probleminə çevrilən bu vəziyyətə, xüsusilə də monopoliyalara qarşı necə mübarizə aparmaq olar?

– Bu suala 5-10 cümlə ilə cavab verməyin mümkünlüyünə inanırsınız? Bunlar dərin mövzulardır. Qısaca belə cavab verə bilərəm: Bunun üçün ilk növbədə istək olmalıdır. İstək olandan sonra, Azərbaycanda düzəlməyəcək heç nə yoxdur.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button