Vidadi Zeynalovun icra başçısı-ARAŞDIRMA

vidadi zeynalovAzad Mürsəliyev
İkinci yazı
“Hətta o şəxs ölkə prezidenti olsa belə, məmurlar onu da aldatmağı özlərinə rəva görə bilirlər”
Vidadi Zeynalovun biznes imperiyası…
Bu gün dövlət tərəfindən verilmiş müstəsna səlahiyyətlərdən dövlətin və xalqın rifahı naminə deyil, öz maddi maraqlarının təminatı məqsədilə istifadə edən yüksək vəzifəli məmurların fəaliyyəti anlaşılmazlıq və böyük təəssüf hissi doğurur. Araşdırmanın birinci hissəsində qeyd etdiyimiz kimi 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar Sahəsinin çilingəri olan Ceyhun Cəfərovun ildırım sürəti ilə yüksələrək, ayrı ayrı regionların icra bşçısı təyin olunmasında Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirinin birinci müavini Vidadi Zeynalovun xüsusi rolu olub. Vidadi Zeynalovun keçdiyi həyat yolu və bugünkü fəaliyyətinə yaxşı bələd olan mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, o bütün bu illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünə böyük bir biznes imperiyası qura bilib: “Nazirliyin aparat rəhbəri Goranboy rayonunda “Gülüstan”, İsmayıllı rayonunda isə “Çaynik” adlı istirahət mərkəzləri tikdirib. Goranboy rayonundakı “Gülüstan” istirahət mərkəzinə Vidadi Zeynalovun yaxın qohumu və həmkəndlisi, Yevlax rayon Kövər kəndindən olan Oqtay Məmmədov nəzarət etdiyi bildirilir”.
Amma Vidadi Zeynalovun biznes dünyası rayonlarla məhdudlaşmır. Mətbuat səhifəsində gedən məlumata əsasən, Vidadi Zeynalovun Bakı şəhəri Qaraçuxur qəsəbəsində dəyəri milyonlarla ölçülən villası, Quba rayon Qəçrəş kəndində isə dəbdəbəli imarəti var. Bundan başqa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin Türkiyədə və Yunanıstanda da mənzilləri mövcuddur. Mənbə Əli Abbasovun müavininin istirahətini Avropa ölkələrində keçirdiyini və həmin ölkələrin birində biznes strukturu yaratdığını qeyd edir. Həmçinin Vidadi Zeynalovun paytaxtın Tiblisi və digər prospektlərində bir neçə obyektinin fəaliyyət göstərdiyi də qeyd olunur. Məlumat üçün onu da bildirək ki, Kürdəmir rayonunun icra başçısı Ceyhun Cəfərov Vidadi Zeynalovun yaxın qohumudur və Aparat rəhbəri qaynının icra başçısı təyinatı almasında mühüm “xidmətlər” göstərib. Belə ki, Ceyhun Cəfərovun Yasamal rayon icra başçısının birinci müavini vəzifəsindən Tərtər rayonuna icra başçısı təyinatı almasında məhz Vidadi Zeynalovun rolu olub. Həmçinin Ceyhun Cəfərov uzun müddət Xətai rayonunda Kommunal Təsərrüfat İdarəsinin rəisi işlədiyi dövrlərdə Vidadi Zeynalova xeyli maddi dəstəkdə bulunduğu iddia olunur. Amma Vidadi Zeynalov Rabitə və Yüksək texnologiyalar Nazirliyində Aparat rəhbəri təyinatından sonra qayın-yeznə paytaxtda müxtəlif obyektlər və torpaq sahələri almağa başlayıblar. Ceyhun Cəfərov Yasamal rayonunda icra başçısının müavini işlədiyi dövrlərdə Vidadi Zeynalov onun əli ilə adı çəkilən rayonda onlarla torpaq sahəsi, müxtəlif obyektlər ələ keçirmişdi. Bundan başqa Ceyhun Cəfərov Tərtər rayonuna icra başçısı təyin olunduqdan sonra adı çəkilən rayonda həyata keçirilən bəzi abadlıq işlərini məhz Vidadi Zeynalova məxsus kiçik müəsissələr həyata keçirib. Həmçinin Ceyhun Cəfərovun əli ilə Tərtər Bərdə rayonu arasında sahəsi 400 hektar olan “qosfond” torpağını uzunmüddətli icarəyə götürərək burada böyük heyvandarlıq sahəsi yaradıb. Vidadi Zeynalovla Ceyhun Cəfərovun şərikli biznesi ilə bağlı cumhuriyyet.az-a danışan mənbə bildirib ki, icra başçısı ilə Aparat rəhbəri ölkə xaricində də müxtəlif biznes sahələri yaradıblar. İstər-istəməz burada bir sual çıxır ortaya, əmək haqqı ı.875 manat olan Vidadi Zeynalov bu qədər var-dövləti, torpaq sahələrini, mal-mülkləri necə ala bilər? Vidadi Zeynalovun dəstəyi ilə yüksək vəzifəyə təyinat alan və bu gün Kürdəmir İcra Hakimiyyətinin başçısı olan Ceyhun Cəfərov nazir müavini olan qohumu qədər respublikada tanınmış şəxs olmasa da, artıq icra hakimi olduğu Tərtər, Kürdəmir rayonlarında sahibkarların qənimi kimi ad çıxarıb. Əgər internetə daxil olub “Tərtər rayon İcra Hakimiyyəti-Ceyhun Cəfərov” cümləsini daxil etsək, görərik ki, bir müddət respublika mətbuatının işi-gücü Tərtər rayonun sabiq icra başçısı, bu gün isə Kürdəmir rayonun icra başçısı Ceyhun Cəfərovun sərgüzəştlərindən yazmaq olub. Respublikanın Prezident Administrasiyasında dəstək tapmayan Tərtər camaatı, üz tuturlar mətbuat orqanlarına. Hər kəs özünün, qonşusunun, ümumiyyətlə rayonda mövcud olan (həmin dövr üçün) dözülməz durumu barəsində məlumat verib. Təqdirə layiqdir ki, mətbuat bu rayonlarda yaşayan insanlarımızın imdadına biganə qalmayıb. Məlumatların bolluğu bir daha onu təsdiq edir ki, yazarlarımız öz qələmləri ilə bu insanların düşdükləri çətin vəziyyətə dair yuxarı instansiyaları daim məlumatlandırmağa çalışıblar. Baxmayaraq ki, jurnalistlərimizin bu fədakarlıqlarına yüksək instansiyalardan heç bir cavab verilməyib. Yüksək instansiyaların bu qanunsuzluqlara reaksiya verməməsini yazarlarımızın gündəlik fəaliyyətində ruh düşkünlüyü kimi qiymətləndirmək heç də düz olmaz. O səbəbdən ki, birisinin keçmişi haqqında məlumat əldə edilməsi üçün bu gün heç də respublikanın ucqar rayon və kəndlərinə getməyə luzum görülmür. Budur, daxil oldun internetə, burada səni maraqlandıran şəxs barəsində nə istəsən var, tərcümeyi-halından tutmuş yüksək vəzifəli qohum-əqrabasına kimi. Bu gün Kürdəmir İcra Hakimiyyətinin başçısı olan Ceyhun Cəfərovun Kürdəmir rayonuna rəhbər vəzifəyə təyin olunmazdan öncə, barəsində mətbuatda yazıldığı kimi, taladığı, sahibkarlarını incitdiyi Tərtər rayonunda təqdirə layiq olmayan fəaliyyətinə nəzər salmağı davam edəcəyik.
Dövlət başçısına dezinformasiya ötürülür?..
ceyhun cəfərovSən demə, bu şəxsin dövlət başçısına dezinformasiya vermək kimi, ciddi qəbahəti ilə bərabər, onun üçün ən xırda, mahiyyət kəsb etməyən məsələrdən belə həzz almaq adəti var imiş. Mətbuat səhifələrinə sızmış məlumata əsasən hələ 2011-ci ildə Tərtər rayonunun sabiq başçısı Vidadi İsayev ölkə prezidentinin sərəncamı ilə, Bərdə rayon İcra Hakimiyyətinə başçı təyin edilərkən, 59 AA 006 NİVA markalı Baş Baytarlıq idarəsinə məxsus (2006-cı ildə balansa daxil olmuş) xidməti avtomobili saxta müqavilə yolu ilə adıçəkilən idarənin rəisindən məcburən alıb, Yevlaxda həkim işləyən xanımının xidmətinə verib. Jurnalistlər tərəfindən aparılan araşdıramalar nəticəsində məlumatın həqiqətə uyğun olduğu təsdiq edilib. Sözsüz ki, sabiq icra başçısı bu məlumatı təsdiq etmir. Lakin jurnalistlərin sabiq icra başçısı ilə telefon əlaqələrindən yarım saat sonra baytarlıq idarəsinin rəisinə Tərtər rayonunun İcra Hakimiyyəti başçısı (Vidadi İsayevlə çox yaxın dostluq əlaqəsi olan) Ceyhun Cəfərov tərəfindən telefon zəngi gəlir və “get xidməti avtomobilini filan yerdən götür, gətir” bildirilir. Mətbuatda keçən məlumata əsasən bütün bunları adının çəkilməyini istəməyən mənbə jurnalistlərə bildirir. Məhərrəm İsmayılov isə, Ceyhun Cəfərovun dediyi yerdən gedib, xidməti avtomobilini gətirir. Biçarə, M.İsmayılovun sevinci cəmi 3-4 gün sürür. Vidadi İsayevin dostu, Tərtər rayon İcra başçısı Ceyhun Cəfərov bu məsələnin jurnalistlərə Məhərrəm İsmayılovun məlumat verdiyini düşünmüş və onu cəzalandırmaq üçün, adıçəkilən xidməti avtomobili İcra Hakimiyyətinin həyətindəki qarajda vəzifədən getdiyi günə qədər, məxsus olduğu sahibinə verməmiş və həbsdə saxlamışdır. Hətta aldığım bilgilərə görə başı bəlalı avtomaşın Ceyhun Cəfərov Tərtər rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad olnduğundan sonra belə həmin qarajda uzun müddət qalıbmış. Barəsində söz açdığım hadisə Ceyhun Cəfərovun insanları cəzalandırmağının ən primitiv üsullarından biridir. Oxucu belə bir sual verə bilər ki, yəni barəsində söz açdığımız Ceyhun Cəfərovun qanunsuz hərəkətləri ilə bərabər müsbət qiymətləndiriləcək bir atdığı addım olmayıbmı?
İnandırım sizi belə bir sual səslənərsə, mən ancaq haqq qazandıraram bu suala, hətta belə bir təqdirə layiq hadisəni də diqqətinizə çatdrmağı özümə borc bilərəm. Cəmiyyət şəhid vermiş və yaxud da Qarabağ uğrunda gedən döyüşlərdə rəşadət göstərmiş bu ailələrə minnətdarlıq etməlidir. Təsəvvür edin, Qarbağ müharibəsində göstərdiyi rəşadətləri ilə bu gün də insanlarımızın dillər əzbəri olan Orucov Vəzirin dünyadakı tək nişanəsi, oğlu Orucov Camala Tərtər rayonun sabiq icra başçısı Ceyhun Cəfərov xüsusi diqqət göstərib. O Camal ki, Ceyhun Cəfərovun icra başçısı ooduğu vaxt onun qəbuluna düşərək, problemlərini demək istəyib. Və Cəfərov onun kimliyini öyrənəndən sonra birbaşa özünə köməkçi vəzifəsinə təyin edib. Hətta həmin vaxt Camal Orucovu işə götürdüyünə görə, Tərtər camaatı Ceyhun Cəfərovun qəbuluna axışaraq, ona təşəkkürlərini çatdırıblar. Həqiqətən də insani keyfiyyətlərinin bəlkə də ən yüksək göstəricisi sayılardı Ceyhun Cəfərovun bu addımı, əgər növbəti məlumat mənim diqqətimi cəlb etməsə idi. Mətbuatı mütamadi olaraq, diqqətlə izləyən oxucularımız xatırlayırsa Tərtərdə yerləşən daş karxanaları ilə bağlı insnların narazılığı baş vermişdi. Həmin dövrdə Tərtərdə karxana qalmaqalı o, qədər böyük vüsat alır ki, hətta bu barədə paytaxta belə insanlar danışırlarmış. Rayonda daş karxanaları ilə də bağlı qalmaqal baş qaldırmasının səbəbi Tərtərdə şəhid qəbirlərinin yaxınlığında karxana tikilməsi olmuşdur ki, bu da öz növbəsində rayonda ciddi narazılıqla qarşılanıb. Bu narazılığı 40-a yaxın rayon sakini göndərdikləri müraciətdə də bildiriblərmiş. Tərtər çayının üzərindən keçən strateji əhəmiyyətli körpünün yaxınlığındakı şəhər qəbiristanlığının ərazisində daş-qum karxanasının tikintisinə başlanılıb. Tikilməkdə olan karxana qəbiristanlığın şəhid qəbirləri olan hissəsinə yaxın olub. Karxananın tikintisi ilə bağlı yaxınlığında yerləşən binada yaşayan kəlbəcərli məcburi köçkünləri də oradan çıxartmaq planlaşdırılmışdı. Baş qaldırmış narazılığa baxmayaraq köçkünlər məsələ ilə əlaqədar Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun qəbuluna düşə bilmirlər: “Həmin ərazidə karxana tikilməsi üçün icra başçısı Ceyhun Cəfərovun sərəncam verdiyi bildirilir. İcra başçısı belə bir sərəncam imzalamaqla, səlahiyyətlərini aşmışdır. Çünki karxana tikilən ərazi ”Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinə məxsus olub“. Rayon sakinləri Tərtər şəhərinin təxminən 50-60 metrliyində tikilən daş-qum karxanasının çayın yatağının daha münasib ərazisinə köçürülməsi barədə Ceyhun Cəfərova müraciət edirlər. Onların arasında şəhid ailələri də var idi. Müraciət edənlər karxananın qəbirüstü abidələrin silkələnərək dağıdılmasına səbəb olacağını göstəriblər. Müraciətdə həmçinin qeyd edilmişdir ki, karxana Həzi Aslanov küçəsində yaşayan 150-yə yaxın evin 100-200 metrliyində tikilir ki, bu da sakinlərin narahatçılığına səbəb olub. Müraciət müəllifləri icra başçısından karxananın tikintisinin daha uyğun yerdə aparılmasına qərar verməyini xahiş ediblər. Amma müraciətlərin heç bir nəticəsi olmayıb. Sakinlərin bu məsələ ilə bağlı respublikanın daha yüksək instansiyalarına müraciət etməsinə baxmayaraq Ceyhun Cəfərov həmişə olduğu kimi sudan quru çıxıb. Əks halda bu insan öz qeyri-qanuni hərəkətlərini bu gün Kürdəmir rayonunda davam etdirərək, sakinləri boğaza yığmazdı. Bir sözlə, Ceyhun Cəfərov icra başçısı olduğu rayonların əhalisinin gün-güzəranının yaxşlaşması, mövcud problemlərin aradan qaldırılması istiqamətində heç bir səy göstərməyib, əgər müsbət nəisə olubsa da, bunlar görüntü üçün, ölkə rəhbərliyi qarşısında bonus qazanmaq xarakteri daşıyıb. Bu şəxsi maraqlandıran ancaq və ancaq pul qazanmaq, şəxsi mənafe güdmək olmuşdur.
Dəhşətə gələcəksiniz, əgər bilsəniz ki…
Mənim söylədiklərimi hələ 04.06.2013-cü ildə Samir adlı yazar faktlar və sübutlar əsasında “Gündəm xəbər” qazetində “Tərtərdə 600 min manat qovğası” başlığı altında qələmə almışdır. Ceyhun Cəfərovla bağlı başladığım araşdırmanın birinci hissəsi mətbuat səhifələrində dərc olununca, istər Kürdəmir rayonunda, istərsə də Bakı şəhərində yaşayan bir çox şəxslər mənimlə telefon əlaqəsi saxlayıb, yazı ilə bağlı fikirlərini bildirməyə çalışıblar. Təsəvvür edin bunların əksəriyyəti bu araşdırmaya haqq qazandırdıqlarını demişdirlər. Lakin məni ehtiyatlı olmağa, Ceyhun Cəfərovun yüksək vəzifələrdə təmsil olunan yaxın qohumlarının olduğunu və onlardan zərər çəkə biləcəyimi deyənlər də oldu. Nə qədər təəccüblü olsa belə, onların arasında qələm əhli də var. Sözsüz ki, bu şəxslərə mən nəyin doğru olub-olmadığını sübut etməyə cəhd göstərmədim, bundan sonra da belə bir fikirim yoxdur. Mənim bildiyim odur ki, əgər bir məmur üzərinə düşən öhdəliyi yerinə yetirmək əvəzinə rəhbəri olduğu rayon sakinlərinin hüuqunu pozub, adı müəmmalı xoşa gəlməz olaylarda hallanırsa bu mütləq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. İnsanlarımız həqiqəti bilməlidirlər, onlara rəhbərlik edən birisinin digər regionlarda vəzifədə olduğu zaman insanların başına hansı oyunları açdığına dair məlumatlandırılmalıdır. İnsanlarımız bilməlidir ki, Ceyhun Cəfərov hələ Tərtər rayonun icra başçısı olduğu zaman yarıtmaz rəhbərliyi nəticəsində bəzi insanları rayondan baş götürüb qaçmaqları dərəcəsinə çatdırıbmış. Dəhşətə gələcəksiniz, əgər bilsəniz ki, Tərtərin sabiq icra başçısı Ceyhun Cəfərovla bağlı hansı maraqlı iddiaları diqqətinizə çatdıracam.
“Rayondan qaçmağa hazırlaşıram…”
Ceyhun Cəfərovun Tərtər rayonun icra başçısı olduğu dövrdə tapşırdığı işləri görmək üçün pul tapa bilməyən Yaşar Hüseynov rayondan qaçmağa hazırlaşırmış. JAM.AZ-ın 2013-cü ildə əldə etdiyi məlumatlara görə, rayonun rəhbəri 2013-cü il ərzində Tərtər Mərkəzi Xəstəxanasına ayrılmış pulların hamısını özünə götürübmüş. İddia edilir ki, bu məsələdə baş həkim özü də aciz qalıb. Belə ki, icra başçısı həmin ilin 9 ayı ərzində xəstəxananın digər xərcləri maddəsi üzrə ayrılmış 18.500 manatı «Qaya-L» MMC-nin əliylə silməyə nail olur. Bundan başqa, Ceyhun Cəfərova yaxınlığı ilə tanınan «Divanlı-SC» MMC-nin əliylə də digər nəqliyyat xidmətlərinin, yumşaq inventarların və soba yanacağının satın alınması üçün ayrılmış üst-üstə 49.900 manat pulu da şəxsi işlərini həll etmək üçün özünə götürdüyü deyilir.
Məlumatlarda o da vurğulanır ki, Tərtər Mərkəzi Xəstəxanasının baş həkimi Yaşar Hüseynov 10 min manatlıq soba yanacağının alınması üçün vəsaiti həkimlərdən yığmaq məcburiyyətində qalır. Elə yumşaq inventarların alınması üçün nəzərdə tutulmuş 31.300 manatı da həkimlərin hesabına toplayan baş həkim birtəhər vəziyyətdən çıxır. İddialara görə, Tərtərin baş həkimi artıq bu şəkildə işləməyin mümkün olmadığını dilə gətiribmiş. O, yaxın adamlarının yanında danışarkən deyib ki, icra başçısı ona işləməyə imkan vermir. Qazandığını isə rayonda görülən işlərə sərf etmək məcburiyyətində qalır. Bu azmış kimi, sən demə, həmin zaman Tərtərdə inşa edilən parkın bəzi işlərini maliyyələşdirməyi də ona tapşırıbmış. Elə bu səbəbdən, bu insan qarşısına çıxan hər kəsə bildirirmiş ki, “rayondan qaçmağa hazırlaşıram.” Əgər belədirsə, dövlət büdçəsindən rayonun inkişafı üçün ayrılmış vəsaitlər hara xərclənirmiş görəsən?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 may 2015–ci ildə Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində qeyd olunurdu ki, “Bir adam – Prezident, yaxud da rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür.” Dövlət başçısı qeyd edib ki, qanun pozuntularının, sosial ədalətsizliyin qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Görünür, dövlət başçısı bu kimi neqativ halları nəzərdə tuturmuş. Lakin burada bir uyğunsuzluq var. Belə ki, elə həmin nitqdə ictimai nəzarətin vacib olduğu dönə-dönə dövlət başçısı tərəfində vurğulanır. Lakin bizim müşahidələrimiz göstərir ki, ictimai nəzarətin olmasına baxmayaraq, gözəgörünməz qüvvələr ictimayyətin səsini boğur, ictimayyət tərəfindən qaldırılmış problemli məsələlərin vüsət alıb hüquq mühafizə orqanlarının icraatına daxil olmasının qarşısı məharətlə alınır. Əks halda birisinin qanunsuzluqları barəsində kütləvi informasiya vasitələrində cildlərlə, qalaq-qalaq yazılar getdiyi halda hansı səbəblərdən onun tutduğu yüksək vəzifədən alınması əvəzinə, masştabına görə daha böyük təsərrüfata, insan nüfuzuna malik regiona rəhbər vəzifəyə təyin olunur? Bəyəm ictimayyətin, kütləvi informasiya vasitələrinin səyi nəticəsində məlum olmamışdır ki, 2013-cü ildə Tərtər rayonunda dözülməz vəziyyət yaşanmışdı?
İcra başçısı Ceyhun Cəfərovun yarıtmaz siyasəti nəticəsində narazı düşmüş əhali çıxış yolunu etirazda görürdü. Axı KİV-də açıq-aydın dərc olunurdu ki, icra başçısını həmin narazılıq yox, qazanacağı pul düşündürür. Ona görə də, insanlara yuxarıdan aşağı baxmaqla, onların problemlərinin həllindən imtina edib. Ceyhun Cəfərov sakinləri çilədən çıxarıb.
İstinad etdiyimiz rəsmi materiallara əsasən Ceyhun Cəfərovun Tərtər rayonunda 2011-2014 ci illər ərzində icra başçısı olduğu dövrdə vəziyyət dəfələrlə pisləşib. Belə ki, İcra başçısının tabeçiliyində olan şəxsin övladının əməllərindən heyrətə gəlmiş (avtoxuluqanlıq) rayon sakinləri, bu dəfə icra başçısının kimlərlə dostluq etməsindən xəbərdar olaraq şoka düşüblər. Rayondakı qaynaqlardan kütləvi informasiya vasitələrinə həmin zaman daxil olan məlumatda deyilir ki, Tərtərin icra başçısı Ceyhun Cəfərovun adı vəhhabilərlə birgə iş qurmaqda və əməkdaşlıqda hallanır. Açığı, birinci yazıda bu mövzuya qismən toxunduq, lakin istəyirəm bəzi məqamlara bir daha sizin diqqətinizi cəlb edim. İddialara görə, icra başçısı “vəhhabi”lərə rayonda bütün şəraiti yaradıbmış. Bu imkanlardan istifadə edən vəhhabilər də Tərtərdə artıq bir neçə iri fermer kompleksi yaradıblarmış və heyvandarlıqla məşğul olmağa başlayıblar. Onlara yaradılan bir başqa şərait də o olub ki, vəhhabilərə kimsə söz deyə bilməzdi. Əslində, camaatı narahat edən məqam icra başçısı ilə vəhhabilərin dostluğu olmayıb. Onları narahat edən səbəb vəhhabilərə bu qədər geniş şəraitin yaradılması olub. Üstəlik, bu iş adamı dindarların heç birinin tərtərli olmamasıdır. Ceyhun Cəfərov onlara digər şəraitlər yaratmağa da söz veribmiş. Məsələn, rayonun mərkəzindəki bəzi dükan və ticarət məkanlarının həmin vəhhabilərin əlinə keçməsi də həmin məlumatlardan olub . Həmçinin məlumatlarda o da vurğulanır ki, icra başçısı onlara maliyyə yardımları edərək, işlərini böyütmək üçün də imkanlar açırmış. Qeyd edək ki, vəhhabilər kifayət qədər radikal dini təşkilatların təmsilçiləridir. İndiyə qədər Azərbaycanda onların vasitəsi ilə bir neçə terror aktlarına cəhd olub və bu səbəbdən də təhlükəli dini cərəyan kimi qəbul edilirlər. Belə olan təqdirdə, dövləti təmsil edən icra başçısının onlarla bu qədər yaxın olması qəti başadüşülən deyil. Təsəvvür edin, hətta bununla bağlı rayonda aksiyalara da start verilib. Bir neçə kəndin sakinləri rayon mərkəzinə doğru hərəkət edib, İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyi planlaşdırıbmış. İcra başçısı Ceyhun Cəfərov isə yaranmış vəziyyətdən şoka düşüb. Məmur özbaşınalığına haqq qazandıran, rayonda əhalinin üzləşdiyi problemləri qulaqardına vuran Cəfərov vəziyyətin belə bir şəkil alacağına inanmırmış. Elə buna görə də, prosesin qarşısını almaq üçün nə edəcəyini belə biməyib. Xüsusən də seçki ərəfəsində Tərtərdə kəndlərin ayağa qalxmasının ona nələr hesabına başa gələcəyini yaxşı bildiyindən ağsaqqalları vasitəçi kimi dövriyyəyə salmağa çalışır. Lakin rayondakı nüfuzlu şəxslər də icra başçısından üz döndəriblərmiş. Çünki onlar əhalinin hansı durumda yaşadığını və problemlərinin icra başçısı tərəfindən aradan qaldırılmadığını açıq-aydın görürlər. Xatırladaq ki,ölkə başçısı regionların sosial-iqtisadi problemini həll etmək məqsədi ilə bir sıra sərəncamlar imzalayıb. Eyni zamanda rayonların inkişaf etdirilməsi üçün istər dövlət büdcəsindən, istərsə də Prezidentin şəxsi fondundan dəfələrlə vəsait ayrılıb. Baş vərənlərdən belə anlaşılır ki, Ceyhun Cəfərov həmin vəsaitləri təyinatı üzrə xərcləməyib, həm də Prezidentin Sərəncamlarına əhəmiyyət verməyib. Əks təqdirdə Tərtərdə faktiki vəziyyət yaranmazdı.
Bütün bu ürək bulandıran məlumatları nəzərdən keçirdikcə məni bir hiss son dərəcə narahat edir. Görəsən 2011-2014 ci illər ərzində Tərtər rayonunda baş verən bu qanunsuzluqlar hal-hazırda Kürdəmir rayonunda da baş verirmi? Çünki əgər kütləvi informasiya vasitələrində getmiş yazılara, rayon sakinlərinin verdikləri məlumatlara inansaq bu qanunsuzluqlara şərait yaradan icra başçısı az bir zamanda dəyişə bilməzdi. Qeydə aldığımız neqativ hallar mənim zənnimcə Tərtər rayonunu ən azı son illər inkişafdan geri qalmasına xidmət etməli idi.
Bu gün dövlət tərəfindən verilmiş müstəsna səlahiyyətlərdən dövlətin və xalqın rifahı naminə deyil, öz maddi maraqlarının təminatı məqsədilə istifadə edən yüksək vəzifəli məmurların fəaliyyəti anlaşılmazlıq və böyük təəssüf hissi doğurur.
İcra başçısı Ceyhun Cəfərov 2011-ci il martın 3-dən 2014-cü il aprelin 16-dək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdğı dövrdə rayonda bütün gəlirli sahələri ələ keçirmək üçün fəaliyyət başında olub. Acgözlik Tərtərin icra başçısı Ceyhun Cəfərovun başını özü də bunu hiss etmədən bəlaya soxur. Buna səbəb isə onun bəzi qeyri-qanuni işlər görməsi və ən əsası isə yarım milyondan artıq Azərbaycan manatının aqibəti ilə bağlı üzləşdiyi vəziyyət olmuşdur. Bundan başqa, rayonda daş karxanaları ilə də bağlı qalmaqal yaşanmışdır. İş gəlib o, yerə çıxmışdır ki, artıq durumun kifayət qədər kritik olduğuna dair məlumatlar mətbuat səhifələrinə sızır. Hamını maraqlandıran bir sual ortada dolaşırdı: xüsusilə külli miqdarda vəsait hara yoxa çıxıb? Bu səbəbdən 2011-ci ildə Yasamal rayon icra başçısının müavini postundan alınaraq Tərtər rayonuna rəhbər göndərilən Ceyhun Cəfərovun karyerası təhlükəli nöqtəyə gəlib çıxmışdı. Təsəvvür edin ki, Tərtər rayonunda hər kəs bu biabırçılıqdan danışırmış. Rayondakı korrupsiyai və rüşvət halları ilə bağlı, baş verən qanunsuzluqlarla əlaqədar bir sıra dövlət qurumlarına ardıcıl təşkil olunan kompramat xarakterli şikayət məktubları, nəhayətdə Ceyhun Cəfərov üçün başağrısına çevrilibmiş. Çoxlu sayda şikayətlər Ceyhun Cəfərovun fəaliyyəti barəsində «yuxarılarda» mənfi rəy yaratdığından hətta onun vəzifəsindən alınması məsələsi də gündəmə gəlibmiş. Konkret olaraq icra başçısının adı xüsusilə külli miqdarda büdcə pulunun yoxa çıxmasında hallanırdı. Nahaq yerə bu gün mətbuat səhifələrində gedən bəzi yazılarda Ceyhun Cəfərovu fərasətli icra başçısı adlandırılmır. Ataların misalı var: “od olmayan yerdə tüstü çıxmaz.” Görünür bir il ərzində bu qədər vəsaiti ələ keçirməyin özü də böyük fərasət tələb edirmiş. Göstərdiyimiz illərdə Tərtər rayonunda büdcə maxinasiyaları bütün sərhədləri aşır. Regionun qan damarı sayılan maliyyə idarəsi vasitəsilə diktatura yaradılır. Belə ki, maliyyə idarəsinin vasitəsilə rayonun bütün idarə və müəssisələrin işinə birbaşa müdaxilə edilir və idarə və təşkilat rəhbərləri maliyyə idarəsinin müdiri Zahid Təhməzovun iradəsinə tabe olmağa məcbur edilirlər. Rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə, habelə büdcə təşkilatları rəhbərlərinə qəti tapşırıq verilir ki, maliyyə idarəsi rəhbərliyinin icazəsi olmadan işə heç kim qəbul edilməməlidir. Tapşırığın icrasının vacibliyini qeyd etmək üçünsə hamıya xəbərdarlıq olunur ki, bu qadağanı pozan məmurun rəhbərlik etdiyi qurum maliyyə idarəsi tərəfindən ciddi və obyektiv yoxlamaya məruz qalacaqlar. Bu tapşırıqla Tərtər rayonunda işə düzəlmə sahəsində monopoliya ələ alınır. Məlumdur ki, rayonlarda bir çox büdcə təşkilatlarının rəhbərləri öz qohumlarının adını işə yazdırıb, sonra da onların əmək haqqlarını mənimsəyirlər. Yalnız yoxlamadan yoxlamaya iş yerində tapılan bu şəxslər bəzən tutduqları vəzifədən belə xəbərsiz olurlar. Maliyyə idarəsinin müdiri də bundan xəbər tutduqdan sonra həmin işə götürənlərə şərik olmağa qərar verib. Zahid Təhməzov saxta yolla alınan əmək haqlarının yarısını özünə istəyib. Əks təqdirdə, yoxlama aparacağı ilə qarşı tərəfi hədələyirmiş. Bundan başqa Zahid Təhməzovun büdcə idarələrindən və həmçinin icra nümayəndəliklərindən «aylıq» topladığı bildirilir. Belə ki, rayon büdcəsindən maliyyələşən bütün müəssisələri, icra nümayəndəliklərini, bağçaları, səhiyyə, təhsil və mədəniyyət şöbələrini həmçinin büdcədən maliyyələşən digər təşkilatları, rəhbərlikləri incidilirmiş. Həmçinin əldə etdiyimiz məlumatlara əsasən Zahid Təhməzov da öz fəaliyyəti zamanı bir çox maliyyə maxinasiyalarının iştirakçısı olub, bir çox hallarda isə bu işlərə rəhbərlik edib. Gizlin deyil ki, hər maliyyə idarəsinin müdirinin rəhbərliyi altında hər il büdcədən 100 min manatlarla vəsait silinib mənimsənilir. Buna bariz nümunə gətirən mətbuat orqanı bildirir ki, Tərtər rayonunda ancaq 2013-cü ilin iyun, iyul, avqust, sentyabr aylarında təkcə dəftərxana ləvazimatlarının, uşaq baxçaları üçün ərzaq, məktəblərin qızdırılması üçün odun alınması adı altında dövlətin yarım milyondan çox vəsaiti mənimsənilib. Mənbə bildirir ki, həmin mənimsəmələri isbat etmək üçün əlaqədar dövlət orqanlarının sadəcə sənədləri qaldırıb nəzər salması yetərlidir. Qeyd olunur ki, bu vəsaitlərin çoxusu fiziki şəxs Abdullayev Bəhruz Rafael oğlunun və Abdullayev Nəsimi Əyyub oğlunun adına sənədləşdirilib. Yarım milyondan çox vəsaitin hara yoxa çıxması barədə isə heç həmin fiziki şəxslərin də təsəvvürü yoxdur. Çünki Zahid Təhməzov sonradan dövlət vəsatlərinin böyük hissəsini «Sakit İnşaat» MMC-nin hesabına köçürmüş və bundan sonra vəsait nəqdləşdirilib. Həmçinin məlumatda o da qeyd olunur ki, əsaslı təmir adı altında 2013-cü ilin birinci 4 ayında 1 milyon 200 min manatdan artıq vəsait sərf olunub. Həmin vəsaitlərin demək olar ki, 80 faizi mənimsənilib. Çünki görülən işlər heç də sərf olunan vəsaitə uyğun gəlmir. Tutaq ki, sənədlərdə Tərtər şəhər yollarının əsaslı təmiri üçün yarım milyondan artıq vəsaitin ayırıldığı göstərilir. Amma 2013-cü ildə Tərtər şəhərinin yollarında demək olar ki, heç bir iş görülməyib. Sadəcə sənədlərdə ötən illərdə görülmüş işlər yenidən görülmüş iş kimi sənədləşdirilib və bu yolla dövlətin külli miqdarda vəsaiti mənisənilib. Enyi vəziyyət Tərtər şəhərinin abalaşdırılması və əsaslı təmir olunması ilə bağlı sərf olunan vəsaitdə də təkrar olunub. Məlumata əsasən 2013-cü ilin birinci 4 ayında Tərtər şəhərinin abadlaşdırılması üçün yarım milyon vəsait ayrılıbmış. Amma demək olar ki, yeni abadlıq işləri aparılmayıb. Görülən işlər isə sahibkarlardan, idarə və müəssisə rəhbərlərindən yığılan pullar hesabına aparılıb. Onu da qeyd etmək lazımdır ki, Zahid Təhməzovun imza atdığı korrupsiya əməliyyatları 2011 və 2012-ci illərdə də geniş miqyaslı olub. Həmin illər ərzində milyon manatlarla büdcə vəsaitinin mənimsənildiyi iddia olunur. Məlumatda o da qeyd olunur ki, Zahid Təhməzov hər yerdə bütün korrupsiya əməliyyatlarını Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun birbaşa təlimatı ilə həyata keçirilib.

YAZIDA AYRI-AYRI İNSANLARIN, HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN VERDİKLƏRİ məlumatlardan, KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNDƏ, ONLARA AİD ELEKTRON PORTALLARDA DƏRC OLUNMUŞ MATERİALLARDAN İSTİFADƏ OLUNMUŞDUR:
1.”Cümhuriyyət.az”-“ Biznes dünyası: Çayxanadan istirahət mərkəzinədək.”
2.”SHAFAQADORĞU.COM”-“ Tərtərdə baş baytar həkiminin xidməti maşını hələ də məhbəsdədir.”
3.”XEBER/NUR-AZ/COM” -12 SENTYABR 2013 –“Ceyhun Cəfərov Tərtərdə dözülməz vəziyyət yaradıb.”
4.”JAM/AZ”- 06.12.2013 -“Tərtərin baş həkimi icra başçısına üsyan edir.”
5.” AZERINEWS/TV” –“BƏRDƏ VƏ TƏRTƏRIN ICRA BAŞÇILARI SƏRƏNCAM GÖZLƏYIRLƏR.”

xural.com araşdırmada adı çəkilən hər kəsə cavab haqqı tanıdığını bildirir və adı çəkilənlərin bunun üçün redaksiyaya müraciət etmələrini xahiş edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button