Eldar Həsənova cavab qaytarır…, Cavid Qurbanova müraciət edirəm

Ermənistana atom bombası atacaqdım!

İsgəndər Həmidov: “Eldar Həsənov, sən mənə görə tanınmısan və sən mənim qohumumsan”

Bilsəydim ki, bir daha Göyçəyə gələ bilməyəcəm, Aşıq Ələsgərin məzarını və sümüklərini gətirərdim

“Qaynar Qazan”ın bu dəfəki qonağı sabiq Daxili İşlər naziri İsgəndər Həmidovdur. Onunla danışacaq, söhbətləşəcək o qədər mövzular var ki, 92 dəqiqə yetmədi. Biz müsahibəni bitirəndə əlimizdəki “sual dəftəri”ndə xeyli sual qalmışdı. Yönəldə bilmədik. Müsahibə bitəndən sonra Kəlbəcərə gedən Şahbazla Dilqəmdən də sual olduğunu eşidəndə çox mütəəssir oldu. Yalnız onda bildik ki, Şahbazla Dilqəm onun yaxından tanıdığı adamlar olub və hətta onlarla birlikdə İsgəndər Həmidovun Kəlbəcərə səfəri də planlaşdırılıbmış.

İsgəndər Həmidov kimin ona necə baxmasından asılı olmayaraq Azərbaycanın özündə zəngin informasiya gəzdirən ən nadir adamlarından biridir. O, elə hadisələrə şahidlik edib, Azərbaycan dövlətinin elə günlərində ciddi vəzifələrdə çalışıb ki, bildiyi çox şeylər var təbii ki. Biz onu bacardığımız, çatdırdığımız ölçüdə danışdırmağa çalışdıq. Və… qalır bu müsahibəni izləmək və oxumaq.

O zaman söz “Qaynar Qazan”ın 4-cü buraxılışının qonağı sabiq Daxili İşlər naziri, general İsgəndər Həmidovundur…

Əvəz Zeynallı

III – sonuncu hissə

(Birinci hissə ilə bi linkdə tanış ola bilərsiniz: https://www.xural.com/?p=26705 “Dudayev Şevardnadzenin üzünə dedi ki, “bu qoca tülkü…””

İkinci hissə ilə bu linkdə tanış ola bilərsiniz: https://www.xural.com/?p=26735 “Üç nazirin pulu ilə Qarabağı azad etmək mümkündür”)

DSC09374

Xankəndinin 7 kilometrliyinə çatmışdıq

– Könül Sərdarlı daha bir sual verir: “1993-cü il yanvar – qış hücumu kampaniyasının onun fikrincə, ideya müəllifi kim və ya kimlər idi? Bu kampaniya kimlər tərəfindən ərsəyə gətirildi və bu dövlətə birbaşa tabe qüvələr niyə irəliləmədi, niyə bu hücum sonucu irəliləməyənlər rütbə aldı? Ad çəkmirəm, amma vəzifə alan, lakin irəliləməyən biri onun nazirliyində vəzifəyə yüksəldildi.”

– Mənim nazirliyimdə vəzifəyə kim yüksəlib? Xanım bir az məsələni qarışdırır.  Hücum 1992-ci ilin yayında olub. Dünənki tarixdir və Ağdərə-Kəlbəcər yolu açıldı. Sonra da hücumla Xankəndinin 7 kilometrliyindəki mövqeyə çatmışdıq. Ağdərənin kəndlərinin içərisində bir kənd qalmışdı – biz ona Lənd, ermənilər Landlu deyirlər. Elə həmin vaxt ABŞ prezidentinin inauqurasiya mərasiminə dəvət aldıq. Əbülfəz bəy dedi ki, bu, Azərbaycan tarixində ilk dəfədir ki, ABŞ prezidentinin inauqurasiya mərasiminə Azərbaycana da dəvət göndəriblər və sən getməlisən. Mən getdim ora, bilirsiniz ki, inauqurasiya mərasimi orada qış ayındadır.

– Mənim üçün bu məqam da maralıdır. Mən istəyirəm o haqda da danışaq, çünki Klintonla görüş məsələsi də uzun müddət danışıldı Azərbaycanda… Hətta bununla bağlı Vüqar Qurdqanlının bir sualı da var: “Niyə inauqurasiya mərasimində İsgəndər bəy paqon taxmamışdı?”

– Mən?

– Bilmirəm artıq nə söhbətdir…

– Paqon taxmamışdım?

Daxili İşlər Nazirliyində bir nəfər də olsun sağlığında Milli Qəhrəman adını almayıb

– Yəni rəsmi geyimdə olmamısınız.

– Hə. Onu deyərəm sizə. Bir az da gülməli məsələdir. Xanımın sualını cavablandırım, əvvəlcə… Qışda Ləndliyə hücum olanda bizim qoşunlar dala çəkilmişdilər. Sonra isə Ağdərə istiqamətində Müdafiə Nazirliyi ağır texnikanı çıxardıb, guya təmir adı ilə Gəncəyə apardı. Ağır texnikaların yerini özləri dəyişə bilməz. Siz bilərsiniz, ağır texnikaları yük qatarları ilə aparıb, döyüş bölgələrinin 5-6 kilometrliyində boşaldırlar. O fəlakət də ondan sonra başladı. Mənə zəng gəldi və mən də dərhal Azərbaycana uçdum. Mən gələndə artıq vəziyyəti dəyişmək mümkün deyildi. Ancaq “4-cü Sovxoz”a qədər saxladıq. O işlə bağlı Daxili İşlər Nazirliyində heç kəs yüksək vəzifəyə getməyib. Hətta bir az da artıq deyirəm, Daxili İşlər Nazirliyində bir nəfər də olsun sağlığında Milli Qəhrəman adını almayıb, hamısı ölümündən sonra bu adı alıb. Çünki bu adı almaq üçün qəhrəmanlıq meydanı hələ çoxdur. Görüləsi işlər çoxdur. Ona görə də, xanım nəyisə qarışdırır. General adını alanlar kimlər oldu? – orucovlar və digərləri. Onlar da Heydər Əliyevin vaxtında alıblar. Bu sual ona görə mənə aid deyil. Əgər o dünya ilə əlaqə qurmaq vasitəsi varsa, onlara verilməlidir, mənə aid deyil.

DSC09372

“Ağ Ev”də mənə xüsusi geyimlər gətirdilər

– Klinton məsələsi…

– Bilirsinizmi, bu məsələ nətəridir? Bunu İsa bəy də, Pənah bəy də bilirlər. Əbülfəz bəy mənə dedi ki, mütləq Klintonun inauqurasiya mərasiminə getməlisən. Dəvətnamə iki nəfərə gəlmişdi. İsgəndər türk olduğu üçün və arvadla heç yana getmədiyinə görə, İsgəndər ora tək getdi. Orada da Türkiyə səfirliyi mənə bir tərcüməçi verdi. Axşam saat 8-də ziyafət idi, gündüz saat 4-də qapı döyüldü, açdım. Dedilər ki, Ağ Evin işlər müdiridir. Əlində qutularla gəlmişdi. Kostyum, köynək – hər şey çıxardı.

 

ABŞ prezidentinin inauqurasiyasında “baboçka” deyil, “boz qurd” qalstuku taxdım…

– Geyimi onlar gətirmişdilər?

– Bəli… Sovet dönəmindən çıxmış adam kimi dedim ki, kostyum mənim əynimə olmaz. Bir az da istehzalı gülüb dedi ki, “siz dəvətnaməni haradan almısınız, bilirsinizmi?  Siz Amerikadasınız”. Bilmirəm, fikir vermisiniz, yoxsa yox. Mən yeriyəndə sağ çiynimi irəli çəkirəm, onu da nəzərə alıb, kostyum tikmişdilər. Hər şey yaxşı idi, köynək, kostyum, “baboçka” məsələsinə gələndə dedim ki, mən taxmıram. Dedi, “Amerikanın 250 illik tarixində hamı “baboçka” ilə iştirak eləyib”. Dedim, “siz məni dəvət eləmisiniz. Mən öz kefimdən gəlməmişəm. Mən “baboçka” taxmayacam”. Saat yarıma bunlar bu məsələni həll elədilər. Mən də “Boz Qurd” qalstukunu taxdım, getdim orada oturdum. Ağ Evin həyəti necədir? Siftə keşiş çıxış edir ki, “Mən xoşbəxtəm ki, mən amerikalıyam. Mən xoşbəxtəm ki, Amerikada yaşayıram”. Təzə prezidentə xeyir-dua verib gedir. Sənət ustası da çıxıb deyir: “Mən xoşbəxtəm ki, mən amerikalıyam. Mən xoşbəxtəm ki, Amerikada yaşayıram”. Təzə prezidentə həsr etdiyi mahnını oxuyub, xeyir-dua verib getdi. Ardınca da vitse-prezident Qor gəldi, eyni sözlərlə salamlaşdı və getdi. Sonra Klinton gəldi.

DSC09369

Klintona “Boz Qurd” işarəsi göstərdim…

– Bu mərasim “Ağ Ev”də baş verir?

– Yox. Məşhur “Şerlton” otelinin restoranında. Yadınızdadırsa, Nikson orada insanların danışıqlarına qulaq asdığına görə Amerika cəmiyyəti onu qınadı ki, bizim söz azadlğımızı boğursan. Deməli biz mərasim zalında əyləşmişdik, yanımızda da yaponlar var idi. Klinton protokola uyğun olaraq, əlində şampan bakalı gələn qonaqların stollarının arası ilə gəzirdi. Görünür, onun məxfi orqanları kimin hansı stolda əyləşdiyi haqda məlumat verib. Hamı da özünü çox sadə aparır, bilmək də olmur ki, kim kimdir. Sonradan bildim ki, mənimlə oturanlardan biri Hollivudun 50 faiz paya malik şəriklərindən biridir. Onun varidatı 24-25 milyard pul təşkil edir. Bizə yaxınlaşanda tərcüməçi məlumat verdi. Klinton bizim stoldan soruşdu ki, sizin dövlətdə bir-birinizi salamlayanda necə salamlayırsınız? Mən də əlimi qaldırıb, “Boz Qurd” işarəsini göstərdim və dedim ki, belə salamlayırıq.

Klinton məni görəndə əlini göyə qaldırıb, “Boz Qurd” işarəsini göstərdi

– Klinton sizdən soruşdu?

– Klinton mənə sual verdi və mən də cavab verdim. Yanımdakı yaponlar da bir şeylər dedilər. Mən isə işarəni göstərdim və dedim ki, bizdə bunu göstərirlər və hər şey də həll olunur. Nə bilsin ki, bizim hamımız dağ adamlarıyıq. Sabahı gün, Klintonun rəsmi inauqurasiya mərasimi başladı. Atlarla nümayiş, müxtəlif ölkələrdən gələn yüzlərlə səfirlər və s. Klinton məni görəndə əlini göyə qaldırıb, “Boz Qurd” işarəsini göstərdi. Bu məqamı dünyanın minlərlə telekanalı nümayiş etdirdi. Bakıya gələndə gördüm ki, Aqil Abbas yazıb ki, İsgəndər Həmidov Bill Klintonu boz qurd eləyib. Yazıq, bilmirdi ki, bu nə işarədir. O elə bilirdi ki, bu bir-birimizi salamlamaqdır. Mən onların tarixində müstəsna olaraq, “baboçka” taxmamışam. Soruşa bilərsiniz ki, nə üçün onların protokol qaydalarına riayət etmədim? Birincisi, o, mənim türklüyümə, kişiliyimə, mənliyimə yad bir şey idi. İkincisi də mən əgər o “baboçka”nı taxsaydım, burada məni “hoydu-hoydu”ya götürəcəkdiniz. Yaxşısı budur, onların yanında pis oldum.

DSC09370

Moskva olimpiadasında İsgəndər Həmidovun nazir dayısı…

– Əmrah Vətənsevərin mənim üçün də maraqlı olan bir sualı var: “1980-ci ildə rəislə aranızda nə mübahisə düşdü? Moskva olimpiadasına qatılmağınız təsadüf və şans idimi? Necə oldu ki, o meydanda siz SSRİ Daxili İşlər nazirinin maşınına mindiniz və tələbə yoldaşınız olan sürücü siz maşından düşəndən sonra sizə “çest” verib, “Yoldaş Həmidov, Daxili İşlər naziri sizi kabinetində gözləyəcək” dedi?” Çox maraqlıdır, belə bir hadisə həqiqətən də olubmu?

– O zaman həmin adam bizimlə bir yerdə olub. 1980-cı ildə polis rəisləri elə bilirdilər ki, onlar hamının üstünə qışqıra, təhqir edə bilər. Mən də bir az cavan idim, qaynar idim. Daxili İşlər nazirinin yanında iki nəfər oturmuşdu, səsini ucaldanda, dirədim divara, ikisinin də silahını aldım. Dedim, ayda birinizin silahını qaytaracam. Sonra gördüm məsələ çox uzanır. Həmin vaxtlarda “OPS” idarəsi var idi və heç kim oradan olimpiya oyunlarına getmək istəmirdi. Mən dedim, ömürdə bir dəfə baş verən hadisədir. Bir nəfərə hörmət elədim, məni də saldılar o komandaya… Moskvada mehmanxananın bir mərtəbəsini boşaltmışdılar, adamlar orada qalırlar, mən isə ev tutmuşam və həmin evdə qalıram. Sağdırsa, Allah canını sağ eləsin, dünyasını dəyişibsə, Allah rəhmət eləsin, o zaman ora məzun olunan polis alayının başçısı İmamverdiyev vardı, hər dəfə “razvod” olanda arxamca adam göndərirdi, mən də deyirdim ki, deyin burada yoxdur. Axırda dedim ki, bunu cəzalandıracam. “Moskva” mehmanxanasının yanında  Mərkəzi Komitənin I, II Katiblərindən başqa, şöbə müdirlərinin, Nazirlər Kabinetinin sürücülərinin hamısı KQB işçiləri olan kapitanlar idilər. Orada alver edirdilər. Maşının arxasında kolbasa-filan satırdılar. Sergey adlı sürücülərdən birinə yaxınlaşdım, soruşdum ki, məni Avtozavodskaya metrosunun yanına apararsan? Dedi, apararam. Soruşdum ki, neçəyə apararsan? Dedi, 25 rubla. Dedim, sənə 50 rubl verirəm, amma bir şərtlə ki, çatanda da gəlib mənim qapımı açıb, deyəsən ki, buyurun, cənab, dayıya nə deyim?.. Mən də sənə deyəcəm ki, dayıya denən ki, maşın hələ mənə lazım deyil. Maşının içində telefon da var idi, evlə danışdım… Mən də elə bir vaxt seçmişəm ki, razvod vaxtıdır, İmamverdiyev də danışır. Birdən maşın girdi içəri. “Çayka” içəri girəndə İmamverdiyev “çest” verib dayandı. Sürücü məndən əvvəl düşüb tez qapımı açdı, dedi ki, buyurun, yoldaş Həmidov, bəs dayınıza nə çatdırım? Dedim ki, dayıma deyərsən ki, maşın mənə lazım deyil, lazım olanda özüm zəng eləyəcəm. İki ay İmamverdiyev mənə yalvardı ki, dayın kimdir? Mən də başımı göyə qaldırıb, yuxarılara işarə vururdum. Orada qaldığımız müddətdə iki ay işə getmədim, öz kefimlə məşğul oldum. İki aydan sonra Azərbaycana gələndə dedim ki, ay Allahın insanı, mənim dayım-zadım yoxdur. Bax, o iş belə olmuşdu. Görünür, sual verən oğlan da bizimlə orada olduğu üçün bu hadisəni bilir…

Stolüstü kitablarımdan biri Mirzə Ələkbər Sabirin “Hophopnamə”sidir

– Maraqlıdır… Ona görə dedim ki, yəqin sizi tanıyır. İsgəndər bəy, Nemət Orucov sual verir ki, istisna olaraq bu suala cavab verməsini istərdim: “İsgəndər bəy, əslində siz Azərbaycan mədəniyyətini, incəsənətini, musiqisini çox gözəl bilirsiniz. Nədən bu mövzularda heç vaxt danışmırsınız? Müstəqillik yolunda böyük fəaliyyətdə olanda, general rütbəsinə qədər yüksələn bir polis məmurunun milli musiqini, rəssamlığı, incəsənəti bu qədər dərindən bilməsi haradan qaynaqlanır?”

– Əvəz bəy, adi bir şey demək istəyirəm sizə. Mən orta məktəbi çox yaxşı oxumuşam. İnstitutu da fərqlənmə diplomu ilə bitirmişəm. Xalq Cəbhəsi yarananda mənim taleyimə Qarabağ, vurmaq, döyüşmək düşdü. Ona görə də musiqi də qaldı qıraqda. Mən milli musiqilərimizi çox sevirəm, ən əsası da muğamlarımızı. Şairlərimizi sevirəm – yaltaqlıqla Yazıçılar İttifaqının üzvü olub, şair olanları yox… Ələsgər kimi, Şücaət kimi şairləri, Bəhmən kimi, Bəxtiyar Vahabzadə kimi şairlərimizi sevirəm. Mənim bu gün də stolüstü kitablarımdan biri də Mirzə Ələkbər Sabirin “Hophopnamə”sidir. İndiki yox, o vaxtkı… Və mənim ən ağır günlərimdə, mənə çətin olanda, ağır olanda Üzeyirbəy Hacıbəyovun qəbrini ziyarət edirəm. Sanki o məzardan mənə müsbət bir aura gəlir. Ona görə də şeiri, sənəti sevməmək olmaz. Mən məktəbdə rus sektorunda təhsil almışam – Puşkini də, Lermontovu da, Bloku da gözəl bilirəm. Sual verən kimdirsə, mənim muğamı sevdiyimi də bilir. Məsələn, necə xanəndəliyi sevməmək olar? Necə Ələsgəri sevməmək olar? Necə Ədaləti sevməmək olar? Necə Rəmişi sevməmək olar? Şəxsiyyəti kim olursa, olsun. Bir dəfə toya getmişdim. Allah Habil Əliyevə rəhmət eləsin. İçəri girəndə Habil çalırdı. Kamança əlində (göstərir…) soruşdu ki, İsgəndər, nətərisən? Dedim, çox sağ olun, Habil müəllim, siz nətərisiniz? Dedi, sağ ol. Necə bu insanı sevməmək olar? Bu adamlar fövqəladə istedadlardır, fövqəladə insanlardır. Mənim ədəbiyyatımıza çox möhkəm məhəbbətim var. Məsələn, Şücaətin bir şeiri vardı. Uşaq vaxtı da onu əzbərləmişdik. İndi dərsliklərdən onun şeirlərini çıxarıblar. Sovet dövründə o, dissident olub və bir-iki dəfə də həbsdə yatıb. Yazırdı:

İbadətgahından döndərə bilməz,

Fələyin vurduğu şillələr məni.

Bir qəmli yolçuyam, eşqin yolundan,

Döndərməz hiylələr, fitnələr məni.

Könül yandıranlar, qəlblər yaxanlar,

Şöhrət çuxuruna su tökən onlar,

Siz ey, yaltaqlıqla başa çıxanlar,

Yandırır siz çıxan pillələr məni.

Bunu necə sevməmək olar? Və yaxud da Bəhmən Vətənoğlu:

Az et ibadəti, ağlı kəm insan,
Zəlillik allaha qul olanındır.
Görübsənmi düz danışan ucala?
İxtiyar da yaltaq dil olanındır.

Görürsünüzmü? Elə bil, oturub böyrümüzdə, bu günün olanlarını yazıb. Yaxud Bəxtiyar Vahabzadəni necə sevməmək olar? Bir adam ki, 1963-cü ildə “Gülüstan” kimi poema yazdı:

Min ləkə vurdular şərəfimizə

Verdik, sahibimiz yenə “ver” – dedi.

Lap yaxşı eyləyib doğrudan, bizə

Biri “baran” – dedi, biri “xər” – dedi.

Belə sözləri kim yaza bilərdi? Məsələn, Xudu Məmmədovu necə sevməmək olar? Yusif Məmmədəliyevi necə sevməmək olar? Onları başa düşmək də bir ayrı şeydir.

Siz nazir olanda da onlara belə yaxşı münasibətiniz var idi?

– Çox yaxşı… Çox yaxşı…

DSC09379

Bəxtiyarın ailəsi İsgəndəri ailənin böyük oğlu hesab edirdi

– O zamanlar Bəxtiyar Vahabzadə ilə aranızda nə söhbət olmuşdu? Nə idi o məktub məsələsi?..

– Onun ən gözəl açıqlamasını yoldaşı ilə qızı verdi: Bəxtiyarın ailəsi İsgəndəri ailənin böyük oğlu hesab edirdi. Sovet dövründə – 70-ci illərdə mən artıq Daxili İşlər Nazirliyində işləyirdim. Bir gün bizi bir yerə yığıb dedilər ki. Bəxtiyar Vahabzadə tələbələrilə birlikdə Şıxəli Qurbanovun məzarını ziyarət edəcək.  Tələbələri döyün ki, bir daha çıxmasınlar. Gəldim evə, gecə saat 2-nin yarısında Bəxtiyar müəllimgilə getdim. Dedim, Bəxtiyar müəllim, bax, belə bir məsələ var, səni tələbələrinin gözündən salmaq istəyirlər. O da səhəri gün məzarı tək ziyarət etdi, gül dəstəsini qoydu, getdi.

– Yəni hələ o vaxtlardan var idi, belə şeylər?

– Bəli… Bəli… İndi həyatdır, yaşayırıq. Mən şöbə müdiri olanda da, nazir olanda da Bəxtiyar Vahabzadəni aşağıda şəxsən özüm qarşılamışam. Daxili İşlər nazirinin köməkçiləri də var. Hətta bir dəfə də Bəxtiyar Vahabzadənin paltosunu tutdum, geyindi. Dedi ki, sən nazirsən, lazım deyil. Dedim, yox… Bəlkə mən tarixə sabah sənin paltonu tutmaqla düşəcəm. Mən bunu özümə ar bilmirəm, bu gün də fəxr edirəm ki, onun paltosunu tutmuşam. Onun ailəsinin içində söhbətlər olub, onu yayan da məlumdur. Mən hər zaman ona böyük kimi baxmışam. Bəxtiyar müəllimlə çox yaxın münasibətlərim olub. Əgər o mənim 7 arxa dönənimə söysə də, ondan inciməzdim, inciməyə heç kimin haqqı yoxdur. Ədalətdən, Ələsgərdən inciməyə heç kəsin haqqı yoxdur. Ələsgər 20 il Kəlbəcərdə yaşayıb. Ələsgərin savadı olmayıb, şeirlərini yaza bilməyib. Ondan qalan hamısı ağızlardan, nəsildən-nəsilə ötən şeirlərdir. Məsələn, Ələsgərin “Kimsəsiz” adlı şeiri var:

Hər kimsənin var kimsəsi,

Mən kimsənin yox kimsəsi.

Ey kimsəsizlər kimsəsi,

Mən kimsənin ol kimsəsi.

Fəlsəfəyə baxın. Bir “kimsə” sözündən nə cür fəlsəfi fikir ortaya qoyub. Belə bir adama oxumaq-yazmaq bilməyib deyə, savadsız demək olar? Diplomu yoxdur, amma savadı “n” qədərdir.

“Qaynar Qazan” vasitəsilə Cavid Qurbanova müraciət edirəm

– Siz, Milli Məclisə bu ilki seçkilərdə namizədliyinizi irəli sürmüsünüz, qarşınızda da Cavid Qurbanov var. Deyəsən, o da sizin öz kadrınız olmalıdır. O zaman bu iş necə olacaq?

– O dairədən namizədliyini irəli sürən 6-7 nəfər var , amma mən başa düşə bilmirəm ki, nə üçün İsgəndər Həmidovla Cavid Qurbanovun adı çəkilir? Mən Kəlbəcərdən Azərbaycana düşmən görmürəm. Bizim düşmənlərimiz Murovun o tərəfində və bu tərəfindədir. O tərəfdə ermənilərin əlində olan Göyçə, bu tərəfdə Kəlbəcərdir. Hər bir şəxsin istədiyi dairədən namizədliyini verməyə ixtiyarı var. Cavid Qurbanovun da ixtiyarı var. Cavid Qurbanov Böyük Şəmşirin nəvəsidir, Qəmbər müəllimin oğludur. Respublikada kifayət qədər tanınmış bir adamdır. Bizim hakimiyyət dövründə də tale elə gətirib ki, Cavid Qurbanov Əbülfəz Elçibəyin fərmanı ilə nazir təyin olunub. Səmimi etiraf lazımdırsa, mənim əlimlə olub bu işlər. Bəli, mənim köməyim olub. Ancaq bu əsas vermir ki, bugünkü parlamentə elə adamlar seçilsinlər ki, ağzına su alıb, danışmasınlar. Hər kəs gələcəkdə nə olacağı ilə fəxr edə bilər, keçmişi ilə fəxr edə bilməz. Bu gün nə edibsə, ortaya qoysun, sabah da nə edəcək, desin.

 

DSC09376

Kəlbəcərin 100 başbilənini toplayın…

Sizin “Qaynar Qazan” vasitəsilə Cavid Qurbanova da, orada naizədliyini irəli sürən digər namizədlərə də müraciət edirəm, bir yerə yığılsınlar, Kəlbəcərdən başbilən yüz adam toplasınlar, sizin də iştirakınızla, kəlbəcərlilər bizə sual verib, cavab alsınlar. Sonra da onlar nə qərar versələr, mən həmin qərara hörmətlə yanaşacam. Desələr ki, İsgəndər Həmidov, sən namizədliyini geri götür, mən götürəcəm. Hətta bir az da uzağa gedirəm, ora bir nəfəri də dəvət eləməyəcəm. Cavid Qurbanov həmin toplantıya kimi istəyirsə, onu da dəvət eləsin. Yaxud da o biri namizədlər…

– Bu, artıq meydan oxumaqdır. Çox iddialı sözlərdür…

– Yadına düşürmü, mən sənə “Xural” qəzetində – o zaman “Xural” qəzeti çox oxunan qəzet idi, çünki orada Əvəz Zeynallının imzası var idi – müsahibə verəndə dedim ki, mən 11 ay Daxili İşlər naziri işləmişəm, qəzet vasitəsilə sual ver, həmin müddətdə kim mənə rüşvət veribsə, desin. Həmin vaxt da mənə dedin ki, çox iddialı və məsuliyyətli söhbətdir.

– Bəli.. Bəli…

– Onlar yığsınlar adamları… Mən tərəfdən bircə Əvəz Zeynallını ədalətli qələmi olduğu üçün dəvət edirəm – məsələn deyirəm. İstəsəniz gedərsiniz, istəsəniz yox…  Mən onları düşmən bilmirəm. Məndən ötəri düşmən ermənidir – Vətənimizi, torpaqlarımızı işğal edən yadellilərdir. Sabah bütün Qarabağ azad olunsa da mən ermənidən əl çəkməyəcəyəm. Mənim bir amalım var, kim Göyçəni, İrəvanı unudursa, o keçmişini unudur. Gələcəkdə də buna görə topa tutulacaq. Mən siyasi pluralizm, siyasi rəqib görürəm. Biz parlament seçkilərinə niyə getdik? Bir daha deyirəm, camaatımızla, xalqımızla təmasda olmaq üçün getdik. Sual verə bilərsiniz ki, namizədliyimi nə üçün Kəlbəcərdən verdim? Yəni İsgəndər Həmidov haradan istəsəydi, verə bilərdi, kifayət qədər siz məni təbliğ də edə bilərdiniz, kifayət qədər də tanınıram.

Dünyada ən ağır vəziyyətdə kəlbəcərlilərdir

Əvəz bəy, bəlkə də dünyada ən ağır vəziyyətdə kəlbəcərlilərdir. Onların hamısı “sabah qayıdacağıq” eşqi ilə yaşayan insanlardır. 36 rayonda kəlbəcərlilərin qəbiristanlığı var. Allaha and olsun, bu gün əlindən tutduğu adamın iki aydan sonra eşidirsən ki, rəhmətə gedib. Bu gün Kəlbəcər, Göyçə havasını nəfəsinə almış insanlar, Azərbaycanda nəfəs ala bilmirlər, heç onun dağında da nəfəs ala bilmirlər. Yaşlı adamlar yaxşı xatırlayarlar – Göyçədə xalı döşəmək lazım deyildi. Çiçəklərin özü xalı idi. Mənim özüm tez-tez Ağkilsəyə gedərdim, bir həftədən sonra yanağım da, dodağım da çatlayardı – havadan, yeməkdən. Bir şeyi də özümə bağışlaya bilmirəm. Şahidlər var. 1990-cı ildə nəsə könlüm istədi bir neçə nəfərlə Göyçəyə – Ələsgər babamızın qəbrini ziyarət etməyə getdik. Gördüm qəbiri uçurublar. Bizim ora səfərimizi Rusiyanın “Vremya” xəbərlər proqramında da demişdilər ki, “bozqurdlar” sərhəddi keçiblər. Sement aldıq, daş gətirdik, məzarı yenidən bərkitdik. Mən inanmırdım ki,  bir daha Göyçəyə gələ bilməyəcəm, yoxsa mən o məzarı, sümükləri götürüb gələrdim. Mən təsəvvür eləmirdim ki, bəlkə mən yumşaq adamam, bəlkə yaşlanmışam, nazilmişəm. İnana bilmirdim ki, Azərbaycan Aşıq Ələsgərsiz yaşaya bilər. Ələsgər Azərbaycansız yaşaya bilər, çünki onda Ələsgər nəhəngliyi var. Amma Azərbaycanın Aşıq Ələsgərsiz yaşaya biləcəyini təsəvvür edə bilmirdim. Yoxsa gətirərdim. Məndən ötəri Vətən başlayır İrəvandan, Dərbənddən, Təbrizdən…

DSC09371

Eldar Həsənov, sən mənə görə tanınmısan və sən mənim qohumumsan

– Seçkilərdə önəmli rəylər olacaq. Eldar Həsənov – sizin hələ də münasibətləriniz varmı – kimi dəstəkləyəcək?

– Eldar Həsənovla mənim o qədər də qaynar münasibətlərimiz yoxdur, amma hamı bilir ki, biz qohumuq və ona da buradan cavab qaytarıram: Mən tutulanda Eldar Həsənov baş prokuror idi və demişdi ki, hamı bilir ki, İsgəndər mənim qohumumdur. Əksinə, hamı bilir ki, Eldar, sən mənim qohumumsan və İsgəndərə görə tanınmısan. Eldar Həsənov da bu dövlətin məmurlarından biridir. Yəqin ki, neytral mövqedə qalacaq. Mənim də o korrupsioner, yaltaq, ikiüzlü, beş manata görə vəzifəyə gətirilən və boyunduruqluğu boynuna götürən adamların müdafiəsinə ehtiyacım yoxdur. Mənə qara kəlbəcərlilərin müdafiəsi kifayətdir.

– Onu soruşacaqdım, onunla da bitirmək istəyirəm. Həmin o sadə, qara kəlbəcərlilərin etimadı varmı sizə? Kimi seçəcəklər?

– O suala kəlbəcərlilər daha yaxşı cavab verərlər. Mən bu suala cavab versəm, qeyri-təvazökarlıq olardı. Amma el mərasimlərində kəlbəcərlilərin yaxşı bir sözü var, mənim də xoşuma gəlir ki, “bəsdirin bizə pul verib, ələbaxanlıq öyrətdiniz, bizə Vətən lazımdır”.

– Eşq olsun…

– Eşq olsun. Dilənçi kimi pul verib, o vəziyyətdə yaşayan iinsanların həyatını dəyişmirlər. Siz də tanıyırsınız, mən də tanıyıram. Göyçədə bir Zod kəndi vardı. Bütün Basarkeçərlilər Zoddan qorxurdu. Kəlbəcərdə iki kənd vardı – Geşlək, Qaraçənli kəndləri. Kəlbəcərlilər deyirlər ki, hamı gedər kənddən bir dəli gətirər, bu kəndlərdən əlinə kim keçdi gətirərlər. Azərbaycanın dükanları boş idi, amma Basarkeçərin dükanlarında hər şey var idi. Bu dükana getdik, nəsə dava düşdü. 5 nəfər idik. Qaynar, cavan vaxtlarımızdır. Allah Nağdəliyə, keçənlərinə rəhmət eləsin, qardaşı bu gün də sağdır – gördük bizi döyürlər. Mağazada konyakı-zadı yanımıza çəkdik. Qapını kim açırdısa, atırdıq. Polisdir, kimdir atırıq. Birdən gördük ki, dükanın ətrafında bir nəfər də olsun, adam qalmadı, qaçdılar. Sən demə, xəbər yayılıb ki, zodlular gəliblər. 3 maşın gəldilər, bizi də oradan aldılar…

– Zodluların qorxusundan ermənilər hər yeri boşaldırdılar…

– Allah haqqı… 3 gün də bizi Zodda qonaq saxladılar, yeyib-içmək verdilər. Yəni zodluları mən qəhrəman kimi tanıyıram. İndi arada naxələfi də olur…

Atom bombaları haradadır?

– İsgəndər bəy, iki sual verəcəm. Fərəməz Allahverdiyev soruşur ki, atom bombası var idi, onlar haradadır? Bir də Murtuz Ələsgərov söhbəti olmuşdu. İndiyə qədər elə düşünənlər var ki. Onu eləyən İsgəndər Həmidov olub, amma məncə o tamam başqa məsələdir.

– Fərəməzi salamlayıram, çoxdandır görünmür. Atom bombası məsələsini də mən sizə deyim. Bu sözü bir dəfə də Heydər Əliyev dedi. Amma sonra bir daha o sualın üstünə qayıtmadı. Aton bombası deyəndə, hamı elə bilir ki, atom bombası bu ev boyda şeydir.

– Məncə, balaca başlıqlardır.

– Bəli, kiçik başlıqlardır.

 

DSC09370

Ermənistana nüvə silahı atacaqdım

– Azərbaycanda həqiqətən də o başlıqlardan var idimi?

– Qarabağ məsələsi müzakirə olunanda mən demişdim ki, Azərbaycanda atom bombası var, lazım gələrsə, Ermənistana atarıq. Amma orada da demişdim ki, bizim atom bombamız neftdir. Amma dediyim şey Azərbaycanda olub. Özü də 4 ədəd. Pənah Hüseyn də sağdır, İsa Qəmbər də sağdır, İsgəndər Həmidov da sağdır. Sonra Heydər Əliyev biləndən sonra ki, həqiqətən də var, mən də tapıb gətirmişəm, onu Rusiyaya – Yeltsinə qaytarıb verdi. Və biz -mən onu and olsun Allaha ki, atacaqdım. Düzdür, Yerevana atsaq, Qazaxa da təsir edəcəkdi. Niyə ata bilmədik? Cövhər Dudayevlə çox fikirləşdik. Onun xüsusi asılma qurğuları var. Onu ələ keçirə bilmədik. Yoxsa, onu maqnitlə bombanın üstünə yapışdırıb, buraxacaqdım. Cəhənnəmə, yarımız qırılsaq da. Ermənistan da tam qırılacaqdı, yox olacaqdı.

– Siz bunu televiziya vasitəsilə də dediniz. Bu, həm də təbliğat kampaniyasına daxil idi?

– Həm də təbliğat idi. Camaatda bir ruh yüksəkliyi yaranacaqdı ki…

Rəfsəncaninin əlini tutub, ona dedim ki…

– …biz güclüyük?..

– Adi bir şey idi. Bir gün qonşu dövlətlərin birinə nümayəndə heyətilə getmişik. Rəfsəncanı ilə bir yerdə oturduq, ətrafındakı farslar da saymazyana oturublar. Allahdan, dindən, Həzrət Əlidən, peyğəmbərdən danışırlar. Birdən Rəfsəncaninin əlini tutub, balaca bir “Quran” kitabı var idi, stolun üstündə, onun üstünə vurdum ki, “sən bu Quran, bizə silah-sursat ver”.

– Prezidentə?

– Hə… Bunun adamları gələndə, əli ilə “dur” işarəsini verdi. Dedi, İsgəndər Həmidova bir tank verin, minsin, Arazı keçsin o tərəfə… Digər nümayəndələri ayrı yerə apardılar, amma məni silah-sursat zavodları ilə tanış etdilər. Gördülər ki, mən “qan-qan” deyirəm. Zəng vurdum bura ki, “bizə nə lazımdır?” Dedilər ki, BM20 qurğusu – sadə dillə “Qrad”, “Katyuşa”nın sursatı yoxdur. Nə isə oradan 1 milyonluq silah-sursat aldıq. Bir şərtlə ki, onları rəngləyəcəkdik və bilinməyəcəkdi ki, haranın istehsalıdır. Nəsə, Azərbaycana gətirdim və bütün bölgələrə payladım. Bir nəfər azərbaycanlı bilmədi ki, həmin sursatlar harada istehsal olunub. Komarov adlı Tərtərdə artilleriya komandiri var idi, – yadınıza düşər – indi Ukraynada generaldır. O zəng vurub dedi ki, bəy, məni uşaq sayma, bu Sovet sursatı deyil, bu Sovet istehsalı deyil, bunun səsi də o səs deyil, təpkisi də o təpki deyil. Yəni belə hadisələr də olub…

Mən atam yaşında kişini niyə döydürməli idim?

Murtuz Ələsgərov məsələsinə gəlincə isə, onun ən gözəl cavabını Etibar Məmmədov verdi. Mən türmədə olanda, o, bir dəfə də parlamentdə mənim adımı çəkmişdi. O zaman Etibar Məmmədov demişdi ki, düzünü de, səni nəyin üstündə vurublar və niyə vurublar. Mən atam yaşında kişini niyə döydürməli idim, niyə vurdurmalı idim? Mən o zaman Daxili İşlər naziri idim və nə istəyirdimsə, onu da edə bilərdim. Özü çox yaxşı bilirdi kimlər, nəyin üstündə döyüblər onu. Etibar da çox yaxşı verdi onun cavabını… Ondan sonra da bir daha o söhbətin üstünə qayıtmadılar. Xatırlayırsınızmı, Milli Məclisin həmin iclasını? Bu Etibarın üstünə qışqırdı ki, İsgəndər Həmidovun azadlığa buraxılması… Etibar da dedi ki, düz oxu… düz oxu… Axırda da dedi ki, sən özün bilirsən, səni nə üstündə döyüblər. Birinci dəfə idi ki, bu? Sən də bilirsən, mən də bilirəm ki, bu işlər nəyin üstündə olub.

– Yəni sizlik deyildi də?..

(Çiyinlərini çəkir) Etibar dedi ki, sən özün gözəl bilirsən, səni kim, özü də nəyin üstündə döyüb.

DSC09368

Etibar bəy siyasətdən tamamilə uzaqlaşıb

– Etibar Məmmədovla, Surət Hüseynovla, Rəhim Qazıyevlə münasibətləriniz varmı?

– Mən Etibar Məmmədovla bu gün də görüşüb öpüşərəm, amma 6 aydır görmürəm. Rəhim Qazıyevlə də çoxdandır görüşmürük. Surətlə də heç bir əlaqəm yoxdur. Əlaqə necə ola bilər? Ya fikir, ideya birliyi olmalıdır ki, birlikdə görüşəsən, ya da söhbət edəsən. Etibar bəy siyasətdən tamamilə uzaqlaşıb. Rəhim bəyin də üstünə sağdan-soldan düşüblər. Az qala tarix dərsliklərinə də adını “Vətən xaini” kimi salıblar. Bu da bilirsiniz ki, absurddur.

– Gülnarə Rüstəmlinin bir sualı ilə bitirirəm. Gülnarə Rüstəmli deyir ki, salam söyləyin, Allah canını sağ eləsin, bütün arzularına çatsın, var olsun.

– Çox sağ olsun Gülnarə xanımı… Allah bütün millətimizi arzusuna çatdırsın. O cümlədən də Gülnarə xanımı Allah xoşbəxt eləsin. Əvəz bəy, mənim hərdən çox pullu, imkanlı adamlara yazığım gəlir. Bilirsinizmi, niyə? Millət ki var olmadı, millət ki arzusuna çatmadı, o nə həyat yaşadı ki… Bəyəm 5-6 axmaq qohum-əqrəbanı işə yerləşdirmək, millətin arzusudur?

– Yəni millətimiz ümumən xoşbəxt olmadıqca, biz də ayrı-ayrılıqda xoşbəxt ola bilmərik…

– Bəli, millət xoşbəxt olmadıqca, biz də ayrı-ayrılıqda xoşbəxt ola bilmərik… Səninlə mənim anlayışım budur. Onlar necə anlayırlar, mənə çatmır. Əgər millət azad deyilsə, millət, Vətən xoşbəxt deyilsə, Vətənin bütövlüyü yoxdursa, daha nə arzulamaq olar? Arzumuz birdir – Təbrizimiz paytaxt olsun!

– Eşq olsun! Sizə də seçkilərdə uğurlar arzulayırıq.

– Sağ ol, sağ ol, başına dönüm!

Son

Əlaqəli məqalələr

2 şərh

  1. Ay isgender sen kimsen ne sen kelbecerliler haqqinda danisma sen yerinde olmayan anormal adamsan eldar haqqinda cavid haqqinda danisma sen onlar seviyyesinde olan adam deyilsen arxalarinca danisdigin adamlarin qohumlarina yalvarib samaxida ev tikmisen hele sen generalda olmusan general eeeeee

  2. Bu üç nəfər biz Kəlbəcərlilərin fəxridir. İsgəndər Həmidov qorxmaz sözü üzünə deyən oğuldur. Hər bir Kəlbəcərli isgəndər Həmidovu bizim Cövhər Dudayev hesab edir.
    Cavid Qurbanovun biz Kəlbəcərlilərə həddindən artıq madi və mənəvi dəstək olub.Biz bu ziyalılarımızı bir-birindən ayıra bilmərik.Siyasət bəzən qardaş arasındada nə razılıq yaradır. O da ötüb keçər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button