“Ədalət istəyirəm…” – Aysel Əlizadənin seçicilərə müraciəti

Deputatlığa namizəd Aysel Əlizadə seçicilərinə müraciət edib. xural.com bu müraciəti dərc edir:
 
“Seçicim, necə  həvəssiz, hətta ümidsiz olduğunuzu bilirəm. Seçkiyə, seçilənə inamınız qalmayıb. Sizi çox yaxşı anlayıram, çünki eyni ölkədə yaşayırıq. Hamımız eyni havanı uduruq, eyni yollarda yeriyirik, eyni problemlərlə üzləşirik. 
Məmləkətdən üz çevirib getmək, qaçmaq istəyənlər də var. Minimum insan, vətəndaş ehtiyacları, tələbləri, hüquqları təmin edilmir. İcra olunmayan qanunlarla nə edəcəyimizi bilmirik. Üstəlik, öz səhvlərimiz də az deyil, hüquqlarımızı tanımırıq ki, tanıtdıraq. Ən xırda məsələlərlə uğraşmalı olur, yorulur, bezirik.  İnamınızın sarsılmasında səbəbkar mən olmasam da, Sizə gurultulu vədlər, pafoslu fikirlər söyləməyə üzüm gəlmir.
Hansı problemlər olduğunu hamımız bilirik. Səhiyyədən  məhəlli probleməcən həll olunmalı saysız məsələlər var; həyatımızı çətinləşdirir.
Bunun içində yaşamaq üçün yetərsiz olan əmək haqqı da, pensiya da, sığortasız sağlamlıq da, bahalı bazar, istirahət təminatsızlığı, işsizlik də, evsizlik də var. Övladlarımızın gələcəyindən narahatıq. Nəyə doğru getdiyimiz bəlli deyil. Seçkiyə də ona görə inanmırıq ki, seçilənlərin çoxunu tanımırıq, fəaliyyətlərini görmürük, onlara əlimiz, səsimiz çatmır. Bu halda niyə seçkiyə getdiyimi soruşmağa haqqınız var. Mən bir Azərbaycan vətəndaşıyam. Bu məmləkətdə yaşayan sadə, ağıllı, seçə bilən insanlara inanıram. Əminəm: hamımız bu ölkəni sevirik. Bura vətənimizdi, çətinlikləri, qayğıları ilə yenə də əzizdi.
Sizə bu seçkidə də vacib adam duruşu alanlar, qoltuğu qovluqlular, qalstukunu möhkəm-möhkəm bağlayanlar və özlərini artıq parlamentdəymiş kimi aparanlar nağıllar danışacaq, çıraqdan çıxmış cin kimi bütün arzularınızı yerinə yetirəcəklərini göstərməyə çalışacaq, yuxu kimi vədlər verəcəklər. Hətta lazım gəlsə, evinizə “otopleniya” çəkdirəcək, lyuklara qapaq qoyduracaq, həyətinizdə ora-bura asfalt töküb işgüzar fon yaradacaqlar. Pul təklif edənlər də olacaq. Mən də kimə nədən danışıram. Biz onsuz da bütün bunlardan birlikdə keçmişik. Adamın qanında damarını donduracaq üsullara əl atan nə adamlar görmüşük. Hər cür imkanlar yaradılan, böyük dəstək alan, yeyintiyə yol verən, siyasi fəaliyyətində bu cəbhədən o cəbhəyə, o cəbhədən bu cəbhəyə köç edən, buna baxmayaraq, hələ də özünü tapmayan, obrazını yarada bilməyən, sözünü deməyən, dəstək görmədən ayaqları üzərində dayanmağı bacarmayan, pulu-parası, vəzifəsi olmasa “sözü keçməyən” namizədlər bu dəfə yuxarıların dəstəyini ala bilməyəcək. Elementar səbəbdən: adama deyərlər, artıq “böyük oğlan” (qız) olmaq vaxtıdır!
İnsana bir yerə qədər kömək edərsən, yaxşı, beş yerə qədər olsun. Bu vaxt ərzində qabında nəsə varsa, simaya, fakta, imzaya, ictimai xadimə çevriləcək. Olmursa, olmur… Ölünü qəbrə kimi çiynində daşıyarsan! Biz bu vaxta kimi nə dəstək gördük, nə qazandıq, nə dağıtdıq. Nə “kreslomuz” oldu, nə də bank hesabında haram pullarımız. Dizimizi yerə qoyduq. Həyatımız dəmirçixanaya çevrildi. İşimizlə Azərbaycan tarixinin gələcəyi üçün gürz vurduq. Bu yolda qolumuzla alnımızın tərini silməkdən başqa lüksümüz olmadı. On səkkiz yaşımdan işimlə zəncir dartıram bu ölkədə. İnanılmaz insan sevgisi qazanmışam. Dürüst, təmənnasız, ləyaqətli dostlarım var. Saysız tamaşaçı, oxucu qazanmışam. Dayanmadan ölkəmin maarifçiliyi, mədəniyyəti, ədəbiyyatı üçün bacardığımı edirəm. İndi də  imkanlarla gücümü, potensialımı ölkəmin mədəni irsinə xərcləmək üçün meydanımı böyütmək və genişləndirmək istəyirəm – seçkiyə gedirəm. Ölkəmdə ədalət istəyirəm! Ciddi, sivil, elmi, iqtisadiyyatı inkisaf etmiş dövlətlər sırasında olmamızı arzu edirəm.
İsrailin 92 yaşlı prezidenti heç nədən bir ölkə qurduqlarını misal çəkib. Su ehtiyatı belə olmayan bir ovuc (450 min) insan dünyanın ən güclü dövlətlərindən birini qurub. Bizim hər cür ehtiyatımız var, dövlətimiz qurulub, ciddi, əlverişli coğrafi mövqeyə malikik, Avropa və Asiyanın qovşağı sayılırıq, Şərqlə Qərbi birləşdirən mədəniyyət məskəniyik. Qafqazda önəmli yer tuturuq. Bütün bunları problemimiz kimi yox, üstünlüyümüz kimi, sərvət kimi dəyərləndirib önəmli status qazana bilərik. Özümüzü daim qurban kimi aparmaq əvəzinə, dünya gücləri üçün əhəmiyyətli müttəfiq ola bilərik. Azərbaycanda nəinki bir ovuc, saysız  dəyərli kadr var. Onlara meydan vermək, qarşılarını kəsməmək, böyük amallar uğruna ucuz rəqabətdən, pulgirlikdən və bu kimi “dən”-lərdən əl çəkmək gərəkdi.
Seçki cəmiyyətin taleyində çox önəmli prosesdir. Demokratik seçki xalqın, hakimiyyətin müstəqil siyasətə, azad həyata, idarəçiliyə və dünyayla barış içində yaşamağa hazır olduğunu ifadə edir. Seçkilərdə iştirakımız vacibdi. Ölü olmadığımızı, səsimizə, gələcəyimizə, dövlətimizə, nəhayət, vətənimizə sahib çıxdığımızı göstərmək zamanıdı. Hər birimizin səsi siyasi-ictimai prosesdə iştirakı, böyütdüyümüz uşaqların sabahı üçün məsuliyyət daşıdığımız anlamına gəlir. “Eh” deyib əl yelləməyək, boş verməyək. İctimaiyyət ölkədəki siyasi proseslərə biganə qaldıqca siyasi hakimiyyətin fəaliyyəti totallaşır. Əhalinin siyasi proseslerdə iştiraksızlığı iqtidarın tək qərarverici və diktəedici tərəfə çevrilməsinə səbəb olur. Beləliklə, diktaturanın təməli qoyulur. Böyük maarifçilər, yazıçılar, fikir adamları, filosoflar öz tezisləri, yazıları ilə böyük siyasi çağırışlar edirlər. Yazıçının siyasətçidən fərqi budur: siyasətçi (istisna olur) hakimiyyət uğrunda, yazıçı isə sülh uğrunda savaşır. Biz bütün bunları öz həyatımızda da görürük. Bayrağımızı təkrar ucaldandan bəri bir-birimizlə didişməkdəyik. Müxalifət və iqtidar savaşı hakimiyyət savaşından başqa bir fon yarada bilmədi. Halbuki əlimizə böyük tarixi şans düşüb – müstəqilliyimizi qazanmışıq, dövlətimiz formalaşıb. Demokratik cəmiyyət qurmaq, sivil ölkələrin sırasında dayanmaq üçün Seçmək kimi bir hüququmuz var.
2015-ci il noyabrın 1- i keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri bizim növbəti şansımızdır. Sizi bu seçkiyə getməyə, seçim etməyə çağırıram.
Səs verin, Səsiniz Olum!
Sayğılarla, Əlizadə Aysel Alim qızı, 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd.  “

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button