Hakimiyyətin 5 manatlıq ordusu

tanya1Son bir ay ərzində yeni tendensiyanın şahidi oluruq – ölkədə siyasi sifarişli məhkəmələr qapalı keçirilir. Qapalı deyəndə ki, rəsmi olaraq məhkəmə prosesləri açıqdır, amma müstəqil jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi fəalların üzünə bağlıdır. Bu proses Leyla və Arif Yunusların məhkəməsindən başlayıb. Birinci məhkəmə prosesinə keçə bilsək də, ikincidə məhkəmə nəzarətçiləri zalın qapısını üzümüzə bağlayaraq “zal doludur, yer yoxdur” dedilər. Təəccübləndik. Axı zala heç kəs keçməyib. Əvvəl fikirləşdik ki, zal boşdur və proses belə də keçiriləcək. Amma yanıldıq. Zal həqiqətən dolu idi. Tamaşaları sevən hakimiyyət burda da teatr qurdu. Görüntü üçün zalı doldurmaq lazım idi və tamaşaya seyrçilər qismində xüsusi adamları gətizdirdilər. Ancaq əsl teatr bu acınacaqlı farsından fərqlənirdi – tamaşaya gələn öz pulunu xərcləyərək, bilet alır. Hakimiyyətin teatra çevrilmiş məhkəmə prosesində iştirakı üçün isə zalı dolduran insanlara gündəlik 5 manat ödəyiblər. Bu tamaşaçılar üçün dərhal ad da tapıldı – “beşmanatlıqlar”.

Bundan sonra bir dəfə də olsun məhkəmə proseslərinə keçə bilmədik. Zala ancaq diplomatik korpusun nümayəndələrini, hökümətyönlü jurnalistləri və “beşmanatlıqları” buraxırlar. Özü də arxa qapıdan. Bizi zala iki səbəbdən buraxmırlar: istəmirlər bu boyda biabırçılığı görək, həmçinin də istəyirlər heç bir günahı olmayan zaldakı “şüşə akvariuma” salınan azadlıq fədailərini dəstəksiz qoysunlar, onlar zalda tanış sima görməsinlər və mənən sınsınlar. Bizdə olan məlumata görə, Prezident Administrasiyasının xüsusi siyahısı var və buna uyğun proses iştirakçıları zala buraxılır. Belə görünür ki, biz qara siyahıdayıq. Açığı, buna sevinirəm, İlham Əliyevin ağ siyahısında olmağı özümə sığışdırmazdım.
Məhkəmə proseslərində iştirak edə bilən dostlarımızdan birinin sözlərinə görə, zalda xüsusi yeni kamera quraşdırılıb və bütün baş verənlər yazılır. Tamaşaya gələ bilməyən rejissor öz qurduğu tamaşaya baxmaya bilməz. Yəqin baş verənlərdən məmnundur.
Xədicə İsmayılın başlamış məhkəmə prosesi yuxarda yazdığım tamaşalardan heç nəylə fərqlənmir. Eyni üsül, eyni ssenari. Vicdanlarını, mənəviyyatlarını 5 manata satmış “zombilər” yenə zala doldu. Öz bədənlərini satan və cəmiyyət (ən çox həmin “beşmanatlıqlar”) tərəfindən qınanılan qədim peşə sahibləri bu zombilərdən qeyrətlidir. Ən azından onlar vicdanlarını satmayıb. Bunlar Hollivud filmlərdəki zombilərdən də betərdi.
Dünən zombilər məhkəmədən çıxanda onları çəkən jurnalistlərə hücum etdilər. Ona görə yox ki, utanırlar, vicdanları oyanıb. Olmayan şeyi oyatmaq olmaz. Sadəcə, onlara verilən 5 manatı itirməkdən qorxurlar. Hakimiyyət bizə qarşı yeni ordu yaradıb – “beş manatlıqlar” ordusu. Yəqin bunları bir az də təlimatlandırıb, bunlarla Qarabağı qaytarmaq niyyətindədirlər. İki qadının düz sözünə dözməyib, haqq sözündən qorxan, məhkəmədə onları eşitməsinlər deyə ancaq bu ucuz üsula əl ata bilərdi: saxta, bazar tamaşaçıları. Nə deyim, hər adam öz səviyyəsinə uyğun addımlar atır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button