Vidadi Zeynalovun icra başçısı-ARAŞDIRMA

Azad Mürsəliyev
Üçüncü yazı
“Hətta o şəxs ölkə prezidenti olsa belə, məmurlar onu da aldatmağı özlərinə rəva görə bilirlər”
vidadi zeynalovAzərbaycan Respublikasının Prezident İlham Əliyev son illərdə məmurları bir neçə dəfə sərt şəkildə tənqid edib. Xatırladaq ki, hələ 2013-cü ilin fevral ayında ölkə başçısı bəzi məmurları, eləcə də onların övladlarını hədəfə almışdı: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq. Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Burda oturan bütün icra başçılarını mən təyin etmişəm, hamısını. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmayıblar. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin insanlara hörmət edin. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir.”
Təəssüflər olsun ki, respublikanın paytaxtında, eləcə də ayrı-ayrı regionlarında baş verən bir sıra neqativ hallar onun təzahürüdür ki, ölkə rəhbərinin hətta bu çıxışından sonra bəzi icra başçıları özbaşına əməllərindən əl çəkmədilər. Görünən odur ki, prezidentin xəbərdarlığından nəticə çıxarmayanlar var. Mötəbər qaynaqlardan əldə etdiyimiz məlumatlara görə, bəzi icra başçıları və onların yaxınları qanunları ayaq altına ataraq özbaşına işlərlə məşğul olurlar. Buna misal, hal hazırda Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovu göstərə bilərik. Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov barəsində kütləvi informasiya, ayrı ayrı şəxslər, internet resursları vasitəsilə topladığımız materiallara üçüncü yazımızda aydınlıq gətirməyi davam etdirəcəyik. Artıq mətbuat səhifələrində dərc olunmuş ilk iki yazımızda olduğu kimi, bu gün də Ceyhun Cəfərovun qüdrətli yaxın qohumlarnın maliyyə imkanlarından və sonuncunun bu şəxslərlə nə qədər sıx əlaqəli olmasına dair aydınlıq gətirilməsindən başlayacağıq. Artıq hər yazımızı Ceyhun Cəfərovun yüksək vəzifəli qohumları ilə ortaq biznesindən başlamaq ənənə xarakteri almışdı. İlk iki yazımızda Rabitə və Texnologiyalar nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovla bağlı ayrı ayrı vaxtlarda kütləvi informasiya vasitələrində dərc olunmuş bir neçə məlumatı oxucularımza təqdim etmişdik. Yeni əldə etdiyimiz, eyni zamanda mətbuat səhifələrində əksini tapmış məlumatlara görə Rabitə və Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov əsas biznesi Avropada, daha dəqiq Çexiya Respublikasında yerləşib. Şərqi Avropa ilə Qərbi Avropanın ortasında yerləşən bu kiçik dövlət sahibkarlıq, biznes üçün sərfəli bir ölkədir. Məlumatda qeyd olunur ki, Vidadi Zeynalov qaynı Tərtər rayonun sabiq icra başçısı, hal hazırda isə Kürdəmir rayon icra başçısı olan Ceyhun Cəfərovla birlikdə Çexiyanın Praqa və Borno şəhərlərində otelçilik biznesi yaradıblar. Aparat rəhbəri ilə icra başçısının Çexiyadakı biznesi təkcə otelçiliklə bitmir. Belə ki, bu iki qohum məmur bu ölkədə bir neçə böyük pub bar və restoran da alıblar. İnformasiya görə Vidadi Zeynalovun Çexiyadakı biznesini Ceyhun Cəfərovun ən yaxın qohumu və dostu idarə edir. Vidadi Zeynalov hər il məzuniyyətini Çexiyada keçirir və buradakı biznesi ilə yaxından maraqlanaraq çatışmayan işləri yoluna qoymağa çalışır. Hər iki məmurun Çexiyadakı otelçilik və pub biznesinə ümumilikdə bir neçə milyon dollar yatırım edildiyi deyilir. Bundan başqa, Vidadi Zeynalovla Ceyhun Cəfərov Çexiyada məşhur istirahət mərkəzi Karlovıy Varyada torpaq sahəsi alaraq burada yan-yana dəbdəbəli iki villa tikdiriblər. Həmçinin bir müddət öncə Vidadi Zeynalovun paytaxtın Nəsimi rayonunda 400 kvadrat metrlik böyük bir obyekt aldığı və hazırda həmin obyektin kirayə verildiyi bildirilir. Aparat rəhbərinin paytaxtda 30-a yaxın lüks mənzillərinin, həmçinin Nabranda torpaq sahəsinin olduğu deyilir. Onun qara bazarda obyekt bina ev alqı satqısı işlərini əslən Yevlax rayonundan olan bir maklerin həyata keçirdiyi iddia olunur. Bu kimi məlumatların mətbuat səhifələrinə sızdığından ictimaiyyət, eləcə də hakimiyyətin ən yüksək eşalonunda təmsil olunanlar baş verənlərlərdən hali olmuşdurlar ki, bu da öz növbəsində hər iki məmura qarşı fərqli münasibətlərin formalaşmasına təsir göstərmişdir. İcra başçısı postuna Yasamal rayon İcra Hakimiyyətindən yüksələn Ceyhun Cəfərova hələ Tərtərə başçı göndərilərkən bəzi vədlər verilmişdir. Ona bir-iki il ərzində Tərtərdə özünü doğrultmaq tapşırığı verilmişdi. Və bundan sonra onun Bakının rayonlarından birinə başçı gətiriləcəyi deyilib. Ceyhun Cəfərov da buna görə Tərtərdə müəyyən qədər özünü təsdiqləməyə çalışdı. Lakin onu Bakıya deyil, Tərtərlə müqayisədə paytaxta nisbətən yaxın Kürdəmirə göndərdilər. Buna baxmayaraq gəzən şayiələrə görə yenə də ona vəd verilib. Amma bu dəfə onun əsas himayəçisi və yol göstərəni olan Rabitə Nazirliyinin aparat rəhbəri Viddadi Zeynalov vədini konkretləşdirib. Bildirilir ki, uzun illərdir Yasamalın icra başçısı olan İbrahim Mehdiyevdən narazılıq çoxaldığından onun vəzifədən alınması an məsələsidir və bu zaman həmin posta Ceyhun Cəfərovun təyinatı gündəmə gətiriləcək. Amma bütün baş verənlər C.Cəfərovun yüksəliş planının üstündən xətt çəkir. İlk iki araşdırma yazımızda qeyd etdiyimiz kimi, Tərtər rayonunun sabiq icra başçısı Ceyhun Cəfərovun samballı yaxın qohumları, yüksək vəzifələrdə təmsil olunan adamları olmasına baxmayaraq heç vaxt dövlət başçısının rəğbətini qazana bilməmişdir. Buna bir çox misallar gətirmək olar, lakin dövlət başçısının sonuncunu heç vaxt qəbul etməməyinin ən bariz nümunəsi kimi, prezidentin bölgədə səfərdə olduğu zamanı Ceyhun Cəfərovu sərt formada danlamasını göstərmək olar. Əgər xatırlayırsınızsa 2013-cü ildə Prezident İlham Əliyev Aran Qarabağ və Gəncəbasar bölgəsində səfərdə olmuşdur. Yevlaxda yeni aeroportun açılışında iştirak edən dövlət başçısı oradan da Bərdə rayonunda qaçqınlar üçün yeni tikilmiş şəhərciyin açılışına qatılır. Bərdədə qaçqın şəhərciyinin açılışında iştirak edən dövlət başçısı rayondakı vəziyyətdən narazı qalır, eyni aqibətlə Tərtərin icra başçısı Ceyhun Cəfərov da üzləşir. Qaçqın şəhərciyinin açılışında iştirak etmək üçün Bərdəyə gələn Cəfərov orada Prezident Administrasiyası və dövlət başçısı ilə görüşmək istəyib. Lakin ona çatdırıblar ki, dövlət başçısı onunla görüşmək istəmir. Bütün bunlara baxmayaraq, daim gözəgörünməz qüvvələr Ceyhun Cəfərova vəziyyətdən çıxmağa yardımçı olmuşdurlar. Maraqlısı budur ki, hamının bu şəxsin tutduğu vəzifədən alınacağını gözlədikləri bir zamanda, dövlət başçısı şəxsən görüşmək istəmədiyi Ceyhun Cəfərov 2014-ci ildə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunur. Korrupsiya və rüşvətxorluğa qarşı aparılan kampaniya çərçivəsində ölkədə icra başçılarının yerlərinin dəyişdirilməsi də bəzi hallarda öz müsbət nəticəsini verməmişdir. Təcrübə göstərir ki, bu cür dəyişiklik insanlarda böyük qıcıq yaradır, hakimiyyətə etimadı azaldır. Hakimiyyət bir növ qaş düzəltdiyi yerdə vurub göz çıxarıb. Hesab edirəm ki, bu cür təyinatlar bir çox hallarda iqtidar üçün arzuolunmaz nəticələrə gətirib çıxardır”.
Əskidən olduğu kimi, Kürdəmir rayonuna yeni təyin olunmuş icra başçısı vəzifəsinin icrasına başladığı andan barəsində xoşa gəlməz məlumatlar KİV-də öz əksini tapmağa başlayır. Misal üçün diqqətimizi cəlb edən yazılardan birində qeyd olunur ki, “Kürdəmirin yeni icra başçısı qolunun gücünü xadimələrin üzərində sınadı.” Məlumata əsasən rayonun yeni icra başçısı Ceyhun Cəfərov Kürdəmiri öz üsulu ilə “gözəlləşdirməyə” çalışır. İməcilik üçün kənd məktəblərinin xadimələrindən ibarət dəstələr yaradan yeni icra başçısı rayonun küçələrinin süpürülməsində bu “xadimə manqalarından” istifadə edir. Kürdəmirin yeni icra başçısı qolunun gücünü xadimələrin üzərində sınayıb. Amma burada könüllülük prinsipi heç də əsas götürülməyib. Belə ki, xadimələrdən biri zorla gətirildiklərini də söyləyib: “Gəlməsək, işdən çıxarmaqla hədələyirlər”. Adının çəkilməsini istəməyən məktəbin təsərrüfat işləri üzrə direktor müavini isə söyləyib ki, bu tapşırıq onlara İcra hakimiyyətindən verilib. “
Əgər ilk günlərdə yeni icra başçısı rayon ərazisində məcburi iməciliklərin keçirilməsində, insanların bu iməciliklərə məcburi qaydada qatılmalarına görə ittiham edilirdisə, daha sonradan onun barəsində mətbuat səhifələrinə sızan məlumatlarda əməlli-başlı ciddi qanun pozuntularına dair məlumatların dərc olunması prosesinə start verilir. Həmin məlumatlarla tanış olaq: Kürdəmirin icra başçısı rayonu xəracyığma sistemilə idarə edir. 2011-ci ildə Yasamal rayon icra başçısının müavini postundan alınaraq Tərtər rayonuna rəhbər göndərilən, 2014-ci ildə isə Kürdəmirə icra başçısı təyin olunan Ceyhun Cəfərovun karyerası təhlükəli nöqtəyə qədəm qoyub. Kürdəmirə icra başçısı təyin edildikdən sonra Ceyhun Cəfərovun eynilə Tərtər rayonunda olduğu kimi, əsasən iş adamlarını sıxışdırmağa başlaması ciddi narazılıqların yaranmasına səbəb olub. İcra başçısı təyin edildiyi zamandan bəri rayonda ciddi şəkildə narazılıqlar baş qaldırıb. Yeni başçı bütün gəlirli sahələri nəzarəti altına almağa başlayıb. O, təyin olduğu ilk günlərdə bəzi media orqanlarında öz xeyrinə reklam xarakterli məqalələr yazdıraraq işgüzar və yenilikçi başçı obrazı yaratmağa çalışırdı. Lakin Azərbaycan mediası Ceyhun Cəfərovu Tərtər rayonunda icra başçısı işlədiyi zamanlardan tanıyır. Medianın arxivində Tərtərdən gələn şikayətlərin sayı-hesabı yoxdur. Məcburi köçkünlərdən tutmuş, iş adamlarına qədər minlərlə şikayətçi var idi. Məsələ burasındadır ki, Ceyhun Cəfərov gənc olmasına baxmayaraq, özünün qocaman xəracyığma sistemləri ilə rayonu idarə etməyə üstünlük verir. Mötəbər mənbənin söylədiklərindən belə aydın olur ki, son zamanlar rayondakı korrupsiya və rüşvət halları ilə bağlı baş verən qanunsuzluqlarla əlaqədar bir sıra dövlət qurumlarına ardıcıl təşkil olunan kompramat xarakterli şikayət məktubları, nəhayətdə Ceyhun Cəfərov üçün başağrısına çevrilib. Şikayətçilər Ceyhun Cəfərovun fəaliyyəti barəsində «yuxarılarda» mənfi rəy yarada bildiklərindən, hesab etmişdirlər ki, hətta onun vəzifəsindən alınması məsələsi də gündəmə gəlib: «Doğrudur, o, vəzifəsində yenidir. Amma Şəkinin keçmiş icra başçısı da görəv başında heç bir ilini tamamlaya bilmədi». Mənbəmiz bildirir ki, konkret olaraq icra başçısının adı təxminən 600 min manat büdcə pulunun yoxa çıxmasında hallandırılır. Hər halda, bir il ərzində bu qədər vəsaiti ələ keçirməyin özü də böyük bacarıq tələb edir.
ceyhun cəfərovBu arada aparılan araşdırma zamanı Kürdəmir rayon İcra Hakmiyyətinin başçısı Ceyhun Cəfərov ilə bağlı yeni iddialar ortaya çıxıb. 2014-ci ildə rayona icra başçısı təyin olunan Ceyhun Cəfərovun qoyduğu yeni qaydalardan gedir söhbət. Belə ki, uzun illər keçmiş icra başçıları və onların klanlarından cana doyan kürdəmirlilər indi C.Cəfərovun daha sərt qaydaları ilə üz-üzə qalıblar. Rayona yenicə ayaq basan icra başçısı ilk əvvəl kadr dəyişikliyinə başlayıb. Həmçinin digər idarə müdirlərinə də vəzifədən uzaqlaşdırılacağı ilə bağlı xəbərdarlıqlar edibmiş. Amma vəzifədə qalmaq istəyən idarə müdirləri üçün də bir şans qoyub. “Xoş gəldinə” əli dolu gələn idarə müdirlərinə bildirilib ki, aylıq haqqları bir qədər artıb. Bütün bunlar azmış kimi, C.Cəfərovun göstərişi ilə rayon bazarı tam nəzarətə götürülüb. Bazarda alver edən insanlardan pulların yığılması məsələsi keçmiş icra başçısının adamından alınıb. İndi bütün rayon C.Cəfərovun tam nəzarətinə keçib. Ən ciddi təzyiqlərlə sahibkarlar üzləşib. Məlumatda qeyd olunur ki, sahibkarlarla görüşmək istəməyən C.Cəfərov açıq şəkildə bildirib ki, rayondakı abadlıq-quruculuq işlərində ona kömək edən sahibkarların yanında olacaq. Olmayanlara isə işləmək imkanı verilməyəcək. Daha bir maraqlı məqam isə İrşad Əliyevin zamanında satılan torpaqların sənədlərinin yenidən qaldırılmasıdır. Rayon mərkəzində satılan torpaqlara verilən sənədlərin qanunsuz olduğunu bildirən icra başçısı bu obyektlərin sökülməli olduğunu bilidirib. Bir sözlə, əski başçıdan canlarını güclə qurtaran kürdəmirlilər üçün daha ağır dönəm başlayıb. Məlumat üçün qeyd edək ki, C.Cəfərov əvvəlki icra başçısı İrşad Əliyevin rayondakı torpaq sahələri və obyektlərinə də əl qoymaq niyyətindədir. Artıq bir sıra obyektlərin sənədləşməsinin araşdırılmasına başlanılıb.
Ceyhun Cəfərovun icra nüamyəndələrini və bələdiyyə sədrlərini paytaxtda yüksək vəzifədə çalışan məmurlar vasitəsilə qorxutduğu iddia olunur. Kürdəmirdən daxil olan məlumata görə, 2014-ci ilin aprelin 16-da rayona təyin olunmuş icra başçısı Ceyhun Cəfərov 20-yə yaxın kənd icra nümayəndələrinin hər birindən 5 min manat tələb edib. İcra başçısı həmçinin 23 bələdiyyə sədrindən və icra nümyəndəsindən balanslarında olan bəzi torpaq sahələrini saxta sənədlər əsasında subsidiya yardımına yazdırılması maxinasiyasından əldə etdikləri “qazanc”larının yarısını tələb edib. Daxil olan məlumatda göstərilir ki, Kürdəmirin icra başçısı bələdiyyə sədrlərinə və icra nümayəndələrinə bildirib ki, əgər tələb olunan məbləği verməsələr, o zaman həmin bələdiyyələrdə və icra nümayəndəliyində yoxlamalar aparmaq üçün lazımı instansiyalara müraciət edəcək. Ceyhun Cəfərov bələdiyyələrə sifariş göndərib ki, “əgər onlar saxta sənədlərlə yazdırdıqları torpaq sahələrinə veriləcək yanacaq yardımını icra başçısına verməsələr, yoxlanılmalarına şərait yaradacaq”. Bələdiyyə sədrləri, icra nümayəndələri Kürdəmir icra başçısının bu “xəbərdar”lığından ciddi şəkildə narahat olublar və Ceyhun Cəfərovun istəyi ilə razılaşıblar. Məlumatlarda o da bildirilir ki, Kürdəmir rayonunda 23 kənddən 1679 nəfərin adına 12420 hektar torpaq sahəsi subsidiya yardımı yazdırılıb. Həmin torpaqların bir hissəsi isə məhz saxta sənədlər əsasında yardım siyahısına salındığı bildirilir.
Kəndlərdən şikayətlər gəlir, cavab verən yoxdur. Son zamanlar rayonla bağlı aparılan araşdırmalara daxil olan şikayətləri də əlavə etmək olar. Rayonun kəndlərində yaşayan bir qrup vətəndaş tərəfindən daxil olan şikayət məktubunda yolsuzluqdan əziyyət çəkdikləri yazılır. Kənd sakinləri yollarının çox bərbad vəziyyətdə olmasından şikayətlənirlər. Məktubda bildirilir ki, artıq onlar kənd yollarının belə vəziyyətdə olması ilə bağlı rəsmi qurumlara şikayət etməkdən qorxur: «Hara şikayət ediriksə məktublar Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun üstünə qayıdır. Başçı da bütün mümkün vasitələrlə bizə təzyiq etdirir. Şikayət edən adamlardan bir neçəsinə inzibati həbs qərarı verilib. Düzdür, bu həbsləri şikayətlərlə bağlamasalar da, ancaq hamı gözəl bilir ki, kökündə həmin məsələ durur. Biz dəqiq bilirik ki, dövlət büdcəsindən kəndimizin yolunun abadlaşdırılması üçün bir neçə dəfə vəsait ayrılıb. Ancaq təəssüflər olsun ki, həmin vəsait rayon rəhbərliyi tərəfindən mənimsənilir. Sizdən xahiş edirik, bizim şikayətimizi ictimailəşdirin ki, qoy Kürdəmirdə baş verən özbaşınalıqdan hamı xəbərdar olsun».
Ola bilər ki, hörmətli oxucu məni hansısa məlumatların təkrarlanmasında gunahlandırsın. Sizi inandırım ki, araşdırma prosesində məlumatları qeydə alarkən mənim özümdə də belə şübhələr yaranıb. Lakin araşdırmanın birinci və ikinci hissələri ilə tanış olanlar yaxşı bilirlər ki, mən hələ Ceyhun Cəfərovun Tərtər rayonunda icra başçısı olduğu dövrü araşdırarkən. qarşılaşdığım saysız hesabsız qanun pozuntuları ilə qarşılaşarkən belə bir fikir söyləmişdim “az bir vaxtda bu qədər mənfi keyfiyyətlərə malik insan dəyişə bilməz və bunun nəticəsi olaraq heç şübhə etmirəm ki, Ceyhun Cəfərov Tərtər rayonunda etdiyi özbaşınalıqları Kürdəmir rayonunda da edib və yaxud da edir.” Yəni hörmətli oxucuya bildirmək istəyirəm ki, bəli, demək olar ki, hamısı bir birinə bənzər qanun pozuntularıdır, sadəcə olaraq bu qanun pozuntularının baş vermə vaxtı, məkanları, regionları ayrıdır. Onu da qeyd edim ki, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov barəsində araşdırmamızı izləyin, jurnalistikamızın fədakar yazarları, hüquq müdafiəçiləri sayəsində toplanmış daha maraqlı, tük ürpədici məlumatları yaxın gələcəkdə Sizə təqdim edəcəyik.

YAZIDA AYRI-AYRI İNSANLARIN, HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN VERDİKLƏRİ, KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNDƏ, ONLARA AİD ELEKTRON PORTALLARDA DƏRC OLUNMUŞ MATERİALLARDAN İSTİFADƏ OLUNMUŞDUR.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button