Vidadi Zeynalovun icra başçısı-ARAŞDIRMA

Azad Mürsəliyev
Beşinci yazı

“Hətta o şəxs ölkə prezidenti olsa belə, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı onu da aldatmağı özünə rəva görə bilir”

vidadi zeynalovKürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla bağlı başladığımız araşdırmanın beşinci hissəsinə başlayırıq. Təəssüf ki, bu günə kimi, gedən 4 yazı ilə əlaqədar aidiyyatı orqanların heç bir reaksiyasına təsadüf etmədik. Əslində, şəxsən mənim üçün təəccüblü bir şey yoxdur. Çünki mənim araşdırmalarım əsasən bir neçə il ardıcıl olaraq bu şəxs barəsində tükürpədici materiallar dərc edən jurnalistlərin yazılarına əsaslanıb və təsəvvür edin ki, hələ məndən öncə bu yazılara heç bir reaksiya verilməyib, baş verən cinayətlər, ən azından cinayət xarakterli məlumatlar ört-basdır edilib, prezident administrasiyasında keçirilən tədbirlərdə ümumi müzakirələrə çıxarılmayıb. Sual olunur niyə, hansı səbəblərdən? Bu insanın arxasında duran qüvvə kimdir ki, onu bu cür himayə edir, onun toxunulmazlığına cavabdehlik daşıyır, hər dəfə onun sudan quru çıxmasına yardımçı olur? Tərəfimdən aparılan araşdırma zamanı bir çox şəxslər öz maraqlarını gizlətməyib soruşurlar ki, “bu araşdırma nə vaxtsa bitəcək, indidən məlumdur ki, aidiyyatı orqanlar onsuz da araşdırmaya reaksiya verməyəcəklər, nə etmək fikirindəsiniz?” Elə məqamdan istifadə edib həmin şəxslərə cavab verirəm ki, o, məsələnin ikinci tərəfidir ki, aidiyyatı orqanlar bu araşdırmaya maraq göstərəcəklər, ya yox, əsas odur ki, mən üzərimə düşəni edirəm, araşdırma bitincə isə araşdırma rəsmi şəkildə hüquq-mühafizə orqanlarına, Milli Təhlükəsizlik nazirliyinə, Prezident Administrasiyasına və nəhayət şəxsən dövlət başçısına göndəriləcək. Lakin onu da qeyd etməyi özümə borc bilirəm ki, ilk gündən araşdırma materiallarını dərc edən bəzi kütləvi informasiya vasitələri artıq yazıları öz saytlarında yerləşdirməkdən imtina ediblər, istifadəmdə olan mobil telefonun və bilgisayarın dəfələrlə saatlarca istifadəsi məhdudlaşdırılıb, ailə üzvlərimə qarşı hörmətsizlik edilib. Bütün bunlar onun göstəricisidir ki, araşdırmanın davam etməsi əks tərəfi bərk narahat edir. Elə buna görə də Ceyhun Cəfərova yüksək vəzifələrdə təmsil olunan yaxınları hər cür dəstək olmağa çalışırlar. Belə götürəndə Ceyhun Cəfərovun yaxın qohumları arasında yüksək vəzifələrdə çalışanların adları araşdırma zamanı bizə məlum olub.
Vidadi Zeynalov nazirlikdə nazir Əli Abbasovdan sonra əsas söz sahibinə çevrilmiş oliqarxdır…
Lakin razlaşın ki, bu şəxslərin tutduqları vəzifələrə uyğun olaraq səlahiyyətləri bu dərəcədə onu müdafiə etməyə imkan verməməlidir. Misal üçün götürək, Ceyhun Cəfərovun yaxın qohumu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinın aparat rəhbəri Vidadi Zeynalovu. Əgər mətbuat səhifələrində gedən yazılara inansaq, bu şəxs faktiki olaraq nazirlikdə nazir Əli Abbasovdan sonra əsas söz sahibinə çevrilmiş oliqarxdır. Amma razılaşın ki, hətta belə yüksək vəzifədə təmsil olunan bir şəxsin imkanı daxilində deyil ki, sevimli qohumu barəsində nüfuzdan salan məlumatların dövlət başçısına çatmasının qarşısın alsın. Deməli, hələ də bizə məlum olmayan məqamlar var, deməli, Vidadi Zeynalovdan da qüdrətli biriləri var ki, bu işə əl qoyurlar. Ümidvaram ki, araşdırma prosesində hələ biz bir çox üstü örtülü məqamlara aydınlıq gətirəcəyik. Hal-hazırda isə ənənəmizə sadiq olaraq Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun himayadarı kimi, mətbuat orqanlarında adı keçən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinın aparat rəhbəri Vidadi Zeynalov barəsində bəzi məlumatları diqqətinizə çatdırmağa çalışacam. Heç şübhəsiz ki, sürətlə inkişaf edən dünya ilə ayaqlaşmada və müasir texnologiyaların həyatımıza yol tapmasında rabitə sektoru önəmli rol oynayır. Doğrudur, Azərbaycanda bu sahə kortəbii yolla həyatımıza soxulsa da, əslində, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin peşəkar işləyəcəyi təqdirdə daha asan və daha keyfiyyətli rabitə və yüksək texnologiyalara qovuşmağımız mümkün olacaq. Əfsusluqla qeyd etməliyik ki, uzun illər bu sahəyə rəhbərlik edən şəxslər dövlətin mənafeyini deyil, öz maraqlarını qoruduqlarından hələlik yüksək texnologiyaların yüksək keyfiyyətləri barədə düşünmək şansımız olmayıb…
Vidadi Zeynalov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək telekommunikasiya qovşaqlarının rəsilərinə qanunsuz tapşırıqlar verib
Əldə etdiyi məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinın aparat rəhbəri, faktiki olaraq nazirlikdə nazir Əli Abbasovdan sonra əsas söz sahibinə çevrilmiş Vidadi Zeynalov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bir sıra rayonların telekommunikasiya qovşaqlarının rəsilərinə qanunsuz tapşırıqlar veribmiş. İddiaya görə, o, Yevlax, Mingəçevir, Tərtər, Goranboy, Gəncə və Bərdə telekommunikasiya qovşaqlarının rəsilərinə Goranboy rayonunda istirahət mərkəzi tikdirib. Vidadi Zeynalovun bunabənzər daha bir qanunsuz fəaliyyəti isə İsmayıllı rayonun adı ilə bağlıdır. Bizə verilən məlumata görə, adıçəkilən rayonda tikdirilən istirahət mərkəzini Vidadi Zeynalov üçün İsmayıllı, Qəbələ, Qobustan, Şamaxı və Ağsu rayonlarının telekommunikasiya qovşaqlarının rəhbərləri birgə ərsəyə gətiriblər. Onu da xatırladaq ki, yuxarıda sadalananlar Vidadi Zeynalovun vəzifə başında yol verdiyi ilk qanunsuz hərəkətlər deyil. Onun Bakı Şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırılması zamanı da bu kimi halların önəmli rolu olub. Növbəti yazılarımızda hələ bu oliqarx haqqında əldə etdiyimiz məlumatları sizin diqqətinizə çatdıracağıq. Odur ki, qayıdaq araşdırmamızın əsl hədəfi Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov cənablarına. “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz”. Bunu Prezident İlham Əliyev yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun çıxışı zamanı deyib. Nə qədər dəqiq və yerində deyilmiş sözlərdir. Lakin necə el arasında deyərlər “sən saydığını say, gör fələk nə sayır.” Bu gün respublikada subardinasiya qaydaları o dərəcədə pozulub ki, bəzi icra başçıları dövlət başçısının göstəriş-tələblərini iqnor edirlər. Çünki arxayındırlar ki, yuxarıda onları dövlət başçısının qəzəbindən müdafiə edənlər tapılacaq. Elə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəvərov da o şəxslərdəndir ki, özünü bu qəzəbdən sığortalanmış hesab edir. Lakin mən belə hesab etmirəm. Bir gün bu xalqa qənim kəsilmişlərin, elə Ceyhun Cəfərovun özünün qanun pozuntuları aidiyyatı orqanların diqqətini cəlb edəcək. Ceyhun Cəfərov icra başçısı vəzifəsinə təyin olunduğu gündən etibarən rayonda baş verən neqativ halların hamısına göz yumub. Hansısa problemin həll olunması üçün lazımi addım atmayıb. İstinad etdiyimiz məlumatlardan görünən odur ki, bu şəxs ancaq talamağı, evi yanmış sakinləri təhqir edib xidməti otağından qovmağı, bir də ki, ayrı-ayrı şəxslərə özü barəsində tərif yazdırmağı bacarır.
ceyhun cəfərovCeyhun Cəfərov Kürdəmiri inhisara alıb
Artıq qeyri-rəsmi də olsa 2015-ci ilin noyabr ayında Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərə start verilmişdir. Həmişə olduğu tərzdə, respublikanın ayrı-ayrı regionlarında olduğu kimi, Kürdəmir rayonundan da bir neçə şəxs tapılacaq ki, öz namizədliklərini irəli sürəcəklər. Və başlayacaq təriflər, vədlər. Birisi çox az bir vaxtda işğal altında olan Qarabağ torpaqlarını azad etməyə, digəri sosial problemlərin həll edəcəyini, başqa birisi əmək haqqlarının qaldırılması üçün əlindən gələni edəcəyini söz verəcək. Heç kim də qalxıb bunlardan soruşmayacaq ki, “ay hörmətli namizəd, bu verdiyin vədlər, seçilsən belə sənin səlahiyyətin daxilində deyil axı.” Bu bir yana, heç kim bunlardan soruşmayacaq ki, “niyə bu günə kimi, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun yarıtmaz fəaliyyəti haqqında bir kəlmə olsun belə danışmamısan, niyə onu ifşa etməmisən? Susmaq razılıq əlamətidir. Əgər siz susaraq bu şəxsi müdafiə etmisinizsə, bundan sonra Milli Məclisə seçilib 90.000 Kürdəmir rayon sakinin maraqlarını necə qoruyacaqsınız? Güya heç birinizin xəbəri yoxdur ki, nəinki sadə vətəndaşlar, hətta kiçik və orta məmurlar da onun əməllərindən narazılıq edirlər? Ceyhun Cəfərov demək olar ki, rayonda bütün sahələri inhisara alıb. Sizlər susursunuz. Onun icazəsi olmadan heç kim daşı-daş üstə qoya bilməz. Sizlər susursunuz. Kimsə hansısa işi görmək istədikdə, mütləq şəkildə Ceyhun Cəfərovu “görməlidir”. Yenə də Sizlər susursunuz. Deyilənə görə, icra başçısı külli miqdarda haqq almadan heç kəsə hansısa işin görülməsinə icazə verməz. Belə ki, əskidən Tərtər rayonunda olduğu kimi, artıq rayonumuzda da fəaliyyət göstərən, əhalini işlə təmin edən sahibkarların fəaliyyətinə müdaxilələrin olması, onlara qarşı müxtəlif əsassız qadağaların tətbiq olunması adi hala çevrilib. Bütün bunlardan narazı sakinlər başlarına iş açmamaq üçün susub oturublar. Hamısı bilir ki, harasa şikayət etsələr, başları çox ağrıyacaq. Çünki dəfələrlə öz hüquqlarını müdafiə etməyə çalışan insanlar icra başçısının adamları tərəfindən təhqir və təzyiqə məruz qalıblar. İcra başçısının qoçu dəstələri öz hüququnu tələb edən şəxsləri dərhal yerində oturtmağa nail olurlar. Müəyyən şantajlarla insanları susdurmağa çalışırlar. Bu hal isə artıq rayonunun əhalisini boğaza yığıb. İnsanlar artıq hara və kimə müraciət edəcəklərini unudublar. Bilirsiniz niyə? Çünki sizlər susursunuz. Susun, susmağınızı davam edin, bu baş verənlərdən sizə nə, axı sizin bütün işləriniz qaydasındadır. Ən azından Hörmətli Vaqif Kürdəmirli yazdığı kimi, “hər şey qaydasındadır.” Vaqif Kürdəmirlinin yazısını oxuduqdan sonra bir anlıq söhbətin hansı regiondan getdiyini unutdum, elə bildim ki, Avropanın hansısa cırtdan ölkəsindən gedir söhbət.
Kürdəmirin Şeyx Nəsrullahları…
Araşdırma prosesində nəzərdən keçirdiyimiz məlumatlardan görünür ki, kütləvi informasiya vasitələrinə müraciət edən bir qrup sakinin sözlərinə görə, sakinlər problemlər məngənəsində çabalasa da, icra başçısı Ceyhun Cəfərov heç nə olmamış kimi öz iş-gücündədir. Sakinlər iddia edirlər ki, bələdiyyə sədrləri icra başçısına güvənərək, bildiyini edir və bu vəziyyət uzun müddətdir ki, davam etməkdədir. Bəzi bələdiyyələrin sədrləri icra başçısına arxalanır və hər dəfəsində onunla yaxınlığından istifadə edərək, kəndlərin sakinlərinə təsir və təzyiqlər edir. Şəxsən özüm həmin bələdiyyə nümayəndələrindən birisi ilə telefon əlaqəsi saxladım. Məlum oldu ki, bu insanı mən uzun müddətdir tanıyıram. Lakin həmin şəxsə baş verən qanunsuzluqlarla bağlı fikirlərimi çatdırmağıma baxmayaraq, sonuncu bir kəlmə ilə kifayətlənmişdir, “Azad bəy burada bir nəfərin söylədiyi sözün əhəmiyyəti var, o da İcra başçısıdır, istər səhv, istər düz olsun.” Hətta mənim ona sadaladığım faktları dinləyib, məndən soruşdu ki, “bunları icra başçısına deyə bilərsiniz?” Təsəvvür edin, bu ağılın yiyəsi bələdiyyədə çalışır, insanlarımıza yardımçı olmaq üçün müəyyən səlahiyyətlərə malikdir. İcara başçısı bunun kimilər üçün sizin, mənim kimi vətəndaş deyil, əstəğfürullah, sanki Allahdır. Belə çıxır ki, “hörmətli” Ceyhun Cəfərov Kürdəmir Rayon İcra hakimiyyətinin başçısı təyin edilməsəydi, faciə baş verərdi, Kürdəmir ən geridə qalan rayonlar sırasında yer alardı, apokalipsin dönüşü qaçılmaz olardı. Lap Şeyx Nəsrulla yadıma düşdü.
Ümumiyyətlə, öncədən Tərtər rayonunda olduğu kimi, bu gün Kürdəmir rayonunun təkcə bir kəndində deyil, rayonun əksər kəndlərində eyni vəziyyət hökm sürür. Hamı icra başçısından və onun adamlarından narazıdır. Saysız-hesabsız problemlər məngənəsində sıxılan sakinlər deyəsən, qarşıdan gələn növbəti qışı da yolsuzluqdan və digər sosial problemlərin mövcudluğundan əziyyət çəkəcəklər. İcra başçısı dəfələrlə rayonda bu problemlərin birdəfəlik həllini tapacağını desə də, ortada heç bir nəticə yoxdur. Camaat artıq neçə ildir, bir-birini dəyişən başçıların, bu gün isə Ceyhun Cəfərovun nağıllarını dinləyir. Etibarlı mənbənin verdiyi məlumata görə, icra başçısı rayona ayrılmış vəsaitlərin bəzi qismini heç də təyinatı üzrə xərcləməyib. Üstəlik, onun yerli sahibkarları incidərək, onlardan aldığı pullarla bir sıra tikinti işlərini həyata keçirdiyi də üzə çıxıb. Bütün bunlar onu göstərir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov ölkə başçısı tərəfindən ona göstərilən etimadı doğrultmadığından yaxın vaxtlarda vəzifəsinə əlvida deyə bilər.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədovun müəmmalı ölümü

Bu susmaqların nəticəsidir ki, Kürdəmir RİH başçısı Ceyhun Cəfərovun adı bir müddət əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədovun müəmmalı şəkildə ölməsi iə bağlı hallandırılır. Baş vermiş arzuolunmaz olayla bağlı respublikanın bir çox kütləvi informasiya vasitələrində ilginc məlumatlar dərc olunmuşdur. Yayılan informasiyaya görə, şöbə müdiri 2014-ci ilin dekabrın 14-də sonuncu dəfə icra başçısı Ceyhun Cəfərovla danışıb və həmin söhbət kifayət qədər gərgin keçib. Belə ki, icra başçısı mərhum şöbə müdiri ilə kifayət qədər sərt danışıb və onun rəhbərlik etdiyi qurumun fəaliyyətinin Baş Prokurorluq tərəfindən yoxlanmasının vacibliyini dilə gətirib. Mənbəmiz iddia edir ki, icra başçısı ilə mərhum şöbə müdiri arasında buna qədər də analoji problemlər yaranıb. Belə ki, bir müddət öncə rayondakı tikinti və abadlıq işlərinə görə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri, mərhum Gülbala Əsədov Bakıdakı və Kürdəmirdəki evlərini banka girov qoyaraq küllü miqdarda kredit götürüb. Həmin məbləğin əhəmiyyətli hissəsini rayondakı abadlıq işlərinə sərf edən şöbə müdiri bundan sonra maddi cəhətdən iflasa uğrayıb.
Məlumatlarda o da qeyd olunur ki, rayondakı “Heydər bulağı”nın ətrafını öz hesabına hasarladan Gülbala Əsədov eyni zamanda “Dördyol” adlanan ərazidən Mollakənd isqiqamətində yol kənarındakı səkiləri təmir etdirib. Amma bütün bunlara baxmayaraq, mərhum şöbə müdiri ilə icra başçısı arasındakı gərginliyə son qoyulmayıb. Məlumat üçün bildirək ki, mərhum şöbə müdirinin qardaşı Kürdəmir rayonu Karrar kənd icra nümayəndəsi vəzifəsində işləyir. Onun qardaşının düşdüyü acınacaqlı durumla bağlı dəfələrlə Kürdəmir RİH başçısı Ceyhun Cəfərovun qəbulunda olub. Amma icra başçısı hər dəfə şöbə müdirinin danışığına belə qulaq asmayıb və bu da nəticə etibarilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədovun ürəyinin partlayıb ölməsilə nəticələnib.
Kürdəmirdə şöbə müdirinin ölümü ilə bağlı müxtəlif məlumatlar yayılıb. Həmin məlumatlara görə şöbə müdiri dekabrın 14-də icra başçısı Ceyhun Cəfərovla növbəti təmasdan sonra ürəyindən şikayətlənib. Ətrafındakılara icra başçısının onu infarkt həddinə gətirdiyini söyləyib. Evə getdikdən sonra isə dünyasını dəyişib. Həkimlər G.Əsədovun ürək tutmasından dünyasını dəyişdiyini təsdiqləyiblər. Son dövrlər müavinlərinə belə rəhm etməyən və onları müxtəlif maxinasiyalarda ittiham edən Ceyhun Cəfərov, hətta onların həbs olunmasına şərait yaradan addımlar atıb.
Araşdırma prosesində məlum olmuşdur ki, mərhum Gülbaba Əsədov barəsində kütləvi informasiya vasitələrinə hələ 2013-cü ildə bir sıra maraqlı məlumatlar sızıbmış. Hələ 31.10.2013-cü il tarixdə mətbuat səhifələrində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsində baş verən özbaşınalıqlardan, saxtakarlıq və digər korrupsiya hallarından bəhs edən, “Kürdəmirdə torpaq qalmadı – Gülbala Əsədov rayon torpaqlarını ucdantutma satır” sərlövhəli tənqidi material dərc olunmuşdu. Qeyd edək ki, şöbənin fəaliyyətində yer almış neqativ hallara dair çoxsaylı şikayət məktubları mütamadi şəkildə KİV redaksiyalarına daxil olurmuş. Məlumatlarda bildirilir ki, sözü gedən şöbənin rəisi Gülbala Əsədovun yarıtmaz fəaliyyətinə dair çeşidli faktlar ən müxtəlif instansiyalara təqdim olunsa da, əlaqədar təşkilatlar bu məmurun “toxunulmazlıq” statusunu almaq niyyətində olmayıblar. Təqdim olunan faktların əsasında isə ilk növbədə G.Əsədovun kənd bələdiyyə sədrləri ilə birgə həyata keçirdiyi torpaq maxinasiyaları dururmuş. Bu xüsusda mənbələr bildirirlərmiş ki, “rayonun bir çox kəndlərində bələdiyyə mülkiyyətində olan torpaq sahələri tamamilə satılıb qurtarıb. Məlumatlarda isə bu zəmində torpaq şöbəsi müdirinin yeni-yeni maxinasiyalara əl atdığına dair iddialar irəli sürülür.” Qeyd olunur ki, “Gülbala Əsədov ən müxtəlif əsassız bəhanələr gətirməklə, əvvəlki vaxtlarda verilmiş sənədləri etibarsız elan edir. Mahiyyətcə isə, məqsəd yalnız torpaq sahiblərindən yenidən rüşvət qoparmaqdır. Təbii ki vətəndaşlar buna etiraz edərək bildirirlər ki, müvafiq dövlət rüsumunu da, hətta tələb olunan rüşvəti də artıq ödəyiblər. Amma Gülbala müəllimi bu məqam az maraqlandırır. Əks halda isə şöbə müdiri vətəndaşları aldıqları torpaqlara olan mülkiyyət hüquqlarından belə məhrum edəcəyi ilə hədələyir.” Digər tərəfdən isə məlumatlara görə məhz 2007-2008-ci illərdə rayonda torpaq sahələrinin satışı daha çox intensivliyi ilə fərqlənib. Maraqlıdır ki, bu intensivlik 2007-ci il dekabrın 12-də ölkə Prezidentinin sərəncamı ilə torpaq satışının dayandırılmasından sonrakı dövrə təsadüf edib. Maxinasiyaların diqqət cəlb etməməsi üçün isə Gülbala Əsədovun xeyir-duası ilə “hərraca” çıxarılan torpaq sahələri köhnə tarixlə sənədləşdirilirmiş. Məsələn, faktiki olaraq 2008-ci ilin mayında alınan torpaq sahələri 2006-cı ilin oktyabr ayına sənədləşdirilib. Belə faktlar saysız-hesabsızdır. Məlumatlarda narazılıqların yaranmasına daha bir səbəb kimi də Torpaq Şöbəsindən vətəndaşlara məxsus ərazilərə dair kənar şəxslərə qeyri-qanuni sənədlərin təqdim olunması göstərilir. Belə ki, Gülbala müəllim və onun rəhbərliyi altında işləyən bəzi mütəxəssislər vəzifə səlahiyyətlərini aşaraq müxtəlif şirkət və fermer birliklərinin daimi istifadəsində olan torpaqlara rəy verirlərmiş. Bununla da həmin torpaqların sahiblərinin razılığı olmadan digər sakinlərə və ya gəlmə iş adamlarına icarəyə verilməsinə şərait yaradırlarmış. Bəzi mənbələr isə artıq bu zəmində rayonda müəyyən insidentlərin də yaşandığını iddia edirdilər. Həmçinin məlumatlarda qeyd olunur ki, bu cür saxta sənədi təqdim etmək üçün onlar rəy verəcəkləri torpaqların hər hektarına görə vətəndaşlardan 150-200 manat məbləğində rüşvət alırlarmış. Bu ittihamlara dair yaranan suallara aydınlıq gətirmək məqsədilə Gülbala Əsədovla kütləvi informasiya vasitələrinin nümayəndələri əlaqə də saxlayıblarmış. Lakin şöbə rəisi onların məramlarını bildikdən sonra onlarla söhbətdən imtina edib. Proseslərin izlənməsi isə belə qənaətə gəlməyə əsas verir ki, DTXK rəhbərliyinin diqqətini G.Əsədovun yarıtmaz fəaliyyətinə yönəltməyə heç bir ehtiyac yoxdur. Görünür bu fəaliyyətdən yuxarı instansiyada nəinki xəbərdar olublar, hətta onu istiqamətləndiriblər və təqdir ediblər. Əgər belə olmasaydı şöbə rəisi həmin dövrdən hələ üç il əvvəl törətdiyi maxinasiyaları, məlumatların daxil olduğu dövrdə də, hətta daha geniş miqyaslarda həyata keçirməyə qərarlı olmazdı.
Hər iki məlumatın (1. G.Əsədovun müəmmalı şəkildə ölümü. 2. G.Əsədovun özünün qanun pozuntuları) təhlili göstərir ki, G.Əsədovun ölümündə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun adının hallanması heç də əsassız deyil. Belə ki, hal-hazırda hörmətli oxucunun diqqətinə G.Əsədovun qanun pozuntularına dair təqdim etdiyimiz məlumat sözsüz ki, Kürdəmir rayonuna rəhbər vəzifəyə yenicə təyin edilmiş Ceyhun Cəfərova da məlum olmamış deyil. Elə buradan da istər-istəməz ehtimal özü formalaşır. Əgər Ceyhun Cəfərov rayonun rəhbəri kimi, mərhum G.Əsədovun qanunsuz hərəkətlərini bilə-bilə onun tutduğu vəzifədən azad olunması istiqamətində bir addım atmırsa, əksinə, onunla çalışmağa davam edirsə və rayonda aparılan bir sıra “abadlıq” işlərini ona tapşırırsa bu artıq İcra Hakimiyyəti başçısının özünün fəaliyyətinə şübhə yaradır. Belə bir ehtimal yarana bilər ki, mərhum G.Əsədov həqiqətən həbsə atıla bilərdi, atılmamaq üçün isə abadlıq işlərini öz üzərinə götürmüşdü. Belə çıxır ki. mərhum G.Əsədov və icra başçısı bu qanunsuz biznes fəaliyyətində şərik olublar. Mənim söylədiyim sadəcə ehtimaldır, əsl versiyaları hüquq mühafizə orqanları irəli sürüb və həmin versiyaları işləməli idi. Bütün hallarda heç kimin bu şəkildə ölümünü arzulamayaraq Allahdan mərhuma rəhmət diləyirik.
Bildirək ki, buna qədər Kürdəmir RİH başçısına dəfələrlə xəbərdarlıq edilib. Belə ki, C.Cəfərovun Kürdəmir rayonuna icra başçısı təyin olunmasından az bir müddət keçməsinə baxmayaraq onun adı dəfələrlə qalmaqallı hadisələrdə hallanıb. Elə C.Cəfərov bu ilin iyul ayında xidməti vəzifə yerini icazəsiz tərk edərək, qəza törədib, bunun ardınca Kürdəmir rayonunda bayrağın yandırılması haqda xəbərlər yayıldı, İcra Hakimiyyətinin yüksək çinli şəxslərinin həbsi, ardınca G.Əsgərovun ölümü…
Araşdırmalarımız davam edir və yaxın gələcəkdə hörmətli oxucunun diqqətinə daha maraqlı hadisələri təqdim edəcəyik, bəlkə məlumatlarımızla aidiyyatı orqanları da maraqlandırdıq.
YAZIDA AYRI-AYRI İNSANLARIN, HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN VERDİKLƏRİ, KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNDƏ, ONLARA AİD ELEKTRON PORTALLARDA DƏRC OLUNMUŞ MATERİALLARDAN İSTİFADƏ OLUNMUŞDUR

1.”Cumhuriyyət.az”-“ Ceyhun Cəfərovun “qələmi qırılır”: Bəylər Əyyubovun ümüdlərin doğrultmadı”-19.12.2014 – 01:17
2.”Baku Neüs.az”-“ İcra başçısı infarkt etdiyi məmurun evini banka girov qoydurub?!”- 26 dek 13:52
3. FAKT İNFORMASİYA AGENTLİYİ-Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri idarə rəhbərlərini necə “yükləyir”?-12 İyun 2015
4. Gülbala Əsədov vəzifə səlahiyyətlərini aşaraq şirkət və fermerlərin torpaqlarına da rəy verir-31.10.2013
5. 27. SAVAŞ.İNFO Kürdəmirin icra başçısı Bakıya çağrıldı: Şöbə müdirinin müəmmalı ölümü başçını bitirir… 18 dekabr 2014
6. 7\24 XEBERLƏR 16 Dekabr 2014 Cemiyyət Kürdəmirdə şöbə müdiri ölümündən əvvəl icra başçısı ilə nə danışıb?

xural.com araşdırmada adı çəkilən hər kəsə cavab haqqı tanıdığını bildirir və adı çəkilənlərin bunun üçün redaksiyaya müraciət etmələrini xahiş edir

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button