Repetitorsuz niyə keçinə bilmirik?

 vidadiNadir israfilov

Və ya professor deputata bir neçə sual

 “Dünyanın əksər ölkələrində valideynlər öz övladlarını universitetlərə hazırlamaq üçün və uşaqların daha yaxşı təhsil alması üçün repetitorlara müraciət edirlər. Bizdə də bu var. Fikrimcə, repetitorluğun aradan qaldırılması heç bir fayda verməz. İnzibati yollarla repetitorluğun aradan qaldırılması mümkün deyil. Repetitorluğun aradan qaldırılması üçün ilk növbədə bəzi zəruri məsələlər həll edilməlidir: Təhsilin keyfiyyəti artırılmalıdır, sosial məsələlər həll edilməlidir, müəllim-valideyn əlaqələri genişləndirilməlidir. Bu problemlər aradan qaldırılmadan repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündür”.

Bu fikirləri kimsə sıradan biri deyil, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, professor Musa Qasımlı səsləndirib. Nə demək olar, fikir prüralizmi deyilən bir anlayış var və bu dövlətin marağında olan faktorlardan biridir. Bununla belə, hörmətli professorumuzla bəzi fikirlərimi bölüşdürməyi və ona bir neçə sual ünvanlamağı özümə borc bildim. Hər halda təhsilimiz bu polemikadan ziyan görməz.

Əgər təhsilimiz repetitorların ümidinə qalıbsa, əgər bu “repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıbsa, artıq bir çox müəllimlər təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də məktəb direktorlarının yaratdığı qeyri-qanuni “repetitor” biznes strukturunun əməkdaşları kimi fəaliyyət göstərirlərsə, bunun acı nəticələrinə isə toplum olaraq həm maddi, həm də mənəvi cəhətdən qatlanmaq zorundayıqsa təhsilimizin bundan da böyük problemi varmı?

– Sadaladığınız və zəruri hesab etdiyiniz təhsilin keyfiyyətinin artırılması, sosial məsələlər, müəllim-valideyn əlaqələrinin genişləndirilməsi və s. məsələlərin həlli üçün bizə hələ bundan sonra daha neçə illər vaxt lazım gələcək və bir komissiya üzvü kimi konkret “təkliflər paketinə” maliksinizmi?

– Nə vaxta qədər hansısa, artıq əndazədən çıxan  problemin üzərinə getmək əvəzinə, digər başqa problemləri ortalığa atıb, ili ilə calamaqla gözləmə mövqeyi tutmalı və əsas hədəfdən yayınmalıyıq?

–  Bir çoxları kimi  yəqin ki, Siz də nə az, nə çox, düz 15 il Azərbaycan təhsilinə rəhbərlik etmiş Misir Mərdanovun Sabunçu rayonunun 252 nömrəli məktəbində repetitorluqla bağlı səsləndirdiyi “şok açıqlamanı” xatırlamamış deyilsiniz: “Sabunçuda göstəricilərin aşağı olması onunla bağlıdır ki, oranın sakinləri kasıbdır, onlar repetitorlara az pul verdiklərindən nəticə yaxşı olmayıb“. Repetitorluğun aradan qaldırılması heç bir fayda verməz. əqidsində olmağınız sabiq nazirin mövqeyinə dəstək vermək deyilsə, bunun başqa adı nədir?

 – Siz (sizin kimi digər yaşıdlarınız) məgər repetitor hesabına oxuyaraq ali məktəbə daxil olmusunuz, professor və digər nüfuzlu titullara yiyələnib, həyatda özünüzə karyera qurmusunuz yoxsa, adi əyalət məktəbinin yetirməsi olduğunuzu danacaqsınız?

– Bəlkə, bir həqiqətlə razılaşmaq istəmirsiniz ki, son 15 ildə pedaqoji dəyərlərimiz nə dərəcədə aşınıb, təhsil məmurlarımızın repetitorluğa dağıdıcı “anti-məktəb prosesi” kimi yox, “məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi“ kimi baxıblar və təhsil Qanunvericiliyi bir yana adi məntiqə belə əhəmiyyət verməyiblər ki, məktəb kompleks təlim- tərbiyə müəssisəsidir və  təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər vermək məhz məktəbin borcudur?

-Guya, bir millət vəkili kimi, Təhsil komissiyasının üzvü kimi, nəhayət bir professor kimi bilmirsiniz ki, ölkə Konstitusiyasına və qanunlarına görə Azərbaycanda təhsil bir fəaliyyət sahəsi olaraq tamamilə dövlət nəzarəti altındadır və hətta dini təhsil də daxil olmaqla dövlətin nəzarətindən kənarda heç bir təhsil ola bilməz? Yəni, onu da xatırlatmağa ehtiyac var ki, xarici ölkə səfirliklərinə aid olan məktəblərin fəaliyyətləri də dövlətlərarası müqavilələr əsasında tənzimlənir?

– Axı, nəyə görə məhz rəsmi təhsilin səmərəsizliyi ucbatından şagirdlərimız istər-istəməz öz uşaqlığını normal keçirməkdən, valideyn isə maddı vəsaitindən məhrum olmalıdır? Şəxsən Siz bunu necə qəbul edirsiniz ki, əgər şagird getdiyi məktəbdə lazım olan bilik, bacarıq və vərdişlərə yiyələnirsə, dərsdən sonra qalan vaxtının bir hissəsini öz inkişafının başqa istiqamətlərinə sərf etməyib, hər gün rəsmi təhsil aldığı məktəbdən sonra qeyri rəsmi məktəbə-repetitor yanına qaçmalıdır?

– Repetitorluğa bəraət qazandırmaq üçün dünya ölkələrini misal gətirirsiniz. Məgər söhbət dünya təcrübəsində belə bir xidmətin olub-olmamasından gedir? Təhsildən az-çox başı çıxan istənilən adam bilir ki, repetitorluq rəsmi təhsil zəif olan yerlərdə çicəklənir. Birdə ki, dünyanın hansı ölkəsindəsə repetitorluğun olması müqyisə obyekti ola bilməz, çünki, dünyanın heç bir ölkəsində “bunker repetitoru” anlayışı yoxdur, bizdəki kimi TQDK-nın mətbəxi məzunlara faş edilib, onların yüksək bal toplamasına rəvac verilmir.Sivil ölkələrdə bu xidmət müştərək anlaşma əsasında və məktəbin tədris planları ilə nəzərdə tutulmuş dərs saatlarının hesabına həyata keçirilmir, məktəb mühitinin dağıdılmasına xidmət etmir.

– repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündür deyirsiniz. Məgər nə vaxtsa, kiminsə və ya kimlərinsə tərəfindən belə bir təşəbbüs göstərilib və ya bu məsələ hardasa, haçansa mübahisə predmeti olub? Söhbət repetitorluğun ildən-ilə, gündən-günə rişələnməkdə, hətta uşaq baxçaları da daxil olmaqla özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanmaqda davam etməsinin, artıq bunun mətbuat səhifələrində qiymətləndirildiyi kimi təhsilimizin   “baş bəlasına” çevrilməsinin qarşısının alınmasından gedir.

– Ümumiyyətlə götürdükdə repetitorluq nə deməkdir? Bilməyən varsa bilsin ki, təhsilimizdə ciddi fəsadlarla müşayət olunan, kimlərəsə doğmalaşan, kimlərəsə yad görünən  bu  əcnəbı ifadə latıncadan tərcümədə  sadəcə olaraq “təkrarlayıcı”, “təkrar edən”( rus dilində bu daha aydın və səlis səslənir- “ tot, kto povtoryayet “) anlamına gəlir. Əgər bir vaxtlar tədris planı və proqramları ilə nəzərdə tutulmuş hər bölmənın sonunda təkrara dair 1-2 dərs saatı, hər kursun sonunda isə imtahanqabağı yekun təkrara ayrılan 15-20 saatlıq  dərs məşğələləri tədbiq olunsaydı bu funksiya elə məktəbdə, elə dərs prosesindəcə, elə həmın məktəbin müəllimi tərəfındən də yerinə yetirilə bilərdi.Birdə ki, 5-ci sinifdən başlayaraq, keçirilən aralıq imtahanlarını ləğv edib,  buraxılış siniflərinə birdən-birə 8 fəndən imtahan salıb, sonra onların sayını 2-yə endirib, daha sonra 3-ə qaldırmaqla nə qazandıq? Daha hansını deyim, bir sözlə sadəni qoyub, mürəkkəbə doğru getmişik.

Heç də tam olmayan mülahizələrimi pessimist notlarla bitirmək istəməzdim. Xüsusilə son aylar  və elə bu günlərin özündə bu istiqamətdə nəsə canlanlanma hiss olunur. Nazir və Nazir müavinın son çıxış və açıqlamalarında təhsilin ibtidai pilləsinə diqqətin artırılması, tədrisin təmayüllər üzrə aparılması, aşağı siniflərə imtahanların salınması  və digər bu qəbildən olan məsələlərlə bağlı fikirlər səsləndirilir.Bəlkə, bu tərpəniş köhnə streotipləri aradan qaldıra bildi?

Köhnə streotiplər demişkən,  bir vaxtlar Təhsil Nazirliyinin “baş ideoloqu səlahiyyətlərini” həyata keçirən, hazırda mövqeyi müəyyən qədər sarsılsa da, bu ali təhsil qürumuda  hələ ki, aparıcı postlardan birini tutan Fərzəli Qədirovun Mərdanov zamanında repetitorluğu bilik əldə etməyin lksiri səviyyəsinə qaldıran bir fikrini də xatırlamamaq insafsızlıq olardı: “ Məktəbdə proqram var, proqramın minimum tələbləri var. Çoxlu  fənlər var və bu fənlər üzrə də şagirdlər minimum biliklər əldə etməlidirlər. Bəs, bu əlavə biliklər üçün mənbələri harada tapmaq olar  – əlbətdə digər müəllimlərin yanında, hazırlıq kurslarında… “Oxucularım məni bağışlasın, bu deyəsən Məşədi İbadın əhvalatına bənzədi: adam harada dincələr…əlbətdə hamamda.

Yəqin ki, Musa müəllim də mənı bağışlamamış olmaz, bəzi suallara deyəsən elə özüm cavab verdim.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button